23 oktyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Nərddə “muğam dərsi” 
Nərddə “muğam dərsi” 
17.06.2017, 14:03

Azad Müzəffərli 


(hekayə)      

Gündəlik qayğılardan, işin yorğunluğundan qurtulmaqda dostlarla nərd oynamağın əvəzi yoxdu. Ələlxüsus da, rəqiblərin püxtələşmiş oyunçular ola. Ağsaqqal Əmir kişinin işığına toplaşan Tahir, Akif, Xosrov və Gündüzün bu sarıdan bəxti gətirmişdi. Hamısı bu oyunun sirri-sehrindən kifayət qədər hali idilər. Əslən Qarabağlı olan Əmir kişi nərdi yaradanlardan biri sayıldığını iddia eləyib, döşünə döyməkdən yorulmurdu, rəqabətin mayasını da həmişə muğamata kökləyərdi. Söhbətləri başlayar-başlamaz axarını muğama yönəldərdi. Muğamla bağlı “deyişmə”ləri onların “nərd məclislərini” daha da rövnəqləndirərdi.

       
Eyni binada yaşayan dörd dost qonşu məhəllədən onlara qoşulan Xosrovu təkləməkdən doymurdular. Olimpiya oyunları, dünya çempionatları onların nərd yarışının yanında yalan olmuşdu. Əmir ilə Xosrovun oyunu isə həmişə əsl tamaşaya dönürdü.  Onların nərddəki vur-çatlasınının duzunu, istiotunu öz istəklərinə uyğun Akif, Tahir və Gündüz qatırdılar. Xosrovun diqqətini oyundan yayındırmaqda, onu karıxdırmaqda ustalaşmışdılar, xornan eyni mahnıları oxuyardılar.  Ən əsası, ortada inciklik olmazdı, hər dəfə nərd “qırğını”ndan dostlar əməlli-başlı həzz alar, deyə-gülə ayrılardılar.  Onlarınkı yaxşıca tuturdu.  

     
Nərddə növbəti “muğam dəsgahı” yenicə başlamaq üzrəydi. Bu dəfə də Əmirlə Xosrovu qabağa vermişdilər. Onlar zərləri, “Sazandalar üçlüyü” –  Akif “tar”ı, Gündüz “kamança”nı və Tahir kişi də “qavalı” kökləyirdilər. Əmir zər atdığından qavalı Tahirə vermək məcburiyyətində qalmışdı, yoxsa, çətinki, daim sözlə yaylım atəşinə tutduğu dostuna bu müqəddəs musiqi alətini havalə edəydi. Öz aramızdı, ta yeniyetməlikdən toylara getdiyindən, sonralar rayonda musiqi məktəbinin direktoru vəzifəsində çalışdığından Tahir üzərinə düşən işin öhdəsindən pis gəlmirdi. Bu, onun ifasının Əmirin döşünə yatmağından da bəlliydi. İstinad pərdələri Akiflik idi. O, ağ, sarı və zəng simlərində gəzişərək bu dəfə məsləhət bildikləri “muğam dəsgahı”nın mayəsinə uyğun tarı kökləməkdəydi. Bir gözü onda olan Gündüz və Tahir də öz işlərini yaxşı bilirdilər.

      
Əmir kişi də nərdə, adəti üzrə, Xosrova qarşı psixoloji təzyiqlə başlayardı. Bu işdə pərgardı. Vaxtilə dünya şahmat tacına namizəd olmuş, məşhur qrossmeyster, rəqiblərinə  psixoloji hücum etməyin  “atası” sayılan Viktor Korçnoy belə Əmir kişinin bu sahədəki istedadına həsəd aparardı. Peşəkar xanəndələr muğamda yüksək ifaçılıq məziyyətlərini, ustadcasına təğənni imkanlarını nümayiş etdirdikləri kimi Əmir kişi də  nərdin bütün sirlərindən hali olduğunu ortalığa qoymaq üçün dəridən-qabıqdan çıxardı.  

      
Oyun başlayar-başlamaz dostların Xosrova atmacaları sıralanardı. O da, az aşın duzu deyildi, təkbaşına da olsa, “Xor kapellası”nın öhdəsindən gəlməyə çalışırdı. Adına uyğun olaraq hökmündən bir addım da olsun geri çəkilməyən Əmirin ilk atmacası məclisi hərəkətə gətirdi:


-      Sənə bir dəsgah verəcəm, gəl görəsən, zəngulələri gecə yatanda da səni rahat buraxmayacaq.


-      Deyəsən, yenə qoşalara arxayınsan, dadanmısan dolmaya, qorxumursan ki, bir gün o da, olmaya?!.

         
“Sazandalar dəstəsi” “deyişməyə” qoşulmaq imkanını, daha doğrusu, Əmirə qahmar çıxmaq fürsətini fövtə vermədilər, anındaca bir ağızdan dilə gəldilər:


-      Öz aramızdı, qoşaynan oynasa da, nərddə təkrarsız şaqraq zəngulələri, boğazda qaynatmaları, bir də, arada lap həsəd aparılası xırdalıqları var da, kişinin, bəlkə, elə deyil !?. Heç, nədən uduzduğunu boynuna almaqla aran yoxdu da, sənin, insafın olsun da...


-      Boğazınızın yoğun yerinə salıb,o qədər zilə çıxırsınız ki, uydurduğunuz xülyalarınıza özünüz də inanırsınız. Xorla bəstələdiyiniz “təsniflər”ə hayıl-mayıl olmusunuz.  Ona görə də, Əmir kişidən də, özünüzdən də az qala nərdin xiridarı etalonu icad eləmisiniz!?.  Yetər də, reallığın gözünə dik baxmağa öyrənin, eyni lad-məqamdan əl çəkin ki, başqa muğam dəsgahlarına da növbə çatsın...

       
 Dostlar həmişəki kimi öz dəmlərindən ayrılmaq fikrindən uzaqdılar.  Əmiri cuşa gətirmək üçün keçdilər növbəti sınanmış “priyom”larına,  mobil telefonda muğamların anası “Rast”ı qoşdular. İlk bəni insan - Adəmin cənnət naləsinin ətrafı bürüməyi ilə Əmirin qoşaları sıralamağı bir oldu.“Muğam üçlüyü” də bu dəsgahın mayəsinə uyğun olaraq “sol” notuna kökləndilər. Atmacalardan ağız deyəni, qulaq eşitmirdi. İş orasındaydı ki, Xosrova arada bir növbə yetsə də, o da, az desə də, saz deyəndi:


-      Qardaş, sənin vəziyyətin “Dəraməd”də belədirsə, çətin ki, “Mayə”yə çatasan. Əldə xanən qalmadı ki?!.


-      Özünü çoxbilmiş göstərməyə çalışma, bu qədər oynayırsan, hələ də zərin ən çox nələri verdiyini bilmirsən. A kişi, bu zərin əsas ayaqları “çahar” və “şeş”di, öyrən barı...


-      Zərə arxayın olma, məncə, belə getsə, sən heç, “Bərdaşt”a da yetməyəcəksən, onda qala, “Mayə”yə!?. Əsl ustalar təkin bu başdan marsa qatsan yaxşıdı?!.

        
“Xor kapellası” Əmirin əhvalını tarazlamaq üçün dərhal fəaliyyətə keçdi:


-      Sən niyə narahat olursan, zərini at, Əmir azmı belə vəziyyətlərdən çıxıb, hətta, oyunu da aparıb.


-      Vay, “çahar” ayağını da itirdin, qaldın bir “şeş”in ümidinə. Bu, lap diringiyə döndü ki, məncə qatsan məsləhətdi!?.

        
Nərddə vəziyyətinin həqiqətən ağırlaşdığını duyan Əmir səfərbər olaraq illərin təcrübəsini işə saldı. Cəld Tahirdən qavalı alıb, bir az gəzişdi, ruhuna yeni abı-hava qatdı. Qavalda ustadcasına əl gəzdirib “bəhr” tutaraq Xosrova rəng və təsniflərə keçməyə hazır olduğu yanğısını verdi. Yay kimi dartılıb, ox kimi nə təhər gərildisə, başladı “şeş”ləri sıralamağa. Qoşalamağın atasıydı, zərləri süzdürməkdə tayı-bərabəri yoxdu. Zərin çəmini tutmaqda çətin ki, ona çatan olaydı...


-      Yaxşıdı, deyəsən, vəziyyətdən çıxdın, halaldı, bircə dənə “şeş” qoşa da ata bilsən, “Bərdaşt”ı başa vuracaqsan...


-      Uduzdu, uduzdu, buna bax, mars eşqinə düşüb, xəbərin yoxdu, oyun da getdi.


-      Bu da şeş qoşa, bunu mənim üçün deyiblər e, “İstədiyin yar idi, yetirdi pərvərdigar”. Onu da unutma, ha, hər bir muğam dəsgahının ümumi əhval-ruhiyyəsi, obrazlı-emosional aləmi özününün əksini “Bərdaşt”da tapır. Yerini bil, “zil” və “meyxanə” kimi tessituralar(hər hansı bir musiqi əsərindəki səslərin səs və ya musiqi alətinin diapazonuna görə düzülüşü) sənlik deyil, düş “bəm”ə, səndən mahir xanəndə çətinki alına, boş yerə özünü yorma...


Xosrov “Xor kapellası”nı cavabsız qoymadı:


-      Müqəddiməni - “Dəraməd”i də, “Bərdaşt”ı da, o, yox e, siz tamamladınız.  Oturmusunuz mənim nəhsimə, qəsdən o qədər çənə döyürsünüz ki, bilmirəm, oyuna fikir verim, yoxsa, sizə cavab tapım. Tarı, kamançanı və qavalı ancaq ona kökləyirsiniz, mənlik pərdələrə heç gözucu da olsun nəzər yetirmirsiniz. Tərslikdən, oyun da çörükdü... Ax, kapella, kapella...

   
Oyunun “mayə”si də eyni axarda davam elədi, get-gedə Xosrov çətin vəziyyətə düşürdü, Əmirin zərləri bir qayda olaraq iri verirdi. “Üçlük” yenə də əvvəlki pərdədəydi:


-      Hə, əsl oyun indi başladı, bu xəmir hələ çox su aparacaq. Görək də, indi bunlar hansı şöbə, guşə və avazları sıralayacaqlar,”mayə” şöbəsi bitdi, deyəsən?!.


-      Əşşi, bunun avazı məlumdu da, qoşa, qoşa, yenə də qoşa... Bu təkcə, bir dəsgahın ladını bilir, o birilərdən heç xəbəri yoxdu... Bütün oyunlarda təqribən eyni sxemi tətbiq eləyir!?.


-      Bizə də, yox da, sizin hər ikinizin oyununa dərindən bələdik. Öz aramızdı, Əmirin hər şöbənin axırında elədiyi “ayaq” ələdüşməzdi də, barı, boynuna al, işin yüngül olsun. Nəfəsin yetmir də, dəsgah boyunca hər dəfə onun kimi “mayə”yə qayıda bilmirsən də!?.

      
Gündüzə bir az insafı güc gəldiyindən Xosrovun tam təklənməyi ilə barışmaq istəmədi, baxmayaraq ki, Əmirin kürəyini heç vaxt yerə verən deyildi:


-      Dostlar, bu kişini lap yıxıb-sürüməyin də, o da yaxşı oynayır, axı, düz danışmaq lazımdır. Qardaş, əzəldən qayda belədir də, nərddən babat başa çıxaranlar arasında kimə zər bir az yaxşı versə, o da aparır da...


-      Qoy oturmuşuq, görək, uduzdu, uduzdu...


-      Ey, gəncəli balasına şəkk gətirməyin ha, biz də əsas mətləblərdən kifayət qədər xəbərdarıq, çox yuxarıdan getməyin. Lap olsun, elə muğamat, burda da  mənə barmaqarası baxmayın, ha. Qəbri nurla dolsun, rəhmətlik dahi Nizami Gəncəvinin,  “İqbalnamə”sində necə deyib: “Dünyada məqamı bilməyən bir kəs, Pərdəli yolları düz gedə bilməz”. Özünüzü bir az yığışdırın, beş özünüzdən deyəndə, heç olmasa, arada bir də məndən deyin...


-      Başa düşmədik, sən bizimlə deyilsən, valı dəyişdin?!.


-      Yox, əşşi, təbii ki, mən də “kapellaya” sadiqəm, amma deyirəm, gəlin,  bir az insaflı olaq da, arada-bir ona da ayaq verək ki, tam ruhdan düşməsin də...


-      Deyəsən, dörddə bir tondan sapdıq, axı?!.

-      Yox, belə yaramaz, gəlin, tez düzəldək, bunsuz muğam şirinləşə bilməz, muğamatınkı dörddə bir tondu...


-      Yaman yuxarıdan gedirsiniz ha, bir-iki lad-məqamdan az-maz başınız çıxsa da, özünüzü çoxbilmiş kimi göstərməyə çalışırsınız. Sizin, əsrlərin sınağından çıxaraq 7 lad əsasda formalaşan Azərbaycanın muğam dəsgahlarının hamısından – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun”, “Mahur-hindi”, “Bayatı-Qacar”, “Orta Mahur”, “Mirzə Hüseyn segahı”, “Zabul segah” və “Xaric segah”dan tam baş çıxarmağınıza hələ xeyli vaxt lazımdı...


-      Yaxşı, qoy oturmuşuq görək, zərini at, işin yenə də şuluqdu...

    
Tas finala doğru yönəlməkdəydi. Hesab 2:2 olduğundan mübarizə bir qədər də gərgin xarakter almışdı. Oyunun taleyinə təsir göstərmək üçün yenə də “sazanda üçlüyü” hücuma keçdi. Bu məqamda Tahir kişi heç dil boğaza qoymurdu. Fürsət yaratsaydın, kimsəyə nərdtaxta arxasına keçməyə imkan verməzdi. O,əzəldən beləydi.


-      Qardaşlar, yetər e, sizin oyun həmişə dəsgaha çevrilir. Öyrənin də, bizdən, heç olmasa, arada-bir bizim kimi kiçik formalı muğamlara və ya zərb-muğamlara da yer verin də... Yaman uzadırsınız, ə, insafınız olsun, qoy, bizə də növbə çatsın da...


-      Düz deyirsən, muğam dəsgahları sizlik deyil, bizi özünüzə tay eləməyin...


-      Ə, kiri, dinmədikcə, lap şahə qalxırsan, özün yaxşı bilirsən ki, körpəlikdən musiqinin göbəyindəyəm. Qadasın alım, kiçik muğamların da, zərb muğamların da. “Rast” lad-məqamına köklənən “Qatar”ın, eləcə də, “Şur” muğam ailəsinə aid “Rəhab”, “Şahnaz”, “Dəşti” və “Bayatı-kürd” kiçik muğam dəsgahlarının ləzzəti özgədir. “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, “Mani”, “Ovşarı”, “Heydəri”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və digər zərb muğamlarımızın ətri də insanı bihuş edir, bunlar sizlik deyil, ə, sizdən virtuozluq gözləmək avamlıq əlamətidir.


-      Kişi düz deyir də, lap keçmişdə olduğu kimi sizin “dəsgah”ınız iki saatı da ötür. Tanrı, Üzeyir bəyə qəni-qəni rəhmət eləsin, o sağ olsaydı, sizin bu “dəsgah”ınızı izləsəydi, bəlkə də, ürəyi partlayardı. Qədimi xanəndələr kimi, yeri gəldi-gəlmədi, özünüzü göstəmək üçün, elə, hey uzadırsınız ha... Yaddan çıxarırsınız ki, indi muğam dəsgahlarının ifası  10-15 dəqiqə, ən uzağı 30-40 dəqiqə çəkir... Yetər də, bizə nərdtaxta arxasına keçməyə imkan vermirsiniz?!.


-      Bir az səbirli olun, indi hər şeyi sonuncu təsniflər həll edəcək. Kiminki alınsa, tası da, o, aparacaq.

        
Xosrov da bu çim yağ fürsəti əldən buraxmaq istəmədi. O da, “sancmaq” da dostlarından geri qalmırdı.


-      Kişilər, onun nərddən xəbəri var, ən çox üstünlük verdiyi mənim “Kolxoz” təsnifimdi?!. Elə ki, həlledici məqam yetişdi, tezcənə üz tutacaq ”Kolxoz”a. Başlayacaq, axırıncı lövhədə “şeş”dən başqa qalan ayaqları bağlamağa ki, mən daşları çıxanda ona çata bilməyim, qalım ancaq “şeş”in ümidinə. Ən yaxşı bildiyi budu, onu da məndən çırpışdırıb... Yaradıcı xanəndələr kimi, bizim nərd oyunumuzdakı “Kolxoz” təsnifini də mən bəstələmişəm, siz ki, bunun şahidlərisiniz, buna nə sözünüz, hə, dillənin də...


-      Bəsdi, ağsaqqalı sıxışdırdın, sən nəyə görə uduzduğuna heç vaxt diqqət yetirmirsən, məsələ təsniflərdə deyil e, ən əsası, sən qəzəlləri təhrif edirsən,vurğuya fikir vermirsən, bax, budu sənin uduzmağının əsl səbəbi... Fikrin-zikrin əldən cəld qaçıb daşları sonuncu lövhəyə tez toplamaqdı. Nərdin incəliklərindən elə də xəbərdar deyilsən... İmkan vermirsən ki, oyundan zövq alaq, məsələ təkcə, kiminsə udmağında deyil, muğamatda olduğu kimi burada da başlıca məsələ nərdin sirlərinə dərindən bələd olmaqda və improvizədədi.


-      Danışdınız da, himinizdən qopmaq istəmirsiniz, əşşi, onunku ancaq qəzəldi, mən yetim, təkcə qəzəl oxumuram, axı, qoşma, gəraylı, müxəmməs, eləcə də, digər lirik parşalara da yer verirəm bizim dəsgahda. O, bircə qəzəl oxuyur, qoşa, qoşa, qoşa... Bildiyi ancaq budu... Gəl, çat görüm ona, hay çatdın ha...


-      Yenə də, öz bildiyindən əl çəkmək istəmirsən...


-      Mən, yoxsa, siz, lap götürək, rəngləri, onunku ancaq diringidir –oyun havası fason bir şey, mənsə rəqsvarı, marş və lirik rənglərin heç birini yaddan çıxarmıram. Axı, məhz rənglər şöbələr arasında təzad yaratmaqla yanaşı onları bir-birinə də bağlayır. Onunku kor-koranə oyundu. Xeyri yoxdu e, geci-tezi təslim olacaqsınız, həqiqət göz qabağındadır...

      
“Xor kapellası” əllərini yellədə-yellədə Xosrova təpgisini artırmaqdaydı. Əzbər bilirdilər ki, oyun sona yetməkdədi. Uduzmağla təkcə Əmir yox, onların heç biri barışan deyildi. Bu məsələdə, elə, Xosrov da onlardan dala qalmırdı. Əmir yenə də “sancmaq” fürsətini əldən vermədi.


-      Ə, bu nə oyundu?!. Sən, Allah, bir buna baxın, “pənc” qoşanı necə oynadı, sonra da başlayacaq zərdən şikayətə...


-      Ağsaqqal, o improvizədi, Alim Qasımov sayağı, bu sizlik deyil, öyrənmisiniz eyni zəngulələrə, çərçivədən heç cür kənara çıxa bilmirsiniz...


-      Ə, muğam dədə-baba qaydasınca oxunanda, muğamdı ey, yoxsa, mən nə bilim, improvizə-mimprovizə, onlar boş şeydi...Nə eləyirsən, elə, ənənəvi yoldan bir addım da kənara çıxmaq olmaz, bax,  muğamatın beli elə bu cür qırılır da...


-      Ağsaqqalımız, yaradıcılıq muğamın canıdır, heç, tam eyni cür oxuyan iki azman xanəndə görmüsən?!.


-      Ə, bir buna bax e, bizə muğam dərsi keçməyə cəhd eləyir. Bir daha bil və agah ol ki, bizim anaların bətni konservatoriyadır. Biz dünyaya kamil musiqi diplomuyla gəlirik, muğam xiridarı kimi... Ə, get işinin dalınca, zərini at, dilinə güc vermə, söz güləşdirmə...

        
Muğam üçlüyünə də elə  bu lazımdı, Əmirə bir züy tutmağa başladılar ki, gəl görəsən. Ələlxüsus da, ağsaqqalın yanında “xal yığmağın” ustası olan Akif tarı sinəsinə sıxıb cuşa gəldi, simlərin anasını ağlatmağa başladı. Bir xeyli ustalığını nümayiş etdirəndən sonra yenə Əmir kişiyə ayaq verdi.


-      Mənim adımı elə-belə Əmir qoymayıblar e, mən anadan hökmdar doğulmuşam. Bilmirsənsə, bundan sonra yadından çıxarma, səsin orta diapazonunda başlayan kimi zilə millənən əsas muğam dəsgahlarından “Şüştər”in bərdaştı “Əmiri” də mənim kimi hökmdarların şərəfinə bəstələnib.


-      Ağsaqqal, sən elə danışırsan ki, guya ki, biz muğamatdan bixəbərik. “Şüştər” bütün dövrlərdə “Əmiri” ilə başlanıb. Vaxtilə isə “Nəva”, “Rahab” və “Şur” da eyni pərdədə çalınıb-oxunub, bunacan bilirik...  


-      Ə, “Əmiri”dən təmtəraq, cazibədarlıq, mərdlik yağır e, mənim oyunumda olduğu kimi, get işinin dalınca...


-      Can, can, əzizim, nənəyə hökm eləməyə nə var ki, bunu kim istəsən bacarar?!.


-      Başa düşmədim, o, nə deməkdi?!.


-      Ağsaqqalım, zəhmət olmasa, öyrən, ta qədimdən muğam biliciləri hər bir muğamın ruhunun müxtəlif insanların halına oxşadığını müəyyənləşdiriblər. Bu baxımdan, nənəni andıran “Şüştər”də, anaya bənzər “Şur”da, qıza bənzəyən “Segah”da  və ya gəlin timsallı “Baytı-Şiraz”da hökmü-zər olmağa nə var ki?!. Əsl hökmdar odur ki, baba ruhlu “Hümayun”da, ata məsləkli “Rast”da, ya da ki, oğul tinətli “Çahargah”da şahə qalxa bilsin!!!

      
Xosrovun axırıncı zərbəsi “hədəfə” dəysə də, “xor kapellası” yenə də dil boğaza qoymaq fikrində deyildi. Məclisin bu məqamında tasın da taleyi həll olunmaq üzrəydi. Xosrov son zərlərdə vəziyyəti əməlli-başlı düzəltmişdi. Əmir kişinin yenə də “şeş” qoşa atmaqdan başqa çarəsi qalmamışdı. Ağsaqqalın zəri iki barmağının arasına aldığını sezsə də, Xosrov bunu görməməzliyə vurdu. Onun da ürəyinə dammışdı ki, istər ovucdan və ya stəkandan atsın, istərsə də, barmaqlarının arasında cütləsin, Əmir kişi yenə də şeş qoşasını atasıydı ki, atasıydı. Bütün gözlər nərdtaxtada xeyli dığırlanan zərlərdəydi. Azca keçmiş “xor kapellas”nın haray-həşiri göyə dirəndi, şadlıqlarından özlərinə yer tapa bilmirdilər, növbəti dəfə də istəklərinə qovuşmuşdular. Yüngülcə pərt olsa da, Xosrov da onlara bu qədər tükənməz sevinc yaşatdığına görə şad-xürrəmdi. Əmir kişinin çöhrəsindən qürrə yağsa da, onun iç dünyasında emosionallıq,həzinlik, kövrəklik, dərin lirizm, həsrət hissinin tüğyan etdiyi Xosrovun diqqətindən yayınmadı. Yəqinki, elə, ağsaqqalın asta səslə “Qarabağ” şikəstəsini zümzüməyə başlaması da, onun daxili dünyasından qaynaqlanırdı. Azca keçmiş “Segah” muğam-ladının ecazkarlığı hamını ovsunladı.

                       Könlüm keçir Qarabağdan,

                       Gah bu dağdan, gah o dağdan.

                       Axşamüstü qoy uzaqdan

                       Havalansın Xanın səsi,

                       Qarabağın şikəstəsi.

Məclisin bu məqamında bütün dostların iç dünyasında muğamat abı-havası cövlan eləyirdi. Tanrıdan bircə diləkləri vardı, Ulu Yaradan Şuşada muğamın sehrində nərd atmaq imkanını onlardan əsirgəməsin!!!

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kriminal avtoritet həbsdə ölüb
23.10.2017, 11:38

Kriminal avtoritet həbsdə ölüb

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ   
23.10.2017, 11:35

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ  

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu
23.10.2017, 11:29

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   
23.10.2017, 11:28

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ
23.10.2017, 11:06

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb
23.10.2017, 11:00

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   
23.10.2017, 10:58

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu
23.10.2017, 10:54

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu

Elmar Məmmədyarov İtaliyaya getdi
23.10.2017, 10:54

Elmar Məmmədyarov İtaliyaya getdi

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi
23.10.2017, 10:45

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI
23.10.2017, 10:34

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
23.10.2017, 10:28

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq   
23.10.2017, 10:25

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq  

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR
23.10.2017, 10:17

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

İlin rekordu və ilin ixtisası
23.10.2017, 10:15

İlin rekordu və ilin ixtisası

Neft BAHALAŞDI 
23.10.2017, 10:13

Neft BAHALAŞDI 

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü
23.10.2017, 10:01

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
23.10.2017, 10:01

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
23.10.2017, 09:41

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...   
23.10.2017, 09:19

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...  

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO   
23.10.2017, 09:14

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO  

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
23.10.2017, 09:05

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb
23.10.2017, 08:56

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  
23.10.2017, 08:48

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
23.10.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu
23.10.2017, 00:37

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Bakıda məhkum həbsxanada evləndi - Foto
23.10.2017, 00:18

Bakıda məhkum həbsxanada evləndi - Foto

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib
22.10.2017, 23:56

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib

Polad Bülbüloğlu mükafatlandırılıb
22.10.2017, 23:36

Polad Bülbüloğlu mükafatlandırılıb

Hülusi Akar ABŞ-a getdi
22.10.2017, 23:19

Hülusi Akar ABŞ-a getdi

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq
22.10.2017, 23:01

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq

Torpaqların elektron kadastr uçotuna başlanılıb
22.10.2017, 22:43

Torpaqların elektron kadastr uçotuna başlanılıb

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək
22.10.2017, 22:29

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib
22.10.2017, 22:24

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(24.3%)
“Azərsu”(9.34%)
“Azəristiliktəchizat”(3.25%)
Heç biri(57.7%)