Modern.az

Həbsxanada TOY - Dəmir barmaqlıqlar arasında evlənmək istəyən məhkumlar kimlərdir ...

Həbsxanada TOY - Dəmir barmaqlıqlar arasında evlənmək istəyən məhkumlar kimlərdir ...

17 Yanvar 2017, 13:37

Azərbaycandakı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında rəsmi nikaha girənlər barədə mütəmadi olaraq xəbərlər verilir. Hətta onlar arasında ömürlük azadlıqdan məhrum edilmişlər, yaxud tərəflərin hər ikisi məhkum olanlar da var.

Qeyd edək ki, ölkəmizdə ömürlük azadlıqdan məhrum edilmiş şəxsin nikahı ilk dəfə 30 oktyabr 2013-cü ildə qeydə alınıb. Bu, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevdir. Gənc məhkum şair öz oxucusu Lüdmila Alenikova ilə ailə həyatı qurub.

Bundan başqa 26 sentyabr 2014-cü ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində  saxlanılan Masallı rayon sakini Rüfət Kamal oğlu Məmmədovla 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Astara rayon sakini Fərzanə Allahverdi qızı Ağayevanın müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb.
Yenə də Azərbaycanda ilk dəfə iki məhkum rəsmi nikaha daxil olub.


Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, hazırda həbsxanalarda məhkum olan şəxslərin nikaha daxil olması ilə bağlı hər hansı problem yoxdur:


“Çünki bu məsələ ən yüksək səviyyədə təşkil olunub. Müraciət olduğu halda Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi tərəfindən lazımi dəstək verilir. Məhkum həbsxana şəraitində nikaha daxil olur. Ədliyyə Nazirliyinin müvafiq qurumundan gələn səlahiyyətli şəxs nikahı qeydə alır. Nikaha daxil olmaqla bağlı həmin şəxsin uzunmüddətli görüşünə şərait yaradılır. Həbsxanada ailə qurulması həm də ətraf mühitlə əlaqələrin gücləndirilməsidir. Bu məhkumun psixi vəziyyətinə, davranışlarına da müsbət yöndə təsir edir. Ona görə də həbsxana, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bu məsələdə maraqlıdırlar.

Dəfələrlə Cəzaçəkmə müəssisələrində nikahların bağlanmasının şahidi olmuşuq. Hətta ömürlük azadlıqdan məhrum edilən şəxslərin də nikaha daxil olmasına icazə verilir. Bildiyiniz kimi həmin şəxslər Qobustan həbsxanasında saxlanılırlar”.

Ə.Nuriyev bildirib ki, müraciətlər daha çox kişi məhkumlar tərəfindən edilir:

“Bildiyiniz kimi nikah qarşılıqlı razılıq əsasında bağlanır. Məhkum müraciəti əsasında nikah orqanlarına müraciət olunur və onlar ailə qururlar. Hətta sakinləri qadınlardan ibarət olan 4 saylı Cəza Çəkmə Müəssisəsində də nikaha daxil olanlar olub. Amma ümumilikdə müraciətlər əsasən kişi məhkumlar tərəfindən edilir”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi