18 yanvar 2017, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Bir şəhidin DASTANI: “Tək oğlun ola, biləsən ki, o bir də gəlməyəcək” - FOTOLAR
Bir şəhidin DASTANI: “Tək oğlun ola, biləsən ki, o bir də gəlməyəcək” - FOTOLAR +
03.10.2016, 15:55

Vətəni qibləgah edən şəhidlər - XXXVI                      

    
...Raminin valideynləri Arif Orucovun və Aygün Məmmədlinin yataqxanadakı birotaqlı evinə gəlib, sıxıla-sıxıla başsağlığı verdilər. Ağladılar, kövrəldilər. Sonra da mətləblərini dilə gətirdilər, üzürxahlıq edib dedilər ki, oğlanları Raminin toy dəvətnamələri 2-5 aprel döyüşləri başlamazdan əvvəl paylanıb... Əgər icazə versəydilər, toyu başlayardılar...

 ...Aprelin 29-da Ramin Ümidliyə toy çaldırdılar... Bütün tələbə yoldaşları və dostları yanında idi. Ancaq bəy oturduğu stolda bir stul və bir boşqab boş idi. Boş stulun qarşısındakı boşqabda iki dənə qırmızı qərənfil var idi. Ramin qərənfilləri 2-5 aprel döyüşlərində torpaqlarımızın xilası uğrunda həlak olmuş əziz dostu Müşfiq Orucovun məzarının üstündən gətirmişdi. Ramin Ümidli deyir ki, heç toyu da planlaşdırdıqları kimi eləmədilər. Amma toydan əvvəl Müşfiqlə çox danışmışdılar, çox götür-qoy etmişdilər. Raminin toyunda iştirak etsin deyə, əsgər Müşfiq Orucov  ona düşən ezamiyyəti komandirindən xahiş edib, aprelin sonuna saxlamışdı.

Ramin Ümidli, Azərbaycan Texniki Univrsitetinin məzunu, şəhid Müşfiq Orucovun tələbə yoldaşı və dostu:


“Bizim üçün çox ağır idi. Torpaqlarımızın müzəffər əsgərlərimiz tərəfindən geri alınması xəbərlərini izləyirdik, sonda QƏLƏBƏ gözləyirdik. Və hamımız da döyüşə getməyə hazırlaşırdıq.Onun şəhid olması xəbərini mənə məhhələ qonşuları və Müşfiqin dostu Elvin söylədi. Dostlarımızla Vətənnin azadlığı uğrunda canından keçən 22 yaşlı can dostumu Bakıya girərkən tabutda qarşıladıq”.      


4 dost 5-ci dostu bu dəfə onun yaşadığı yataqxana həyətinə çiyinlərində gətirdilər. Adətən onlar bir-birini şad günlərində atıb-tutar, zarafat edərdilər. İndiki zarafat deyildi.


“Müharibənin başladığını, torpaqlarımızın geri alındığını eşidəndə çox sevinmişdik.
Bilirdik ki, vətənin torpaqlarını azad edəndə  şəhidlərimiz də olacaq, ancaq Müşfiq heç ağlımıza gəlməzdi. Müşfiq, İsmayıl, Cavidan, İldırım bir qrupda oxuyurduq. Bütün qrup ilə aramız xoş, münasibətimiz gözəl idi. Ancaq biz 5 dostun ayrı münasibəti var idi. Bir biləkdə 5 barmaq kimi idik. Ancaq baş barmağımız Müşfiq idi. Ən son söz onun olurdu, qərarı Müşfiq verirdi.  Universitetdə oxuyanda bir dəfə 10 gün evdə xəstə yatmalı oldum.  Dostlar gəlib hal-əhval tutdular. Müşfiq isə 10 günün hamısında gəlib məni tək qoymadı.  Elə bil ki, səfimiz pozulub, elə bil ki, gücdən, tabdan düşmüşük. Biz hətta səyahətlərə də  beşimiz birlikdə gedərdik.  Və onun ən böyük arzusu da mənim toyumda iştirak etmək idi. Çünki nişanımda da sağdışım Müşfiq idi. Və mən o toyu təxirə salmaq istəsəm də, el-oba, valideynlərim razı olmadı... Toy elədik. Sağımdakı stul boş idi... Orada Müşfiqimizin yeri görünürdü. Toyumu Müşfiqi yad etməklə açdıq. Bütün tələbə dostlarımız əvvəlcə Müşfiqdən danışdılar... Bəlkə də onun ruhu bizi görürdü o gecə... 

  
...Əhmədlidə Zığ yolu deyilən massivdəki o qarışıq tikilidə anası Əntiqənin yanında, daş döşəməli, birpəncərəli kommunal evdə yaşayır Arif Orucov və həyat yoldaşı Aygün Məmmədli. 1993-cü ildə Zəngilan işğal olunarkən gəlib məskunlaşdıqları yataqxana da deyəsən plana düşdüyündən oradan çıxarıblar. 1993-cü ildə qızı Günel və 1994-cü ilin sentyabr ayının 18-də doğulan oğlu Müşfiq də  həmin bu yataqxanada böyümüşdülər.
Müşfiq bu yataqxanadan dərsə getmiş, sonra universitetə daxil olmuşdu. 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirəndə də yataqxanada yaşayırdı.


Şəhidin anası Aygün müəllimə:


“1993-cü il oktyabr ayının 26-da hamımız  Zəngilanı qoyub gəldik. 3 günə bir təhər Arazı vurub keçdik. İtkilərimiz olmadı. İtkilərimiz sonra oldu. Vətən, torpaq, yurd, doğmalarının məzarının xiffətini çəkən o qədər həmyerlimiz, qohumlarımız qırıldı ki, dərddən, həsrətdən payız yarpaqları kimi saralıb-soldular. Çətindir  vətənsizlik. Televozorda meşə, dağ, çay görəndə, Zəngilanın dağlarına, meşələrinə bənzədirdim. O dəqiqə ağlayırdım, gözümün yaşı sel olub tökülürdü. Müşfiqin 2 yaşı var idi. Bir dəfə yataqxananın ümumi dəhlizində qız-gəlinlə söhbət edirdim, bir də gördüm qaça-qaça gəlib,boynumu qucaqaldı, qulağıma pıçıldadı ki, “ana, televizorda meşələri göstərirlər”. Uşaq elə bilrdi ki, mən mütləq o mənzərələrə baxmalıyam.  Gözünü açandan məni vətən həsrəti ilə qovrulan görmüşdü. Biz nə biləydik ki, müharibə bizim balalarımızın yaşı qədər uzanacaq... Və günlərin bir günündə od-alov, çətinliklər içərisində böyütdüyümüz balalarımız gedib şəhid olacaqlar... Biz nələr arzulayırdıq, başımıza nələr gəldi. Təzəliklə də qaynanamın müvəqqəti sığındığı bu bir bir otağa köçmüşük”.


Həmin bir otaq Əntiqə bibinin 23 il bundan əvvəl gəlib sığındığı sığınacaqdır. Bu otaqda nəvəsi ilə bağlı o qədər xatirələri var ki... İndi divarların dörd tərəfinə  qonub şəkilləri. İndi divarlardan baxır, daha danışmır, daha nənəsindən nağıl da istəmir, tumar da istəmir. Daha nənəsinə naz da satmır Müşfiq. Bir də divardan asılı, sahibsiz qalan bir tar. Müşfiq o tarda hərdən muğamlar çalardı Əntiqə nənəsi üçün. Tar dərsini gec öyrənsə də, əlləri tez yatmışdı simlərə. Nənəsinin sevdiyi “Gecələr” mahnısın lap tez öyrənmişdi:

                      Qollarımı dolayım, boynuna ay gecələr,
                      Mənim həsrətimsiniz, gecələr, ay gecələr.
                      Ürəyimdə səhərin neçə həsrəti yanar,
                      İntizar  gözlərimdə gecələr uzun olar.
                      Quş tək üçür xəyalım hardan hara gecələr,
                      Mən ki, həsəd aparıram yatanlara gecələr.


Bu həmin nənədir ki, indi yenə nəvəsinin boynunu qicaqlamaq, sinəsinə sıxıb qoynunda yatırmaq istəyir, layla çalmaq, boyunu oxşamaq istəyir. Bu istəklə də gecələri yatmır, səhərləri diri gözlə açır.




Şəhid atası Arif müəllim:

- Əslində 80 yaşlı anamın yuxusu 1993-cü ildən ərşə çəkilib. 1993-cü ilin avqust ayının 31-i Nazirlər Kabinetinin nümayəndəsi gəldi Zəngilanın icra başçısı İlham Hüseynovun yanına. Hamımız yığışdıq binanın qabağına ki, bir xəbər öyrənək. Səhər üzü kabinetdən çıxan köməkçi dedi ki, hamınızı köçürəcəklər. Erməni qapının ağzını alıb. .. O gecədən 2 ay keçdi. Bir də oktyabr ayının 26-sı gördük ki, kəndə-kəsəyə səs düşüb ki, boşaldın kəndi, bəs erməni dağ aşağı enir. Dedik ki, bəs bizim top-tüfəngimiz var idi, qradları niyə saxlamısınız, atın erməni tərəfə.  Elə həmin ərəfədə mərkəzdən  rayona köməyə 120 nəfər əsgər göndərdilıər. Bizim rayonun Şabanov soyadlı hərbi komissarı var idi. Çox tədbirli, bilikli hərbçi idi. Bir əsgərlərə baxdı, bir düşmən tərəfə. Hirslənib dedi ki, bu cavan uşaqları hara göndərmisiniz. Bunlar heç silah tuta bilmirlər. Göndərilən bölüyü geri qaytardı, o təcrübəsiz  döyüşçülər, təpədən dırnağa qədər silahlanmış erməninin qarşısında neyləyəcəkdi...
Bu hadisədən əvvəl isə Şabanovun qurduğu döyüş taktikası ilə  erməninin bizdən aldığı 10 kəndi geri qaytarmışdıq, hətta Qafanı da götürmüşdük. Bir də xəbər gəldi ki, bəs ATƏT-in sədri Butros Qali gəlir, aldığınız əraziləri geri verin. Yoxsa beynəlxalq ictimaiyyət bizi işğalçı kimi tanıyar. O şəhid qanları ilə alınan əraziləri yenə  geri qaytardılar. Dünya ədalətsizdir. 1993-cü ilin belə ağrılı səhifəsi də var tariximizdə.  Elə həmin günlərdə Qafan tərəfdən xəbər gəldi ki, qrdaları göndəriblər Beyləqana.  Rayonun qorunmalı bir vaxtında, sursatı başqa yerə göndərmişdilər. Zəngilan rayonu hər tərəfdən mühasirədə idi. Füzuli də alınmışdı.  Bir yol var idi İrana keçməyə. 3 gün Araz ağzı keçib, Zəngilanı, ata-baba məzarlarını, yurdumuzu  qoyub çıxdıq... Bizim torpaqlarımız işğal olunanda, ermənini işğalçı adlandıran olmadı, biz isə tarixi torpaqlarımızı itirə-itirə gəlmişik. Bu hadisələrin də heç birini unutmur anam. O müharibədə nə qədər doğmamızı, əzizimizi şəhid vermişik.


Əntiqə nənənin dedikləri:

- Hər gələnin ağzına baxıram, deyirəm bəlkə Müşfiqimdən bir xəbər deyər. Bəlkə deyəcəklər ki, Müşfiq sağdır. Balam 15 il oxudu, diplomunu  görmədi. Hamı Müşfiqlə dost olmağı xoşlayırdı. Bu evdə , bu divanda (əli ilə divanı göstərir) oturanda həmişə Müşfiqi tumarlayardım. Müşfiq əsgər gedəndən sonra, bir dəfə Arifi tumarladım. Soruşdu ki, ana, nə olub, niyə belə edirsən. Dedim ay bala, əlim Müşfiqə elə öyrənib ki... elə vərdişkar olmuşam. Mən Müşfiqimin gününü, ayını sayırdım, ay tamam olanda, balamın ayı getdi, günü getdi deyirdim. Düz 9 ayını saydım. Ondan sonra ömrü qırıldı... İndi bu boş divanı tumarlayıram.


Əsgər Müşfiq Orucovun da ömrü aprel ayının 3-də axşamüstü, Qarabağın Talış kəndi idtiqamətində gedən döyüşlərdə bitdi. Düşmən tərəfin atdığı mərmi qəlpəsindən 3 nəfər şəhid oldu, 6 nəfər yaralandı

Atası Arif müəllim:

“Müşfiqin cibindən  iki dənə güllə də götürmüşdü komandiri. Döyüşə gedəndə cibinə qoyub ki, birdən erməni əlinə keçərsə, son anda özünü vursun. Müşfiq çox zəhmətkeş oğul idi. Onunla ata-oğul yox, dost-qardaş idim.  Elə şərait yaratmışdım ki,özünü həmişə sərbəst hiss etsin, zəhməti sevsin. Universitet tətillərində hər zaman gedib özünə pul-para qazanırdı ki, ailəyə əziyyət verməsin. Buna biz onu məcbur etmirdik. Özü belə istəyərdi. Boş oturmağı sevmirdi. Universitetə qəbul olunanda da 700 bala yaxın yığdı.
Cəbhədə vəziyyət gərginləşmişdi. Aprelin 1-dən sonra narahatlığım başladı. Məndə olan telefon nömrələrinə nə qədər zəng çalsam da, bir düz söz deyən olmadı. Dedilər uşaqlar təlimdədir. Aprelin 4-ü qardaşım və bacım zəng vurub məndən Müşfiqi xəbər aldılar. Dedilər ki, yaralanıb. Əlim çatan, ünüm yetən hər yerə zəng vurdum. Uşaqdan bir xəbər deyən olmadı. Məəttəl qaldım. Heç ağlıma da gəlməzdi axı. Sonra axşamüstü saat 5-də artıq oğlum,arxamı söykəmək istədiyim dostum  bayrağa bükülmüş  tabutuda gəldi. Nə ömrü vardı ki, nə də hekayəti ola. İndi də tam təfərrüatı ilə anlayanda, durub yerimin içərisində otururam. Tək oğlun ola, o da biləsən ki, bir də gəlməyəcək...
Arzularımız, murazımız var idi...”.


 


Şəhid anası Aygün xanım:

“Yataqxana divarları çox sıxırdı oğlumu. Ona görə ki, o dostlarını qonaq çağıra bilmirdi. Utanırdı. Bir dəfə uşaqların ürəyi istəyən yeməkləri bişirdim, özümüz çıxıb gəldik qaynanamın bu evinə. O da dostları ilə, həmin o 4 nəfərlə birlikdə qaldı. Hamısı da tərbiyəli, vicdanlı, etibarlı uşaqlar idi. Bir yerə yığışanda dərs oxuyar, özlərinə yeni iş planları cızardılar. İndi də gəlib yoluxurlar bizi. Tək qoymurlar. Ancaq Müşfiqin yeri görünür. Oğlumun 1 metr 82 sm boyuna baxıb fərəhlənirdim. İndi evin hər yerində əllərinin izi, nəfəsi var balamın. Çox çətindir. Dözə bilmirəm, deyir”.

    

Biz Müşfiqli xatirələri çözələyərkən, Əntiqə nənə dayanmadan gözlərinin yaşını tökdü. Söhbətimin sonunda yenə soruşdum ki , - bibi, bəlkə bir sözün var deməyə?! - Cavabı belə oldu:



- Müşfiq yataqxanada külfət içində  böyüdü. Pis günü də oldu, yaxşı günü də oldu, ancaq özünün sındırmadı. Pensiyamdan həmişə ona ayırıb  xərclik verirdim. Kimsədən götürməsə də, məndən götürürdü. Deyirdim uşağım birdən dostlarının yanında xar olar, sınar. Qoy cibində xərcliyi olsun.

- Əntiqə bibi, necə ağladın Müşfiqini?

- Heç səsim çıxdı ki... Mən onu elə verməmişdim axı. Mən qaçar-qovar Müşfiq vermişdim, əvəzində şəklini gətirib qaytardılar. Durdum tabutun başına dolanım, qoymadılar.  Dedim ki :

Müşfiq yanıram görən yoxdur,

 Dərdimi bilən yoxdur.

 İtirmişəm bəzəkli Müşfiqimi,

Yerini deyən yoxdur.


Yannam sönə bilmirəm, Könlüm səni istəyir ay Müşfiqim, görə bilmirəm. Getdi görə bilmədim, nazın çəkə bilmədim. Elə yerdə yer tutdu, qapsın aça bilmədim.  Ay bala ora yaz ki, “Müşfiqimin arzuları gözündə qaldı, nənəsi dərdindən yana-yana qaldı. Müşfiqi istəyirəm”.

Əntiqə nənə sinə dəftərini açıb, oğlunun bircə balasının dərdini bülbül kimi ağladı:

“Gözlərim yoldadı qulağım səsdə..

Talış düzü de, Müşfiqi neylədin.

Müşfiqi əmanət vermişdim Sizə,

Talış düzü de, balamı neylədin?

Gözlərim yoldadı qulağım səsdə,

Talış düzü de Müşfiqi neylədin?

Otururam yol üstə, ağlayıram ahəstə,

 Talış düzü dü Müşfiqi neylədin.

Yanıram, sönə bilmirəm,

Müşfiqi görə bilmirəm.

Balamı könlüm istəyir,

Mən ora gələ bilmirəm,

Talış düzü de, balamı neylədin?

Talış düzü de, Müşfiqimi neylədin?

Bulud kimi tutuluram, gah doluram, boşalıram

Gecə gündüz ağlayıram

Ürəyimi çalın-carpaz dağlaram

Talış düzü de Müşfiqi neylədin?”.

Müşfiqə doğma olan hər kəsi dinlədim, danışdırdım, ancaq kənarda oturan bacısı Günel danışmadı ki, danışmadı.Keçən il aprel ayının 29-da Günelin toyunda oynamışdı qardaşı. İndi isə Günel boynu bükülü oturmuşdu. Üzündə, sifət cizgilərində bir nifrət, bir haray, bir həsrət gördüm bu cavan qızın. Müharibəyə qana, qadaya, vətənsizliyə nifrətin görkəmi belə olurmuş,- deyə düşündüm. Danışmırdı, ancaq, sifətinin bütün cizgilərində yuva salmışdı qardaş ağrısı, qardaş həsrəti. Çıxanda , könlünü almaq istədim, dedim ki, qızım, qardaşın haqqında demək istədiklərini yaz göndər mənə. İki gün sonra Günel Arifdən bu məktubu aldım. Qardaşı Müşfiqə yazmışdı:

“Müşfiq, sən bilirsən ki, mən soyuq təbiətli olmuşam. Sən çəkinərsən deyə, heç əsgər yola salanda da ərk eləyib gəlib səni qucaqlayıb bağrıma basmadım. Elə bildim ki, kənardan yaxşı görünməz. Amma elə istəyirdim ki, səni sevim, oxşayım, ürəyimə sıxım. Kaş ki... kaş ki... çəkinməyəydim səndən. Axı sən yaxşı qardaş idin. İndi səni məndən soruşanda, tərifləməyə, öyünməyə də utanıram, fikirləşirəm ki, elə bilərlər ki, yalandan deyirəm. Amma, mən bilirəm  axı , sən hamıdan yaxşı idin.  Biz bir-birimiz çox istəyirdik, heç dalaşmırdıq da. Ancaq bunu büruzə vermirdik. Yuxumda gördüm ki, gəlmisən... Elə sevinirdim ki, qardaşım əsgərlikdən qayıdıb, özü də birinci mənim yanıma gəlib... Sonra ayıldım...  Sən demə yuxu imiş. Bir dəfə sənə məktub yazmışdım. Yadındadır... Yazmışdım ki, ata-anadan başqa bizim kimimiz var ki... Onda sən mənə cavab yazmışdın ki, bacı sən mənim yeganə varlığımsan. İndi kim deyəcək o sözləri mənə... Məni elə tək qoymusan ki... Ata ilə ananın yanında  ağlamıram, sızlamıram.Səni unutdurmaq istəyirəm. İstəyirəm ki, bir az sakitləşsinlər, öyrəşsinlər sənsizliyə. Onların əhval-ruhiyyəsini qaldırmaq istəyirəm ki, dərdə tab gətirsinlər. Özüm öyrəşə bilmirəm, ancaq onların öyrəşməyini istəyirəm. Səndən sonra, mən başqa şəhid bacıları kimi qaralar geyinmədim, qara yaylıq bağlamadım. Bilirsən niyə?! Çünki sənin yoxluğunu qəbul etmək istəmirəm. Sənin kimi qardaşı, dostu, oğlu olmaq hər kəsə nəsib olmur...”.


Məktub sözün bitdiyi yerdə yazılıb.

Aida Eyvazlı

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
18.01.2017, 11:56

"ASAN xidmət" mərkəzlərinin iş qrafiki dəyişdi

18.01.2017, 11:50

İlham Əliyevin Davosda növbəti görüşü - YENİLƏNİB 

18.01.2017, 11:44

Səhiyyə Nazirliyi donuz qripinə qarşı hərəkətə keçdi

18.01.2017, 11:37

Kim Kardaşyanın anası qaradərili ilə evlənir

18.01.2017, 11:33

NİDA üzvünün məhkəməsi təxirə salındı

18.01.2017, 11:27

Tramp: “İnauqurasiyamı boykot edənlər biletlərini qaytarsınlar”

18.01.2017, 11:25

Obama məxfi sənədləri Wikileaks-a ötürənin cəzasını yüngülləşdirdi

18.01.2017, 11:23

Bakı məktəblisi erməni həmyaşıdına qalib gəlib

18.01.2017, 11:15

Qafqaz Universitetinin bazasında yeni statusda təhsil ocağı yaradılır - AÇIQLAMA

18.01.2017, 11:04

Lütfi Zadənin xanımı vəfat etdi

18.01.2017, 10:54

Dilqəm Əsgərovun atasının dili açıldı - FOTO

18.01.2017, 10:47

“İnşaatçılar” stansiyasının I vestibülü bağlanır-FOTO

18.01.2017, 10:30

Kamran Ağayevə ağır cəza - VİDEO

18.01.2017, 10:28

Bakıda ər-arvad dəm qazından zəhərləndi, biri öldü

18.01.2017, 10:26

Kapital Bank Euromoney – 2017 forumunda iştirak edir

18.01.2017, 10:09

QMİ kimlərin hədisinə üstünlük verir?

18.01.2017, 10:02

18 yanvarın atəşkəs AÇIQLAMASI

18.01.2017, 09:56

Avtobus nəqliyyatında biznes maraqları sərnişinlərə xidməti üstələyib

18.01.2017, 09:46

Qafqaz Universiteti ləğv olunur - RƏSMİ

18.01.2017, 09:32

Yasamalda yaşayış binasında yanğın - 2 nəfər xilas edildi

18.01.2017, 09:27

Azərbaycanda təhsil alan iranlı tələbələr BƏYANAT verdilər

18.01.2017, 09:17

Akademik M.Mehdizadə müasirlərinin xatirələrində

18.01.2017, 09:05

Ayaz Mütəllibov: “Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi” - MÜSAHİBƏ

18.01.2017, 08:44

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

18.01.2017, 00:59

Rusiya “Su-24”ləri Suriyadan çıxarır

18.01.2017, 00:45

Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

18.01.2017, 00:36

Sürücüsü bıçaqlanan avtomobili təmir sexinə satılıb

18.01.2017, 00:22

İstanbulu qana boyayan terrorçu haqda daha bir yenilik

18.01.2017, 00:06

Türkiyə təyyarəsinin 2-ci qara qutusu tapılıb

17.01.2017, 23:46

Astarada ağır qəza: 5 yaralı

17.01.2017, 23:08

Bolqarıstan mətbuatında İlham Əliyevin məqaləsi dərc olunub

17.01.2017, 22:51

Qalmaqallı Hollivud ulduzu İslam dinini qəbul etdi

17.01.2017, 22:38

İkiqat olimpiya çempionu həbs edilib

17.01.2017, 22:26

Elektron siqaret ağzında partladı - FOTO

17.01.2017, 22:16

“Pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edirlər” – Deputat

ARXİV