Modern.az

İntiharçıların “ümidini” qıran Qız qalası - REPORTAJ

İntiharçıların “ümidini” qıran Qız qalası - REPORTAJ

Reportaj

1 May 2017, 15:39

Köhnə Bakının İçərişəhər adlı qədim məhəlləsində bir qala yerləşir. Haqqında 500-ə yaxın əfsanənin olduğu qala... Yerli və xarici qonaqların heyrətlə baxdığı bu qədim tikiliyə Qız qalası adını veriblər. Təəssüf ki, bu abidə ilə bağlı danışılan hər əfsanənin axırı faciəvi sonluqla bitir: qız qalanın başına çıxır və özünü Xəzərə ataraq, intihar edir.


Tikintisi hələ eradan əvvəl başlanan qala


Qız qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayan Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb. Burada ilk restovrasiya-bərpa işləri 1964-cü ildə, ikincisi isə 2009-2013-cü illər arasında aparılıb. 2014-cu ildən isə Qız qalasında multimedia ekspozisyası fəaliyyətə başlayıb. Abidəni təhlükəsizlik kameraları 24 saat ərzinsə izləyir...

Hər ayın birinci günü burada aparılan təmizlik səbəbiylə Qız qalası 1 günlük fəaliyyət göstərmir. Qalanın tikilmə prosesi 2 mərhələyə bölünür:  E.ə VIII-VII əsrlərdə tikintisi başlayaraq, XII  əsrdə tamamlanıb.Bələdçilər qeyd edirlər ki, qalanın tikintisinin eradan əvvəl başlandığını söyləyən zaman, turistlər bunu təəccüblə qarşılayırlar. Onların sözlərinə görə,  internetdə Qız qalasını araşdırarkən onun tarixinin 12-ci əsrə aid olduğunu görüblər, lakin sonradan onlara Qız qalasının iki mərhələyə tikildiyini, 12-ci əsrdə tamamlandığını deyiblər.


Modern.az
əməkdaşları “Qız qalası haqqında nə qədər yazılsa da, yenə azdır” deyiminə uyğun davranaraq, qədim tikilidən daha bir reportaj hazırlayıblar.

İçərişəhərin qədimi küçələriylə addımlayıb qalaya çatdıq. Bizi müşayiət edəcək bələdçiylə içəri daxil olub, başladıq qalanı kəşf etməyə. Xarici görünüşü və biletlərin qiyməti barədə məlumat vermədən qalanın daxili dizaynı barədə danışsaq, düz olmaz. Çünki Qız qalasının bayır  tərəfdən olan divarında müəyyən məlumatlar var ki, bəlkə də çox ziyarətçi ona fikir verməyib.


Əvvəlcə danışaq bilet qiymətlərindən: böyüklər Qız qalasına daxil olmaq üçün 2 manat ödəniş etməlidirlər. Tələbələr tələbə biletlərini göstərməklə  60 qəpik, məktəblilər isə 20 qəpik ödənişlə Qız qalasını gəzə bilərlər.

Lakin, turistlər üçün qiymətlər fərqlidir. Qız qalasını gəzmək istəyən əcnəbi turistlər üçün qiymətlər belədir: böyüklər üçün 8 manat, məktəblilər üçün 20 qəpik, tələbələr üçün 60 qəpik. Xarici tələbələr təhsil aldıqları universitetin tələbə biletini göstərərək, Qız qalasına daxil ola bilərlər.

Bələdçimiz xarici qonaqlar üçün tətbiq olunan qiymətlər barədə danışarkən bu prosesin dünya müzeylərində də eyni olduğunu söylədi.

“ Məsud İbn Davudun qübbəsi”


Qalanın küçə tərəfə baxan divarında ərəb kufi xətti ilə yazılan kitabə  mövcuddur. XII əsrə aid olan kitabədə bu sözlərə rast gəlmək olar: “Məsud İbn Davudun qübbəsi”.
Bir sıra fərziyyələrə görə, Məsud ibn Davud XII əsrdə memar olmaqla yanaşı, həm də hökmdar imiş. Buna görə də Qız qalasını tikdirdikdən sonra onun divarlarına həmin yazıları həkk elətdirib.


Qız qalasının hündürlüyü şimaldan 28 metr, cənubdan 31 metrdir. Qala 2 hissədən ibarətdir : dairəvi silindrik və kontre-fors hissə. Turistlərin ən çox verdiyi suallardan biri də abidənin ikinci hissəsidir. Onlar üçün bu hissənin niyə tikildiyi çox maraqlıdır. Kontre-fors adlanan bu hissə qədim zamanlarda qalanı Xəzərin dalğalarından qorumaq funksiyası daşıyıb. Turistlərin ən çox bəyəndiyi isə buranın panoramasıdır.


Qız qalasının xarici quruluşu barədə danışdıqdan sonra içəri daxil olub, başlayırıq mərtəbələri gəzməyə.
1-ci mərtəbədə aparılan bərpa-restovrasiya işlərinin tarixi, əhəmiyyəti barədə məlumatlar var. Ümumilikdə abidənin hər mərtəbəsində Azərbaycan və ingilis dilində məlumat verən elektron stendlər mövcuddur. Qız qalasının bu mərtəbəsində nümayiş etdirilən eksponatlar arasında su quyusundan tapılan sınmış kuzənin qalıqları da var.


Daha sonra bələdçimizlə birlikdə pilləkanlarla növbəti mərtəbəyə qalxdıq. Hər gün ən azı 50  qonaq qəbul edən abidənin xarici qonaqları sırasında MDB və Avropa ölkələri, qonşu İrandan və digər yerlərdən gələnlər olur. Son illər Novruz bayramı günlərində isə İran İslam Respublikasından gələnlər digər ölkə vətəndaşçlarına nisbətən çoxluq təşkil edir.

Rastımıza əcnəbi turstlər çıxdı. Qırğıstandan ilk dəfə Qız Qalasını görməyə gələn qonaq buranı çox bəyəndiyini söylədi.

Şirhanşahlar dövrü abidəsi olan Qız Qalasının ikinci mərtəbəsindəki stenddə isə qalanın inşa tarixi və təyinatlarından bəhs olunur. Bu stendlərdə qalanın hansı məqsədlə tikildiyi, müdafiə məqsədli tikili olmasıyla bağlı məlumatlar, memarlıq xüsusiyyətlərindən bəhs edən yazılar mövcuddur.

Məbəd, müdafiə qalası və Mayak rolu oynayan Qız qalası

Tarixən Qız qalası tək müdafiə məqsədili istifadə olunmayıb, həm də məbəd və mayak funksiyası daşıyıb.  Bələdçi bildirdi ki, Qız qalası vaxtilə atəşpərəstlərin məbədi kimi də istifadə olunub. Bu istiqamətdə aparılan elmi araşdırmalara əsasən də onun e.ə VIII əsrdə oda və Günəşə sitayiş edən yerli tayfalar tərəfindən inşa edildiyi düşünülür. 
Məbəd kimi tanınan qala daha orta əsrlər dövründə isə müdafiə qalası kimi də istifadə olunub. 200-ə yaxın adamın gizlənə bildiyi qalada insanlar yalnız nərdivanlardan istifadə ediblər. Qalanın birinci və ikinci mərtəbələri arasında əvvəllər pilləkan olmayıb. 1964-cü ildə Qaladakı təbii pilləkənlərə əlavə pilləkən quraşdırılıb.


Qız qalası XIX əsrdə mayak kimi də Xəzərdə üzən gəmilərə yol göstərib.



Qalanın 3-cü mərtəbəsində su quyusu mövcuddur və üzəri şüşə qapaqla örtülüb. Abidənin bu mərtəbəsində su quyusu 1964-cü ildə aşkarlanıb. Araşdırmalar zamanı quyuda sınmış küpün qalıqları tapılıb. Burada quraşdırılan monitorlar vasitəsiylə su quyusunun vəziyyətinin lentə alınan kadrlarını vizual olaraq görmək mümkündür. 3-cü mərtəbə tək su quyusunun mövcudluğu ilə kifayətlənmir . Qız qalasının memarlıq xüsusiyyətləri barədə məlumat əldə edə bilmək üçün 3-cü mərtəbəyə çıxmaq kifayətdir. Burada quraşdırılıan stend və monitarlara daxil olaraq İçərişəhərin möhtəşəm abidəsinin daxili strukturu, tikinti prosesi, əvvəldə qeyd etdiyimiz kitabə və bir sıra memarlıq incəlikləri barədə məlumatlana bilərsiniz. Burda qeyd edilən məlumatlardan  birində Qız qalasının özülünün iri qaya üzərində qurulduğu və  bu səbəbdən onun bünövrəsinin Qərb-Şərq istiqamətində mailli olduğu qeyd edilib.


3-cü mərtəbədə də missiyamızı tamamlayıb qalxırıq “Bakının qəlbinə”. Qız qalasının 4-cü mərtəbəsi  “Bakının qəlbi” adlandırılır. Burada işıq proyeksiyalarının müşayiətilə İçərişəhər daxilindəki 13 abidə əks etdirrlir. Real olaraq isə İçərişəhərdə 32 abidə var. Onların 4-ü dünya, 28-i isə yerli əhəmiyyətlidir.

“Bakının qəlbi”ndən sonra növbəti istiqamətimiz Qız qalasının “Kitabxanasına”dır. Simvolik olaraq kitabxana dediyimiz 5-ci mərtəbədə 3 elektron kitab quraşdırılıb. Elektron olsa da, kitab formasında olan və adi kitab kimi vərəqlənə bilən kitablar 3 mövzu üzrə hazırlanıb. Onlardan birincisi dillər əzbəri olan “Qız qalası əfsanələri” barədədir. Bələdçinin sözlərinə görə, bu abidənin Qız qalası adlandırılması qızın intiharıyla əlaqəli deyil. Başqa məlumatlara görə, Qız qalasına dəfələrlə hücum təşkil ounub. Lakin hər bir hücum uğursuz sonluqla nəticələnib. Heç bir hücum zamanı Qız qalası zərər görməyib. Çünki, divarlarının qalınlığı 5 metrdir.  Məhz buna görə qalanı Qız kimi təmiz və saf qaldığına görə Qız qalası adlandırıblar.

 


Digər elektron kitabda Qız qalası festivalında çəkilən fotolar mövcuddur.


“Qız qalasının mövzusu incəsənətdə” adlı 3-cü bölmədə Qız qalasıyla bağlı rəsmlər, yazılar barədə məlumat verilib. Kitabda alman səyyahı Engelbert Kempferin Bakının mənzərəsi ilə  bağlı rəsm də təsvir olunub. 

Kitabları  vərəqlədikdən sonra qalxırıq 6-cı mərtəbəyə.Yəni, müdafiə sistemindən bəhs olunduğu yerə. Burada “İçərişəhərin müdafiəsi” adlı oyun xarakterli məlumatların əks etdirildiyi monitor quraşdırılıb. Xanaları seçməklə Qız qalasının müdafiəsiylə bağlı məlumatlar əldə edə bilərik. Qalanın müdafiə sistemlərindən biri də saxsı qablar imiş. Hücum təşkil olunan zaman saxsı qablar neftlə doldurulur, düşmənin üstünə atılırmış. Bələdçinin sözləriylə desək, onlardan qumbara kimi istifadə olunurmuş.
Digər müdafiə sistemi isə xəndəklərin su ilə doldurulması olub.  6-cı mərtəbənin bir hissəsində  “Babək” filmindən kadrlar nümayiş etdirilir. Divarda quraşdırılan rəflərdə nizə ucluğu, qılınc, xəncər, təbərzin kimi döyüş alətlərini görmək olur. Bələdçinin məlumatına görə, nümayiş etdirilən təbərzin özünün əsli deyil, sadəcə onun surətidir. 

 

“Hunsar”dan Qız qalasına...

Artıq yavaş-yavaş sona doğru addımlamağa başlayırıq. 7-ci mərtəbədə atəşpərəstlərin ibadətini əks etdirən proyektorlar quraşdırılıb. Təəssüf ki, texniki səbəblərdən asılı olaraq, proyektorlar fəaliyyət göstərmirdi. 7-ci mərtəbə müxtəlif simvollardan ibarətdir. Divarda “Buta” barədə  verilən məlumatda Qız qalasının yuxarıdan görünüşünün butaya bənzədiyi bildirilir. Divarda əks olunan simvollardan  buğa başı kişilik rəmzi, şirlər isə hökmdarları qoruyan məxluqlar mənası daşıyır.


Qız qalası barədə məlumatları danışarkən bələdçi bizə turistləri “şok” edən məlumatı da verdi.  Dedi ki, turistlərə 19-cu əsrə qədər abidənin “Hunsar qalası” adını daşıdığını deyəndə onlar bunu təəccüblə qarşılayıblar. Qeyd edək ki, Qız qalası ingiliscədən tərcümədə “Maiden tower” adını daşıyır.

“Hunsar” qalasından rəsədxanaya

Qalanın 8-ci mərtəbəsi rəsədxana funksiyası daşıyır. Elə burada quraşdırılan monitor da bunu deməyə əsas verir. Tədqiqatçıların fikrincə, Qız qalası Günəşin bir il ərzində fırlanmasını müşahidə etmək və bu siklin mühüm proseslərini - fəsillərin dəyişməsini öyrənmək məqsədi ilə inşa edilib. Təsadüfi deyil ki, qalanın pəncərələri, kontre-forsu (dayaq çıxıntısı) və bəzi struktur keyfiyyətləri müəyyən günlərdə Günəşə baxır. Qalanın 4-cü mərtəbəsindən başlayaraq pəncərələr Günəşin hərəkətini tənzimləyir. Məsələn, 22 dekabr qış gecə-gündüz bərabərliyi zamanı Günəşin şüası 1-ci mərtəbəyə düşür. Həmin proses digər bərabərlik günlərdə də müşayiət olunur.


Bununla əlaqədar olaraq, Qız qalasına “Günəşin məbədi” də deyilir.



“Günəşin məbədi”ndən aydınlığa - 9-cu mərtəbəyə çıxırıq. Bura Qız qalasının ən çox sevilən hissəsidir. Qədim zamanlarda keşikçilərin dayandığı ən yuxarı hissədə indi çoxlu qonaqlar görmək mümkündür. Onların bir neçəsiylə söhbətləşdik... Bəzi ziyarətçilər bura sonuncu dəfə tələbəlik illəri zamanı gəldiklərini gizlətmədilər.
Övladlarını ilk dəfə Qız qalasına ekskursiyaya gətirdiyini deyən bir müsahibimiz onları həmişə xarici ölkələrə səyahətə apardığını söylədi. İndi isə bura gətirmişdi. O, Qız qalasını Yunanıstanın Saloniki şəhərində yerləşən Ağ qüllə ilə müqayisə etdi. Söylədi ki, oranı gördükdən sonra övladları Qız qalasına getmək qərarına gəliblər.

Hər bir mərtəbədə olduğu kimi son mərtəbədə də yenilik edilib. Burada  quraşdırılan cihazın üzrərində ətrafda görülən abidələrin rəsmi onların  yerləşdiyi istiqamətdə əks olunub. Həmin rəsmlər dayanan zaman, o istiqamət üzrə yerləşən tikilini görmək olar.

9-cu mərtəbə Qız Qalasının ən möhtəşəm və hündür hissəsi hesab olunur. Restovrasya-bərpa işlərinə qədər burada intihar hallarına çox rast gəlinirmiş. Sonradan isə panorama hissəsinin qıraqları boyunca 2 metr hündürlüyündə şüşə bəndlər quraşdırılıb ki, heç bir intiharçı özünü qaladan aşağı ata bilməsin. Həmçinin, belə halların qarşısını almaq üçün qalanın panorama hissəsində polis nəzarəti də gerçəkləşdirilib. Bununla da intihar məqsədilə Qız qalasına gəlmək istəyənlərin “ümidi” qırılıb...

 

Nəcəf RUSLANOĞLU
Fotolar: Tərlan YUSİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü