Modern.az

Qəbirlərinizi qoyub getməyin...

Qəbirlərinizi qoyub getməyin...

Ədəbi̇yyat

16 Dekabr 2016, 09:16

Nicat Nəsirli

Hava yenə tutqun idi, çiskin sifətini döyəcləyirdi. Qoca ağır-ağır başını səmaya qaldırdı. Göy üzündəki topa,  qapqara buludlar harasa baş alıb gedirdi. Elə bil onlarda tələsirdi, bomboz rəngin hakim kəsildiyi bu çöldən can qurtarmaq istəyirdi. Vıyıltı ilə cölü yalayıb gedən külək buludları tələsdirirdi..

Çöldən can qurtaran  təkcə təbiət ünsürləri deyildi, insanlarda köçməyə başlamışdılar. Bir neçə gün idi ki, çadır düşərgəsində köçhaköç idi. Deyilənə görə,  hardasa bu insanlara daşdan evlər tikib onları çadırlardan köçürürdüər. Onsuz da çadır şəhərciyində çox adam qalmamışdı, insanların bura gəldiyi gündən on iki il keçirdi. Kimisi ölmüş, kimisi canından bezib çoxdan köçüb getmişdi... Tərk edilmiş çadır evlər tənha qalmışdı, külək,yağış yavaş-yavaş onları uçurur, çöl fırtınası zamanı qum selinin altında qalırdı. Amma bu çadırlardan xatirləri heç nə silə bilmirdi.. bu çadırlar illərlə insanların torpaq nisgilinə, gizli göz yaşlarına, istirablarına şahidlik etmişdi. Kənardan yazıq görünürdü o çadırlar... Köçənlər hökmən çadırlarında nəsə qoyub gedirdilər.. saralmış fotolar, divardan aslılı qalmış uşaq oyuncaqları , yeni qurulmuş gənc ailələrin qırmızı toy lentləri, dünyasını dəyişənlərin köhnəlmiş pal-paltarları...bu əşyaları çadırlarda qəsdən qoyub gedirdi insanlar...amma gedənlərin çoxu sonradan geriyə, öz çadırına qayıdırdılar. Deyirdilər ki, doğma yurd-yuvalarının son nişanəsi olan bu çadır şəhərciyi onları geriyə- Qarabağa qaytaracaq yeganə ümid idi...insanların geriyə qayıtmaq ümidi öləzidikcə? çadır şəhərciyi balacalaşırdı, əvəzində yaxınlıqdakı çöl qəbiristanlığı böyüyürdü. Ölənlərin vəsiyyəti eyni olurdu “ bala, başına dönüm, məni elə basdır ki, birdən, işdi-şayət, torpaq alınsa çıxarıb kəndə apara biləsən”..ona görə qəbirləri dayaz qazırdılar, başdaşı, sinədaşı qoymurdular. Hər kəs qəbirlərin yerini fəhmlə yadında saxlayırdı. İllər keçir, təbiət hadisələrinin təsiri ilə qəbrlər çökür, dağılırdı. O cəsədlərlə birgə ümidlərdə torpağa qarışırdı..

Qoca ayaqlarını sürüyə-sürüyə qəbiristanlığa gedirdi. Külək addımlarına mane olur, əynindəki nimdaş sırıqlını qapıb almağa çalışırdı. İllər idiki şəhərciklə qəbiristanlıq arasında yolu addım-addım ölçürdü. İlk dəfə bura atını basdırmağa gəlmişdi. Camaatın qınağına məhəl qoymamışdı, sevimli atının cəsədini çölə tullamamışdı ki, birdən canavarlar parçalayar. Gətirib qəbiristanlıqda basdırmışdı...

Bir neçə ildən sonra atını basdırdığı yeri unutdu. Soyuq bir qış günündə arvadı öldü, onu da gətirib bu çöldə basdırdı. Arvad zarıya -zarıya canını tapşıranda “... balam gəlməmiş məni qəbrə qoyma... “ demişdisə də bunu bacarmamışdı. Qonşular dedilər ki, meyiti çadırda çox saxlamaq olmaz. Birdəki, oğlu heç vaxt gəlməyəcəkdi. Sorağını almışdı. Atəşkəsdən sonra cəbhədən qayıdanlardan bir neçə nəfəri oğlunun döyüşlərdə həlak olduğunu demişdi. Meyitini görənlər var idi, amma basdıra bilməmişdilər. Qoca bu xəbəri arvadından gizlətmişdi, ona dəfələrlə yalan danışmışdı. Demişdi ki, Allahdan ümid kəsilməz, oğlumuz  hökmən gəlib çıxacaq. Hətta, arvaddan gizli qəbiristanlıqda oğluna qəbir qazmışdı, çöl küləklərinin dartıb gətirdiyi ağac kötüyünü qəbrə uzadıb üstünü torpaqlamışdı. Oğlunun “qəbrini” düzəltmişdi. Özünü inandırmışdı ki, oğlu düşmən əlində olan kənddə yox,burada-çadır şəhərciyində ölmüşdü. Qəbri də budur.. Hər gün arvadından gizli qəbiristanlığa gəlib qəbri qucaqlayır, göz yaşı axıdıb çadırına qayıdırdı. Dəli olmamışdı, amma ataydı, övlad həsrətini başqa cür ovuda bilmirdi. Bəzən ağlamaqdan gözləri qızaranda arvadına yalandan deyirdi ki, külək vurub...

Arvadını oğlunun “qəbri” ilə yanaşı basdırmışdı. “Daha nə dərdin var axı...oğluna qovuşdun..qəbrləriniz yan- yana düşdü..Bəs, məni harda basdıracaqlar?! Axı, çadır şəhərciyini köçürürlər, məni harasa uzaqlara aparmaq istəyirlər..birdən...birdən apardıqları o yad yerdə ölsəm, məni kim gətirib burada basdıracaq?! Yox,yox...mən gedə bilmərəm..mütləq qalmalıyam..”

Bugünki gəlişi o birilərinə bənzəmirdi. Hardasa tanımadığı bir yerdəki qəsəbədə ona daşdan tikilmiş ev vermişdilər. Bir azdan yük maşını gəlib onu əşyaları ilə birgə aparacaqdı. Getmək istəmirdi, bilirdi ki, getsə bu qəbiristanlığa bir daha qayıda bilməyəcək...O  burda ölmək, “oğlunun”, arvadının yanında torpağa gömülmək istəyirdi. Axı, gedəcəyi yerdə onu heç kim tanımırdı... Onun ailəsi burda idi... Geriyə dönüb uzaqda görünən çadır şəhərciyinə baxdı. Sakinlər çadırlarını sökür, əşyalarını bir kənara yığırdılar.  “ Ey, ey insanlar! Getməyin! Qəbirlərinizi qoyub getməyin ey insanlar! Getsəniz, onlar bu çöldə itib-batacaqlar!..”.  Bağırmaq, vay-şivən qoparmaq istədi...amma xirtdəyinə yapışmış bir ağrı imkan vermədi. Qoca iki qəbrin ortasına çöküb xırıldadı”..məni bağışla Gülzar, sənə yalan demişdim.. oğlumuz çoxdan ölüb.. lap çoxdan.. səndən əvvəl..” –deyib bağırmağa başladı. Qocanın bağırtıları çöldə əks-səda verirdi.. vıyıltı ilə harasa tələsən külək onun hönkürtü səslərini alıb çölün dərinlilklərinə qaçırdı...

Qəti qərarı idi. O bu çadır şəhərciyindən köçməyəcəkdi. Onu heç bir qüvvə bu balaca çadırındakı xatirələrindən, kədərindən, niskilindən ayıra bilməzdi! Ona yeni vətən lazım deyildi, on iki  il yaşadığı bu çadır ona doğma kəndinə qayıdacağına son ümid yeri olmuşdu...

Tələsmədən dəstəmazını aldı, çadırda yerə salınmış köhnə döşəyini üzü qibləyə sarı çevirdi. İnsan ölümünü hiss edir... uşaqlıqdan yadında qalmışdı, atası deyirdi ki, onlar nəsillikcə sakitcə canları tapşırırlar. Dəstəməz alıb üzü qibləyə sarı salınmış döşəyə uzanır, gözlərini yumur və...onun atası da, babasıda beləcə ölmüşdü..deməli, onunda ölümü belə olmalıydı...Atasının canını tapşırdığı an dediyi sözlərini xatırladı “ ...biz Allahın sevimli bəndələriyik, O bizə asan ölüm verir, ölümümüz çətin olmur...” demişdi... Ölüm onu bu çölə bağlayacaq yeganə çıxış yolu olacaqdı...

“Ya Allah!” deyib gözləri yumdu..

Maşın karvanı şəhərciyə yaxınlaşırdı, ailələr ağır-ağır çadırlarını söküb yığışırdılar...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü