Modern.az

ABADlaşmalıyıq...

ABADlaşmalıyıq...

Ədəbi̇yyat

19 Noyabr 2016, 18:35

Nicat Nəsirli
                                        

Əhaliyə ictimai xidmət sahəsində öz keyfiyyət möhürünü vuran ASAN-dan sonra, ABAD-da kənd yerlərində sosial-iqtisadi inkişafa öz töhvəsini verməlidir. Belə bir qurumun yaradılması məncə tarixi bir fürsətdir, əgər öz fəlsəfəsinə uyğun işlər görərsə. ABAD nəyə lazım idi? Bu suala öz həyatımıza diqqətlə  baxmaqla çoxsaylı cavablar verə bilərik. Dünya ölkələrinin çoxunda kənd yerlərində yaşayan ailələrə, icmalara təmənnasız məsləhət-informasiya, texniki-elmi dəstək verən özəl və ya dövlət qurumlar fəaliyyət göstərir.Bu təşəbbüslərin məqsədi kənd yerlərinin inkişafında böyük güc olan  vətəndaşların sosial aktivliyinin təmin olunmasıdır. Ailə təsərrüfatları iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi sayılır. ABAD-ın fəaliyyət planında yazıldığı kimi..

Bu gün kəndlinin köməyə ehtiyacı var.İlk növbədə onun hörmətə, xatırlanmağa ehtiyacı var. “Ayə,ay kəndçi..” -deyib bir-birimizi təhqir edəndə uzaq bir kənddə alnının təri ilə çörək yeyən, yayın cırhacırında, qışın ərəsətində qarışqa kimi çalışan bir insanın haqqına girdiyimizi unuduruq. ABAD ən ucqar bölgələrə gedib o insanların yanında olmalıdır! Bu gün bir tikə çörək dalınca torpağını, dədə-babadan qalma təsərrüfatını qoyub iri şəhərlərə üz tutan, tikintilərdə fəhlə kimi işləyən insanları geri qaytarmaq lazımdır. Şimal bölgəsinin kəndlərindən birində işinin əhli, hörməti olan bir bağban tanıyırdım. Onun vurduğu calağı kənddə heç kim vura bilmirdi. Bu yaxınlarda onun metro keçidlərinin birində pal-paltar satdığını gördüm, baxışlarımız toqquşdu. Maddım-maddım nəzərlərimlə ondan “Bəs kənd? Bəs o ağaclar?”-deyə soruşdum..onu yox, məni xəcalət təri basdı. İxtisasça aqronomlar, zootexniklər, texnoloqlar, texniklər bu gün şəhərlərdə muzdur kimi işləyib ömür çürüdürlər. Kəndlərimizin çoxu boşdur, mütəxəssis sarıdan əziyyət çəkir. Onlar əllərinin qabarı ilə kənddə xarüqələr yarada bilərlər, belələri yüzlərlədir və onlar ABAD-ın bir çağrışına bənddirlər ki, ətir qoxulu torpaqlarına dönüb zəhmətə sarılsınlar. ABAD yüzlərlə insanı inandırıb geri qaytaracaq “Gəlin kəndə qayıdaq!” layihəsinə start verməlidir.  

ABAD regionlarda yaşayan minlərlə insanın həyatındakı boşluqları doldurmalı, ailələrin iqtisadi fəaliyyətini canlandırmalı, ailə brendləri yaratmalıdır. İxtisaslaşmış ailə biznesləri olmadığı üçün bazarlarda fırıldaqçılıq ayaq tutub yeriyir, vətəndaş istəyinə uyğun məhsul tapa bilmir. Öz səviyyəmdə sadə misallar verim.

 Hamı bazarlarda kənd çolpasını əl-əl gəzir. D vitamini ilə zəngin kənd toyuğunun ətindən şorba bişirib övladımıza yedirməyi həkim yazır, amma biz ucuz olduğu üçün inqubator toyuğunu alıb evə gətiririk. İşdi-şayət, uşağınız üçün tərkibi ana südü ilə bərabər olan keçi südü lazım olsa hara üz tutacaqsınız? Mağazalarda tərkibi inək südü ilə qarışdırılmış, xarici ölkələrdən gətirilmiş keçi pendirinin sizə necə sırındığını bilirsinizmi? Heyvandarlığın ən vacib sahəsi olan dəvəçilik iflasa uğrayıb, dəvə südü görən varmı? Yoxsa, elə bilirsiniz ki, Corat qutabı 100% dəvə ətindən bişirilir?Radiasiyaya məruz qalmayan yeganə heyvan olan camış südünü necə tapmaq olar? Tərkibi 100% camış südündən hazırlanmış Gəncə qaymağını əldə etmək üçün çox əlləşməli olacaqsınız. Hanı Gəncənin brendi olan xurmanın cemi, sirkəsi, bəhməzi? Qiyməti pulla ölçülməyən bu qidaları Gəncəbasarda düzəldən yaşlılar çoxdan fani dünyadan köç ediblər, yeni nəsil isə unudub. Bu sahədə illərlə elmi-tətqiqat işləri aparan qidaçı alimlərin kəşfləri isə rəflərdə atılıb qalıb. ABAD Gəncənin şöhrətini geri qaytarmaq üçün ailələrə o tarixi vərdişləri yenidən öyrətməlidir.Vaxtı ilə SSRİ-nin bütün bölgələrinə qızılgül mürrəbəsi,qızılgül suyu göndərən Zaqatalada gülçülük çoxdan unudulub. Bu gün hamı mağazalarda bizim yerli Quba almasından hazırlanmış sirkə axtarır. Vitrində qoyulanların çoxu Türkiyə istehsalıdır. Azsayda yerli istehsal varsa o da müasir texnologiyadan istifadə edilmədiyi ilk görünüşdə bilinir. Qubanın dadı damaqlardan, adı yaddaşlardan silinmiş qədim alma sortları sarıturş, cırhacı, cibir, şıxcanı, əyyubi, qəndisinab, şirvan gözəli...Çoxdan unudulmuş qədim armud sortları: cır nəbili, nararmudu, qara armud, sini armud, nurun-burun, zəhreyi... Hanı, yaşlı nəslin yana- yana axtardığı Xaçmazın qara pomidoru? Yoxsa, yol kənarlarında Zirə pomidoru adı ilə sizə sırınan məhsulun doğruluğuna inanırsıniz? “Abşeron gözəli” zəfəran, badam? Bəlkə, zeytun turşusu qoyan, onun müasir texnologiyasını bilən, Hövsan soğanını yetişdirən ailə təsərrüfatları var? Cənub bölgəsindən olan dostlar inciməsin, mən illərdir adı dillərdə məşhur olan əsl ləvəngini axtariram. Tələsib “var!!!” deməyin.Broyler toyuğundan ləvəngi olmaz! Astaranın dadından doymaq olmayan düyüsü..çox çətinliklə tapacaqsınız! Bölgədə çəltikçi ailələrin düyünü qaydalara uyğun biçən texnikaları, düyüdöymə sexi, saxlama anbarları yoxdur. Şəkər xəstələri haradan qarğıdalı, çovdar çörəyi tapa bilərlər? Bu bitkilərin unu yalnız xaricdən gətirilir. Müalicə məqsədli meşə balı tapmaq üçün hara getməliyik? ABAD kömək etsə müqəddəs nemət olan balın tomat bankalarında satılması kimi biabırçılıq sona çatardı. Yol kənarlarında Coca-Cola qablarında satılan süd qatıqdan canımız qutarmalıdir. Gigiyena nəzərindən təhlükə mənbəyidir. Bazarlarda meyvə qurularınn qiyməti ceyran belindədir insanlar ala bilmirlər. İrandan, Orta Asiyadan gətirilən quruları  bizə “Ordubad quru meyvələri” adı ilə baha qiymətə satırlar. Meyvəçiliklə məşğul olan kəndlərimizə yeni texnologiyalar cəlb edilməlidir, bağbanlar sata bilmədikləri meyvələrini qurudaraq bazara çıxarmalıdırlar. Yalnız onda quru meyvələrin qiyməti aşağı düşə bilər.  İrandan gətirilmiş, heyvan yemi üçün hesablanmış  kisələrdə satılan texniki kartof bütün ölkəni götürüb gedir, bazarlarımız Uzaq Şərq ölkələrindən gətirilmiş ağappaq sarımsaqlarla doludur, uzaq Afrika ölkələrindən gətirilmiş sarı limonlar çay süfrəmizin bəzəyi olub. Yəni, zəhmətkeş azərbaycanlı ailələləri az aqrotexniki qulluq tələb edən kartof, sarımsaq əkə bilmirlər? Cənub bölgəsindən Bakıya üz tutan insanlar  Lökbatandakı məlum topdansatış bazarından aldıqları limonları 28 May metrosunun qarşısında bizə Lənkəran limonu adı ilə 3-ü 1 manata satanda elə bilirsiniz vicdan əzabı çəkmirlər? ABAD regionlarda yaşayan ailə bizneslərinin bu cür iflasının qarşısını almalıdır..

Qəlbinizə ağırlıq çökdüsə bir azda qidadan başqa sahələrə keçək. Hər ilin yayında Lahıca gəzməyə gedəndə o tarixi məkanda Çin istehsalı suvenirləri alıb həvəslə Bakıya gətirəndə nə düşünürük? Hər il Lahıcda dulusçuluqla, misgərliklə, oyma sənəti ilə məşğul olan dədə-baba  emalatxanalarının sayı azalır, Lahıc donuq daş muzeyinə çevrilir. ABAD dağlar qoynunda yerləşən Lahıc kimi kəndlərə gedərək onları “xarici əmtəə işğalından” xilas etməlidir. Şəkidəki Xan Sarayının suvenir bölməsində Dubay, İrandan gətirilmiş hədiyyələr satılır. Çoxumuz almışıq, amma bəlkə arxasında yazılmış “Made in...” bölməsinə baxmaq istəməmişik. Yaxşı yadımdadır, 2012-ci ilin mayında Bakıda Avroviziya Mahnı yarışması keçiriləndə yuxarı səviyyədə məsələ qaldırıldı ki, qonaq gələcək xarici turistlərin öz ölkələrinə alıb aparmaları üçün milli suvenir istehsalı qurulsun. İqtisadiyyat Nazirliyi azfaizli kreditlər də ayırdı. Lakin məlum oldu ki, Çindən, Dubaydan, İrandan, Gürcüstandan gətirilən və üzərinə saxta “Made in Azerbaijan” brendi yazılmış suvenirlər daxili bazarı elə tutub ki, onun istehsalını qurmaq heç kimə sərf etmir. Nə gözəl olardı ki, Azərbaycanın maddi mədəniyyət nümunələri bu gün sadə avropalıların evlərini bəzəsəydi...amma o tarixi fürsət və ailə bizneslərini gücləndirəcək külli miqdarda vəsait itirildi. Ölkə Prezidentinin xeyir-duası ilə ABAD-ın həyata vəsiqə aldığı Masallı vaxtı ilə kilim, həsirləri ilə məşhur olub. Kəndlərdə ailələr həsir toxumaqla dolanıblar, hamı bilir ki,həsir asma, sümük  xəstəliklərindən  əziyyət çəkənlər üçün çox xeyirlidir. Əgər regionlarda milli geyim tikən-satan qadınlar icması varsa ünvanını deyin.Əgər birdən nənələrimizin başlarına örtdükləri yaylıq, örpəkləri axtarsaq hardan tapacayıq? Və ya babalarımızın vaxtı ilə geyindikləri buxara papaqlar, arxalıqlar, uzunboğaz çəkmələr, çarıqlar.. Azərbaycanda südlük-yünluq istiqamətli qoyunçuluq iflasa uğrayıb, qoyunumuz  yalnız ət verir. Bunun nəticəsidir ki, papaqçılıq sıradan çıxıb.Yumuşaq yunlu qoyun cinsləri yenidən ölkəyə gətirilməli və təsərrüfatlarda yayılmalıdır.Əgər dağlıq rayonlarımızda min bir dərdin dərmanı olan şəfalı otları yığıb, qablaşdırıb bazara çıxaran ailə biznesləri varsa yerini deyin zəhmət olmasa...

Regionlarımzda hələ də “kənd turizmi” formalaşmayıb. Hansı ki, bu gün şəhərlərin minlərlə əhalisi bir neçə günlük, həftəlik kənd həyatını dadmaq üçün külli miqdarda vəsait ödəməyə hazırdır. Turistlərə ölkənin hər yerində eyni çeşid yeməklər təklif olunur. Lülə,tikə,basdırma kabab... Kim deyər,Qazaxda, Şamaxıda  hansı milli yeməkləri yemisiniz? Heç bir bölgədə ailələrdə bişən milli yeməklər  təklif olunmur, bu turistləri qaçıran ciddi faktdır.

ABAD-ın kənd yerlərində əsas işlərindən biri hüquqi yardım, maarifləndirmə,kəndlinin fərdi uçot sisteminin qurulması olmalıdır. Çünki, kəndlərdə yaşayan əhali hüquqlarını bilmir, elmi-texniki yeniliklərdən bixəbərdir, təsərrüfatdan nə qazanır, nə xərcləyir məlumatı yoxdur. Ailə təsərrüfatlari qeydiyyatdan keçməlidirlər ki, iqtisadi münasibətlərdə hüquqi şəxs kimi çıxış edə bilsinlər, dövlətdən  kredit ala bilsinlər, hesab açdırıb köçürmə əməliyyatları yerinə yetirə bilsinlər. Bununlada banklarla onların arasında işgüzar münasibətlər yaransın. Kəndlilər birləşə bilmirlər, kooperasiyalar yaranmır. ABAD kəndliləri birləşdirməlidir, çünki bu birlik paytaxtdan uzaqda yerləşən kəndlərə yeni nəfəs gətirə bilər. El bir olsa zərbi kərən sındırar!

Bəli, ABAD Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin yaranmasını stimullaşdırmalıdır. ABAD hər bir vətəndaşın evinə girməlidir, onları qida təhlükəsizliyi, keyfiyyət menecmenti, müasir texnologiyalar haqqında  məlumatlandırmalıdır.Məncə, ABAD elmə üz tutmalıdır. Universitetlərdə alimlərin illərini sərf edib araşdırdıqları elmi-tətqiqat işlərini gün üzünə çıxarmalıdır, elmlə biznesin vəhdətini yaratmalıdır.

Bu işlərdə hər bir vətəndaş ABAD-a dəstək olmalıdı, çünki, bunun hər birimizin həyat səviyyəsinə dəxli var. Gəlin, bu gündən hər birimiz ABADlaşaq!        

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü