Modern.az

Ərləri tərəfindən aborta məcbur olunanlar dövlət qurumuna şikayət edib

Ərləri tərəfindən aborta məcbur olunanlar dövlət qurumuna şikayət edib

Hadisə

28 Yanvar 2017, 12:41

 

Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə görə, 2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb. Göstərici əhalinin hər 1000 nəfərinə görə 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. İllərdir davam edən tendensiya-oğlanların sayının durmadan artması qarşısıalınmaz hal almağa başlayıb.

Ailə, Qadın, UşaqPproblemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Modern.az-a yeni doğulanların cins nisbətində yaranan fərqin səbəblərini açıqlayıb.

 

“Asiya ölkələrində 170 milyon qadın çatışmır”

 

Şöbə müdiri qeyd edib ki, normada hər 106 oğlana 100 qız uşağı doğulmalıdır:

 

“Amma son illər bu norma pozulub. 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 47,4 faizini qızlar təşkil edib.

 

Əhalinin cins tərkibinə görə, 2015-ci ildə 50, 2 faiz qadınlar, 49, 8 faiz kişilər olub. 1993-cü ilə müqayisə etsək görərik ki, həmin vaxt əhalinin 51,1 faizini qadınlar 48,9 faizini kişilər təşkil edib.

Qadınların sayında həqiqətən də azalma var. Bu, bütün dünyada gedən tendensiyadır. Hətta əhali sakinliyi üzrə BMT Fondunun məlumatlarına görə, Cənubi, Cənubi-Şərqi və Mərkəzi Asiya ölkələrində ən azı 170 milyon qadın çatışmır. Bu da sırf dölün cinsinə görə hamiləliyin süni şəkildə sonlandırılması ilə əlaqələndirilir”.

 

 

“Qızları selektiv abortlarla məhv edirlər”

 

Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda da vəziyyət təxminən eynidir:

“Selektiv abortlar, dölün cinsi mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı hamiləliyin pozulmasına tez-tez rast gəlinir. Ümumiyyətlə, demoqrafların verdiyi məlumata görə, doğulan uşaqlar arasındakı cins nisbəti hər 100 qıza 106 oğlan uşağı nəzərdə tutulur. Bu gün Azərbaycanda bu nisbət böyükdür. Belə ki, ölkəmizdə hər 100 qıza 114 oğlan düşür. Təbii ki, bunun da əsas səbəbi selektiv abortlardır. Qadınlarımızın selektiv abortlara müraciət etməsinin də öz səbəbləri var. Bu həm qanunvericilik, həm də əhali arasındakı yanaşmalar, ictimai-siyasi məsələlərlə bağlıdır”.

 

“Qadınlar abortlara ərləri tərəfindən məcbur edilir”

 

T.İbrahimova selektiv abortlara məcbur edilən qadınların dəfələrlə Komitəyə müraciət etdiyini vurğulayıb:

“Oğlanlara üstünlük verilməsi artıq illərdir ki, Azərbaycanda aktualdır. Bir neçə qadın tərəfindən Komitəyə müraciətlər daxil olub. Araşdırmalar nəticəsində məlum olur ki, hamiləliyini pozan qadınlar çox vaxt yaxınları, əsas da ərləri tərəfindən buna məcbur edilir. Bəzi ailələrdə oğlan uşağının dünyaya gəlməsi qanun kimi qəbul edilir. Hazırda bu məsələ ilə bağlı qanunvericilikdə boşluqlar var. Ona görə də təkmilləşmə və dəqiqləşmələr aparılmalıdır. Milli Məclisdə də ailə planlaşdırılması, sağlamlıqla bağlı qanun layihəsi var. Təəssüf ki, həmin qanun hələ ki, müzakirəyə çıxarılmayıb. Həmin qanunda dölün cinsinə görə müəyyən olunması qadağan edilir. Qadağaya görə məsuliyyət ilk növbədə tibb işçilərinin üzərinə düşür. Çünki hamiləliyi pozan şəxslər məhz tibb işçiləridir. Bu baxımdan həmin məsələləri tənzimləyən qanunvericilik normaların tətbiq edilməsi vacibdir.

 

Hazırda mövcud olan qanunvericilik müddəalarına görə, qadın dölün 12-ci həftəsinə qədər könüllü olaraq hamiləliyini pozmaq qərarı verə bilər. 22 həftəliyinə qədər sırf sosial səbəblərdən, daha yuxarı dövrlərdə isə tibbi göstəricilər olduqda (qadının yaxud uşağın həyatına təhlükə yarandıqda) hamiləliyin süni pozulmasına icazə verilir”.

 

Dünyanın 22 ölkəsində abort qadağandır

 

Dünya ölkələrindəki vəziyyətə gəldikdə, şöbə müdiri bu sahədə müxtəlif qruplaşmaların olduğunu diqqətə çatdırıb:

 

“Elə ölkələr var ki, orada abortlar ümumiyyətlə qadağan edilir. Bəzilərində isə hamiləliyin süni pozulmasına tibbi göstərişlər olduqda icazə verilir. Dünyanın 15 ölkəsində bu müddəa qüvvədədir. Dünyanın 27 ölkəsində hamiləliyin pozulması qətl hesab edilir və məsələyə görə cəzalandırma nəzərdə tutulur. MDB, Baltikyanı ölkələrdə, keçmiş Yuqoslayiva Respublikasında qadının istəyindən asılı olaraq hamiləliyin ilkin dövründə pozulmasına icazə verilir.

Oğlan uşaqlarına üstünlük verilməsi, xüsusilə bir çox qadın hüquqlarını məhdudlaşdırıldığı Asiya ölkələrində aktualdır. Ümumiyyətlə, onların milli dəyərləri, mədəniyyətləri buna yol verir. Bu baxımdan da orada qızlara qarşı diskriminasiya halları daha çoxdur”.

 

Oğlanlar artmaqda davam edərsə...

 

T.İbrahimova bildirib ki, statsitik göstəricilərdə oğlanlar qızlardan üstün olmağa davam etdiyi müddətdə Azərbaycan üçün böyük fəsadlar yarana bilər:

 “İnsan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələyə mənfi münasibət bildirir. Bunu həm demoqrafik problem kimi, həm də insan hüquqlarının pozulması kimi xarakterizə edirlər. Qız uşaqları məhv edildiyi zaman ana özünə psixoloji və tibbi zərbə yetirir. Eyni zamanda qadına qarşı zorakılıq artır. Əgər ailədə belə bir yanaşma varsa, ər qadını aborta məcbur edirsə, bu, zorakılıqdır. Həmçinin, qız uşaqlarının azalması bir çox mənfi məqamları ortaya çıxara bilər. İlk növbədə insan alveri artar, nikaha daxil olmaqda çətinliklər yaranar.

Hazırda bu nisbətin fəsadları Azərbaycanda yüksək dərəcədə deyil. Amma bu şəkildə davam edərsə, növbəti illərdə daha ciddi fəsadlarla rastlaşa bilərik. Milyonlarla qadınlar könüllü və ya məcburi olaraq abortlara gedirlər. Komitə tərəfindən bu sahədə müşahidə və maarifləndirmə işləri aparılır. Aparılan araşdırmalarda illər əvvəl kənd yerlərindəki ailələrdə daha çox qız uşaqları doğulduğu müəyyən olunurdusa, bugünki gündə bu tendensiya aradan qalxıb. Bunun da səbəbi ultrasəs aparatları vasitəsilə dölün cinsinin müəyyən edilərək abortlara yönləndirilməsidir. 1980-ci illərdən sonra USM aparatlarına müraciət nəticəsində demoqrafik proseslərə müdaxilələr qarşısıalınmaz hal aldı. Həmin illərdə Azərbaycan doğulan uşaqların cinsə görə nisbəti normal olaraq 100-ün 105-ə idi. Hazırda isə nisbətdəki fərq artmaqdadır. Ona görə də qanunvericilik təkmilləşməli, cəmiyyətdə abortlara qarşı mənfi münasibət formalaşmalıdır”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü