Modern.az

“Ola bilər ki, Artur Rasizadə başqası ilə əvəz olunsun” - MÜSAHİBƏ

“Ola bilər ki, Artur Rasizadə başqası ilə əvəz olunsun” - MÜSAHİBƏ

Hadisə

14 Oktyabr 2016, 11:30

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

-Partiyanızın fəaliyyət istiqamətini necə qurmusunuz? Bəlkə də, nəsə edirsiniz, amma gözə çarpmır.

 

-Son dövrlərdə bütün siyasi partiyaların fəaliyyətində ümumi zəifləmə var. Bunun səbəbi budur ki, hakimiyyət siyasi partiyalaın fəaliyyət dairəsini həddindən artıq məhdudlaşdırıb. Siyasi partiyaların əsas fəaliyyəti seçkilərdə iştirakla bağlıdır. Ancaq hakimiyyət seçkilərdə elə şərait yaradır ki, bir çox hallarda siyasi partiyalar seçkilərdən kənarda qalır. Digər tərəfdən siyasi partiyaların fəaliyyəti üçün maliyyə vəsaiti lazımdır. İndi isə ancaq parlamentdə təmsil olunan partiyalara maliyyə ayrılır, digərləri isə kənarda qalır.

 

Biz isə “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzində fəaliyyətimizi davam etdiririk. Bizim fəaliyyətimiz hakimiyyətin siyasətini izləmək və buna öz münasibətimizi açıqlamaqdır. Vaxtaşırı bu mərkəzin iclaslarında iştirak edirik, ictimai-siyasi vəziyyəti müzakirə edirik.

 

-Partiyanız 2008-ci ildə yaranıb. Ümumiyyətlə Aydınlar Partiyasının nə zamansa indikindən güclü vaxtları olubmu?

 

-Aydınlar Partiyası indi də kifayət qədər güclü partiyadır. Bizim partiyanın vəziyyəti digərlərinə nisbətən pis də deyil. Amma heç də lap yaxşı olduğunu da demək olmaz.

 

-Təşkilatınızın nə qədər üzvü var?

 

-Düzü oturub saymamışam. Siyasi partiyanın gücü və təsir dairəsi onun üzvlərinin sayından asılı deyil. İndi səhv fikir yayılıb ki, mitinqə nə qədər çox adam çıxırsa, həmin partiya güclüdür. Ya da hansısa partiyanın mitinqinə az adam çıxıbsa, o zəifdir. Bunlar yanlış təsəvvürlərdir. Son dəqiqləşdirmələrimizə görə, 10 minə yaxın üzvümüz var. Bunların da böyük əksəriyyəti passiv üzvlərdir.

 

-AXC hakimiyyəti dövründə prezidentin – Əbülfəz Elçibəyin parlamentlə əlaqələr üzrə müşaviri olmusunuz. Gözləyirdiniz belə bir şeyi?

 

-Prezident Əbülfəz Elçibəy məni yanına dəvət etdi, belə bir vəzifə təklif etdi, mən də qəbul etdim.

-AXC iqtidarında təmsil olunanların bir ,oxu indi bir-birinə qarşı kəskin ittihamlar səsləndirirlər. Düzü, siz bu ittihamlardan kənarda qalmısınız. Onlara barışığa çağırış mesajı vermək istəyirsiniz?

-Dəfələrlə eyni hakimiyyətdə təmsil olunan şəxslər bir-birini ittiham ediblər. Dəfələrlə bir araya gəlmək, vahid mövqedən çıxış etmək barədə təkliflər, çağırışlar, təşəbbüslər olub. Hətta siyasi bloklar da yaradılıb. Amma görünür bu və ya digər səbəblərdən dolayı bunların eyni mövqedən çıxış etməsi indiyə qədər mümkün olmayıb. Ancaq səbəblərini tam izah edə bilmirəm. Hesab edirəm ki, növbəti çağırış etməyimə ehtiyac yoxdur. Bəzən çağırışlara çox kobud, bir qədər siyasi etikaya uyğun olmayan cavablar verilir.

 

-Bu gün bir partiya daxilində də parçalanmalar gedir, bu qarşılıqlı təhqir səviyyəsinə də gəlib çıxır. Çıxış yolunu nədə görürsünüz?

 

-Eyni təşkilat daxilində bir-birini ittiham etməyi əvvəllər də yaxşı hal hesab etməmişəm. Düşünürəm ki, bir şəxs hansısa siyasi təşkilatın, partiyanın üzvüdürsə, həmin qurumun məramnamə və nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Əgər o, rəhbərliyin fəaliyyəti ilə razı deyilsə, bu zaman digərini ittiham etməli deyil. Çəkilib kənara öz siyasi fəaliyyətini qurmalıdır. Ya da birdəfəlik siyasətdən getməlidir. Bir partiyanın daxilində olan qarşılıqlı ittihamları həmin partiyanın zərərinə addım kimi qiymətləndirirəm.

 

-BDU-da dərs deyirsiniz. Tələbələrlə ünsiyyət sizə daha asan olar.

 

-Bakı Dövlət Universitetindəki fəaliyyətimi, tələbələrlə münasibəti tədris üzərində qururam. Çalışıram ki, tələbələrlə siyasi söhbətlər etməyim. Amma elə tələbələr var ki, onlarla dərsdən kənar müəyyən söhbətlər edirəm. Ancaq heç zaman tələbələrimi öz partiyama dəvət etməmişəm.

Tələbələrlə ünsiyyətdə isə heç bir problemim yoxdur.

 

-Referendum keçirildi. İndi isə növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyi haqqında məlumatlar yayılıb. Bu olacaqsa, deputatlığa ya da prezidentliyə namizəd olmağı düşünürsünüz?

 

-Bu haqda konkret fikrim yoxdur. Seçki institutunun zəifləməsi mənim seçkiyə olan münasibətimi qeyri-müəyyən edir. Bütün hallarda isə hesab edirəm ki, seçkidə iştirak daha məqsədəuyğundur. Çünki seçkilər siyasi fəaliyyətin əsas istiqamətidir. Seçkilərdə iştirak etməyən siyasətçi siyasətdən getməlidir. Hər halda əgər seçkilərlə bağlı qərar rəsmən təsdiq olunarsa, çalışacağam ki, iştirak edim. Maddi, maliyyə imkanlarımı hesablayıb bu barədə yekun qərar qəbul edəcəyəm.

 

- “MTN işi” ilə bağlı mətbuatda rezonans doğuran məlumatlar dərc edilir. Bir hüquqşünas kimi izahınız necə olacaq? Eldar Mahmudov haqqında tədbir görülməlidir?

 

-Mərkəzi hakimiyyət orqanları təkbaşına rəhbərlik orqanlarıdır. Həmin orqanlardakı neqativ işlər, baş verən hadisələrə görə birinci növbədə bu qurumun rəhbəri fərdi qaydada məsuliyyət daşıyır. Hesab edirəm ki, keçmiş  MTN-də baş vermiş qanun pozuntularına görə, digər vəzifəlilər cinayət məsuliyyətinə cəlb olunursa, Eldar Mahmudov da bundan kənarda qalmamalıdır. Çünki o rəhbər, bütün işlərə görə məsuliyyət daşıyıb. Onun haqqında tədbir görülməməsi hüququn prinsiplərinə uyğun deyil.

 

-Küsülü olduğunuz siyasətçi var?

 

-Heç kimlə küsülü deyiləm. Ümumiyyətlə, küsülü qalmağı xoşlamıram. Keçmiş silahdaşlarımla da müəyyən məclislərdə təsadüfən rastlaşırıq, salamlaşırıq, görüşürük, söhbət də edirik.

 

-Referendumun nəticələri təsdiq edildi. Bundan sonra vitse-prezident institutu yaradılacaq. Belə müzakirələr var ki, bu zaman Baş nazir postu ləğv ediləcək.

 

-Baş nazir postu Konstitusiya ilə müəyyən edilmiş vəzifədir. Ola bilər ki, Baş nazirimiz Artur Rasizadənin yerinə başqası təyinat alsın. Çünki o, kifayət qədər  yaşlıdır. Həm səhhəti, həm də yaşına görə, ola bilər ki, başqası ilə əvəz olunsun.


Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü