Modern.az

Tanınmış bəstəkarlarımız yeni mahnılar bəstələyirlər – Arif Məlikovun iki böyük əsəri var...

Tanınmış bəstəkarlarımız yeni mahnılar bəstələyirlər – Arif Məlikovun iki böyük əsəri var...

Mədəni̇yyət

24 May 2017, 09:23

Hazırda Azərbaycanda kifayət qədər bəstəkar fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, yeni nəsil hər nə qədər  istedadlı olsa da, qocaman bəstəkarların əsərləri tamam fərqlidir. Onlar sayəsində ruhumuzu qidalandırır, qulaqlarımızın pasını silirik. Lakin bəzi klassik bəstəkarlar  deyəsən, sənətinə fasilə verib. 

 

Bəlkə də fəaliyyətlərini davam etdirirlər, yeni mahnılar bəstələyirlər, amma xəbərimiz yoxdur.

Bəs  illərdir əsərlərini  dinlədiyimiz həmin bəstəkarların son fəaliyyəti nə yerdədir?

 

Modern.az bunu öyrənmək üçün bir neçə bəstəkarla əlaqə saxlayıb.

 

Xalq artisti, bəstəkar Arif Məlikovun son günlər səhhəti yaxşı olmasa da, fəaliyyətini davam etdirir:

 

“İlk növbədə əsas işim Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri olmaqdır. Artıq  uzun illərdir, müəllimlik edirəm, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüyəm.

 

Musiqiyə gəldikdə isə lazım olanda ya xoşuna gələn sifarişləri bəstələyirsən, ya da mövzunu özün axtarıb tapırsan. Həmin mövzu səni və başqalarının maraq obyektində olmalıdır.  Bir ildən çoxdur ki, əlimdə iki böyük əsər var və onları işləyirəm. Bu, 9-cu simfoniya və baletdir.  Sadəcə axır vaxtlar səhhətim yaxşı deyil  deyə işlər yavaş gedir”

 

Xalq artisti, bəstəkar Faiq Sücəddinovun sözlərinə görə yeni bəstələr hər zaman olur və işlər öz qaydasındadır:

 

“Yeni bəstələr hər gün var. Məsələn, elə müğənni Zamiqin  “Kaman” ifasını götürək. Musiqisi mənə, sözləri Xanım İsmayılqızına məxsusdur. Bu əsəri mərhum sənətkar İlhamə Quliyeva səsləndirmişdi. Lakin Zamiqin mahnıya yeni ruh verməsi gözəl bir şeydir. Üç milyondan çox insan bu ifanı dinləyib. 

 

Bu yaxınlarda  sözləri Rafael Hüseynova, musiqisi mənə aid olan “Can Azərbaycan” əsəri ərsəyə gəlib. Musiqinin mövzusu  İslam Oyunları, ümumiyyətlə Azərbaycanla bağlıdır. O cümlədən mənim kitabım  dərc olunub. “Bəstəkarla rejissorun işi” adlı kitab universitetdə  dərs vəsaiti kimi istifadə olunur”.

 

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli də son zamanlardakı fəaliyyətindən bəhs edib. O bildirib ki, hazır olan və üzərində işlədiyi bəstələri var:

 

“Hazırda yeni bəstələrlə yanaşı üzərində işlədiyim bəstələrim də var. Eyni zamanda layihələrimiz də mövcuddur.  Düzü, axırıncı bəstəm yadımda deyil. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə görə “Azərbaycan səs”indən olan yeddi uşaqla işləmişik. 

 

Onlar üçün yeni mahnıları yazılıb. Mahnılar vətənpərvərlik haqqındadır. Həmin uşaqların iyunun biri üçün telekanallara çıxışı nəzərdə tutulub.  Hamısının səsyazma studiyasında səsləri yazılıb.

 

O cümlədən gənclər, universitetlər arasında festival keçirdik. Bu, Təhsil Nazirliyinin və Respublika Həmkarlar İttifaqının dəstəyi və təşəbbüsü ilə reallaşdı. Həmin festival üçün yeni “Gənclik” mahnısı yazdım.  Sözləri Baba Vəziroğlunundur. Hazırda mahnıya klip çəkdirmək istəyirik. Çünki gəncləri təmsil edən mahnı yoxdur.

 

Bildiyiniz kimi mən Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirəm. Universitetin xoru, solisti, ifaçıları bütün musiqi məktəblərinə dəvət olunur. Axırıncı dəfə Asəf Zeynallı adına kollecdə konsertimiz baş tutdu. Digər konsertimiz  mayın 24-ündə  elə öz universitetimizdə olacaq.

 

Digər tərəfdən Röya Ayxan, Niyam Salami, Teymur Əmrah, Aygün Bəylər ilə yeni mahnımızlarımız var”.

 

Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü