Modern.az

Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq nüfuzu artır

Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq nüfuzu artır

27 Noyabr 2016, 12:16

Firuzə NADİR

Beynəlxalq seminardan qeydlər...

 

“Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görüldü. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşların əqli mülkiyyət hüququ təsbit edildi. Bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradıldı. Ölkəmiz ÜƏMT-nin üzvü seçildi, bir sıra konvensiyaları ratifikasiya etdi, mühüm qanunvericilik aktları qəbul olundu.

Son illərdə dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür. Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun təbirincə desək, Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi, müəllif-hüquq sahəsində də dövlət başçısının son 13 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi dayanır.

Prezident İlham Əliyevin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinə xüsusi yer ayrılıb. 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Qanuna elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsəd və prioritetləri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələr daxil edilib.

Bu və digər tədbirlərin nəticəsidir ki, artıq ölkəmizin əqli mülkiyyət sahəsi beynəlxalq təşkilatlarda rəhbər komitələrdə təmsil olunur. MHA-nin nümayəndəsi 120-dən artıq ölkəni birləşdirən ÜƏMT-nin “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin MDB məkanından ilk sədr müavini seçilib...

****

Müəllif Hüquqları Agentliyinin xalqımızın ənənəvi mədəni nümunələrinin, ənənəvi biliklərinin sistemli şəkildə öyrənilməsi, hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətində gördüyü işlər danılmazdır. Bir neçə faktı xatırlatmaq yerinə düşər. Agentlik Ermənistanın Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalarına, təndirin ermənilər tərəfindən özününküləşdirməsinə, qədim milli rəqsimiz “Köçəri”nin erməni milli dəyəri kimi YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılmasına qarşı tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadən arayış və şərhlər hazırlayıb, xaçkar erməni iddialarının əsassızlığını sübut edib. Agentliyin təşkilatçılığı, dəstəyi və iştirakı ilə müxtəlif milli və beynəlxalq konfranslar keçirilib. Həmin tədbirlərdə ermənilərin ərazilərimizə, maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə iddialarını ifşa edən məruzələr təqdim olunub. Bu ilin aprelində Bakıda keçirilən “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfransda MHA-nin sədri, professor Kamran İmanovun ermənilərin əməllərini ifşa edən çıxışı hələ də yaddaşlardan çıxmayıb.

Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları”, “Gəldim, gördüm, ...mənimsədim” kitabları Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib. “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ”, “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir” kitabçaları çap edilib, müxtəlif tədbirlərin iştirakçılarına, xarici qonaqlara paylanıb. Bədnam qonşularımızın erməni nümunələri kimi qələmə verdikləri, ifa etdikləri xalq mahnılarımız, rəqslərimiz, milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimizin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə şərhlər, bəyanatlar verilib, etirazlar bildirilib. Milli musiqi alətlərimizin təbliği və tanıdılması məqsədi ilə onların bir qisminin miniatür formaları hazırlanıb, beynəlxalq təşkilatların nümayəndələrinə, xarici qonaqlara təqdim edilib. Bir sözlə, Müəllif Hüquqları Agentliyi və onun rəhbəri bu illərdə ermənilərlə əməlli-başlı “döyüşüb”...

****

Noyabrın 14-15-də Bakıda keçirilən “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda iki günlük seminar da, hər şeydən əvvəl, Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq nüfuzunu nümayiş etdirdi. Seminar “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində keçirilirdi. Təşkilatçılar Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı idi.

Bu, paytaxtımızın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində ev sahibliyi etdiyi ilk tədbir deyildi. 2016-cı ilin iyununda ÜƏMT ilə keçirilmiş “Universitet və tədqiqat institutlarında əqli mülkiyyət siyasətləri” adlı konfransında Təhsil Nazirliyinin təşəbbüsü ilə bu mövzuda daha böyük formatda seminarın keçirilməsi qərara alındı. Oktyabrda ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə görüşdə konfransın təşkilinə qərar verildi, xüsusi sənəd hazırlandı. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun həmin seminardakı məruzəsi də növbəti tədbirin iştirakçılarına təqdim olunmaq üçün kitabça şəklində çap edildi.

Dövlət orqanları, təhsil müəssisələrinin nümayəndələri, alimlər və xarici mütəxəssislərin qatıldığı növbəti toplantıda dövrümüz üçün son dərəcə aktual məruzələr dinlənildi, səmərəli müzakirələr aparıldı...

            Beynəlxalq tədbirdən bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə yüksək dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif olundu. O, seminarda dövlətimizin başçısına minnətdarlığını da ifadə etdi. Salonu alqış sədaları bürüdü. Bu, dövlətin Əqli mülkiyyət sahəsinə göstərdiyi diqqətə, həm də “dünya səviyyəli” əqli mülkiyyətçi alimimizin səmərəli fəaliyyətinə ünvanlanan alqış idi...

****

Prezident İlham Əliyevin yeni iqtisadi siyasəti, elm, təhsil ocaqlarının bu siyasətin icrasına qoşulması və innovativ inkişafdakı yerinin möhkəmləndirilməsi – beynəlxalq seminarın əsas məqsədi bu idi. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da məruzəsində diqqəti, ən əvvəl bu istiqamətə yönəltdi: “Məsələnin kökü dövlət başçısının yürütdüyü yeni iqtisadi siyasətdədir, tədbirin nəticələrinin bu siyasətə xidmət etməsindədir, elm və təhsil ocaqlarının bu siyasətin icrasına qoşulmasında və innovativ inkişafdakı yerini möhkəmləndirməsindədir.” Agentliyin sədri ölkə rəhbərinin bu sahədəki hədəflərini də nəzərə çatdırdı: “Dünyadakı böhranlar fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan hazırda dövlət başçısının ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə, qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən Sərəncam və Fərmanları bu sahədə əsaslı dönüş yaradıb. Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabət qabiliyyətliliyinin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elm tutumlu sahənin genişlənməsi deməkdir. Belə ki, dövlət başçısının təşəbbüsü əsasında “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydaları üzərində işlər aparılır.”

         Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabət imkanlarının artırılmasına yönəlib.

Kamran İmanov ölkə rəhbərinin “İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” fikrinə diqqət çəkdi. Konfransda, məhz bu göstərişləri əsas götürərək insan kapitalına əsaslanan əqli fəaliyyət nəticələrinin, onların Əqli mülkiyyətə çevrilməsinə dair elm və təhsil sahəsindəki müvafiq vəzifələr haqqında müzakirələr aparılacağını söylədi...

         ****

Təhsil naziri Mikayıl Cabbarov seminardakı çıxışında elmi-texniki tərəqqinin əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb etdiyini vurğuladı, nazirlikdə və AMEA-da elmi tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədi ilə görülən işlərdən danışdı. “Təhsil nazirliyinə tabe olan ali təhsil müəssisələrinin alimləri tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən çox dərslik və dərs vəsaiti, on mindən çox elmi məqalə və məruzə tezisi nəşr olunur. Bununla yanaşı, müxtəlif müəssisə və şirkətlərin sifarişi əsasında tədqiqatlar yerinə yetirilir, yeni məhsullar və texnologiyalar yaradılır, ixtiralara patentlər verilir.” Nazir qeyd etdi ki, elm və təhsil ocaqlarının əqli mülkiyyət siyasəti yaradılmalı, onlar müasir texnologiyaları təhsil müəssisələrindən sənayeyə çatdırmalıdır. Elmi ixtiraların gündəlik həyatda tətbiqi vacibdir və dövlət qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməlidir. Ali təhsil müəssisələri təkcə elm, bilik məbədi deyil, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər hazırlamır, onlar, həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə çevrilir.

”İnnovasiyalar iqtisadiyyatın inkişafına xidmət edən vacib amildir. Onlar qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha uğurlu nəticələrə yol açır. Bu isə ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısını təmin etmək, yeni həll yollarının axtarışı, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyini diqtə edir.” Bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov dedi. Onun sözlərinə görə, əsas hədəf iqtisadiyyatda innovativliyin tətbiqi, yerli sənaye məhsullarının dünya bazarına çıxarılmasıdır...   

MHA sədri Kamran İmanov seminarda geniş prezentasiyasında üç əsas meyara: əqli mülkiyyətin yaradılması şəraiti, əqli mülkiyyətin keyfiyyətli istifadəsi, əqli mülkiyyətin yayılması şəraitinə diqqət çəkərək, dedi ki, bu meyarlar olarsa, əqli mülkiyyət şaxələnir və onun institusional rejimi Əqli mülkiyyətin idarəedici strukturlarının fəaliyyəti ilə həyata keçirilir. Bu meyarlar zəncirvarı bağlıdır, çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır, yəni texnologiyalar universitetdən sənayeyə çatdırılmalıdır. Bəs bu funksiyanı öz üzərinə kim götürməlidir? Bu iş əsl sahiblərin, yaradan strukturların əlində olmalıdır. Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir. Odur ki, əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə düşüncə tərzimizin dəyişməsini tələb edir.

         Bununla bağlı universitetlərin dörd vacib istiqamətləri: “əqli mülkiyyət siyasəti”; elmi tədqiqat nəticələrinin kommersiyalaşması və buna yönələn start-ap kompaniyaların yaradılması; texnologiyaların kommersiyalaşmasını inkişaf etdirən stimullar sistemi və kommersiyalaşmanın infrastrukturunun formalaşması əsas götürülür, dünya təcrübəsi və qanunvericilik, normativ-hüquqi və təlimat bazasının təkmilləşdirilməsi təklifləri irəli sürülür.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Svantner “Universitetlərdə və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasətinin inkişafına ÜƏMT-nin dəstəyi” mövzusunda məruzə etdi. “Bu seminar innovativ yenilikləri dəstəkləmək baxımından mühüm addımdır. Burada iqtisadiyyat, sənayenin inkişafı üçün yeni çağırışlar səslənir. Yeni iqtisadi dövr intellektual imkanlardan yetərincə faydalanmağı tələb edir. Universitetlər, tədqiqat müəssisələri dünya təcrübəsindən istifadə etməlidir” deyən Mixal Svantner seminarın tərəflər üçün əhəmiyyətini, elm və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirdi, əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi.

Avropa patent müvəkkili, ActoGenix NV şirkətinin sabiq təsisçisi və baş konsulu Emil Pot “Avropa universitetlərində və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətindən istifadə”, ÜƏMT-nin məsləhətçisi Mohammad Alhabbal “Keçid iqtisadiyyatlı ölkələrdə universitetlər və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti – ÜƏMT qaydaları”, Polşanın Yagellon Universitetinin dosenti Dariuş Kasprzycki “Təcrübə mübadiləsi və uğurlu tarix: Polşa universitetlərində və tədqiqat universitetlərində əqli mülkiyyət siyasətinin önəmi və əlavə dəyəri” adlı məruzələrində vacib məqamlara toxundular.

Seminar maraqlı müzakirələrlə də yadda qaldı. Yerli dövlət orqanlarının və təhsil müəssisələrinin nümayəndələri, alimlər çıxışlarında bu sahədəki problemlərə diqqət çəkdilər, rəy və təkliflərini səsləndirdilər. Ali təhsil müəssisələrində, elmi təşkilatlarda əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyənləşdirilməsi, qorunması, səmərəli idarəolunması mexanizmləri, elmi-tədqiqat, innovasiya və ixtiraçılıq fəaliyyəti, bu fəaliyyət nəticəsində mütərəqqi xarakterli yeniliklər və əqli mülkiyyət obyektlərinin – elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar, brendlər, ticarət, əmtəə nişanlarının yaradılması və tətbiqi, patentlərin kommersiyalaşdırılması, əqli mülkiyyətin innovasiyalara çevrilməsini ləngidən səbəblər, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, transfer mərkəzlərinin azlığı, ali məktəblərdə start-ap kompaniyaların yaradılması, onlara güzəştlərin tətbiq edilməsi, kadr çatışmazlığı, patent vəkillərinin azlığı, peşəkarların artırılması, patentlərin beynəlxalq səviyyədə qorunması, beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq ekspert qrupunun yaradılması – geniş müzakirəyə səbəb olan bu məsələlər konfransın aktuallığını bir daha nəzərə çatdırdı.

Seminar elm və təhsil müəssisələrində əqli mülkiyyət siyasətinə diqqəti artıran növbəti uğurlu addım oldu. Ölkənin bu günü, sabahı üçün vacib olan bir sahə ilə bağlı məsələləri gündəmə gətirdi. Yekunda hər kəs məmnun görünürdü: təşkilatçılar da, iştirakçılar da. Bir önəmli nəticə də o idi ki, əcnəbi əqli mülkiyyətçilər Azərbaycanda bu sahədəki uğurları da etiraf etdilər. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Svantner: “Belə yüksək səviyyəli seminar üçün minnətdarlığımı bildirirəm. Məqsədə çatmaq üçün müsbət təcrübəni bölüşmək, öyrənmək, təhsil, ekspert qruplarının xaricə ezamiyyətlərini təşkil etmək lazımdır. Əməkdaşlığın bu və digər formalarını axtarmalıyıq. Bu, çox səmərə verər. Avropanın transfer mərkəzləri ilə tanışlıq üçün imkan yaratmağa çalışacağıq. İnanıram ki, tezliklə xaricdən Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyə gələcəklər...”

            Beynəlxalq seminara Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov yekun vurdu: “Mixal Svantnerə Azərbaycana xüsusi və isti münasibətinə görə təşəkkür edirəm. Hər biriniz iştirakınıza görə çox sağ olun. Bilikli, intellektli insanların çıxışları bizi heyran etdi. Bu seminar Azərbaycanın gələcəyi üçün faydalıdır. Burada səslənən rəy və təkliflər toplanacaq, nəşr ediləcək. Seminarın keçirilməsindən bir məqsəd də odur ki, təklifləri öyrənək, problemlərin qanunvericiliyə uyğun həllinə çalışaq. Səslənən iqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti ön plana çəkilsin. Və bu səpkidə biz – Əqli mülkiyyət mütəxəssisləri öz bilik və təcrübəmizi əsirgəməyəcəyik. Məqsədə nail olmaq üçün irəli addım atmaq lazımdır. Öyrətmə, maarifləndirmə gündəlik fəaliyyətimizin ayrılmaz hissəsi olmalıdır. Biz, Agentlik olaraq buna hazırıq. Əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək, bu sahədə bilik və vərdişləri artırmaq məqsədi ilə MHA nəzdində Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi yaradılıb, Mərkəzin smart-tipli təlim xidməti vasitəsilə istər əyani, istər distant təlimləri almaq olar. Rəy və sorğular əsasında əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron prezentasiyası, 250-dən artıq təlim çap məhsulu əldə etmək imkanı yaradılıb.”

            Seminar bir daha təsdiq etdi ki, ölkəmizdə “20-25 il əvvəl kölgədə olan Əqli mülkiyyət fenomeni hazırda nəzərəçarpan dərəcədə inkişaf edib”. Bu sahədə, həm də dünya səviyyəli alimlər, mütəxəssislər yetişib. Seminarın yüksək səviyyədə təşkili də uğurlu bir komandanın fəaliyyətinin nəticəsi idi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü