29 may 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Zeynəb Xanlarova ilə bir görüşün HƏYƏCANI...
Zeynəb Xanlarova ilə bir görüşün HƏYƏCANI... +
09.12.2016, 13:05

Səsinin telləri ilə ürəkləri riqqətə gətirən, xoşbəxtliyin və şöhrətin zirvəsində olan sənətkar

 

Zeynəb Xanlarova musiqimizdə hadisədir, mərhələdir və onun varlığıyla fəxr etməyə dəyər.”

Tahir Salahov,
SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, “Heydər Əliyev” ordenli

 

İnsanlara xoşbəxtliyin sevincini yaşatmaq, şöhrətin zirvəsində olmaq üçün gəlib dünyaya Zeynəb xanım. Xoşbəxtlik saçan ulduzların işığında. Təmənnasız, əbədiyaşar və əbədibahar bir səadət bəxş edib onu sevənlərə, musiqi aşiqlərinə. Bəli, bu onun alın, tale yazısıdır. Ecazkar səsinin qüdrətilə dinləyicinin qəlbini ovsunlamaq, nüfuz etmək, qəlbləri çırpındırmaq, ürəkləri riqqətə gətirmək bu əfsanəvi xanımın şərəfli missiyasıdır. Uşaqlığımın, gəncliyimin, bu günümün  əlçatmaz və əlçatan qüdrətli və dahi sənətkarı, böyük şəxsiyyəti. İlahinin bəşəriyyətə, xalqımıza və xalqın bir zərrəsi kimi mənə bəxş etdiyi nəhəng və əvəzsiz müğənnisi, ölməz, ustad sənətkarı. Nə şanslıyıq deyilmi?


Hələ uşaq ikən, radio dalğalarında, televiziya efirində böyük həvəslə, sevgi ilə dinləyərdim. Çox böyük estetik zövq alardım. Onun oxuduğu mahnıları sevə - sevə əzbərləyər, zümzümə edərdim, özü də Zeynəb xanımın vurduğu bütün xalları da öz yerində. Haqqında ilk dəfə anam Nəcimə Nəzərlidən eşitmişdim. Anamgillə Zeynəb xanım bir məhəllədə yaşayırdılar. Evlərinin arasındakı məsafə təxminən, 50 - 100 metr idi. Anamın söylədiyinə görə onların,  bir dəstə qızın – anamın, Zeynəb xanımın, Zərifə Eyvazovanın, Südabə Əliyevanın, Əminə Zeynalovanın uşaqlığı bir yerdə keçib, bir məktəbdə oxuyublar. O zaman Zeynəb xanımın böyük istedada və gözəl səsə malik olması onların diqqətini çəkmişdi. Həm də mehribanlığı, səmimiliyi, hazırcavablığı  ilə də seçilirdi. Bu dəstə qızların valideynləri də yaxınlıq edərdi...


Zeynəb Xanlarova Bakının məşhur Dağlı məhəlləsində  dünyaya göz açıb. Çox spesifik, ciddi adət - ənənələrə malik, sözə, sənətə, musiqiyə  dəyər verən  bir məhəllədə. Eləcə də  xalqımıza böyük sənətkarlar – dahi Cəfər Cabbarlı, ölməz şair Mikayıl Müşfiq, yazıçı – dramaturq Seyfəddin Dağlı, virtuoz sənətçilər Mehdi və Ələkbər Nəzərli qardaşları, rəssam Nəcəf Rasim Nəzərli, əməkdar rəssam Hacıağa Nəzərli, Akademik Məmməd Arif Dadaşzadə, xalq şairi Cabir Novruz, dünya şöhrətli cərrah, professor  Bəybala Abbasov və s. yetirən bir məhəllə. Zeynəb xanım bu ziyalılarla hər zaman fəxr edərdi. Şübhəsiz ki, bu yaradıcı insanların sənəti, şəxsiyyəti, cəmiyyətdəki mövqeyi Zeynəb xanımın yaradıcılığına, sənət aləminə gəlməsinə təsirsiz ötüşmürdü.


Zeynəb xanım uşaqlıqdan çox dərrakəli, mütaliəni sevən idi. Ayrı – ayrı xanəndə və müğənnilərin vallarına qulaq asmaqdan böyük zövq alardı. Atası Yəhya kişi musiqiyə, sözə, sənətə bağlı adam olub. Klassik ədəbiyyatımızdan xəbərdar idi. Füzuli, Vaqif, Sabir, Vahidin vurğunu idi və onların çox şerini əzbər bilirdi. Müşfiq şeriyyatının aşiqi idi. El adətlərini, muğam ustalarını uşaqlarına təbliğ edərdi. Bəlkə, elə Zeynəb xanımın sənətə vurğunluğuna elə bu səbəb olub. Zeynəb xanım televiziya və radioda yayımlanan konsert proqramlarında çıxış edən xanəndə və müğənnilərin ifa tərzinə, səsinə həmişə diqqət yetirərdi. Dini məclislərdə gözəl avazla oxunan mərsiyələr də Zeynəb xanımın diqqətindən kənarda qalmazdı...Bir sözlə, bütün bunlar, eləcə də anası Pəricahan xanımın oxuduğu laylalar Zeynəb xanımı musiqiyə köklədi, gələcək müğənnilik həyatına əbədi bir körpü saldı...



Zeynəb Xanlarova Yasamal rayonundakı, Cəfər Cabbarlı adına məşhur 161 saylı orta məktəbdə təhsil aldı, bilik və bacarığı, nümunəvi davranışı ilə fərqləndi. Məktəbin sevimli şagirdi oldu.


İllər keçdi...Bakıdakı Mərkəzi Pioner və məktəblilər sarayında bədii özfəaliyyət dərnəyinə üzv yazılan Zeynəbin “Cücələrim”i də ilk dəfə xorla oxuması həyatının unudulmaz xatirəsinə çevrildi.


Tale onu öncə Bakı Məktəbəqədər Pedaqoji məktəbinə gətirdi. Burada Zeynəb çalışqanlığı ilə seçildi. Məktəbin bədii özfəaliyyət kollektivinin fəal iştirakçısı oldu.


Günlərin birində Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçdı. Münsiflər heyətinin üzvləri olan mötəbər sənətkarlar – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənildi və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə aldı. Dövlət Filarmoniyasında baş tutan konsertdə o, 1-cilik qazandı. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi oldu. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs aldı. Muğamın dərinliklərinə baş vurdu, möhkəm biliklər əldə etdi. 1960-cı ildə Zeynəb Xanlarovanın ifasında “Çahargah” muğamı lentə yazıldı.


Elə həmin il, xalq artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin xeyir – duası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcılıq ömrünə qədəm qoydu. Bu gün fəxrlə demək olar ki, Əfrasiyab və Şəmsi Bədəlbəyli qardaşları, Seyid Şuşinski Zeynəb xanımın müğənnilik fəaliyyətində mayak rolunu oynayıb...Zeynəb Xanlarovanın ifasında “Leyli” və “Əsli”, “Şahsənəm” rolları opera tariximizin parlaq səhifələrini təşkil edir. Belə demək mümkünsə, mən Zeynəb Xanlarova “Leyli”sinin “Məcnun”uyam.


Ötən əsrin 70-ci illərindən başlayaraq, Zeynəb Xanlarovanın yaradıcılığı gözlərim qarşısında olub. Çünki, mən onun bəlkə də bir nömrəli fanatıyam. Radio və Televiziyada onun konsertlərini, ifalarını buraxmazdım. Həftəlik proqramda artıq öz qeydlərimi əvvəlcədən aparardım və o günü, o saatı səbirsizliklə gözləyərdim. Hər qastrol  səfərindən sonra  AzTV-də hazırlanan verilişlərə maraqla tamaşa edərdim. Onun mahnılarını  əzbər bilirdim. Onun səsi efirdə gedəndə mən də onunla bərabər oxuyar, Zeynəb xanımın ecazkar musiqili dünyasına səyahətə çıxar, bundan böyük, dərin zövq alardım. Və bu hal bu günə qədər mənimlə yol yoldaşıdır...


Bu ölməz sənətkarla canlı ünsiyyətdə olmaq, onu şəxsən tanımaq və ondan  müsahibə almaq mənim arzum idi.  İllərlə bu arzu ilə yaşadım. Lakin, heç bir zaman ümidimi üzmədim. Zeynəb Xanlarova mənimçin təkcə müğənni, sənətkar  deyil, həm də böyük şəxsiyyət, ictimai xadim, Azərbaycan qadınının ən bariz nümunəsi olub. Onda olan cəsarət, mərdlik, sədaqət, fədakarlıq,  sözü üzə demək kimi xüsusiyyətləri heç də hamıya müyəssər olmur.


Zaman keçirdi. Zeynəb Xanlarovanın şöhrəti respublikamızın bütün bölgələrini əhatə edirdi. Keçmiş SSRİ məkanı və xarici ölkələri gəzirdi. Bir sözlə, Zeynəb xanımın səsi, nəğmələri eldən – elə gəzir, milyonların qəlbinə nüfuz edirdi. O, sevilirdi. Fəxri adlar, orden və medallar, mükafatlar onun şöhrətini, ad – sanını daha da ucaldırdı. Təbii ki, mənim Zeynəb xanıma olan sevgim də bu ucalıqda yer alırdı.


1982-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd payızı” festivalında Zeynəb Xanlarovanın ifası böyük məhəbbət və coşqu ilə qarşılanması ilə yanaşı onun gözəl və mahir virtuozluğu, diqqətəsayan improvizə etmək bacarığı diqqət çəkdi, xoş xatirələrlə yaddaşlara köçdü...


İlk dəfə Zeynəb xanımı canlı olaraq tələbəsi olduğum Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda görmüşəm. 1983 yaxud 1984-cü ildə Azərbaycan Kommunist Partiyasının 1-ci katibi olmuş Kamran Bağırov SSRİ Ali Sovetinə deputatlığa namizəd idi və o, seçicilərlə görüşünü məhz, bu instituta salmışdı. Həmin tədbirin musiqili hissəsində ölməz Zeynəb Xanlarova institutun akt zalındakı səhnəsində öz ansamblı ilə canlı musiqilərlə çıxış etdi. Mən institutun fəallarından olduğum üçün o tədbirdə iştirak edirdim və Zeynəb xanımın ifasını heyranlıqla, sevgi və coşqu ilə dinləyirdim. Sonralar mən həmin səhnədə  çıxışlar edərkən Zeynəb xanımın o hərarətini hiss edir, ondan məmnunluq duyurdum.


1986-cı ildə Çernoblda baş vermiş faciədə zərərçəkənlər üçün Zeynəb xanımın Respublika sarayında verdiyi konsertdə iştirak etdim, bu ölməz sənətkarın musiqili dünyasının sehrinə daldım...


Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində respublikada yaranmış ictimai – siyasi böhranda Zeynəb Xanlarova daim fəallıq göstərərək,  mövqe nümayiş etdirirdi. O, nəinki təkcə bir müğənni kimi, həm də Ali Sovetin deputatı kimi, ictimai xadim kimi proseslərdən kənarda qalmırdı. Istər meydanda tribunadan, istər televiziyadan, istərsə də Ali Sovetin sessiyasında öz kəskin, qəti fikrini bildirməkdən çəkinməzdi. O zaman tanınmış bəstəkar Rauf Məmmədovla iş birliyi nəticəsində hadisələrin fövqündə “Qarabağ”, “Qalmaz belə, qalmaz dünya”, “Yaşa mənim xalqım” və s. mahnılar yarandı, xalqın yarasına sanki bir məlhəm oldu.


1990-cı il 20 yanvar faciəsində Zeynəb xanımın SSRİ hökümətinə meydan tribunasından etiraz etməsi və ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deməsi onun cəsarəti, mərdliyi, qəhrəmanlığı deyilmi? Bu o zaman idi ki, Zeynəb Xanlarovaya “Sosialist Əməyi Qəhrəmanı” fəxri adının verilməsi məsələsi gündəmdə idi. Lakin,  xalqın azadlığı, müstəqilliyi, torpaq bütövlüyü onun üçün ən başlıca,prioritet məsələ idi.

Yanvarın 20-də baş vermiş faciə ilə əlaqədar Zeynəb xanımın ifa etdiyi “Şəhidlər” ağısı onun bir ana kimi daxili fəryadı idi.


Yanvarın 22-də keçirilən Ali Sovetin sessiyasında onun iştirakı, ölkə rəhbərliyini pisləyən sənədə imza atması bir fədakarlıq idi. Onun daha bir fədakarlığı da odur ki, fövqəladə vəziyyət şəraitində qadağalara məhəl qoymayaraq, Ali Sovetin binasına öz şəxsi videokamerasını gətirməsi və sessiyanın videolentə alınaraq bu günlərə gəlib çıxması Zeynəb xanımın ən böyük qəhrəmanlıq hərəkətidir.


Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq 1 il oxumaması da onun mərd Azərbaycanlı anası olmasından xəbər verirdi...


1991-ci ildə Zeynəb xanım o zamankı Respublika sarayında 10 günlük konsert verirdi. Hətta, bu konsert tamaşaçıların istəyi ilə 1 gün də artırıldı. Mən yarım gün kassada növbəyə durduqdan sonra ailəm və yaxınlarım üçün bilet əldə etdim. Özümçün isə 3 bilet aldım. (Konsertin açılışı, orta  və bağlanış günlərinə) Hər birində iştirak etdim. Zeynəb xanım hətta, konsertdə nəzərdə tutulan 3 saatdan artıq da ifa edirdi. Baxmayaraq ki, o zaman Bakıda komendant saatı tətbiq olunmuşdu. İlahi, Zeynəb xanım o konsertdə böyük ustalıq, əsl sənət nümayiş etdirdi. O zaman hansı hisslər keçirdiyimi yəqin ki, qələmlə yazmaq mümkün deyil. Bu arada Zeynəb xanımın Yəməndə açıq havada 50º istidə verdiyi konserti yada salmamaq mümkün deyil. Cəsarətlə demək olar ki, heç bir dünya müğənnisi belə bir şəraitdə fonoqramla belə oxumazdı. Amma bizim fədakar Zeynəb xanım ilklərə imza ataraq bunu etdi. Elə Əfqanıstanda tankların, silahlıların müşayiətilə verdiyi konsert də  Zeynəb xanımın mərd, mübariz və qorxmaz olduğunu bir daha göstərdi. O, Əfqanıstanın o zamankı rəhbəri olan Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görüldü. Keçmiş SSRİ televiziyası bu haqda bir süjet də nümayiş etdirmişdi. Təkcə, bu idimi Zeynəb xanımın fədakarlığı, təbii ki, yox...


1986-1992-ci illərdə Azərbaycan Rabitə Nazirliyinin Rabitə evində çalışırdım. O zamanlar Zeynəb xanım Ü.Hacıbəyov küçəsində “Aynur” məişət evinin yerləşdiyi binada yaşayırdı. Onun evi ilə Rabitə evi arasında məsafə təxminən 300-500m idi. Zeynəb xanıma heyranlığım o qədər böyük idi ki, hər fasilə vaxtı Zeynəb xanımı görmək ümidi ilə onun yaşadığı həyətə gedərdim. Balkona baxardım, maşınını izləyərdim, təki Zeynəb xanımı görüm. Təbii ki, hərdən onu uzaqdan görmək mənə nəsib olurdu. Iş otağımda radio cihazı vardı. Zeynəb xanımın ifalarını mütəmadi dinləyərdim. Bu mənim böyük sənətkara olan sevgimin əlaməti idi...

Yaxşı xatırlayıram. Hələ Sovetlər dönəmi idi. 80-ci illərin sonunda Respublika sarayında partiya və dövlət xadimlərinin iştirak etdiyi tədbirdə Zeynəb Xanlarova Rauf Məmmədovun bəstələdiyi Allahdan istəyi özündə ehtiva edən “Allah” mahnısını ifa etməsi böyük bir rezonans yaratdı. Bəli, bunu etmək üçün gərək sözün əsl mənasında Zeynəb Xanlarova şəxsiyyəti, cəsarəti olmalı idi. O, Alaha sevgisi olan, dininə etiqad edən bir Azərbaycanlı qadını idi və böyük məmnunluqla müqəddəs Kəbə evini ziyarət edib.


1992-ci ildən etibarən, Azərbaycan Televiziyasının ədəbi – dram baş redaksiyasında çalışmağa başladım. Ssenarist, aparıcı kimi arzum Zeynəb xanımla görüşmək, ondan müsahibə almaq  idi. Belə bir xoşbəxtlik nəhayət ki, mənə nəsib oldu. Bir gün Süleyman Rüstəm və Ələkbər Ziyatay haqqında verilişin ssenarisini ustadım, baş redaktor, əməkdar jurnalist Mailə Muradxanlıya təqdim etdim. Ssenaridə Zeynəb xanımın nəinki mahnıları, həmçinin, çıxışları da yer almışdı. Mailə xanım ssenariyə “hə” deyəndən sonra rejissor Məhərrəm Bədirzadəyə tapşırıqlar  verdi və çəkilişə yollandıq. O qədər həyəcanlı idim ki. Təsəvvürə gətirin, yenicə televiziyada işə başlayasan və müsahibin dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarova olsun. Yol boyu Zeynəb xanımla müsahibədən sonra bölüşəcəyim xoş sözlər haqqında fikirləşirdim. S.Rüstəm və Ə.Ziyatayın Zeynəb xanıma həsr etdiyi şeirləri də əzbərləmişdim... Nəhayət, mənzil başına yetişdik. Ilk dəfə canlı əfsanəni yaxından gördüm. O, bizimlə nəzakətlə, mehribancasına  görüşdü. Inanın, mən sevincdən quş kimi uçurdum. Müsahibələri aldım, sonra şeirləri onunçün oxudum, xeyli maraqlı, səmimi, açıq söhbət etdik. Çəkiliş və mini qonaqlıq bitdi. Sağollaşmaq vaxtı çatdı. Mehribanlıqla bizimlə sağollaşırdı. O, qapıdan bizi yola salırdı. Biz də pilləkəndə idik. Birdən özümdən asılı olamayaraq üzümü Zeynəb xanıma tutub, repertuarından mahnı oxumağa başladım:

 

“Bilməm nədən belə doğmasan mənə,
Bir belə qohumun, yadın içində”.

 

Zeynəb xanım bu dəmdə mənə öz  ifası ilə qarşılıq verdi:


“Tək sənin adını yazmısan gülüm
Qəlbimə min gözəl adın içində”.

 

Beləliklə, bizim bu ani “duetimiz” sona çatdı. Zeynəb xanım üzünü Məhərrəm Bədirzadəyə tutub dedi: “Ay Məhərrəm, bunu hardan tapıb gətirdiz. Nə yaxşı oğlandır. Mahnılarımı əzbər bilir. Mən onu çox bəyəndim...” O gündən başlanan bu tanışlıq, istilik, münasibət, ünsiyyət bu günə qədər davam etməyə başladı.


Zeynəb xanımın iştirakı, təbii ki, müsahibələri ilə mənim AzTV-də S.Rüstəm “Qəlbində yaran varsa da”, Ə.Ziyatay “Bir ürək çırpınsa şeirlərimdə”, M.Müşfiq “Arzuya bax, sevgilim”, H.Cavid “Mənim tanrım gözəllikdir”, C.Cabbarlı “Cəfər təbiətin möcüzəsidir”, Ə.Cavad “Çırpınırdın, Qara dəniz”, M.Seyidzadə “Yazdım gözəllər eşqinə”, H.Nəzərli “Rənglərin sehri”, “Ana laylası” musiqili kompozisiya və s. verilişlərim işıq üzü gördü. Hazırda onlar AzTV-nin fondunda saxlanılır. Zeynəb xanım Yəməndə verdiyi konsertin AzTV-də versiyasının müəllifi də məhz mən olmuşam. Yeri gəlmişkən o, Yəməndə Qızıl medala da layiq görülüb.



Zeynəb xanımla ünsiyyət mənimçin çox xoş idi. Demək olar ki, mütəmadi olaraq telefon danışıqlarım olardı. Mən onunla nəinki çəkilişlə bağlı Bakıda görüşürdüm, həm də müxtəlif çəkiliş və tədbirlərlə bağlı Xızıda da olardıq. Insan kimi çox böyük dəyərlərə, xasiyyətlərə malikdir Zeynəb xanım. Çox kövrək, diqqətcil, ürəyiyanandır. Yaxşı xatırlayıram, atam dünyasını dəyişəndə, nəhəng Zeynəb xanım Mailə Muradxanlı ilə birlikdə evimizə gəldi, hər bir ailə üzvü ilə mehribancasına görüşdü və öz üzüntülərini, baş sağlıqlarını çatdırdı. Təbii ki, onun bu hərəkəti bizim ailəmiz tərəfindən yüksək dəyərləndirildi. Mən isə ömrüm boyu bunu unutmuram. O, çox ürəyi açıqdır. Onunla ünsiyyət zamanı hər zaman sadəliyini saxlayır, jurnalisti həyəcan keçirməyə qoymurdu. Sanki qarşısında olan onun illərinin dostudur. Çox təvazökardır. Xatırlayıram, Mikayıl Müşfiqlə bağlı ondan müsahibə götürürdüm. Müsahibənin sonunda bir yerdə Zeynəb xanım aşağıdakı ifadələri söylədi: “...Hamımız dünyadan gedəcəyik. Amma Müşfiq yaşayacaq, öz ölməz sənəti, şeirləri ilə. Bəlkə, mən də az da olsa Müşfiq şerlərinə yazılmış mahnılarda yaşayaram...” İstəyirəm, hörmətli oxucularım bu fikirlərə diqqət yetirsin. Bəli, Müşfiq Azərbaycanın böyük şairidir. Buna söz yox. Amma,  ədalət xatirinə demək lazımdır ki, Zeynəb xanım da öz sənətində Müşfiq zirvəsində olan bir sənətkardır. Lakin, Zeynəb xanım Müşfiq ruhuna, sənətinə böyük ehtiramını bildirərək, təvazökarlıq və sadəlik göstərərək, məhz bu sözləri söyləmişdir. Bu da Zeynəb xanımın böyük qəlbə sahib insan olmasından xəbər verir. Bəli, tam məsuliyyətlə söyləyə bilərəm ki, Zeynəb Xanlarova dahi müğənni, nəhəng sənətkar, böyük şəxsiyyət, əvəzedilməz insandır. Tale elə gətirdi ki, mən Zeynəb xanımla, onun ailə üzvləri ilə isti münasibətdə oldum. Bir neçə dəfə Zeynəb xanımla öz evində görüşmək mənə nəsib oldu. Övladlarının toyunda seçilmiş qonaqlar sırasında olmaq şərəfinə nail oldum. Bəzi məsələlərin həllində Zeynəb xanımın əməli dəstəyini hiss etdim. Təkcə mənmi?...


Zeynəb Xanlarova gözəl anadır, nənədir. Övladlarına, ailəsinə bağlı xanımdır. Çevrəsində olanlara imkanı qədər köməklik göstərir.


30 ildir,  Parlamentin deputatı kimi şərəfli bir vəzifəni daşıyır. Parlamentdə də o öz mövqeyini çəkinmədən bildirir, xalqımızın, dövlətçiliyimizin taleyüklü məsələlərinin həllində fəallıq nümayiş etdirir.


Tez-tez xarici səfərlərdə, qastrollarda olur, Azərbaycan musiqisini özünəməxsus tərzdə böyük ustalıqla tərənnüm və təbliğ edir. Dünya tamaşaçılarının, dinləyicilərinin qəlbini öz ecazkar səsi ilə, gözəl mahnıları ilə ovsunlayır, onların mənəvi aləminə dərin estetik təsir göstərir. Estetik mədəniyyətimizin bir nömrəli daşıyıcısı kimi musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirir.


Bəli, Zeynəb xanım yaradıcılığı musiqi mədəniyyəti tarixində əvəzolunmaz mərhələdir. O, səhnəyə musiqili hərəkət, dinamika  gətirdi. O, insanların qəlbinə yol tapa bildi, onları özünün musiqili sehri dünyasına cəzb edə bildi. Qəlb çırpındıran, könül sızıldadan mahnıları ilə insan qəlbinin rubab  tellərini oynatmağı  bacardı. Sağlığında özünə əbədi heykəl ucalda bildi. Ümumxalq sevgisi, məhəbbəti qazana bildi. Azərbaycanı dünyaya təkrar tanıda bildi. Azərbaycanda 2-ci bir sənətkar yoxdur ki,  mahnıları ilə Yer kürəsini 2-3 dəfə dövr edə bilsin. Amma,  Zeynəb xanım bunu bacardı.


Keçmiş SSRİ ölkələrindən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.


Bakının məşhur Dağlı məhəlləsindən, balaca otaqdan başlanan yaradıcılıq yolu dünyaya parlaq bir pəncərə oldu, parla            q işıq saçdı.  Bax, əsl sənət budur, əsl sənətkar olmaq budur!


Zeynəb xanım ümumxalq məhəbbəti qazanmaqla bərabər, daim Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olundu. Dövlətə, dövlətçiliyə, iqtidara daim sədaqət nümayiş etdirən Zeynəb xanım belə bir isti, doğma münasibəti bu gün dövlət başçımız, əsl sənət xiridarı, sənətə, sənətkara daim dəyər verən Respublika Prezidenti İlham Əliyev cənablarından da görür.


Zeynəb Xanlarova şanslı, xoşbəxt sənətkardır. O, həyatda bütün mükafatlara, eləcə də Melodiya firması tərəfindən “Qızıl Val” mükafatına layiq görülüb. Saymaqla qurtaran deyil. Lakin,  Zeynəb Xanlarova adı gələndə hökmən,  bu təqdimatı eşidir və qürur hissi keçirirsən: “SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli sənətkar”. Qürurvericidir, deyilmi?


Mən də öz növbəmdə şanslı jurnalistəm, desəm yanılmaram. Çünki, belə bir dünya şöhrətli sənətkarla, nəhəng şəxsiyyətlə yaxından tanışam. Onun mənə doğma münasibətini görmək, ana nəvazişini hiss etmək nəsib olub.


Zeynəb Xanlarova özünün sənət məktəbi olan bir sənətkardır. Çünki, neçə - neçə müğənni Zeynəb xanımı dinləyib sənətə gəlib. Onun kimi oxumağa çalışıblar. Indiki müğənnilərin repertuarını Zeynəb xanımın ifa etdiyi mahnılar bəzəyir.


Cəsarətlə deyə bilərəm ki, Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyətinə Günəş kimi doğmuşdur.


Mən, Zeynəb Xanlarovanı Azərbaycan musiqi ifaçılığı sənəti məbədgahının mehrabı adlandırıram. Mömin insanlar məsciddə namaz qılanda üzlərini məsciddəki mehraba tuturlar. Məhz sənətə gələn gənc müğənnilər də üzünü Zeynəb Xanlarova sənətinə, şəxsiyyətinə tuturlar. Zeynəb Xanlarova sağlığında əfsanəyə dönən dahi sənətkardır. O, Azərbaycan musiqi mədəniyyətimizin canlı klassikidir, matriarxıdır. Qoy səsiniz hər zaman eşidilsin, canlı ifalarınızla xalqımızı daim sevindirəsiniz. Məşhur mahnıdakı bu misraları Sizə şamil edir, hələlik yazıya nöqtə qoyuram:

Oxu Zeynəb, oxu Zeynəb
Qoy səsin,
Ürəklərdə, kaman kimi
Titrəsin.

 

Hörmətlə, sənətinə, şəxsiyyətinə böyük dəyər verən, sənətiniz qarşısında baş əyən Sizin

 

Qafar Əsgərzadə,
Əməkdar jurnalist, pedaqogika üzrə
fəlsəfə doktoru, “Tərəqqi” medalçısı

 

Hörmətli oxucularıma əməkdar artist Ədilə Əflaki – Nəzərlinin şeirini təqdim edirəm.

 

“Mənim Zeynəbim”

 

Torpağa bağlıdır nəfəsi canı,

Dünyaya tanıtdı Azərbaycanı.

Əvəzsiz “Çahargah” “Şəbu-hicranın”,

Möhrünü vurubdur, mənim Zeynəbim.

 

Əlçatmaz zirvəsən musiqimizə,

Böyük məktəb oldun hər birimizə.

Millət vəkili tək “Məclisimizə”,

Doğru yol göstərən, mənim Zeynəbim.

 

Səsi gur şəlalə, sözləri almaz,

“Ana” varlığına laqeyid qalmaz.

Xalqına xidməti, bu da danılmaz,

Zinəti özündən, mənim Zeynəbim.

 

Ürəyi genişdir, çoxdur həvəsi.

“Qızıl Fond”u bəzər, Onun “Leyli”si.

Bilsin bütün aləm, qoy Yer kürəsi,

Əsrin möcüzəsi, mənim Zeynəbim.

Bu gün ad günündür, tamamdır yaşın,

Təbrikə gəlibdir dostun – sirdaşın.

Ucadan ucasan, ucalsın başın,

Vətənin mərd qızı, mənim Zeynəbim.

 

Oxu dodağından şərbət süzülsün,

Qarşında nəvələr sənin düzülsün.

“Yüz” yaşa çatasan, qoy üzün gülsün,

“Yüzü” də gözəldir, mənim Zeynəbim.

Sözü də gözəldir mənim Zeynəbim.

Əsrin möcüzəsi mənim Zeynəbim.

 

Aforizmlər

“Sənə ulduz azdır”, “günəş” deyərdim.

Səhnə ümmanında atəş deyərdim.

 

“Səsindən ilham alıb, əsgər döyüşə gedər,

Nişan üzüyün taxıb, qızlar görüşə gedər”.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

ARXİV