Modern.az

Mənim kəndim - Vaqif Bəhmənli: “Atam öləndə heç birimizin çiyni cənazəyə çatmadı” - LAYİHƏ

Mənim kəndim - Vaqif Bəhmənli: “Atam öləndə heç birimizin çiyni cənazəyə çatmadı” - LAYİHƏ

5 İyul 2017, 12:12

“Arazın 1 kilometrliyində yaşasaq da, biz bu çayın səsini eşidir, oradan əsən mehi duyur, amma heç vədə üzünü görə bilmirik”

“Anam son nəfəsində də dedi ki, Vaqifi qoymayın mənə tərəf gəlsin...”

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə tanınmış şair, AYB-nin İdarə Heyətinin üzvü Vaqif Bəhmənli özünün anadan olduğu, uşaqlığının keçdiyi Füzuli rayonunun Böyük  Bəhmənli kəndi və ora ilə bağlı  kövrək məqamlardan danışıb:

Anam ağac

-Azərbaycanın kifayət qədər böyük və  qədim obalarından birində, Araz qırağında yerləşən Böyük  Bəhmənli kəndində doğulmuşam. Bizim Füzuli rayonunda iki Bəhmənli var: Bala Bəhmənli və  Böyük Bəhmənli. Əslində, eyni camaatdı, zarafatca, belə də - bir millət iki dövlət... Arazın 1 kilometrliyində yaşasaq da, biz bu çayın səsini eşidir, oradan əsən mehi duyur, amma heç vədə üzünü görə bilmirik. Çünki çayla kəndin arasından sərhəd məftilləri keçir. Biz həmən neytral zonaya “ada” deyirik. Bu, bəlkə də fəlakətdir, siyasətin coğrafi anlayışa təcavüzüdür; axı ada olmaq üçün torpaq ərazisinin gərək dörd tərəfini də su bürüyə. Bunun isə cəmi bir tərəfi sudur, üç tərəfi tikanlı məftil.

 

İranla müştərək platinanın hesabına adamlar əkinləri Araz suyu ilə suvarırlar. O ki qaldı Arazı üzbəsurət görməyə, bunun üçün gərək, İmişliyə, Bəhrəmtəpə deyilən yerə gedəsən. Araz yalnız orda, bizim kənddən 60 kilometr aralıda tikanlı məftil qəfəsindən xilas olur.   Bəhmənli Aran kəndidir. Di gəl ki, düzənlikdə yerləşsə də, kənddən baxanda Şuşanın dağları görünür. O dağların adı var – Kirs, Ərgünəş, Məngələnata... Biz cəminə Şuşanın dağları deyirik. Necə ki, Xan əmi oxuyur ha: “Şuşanın dağları başı dumanlı...”.
Kənddə soyuq düşəndə bilirdik ki, Qarabağın dağlarına qar yağıb. Cənubda isə Qaradağ dağlarına qar yağdımı, bax onda elə bil yay vaxtı başına od ələnən kəndi qoyurlar nəhəng bir buz dolabının içinə!

Şəxsi həyatımla əlaqədar kəndim haqqında nəyi desəm, təzə olmayacaq. Təəssüratlarımın, deyəcəklərimin əksəriyyəti mənim yazılarımda var. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə ilə həmən jurnalın 2015-ci il may nömrəsində çox geniş  söhbət etdik. İntiqam bu söhbət əsasında hazırladığı  yazının adını belə qoydu: “Doğulduğu günü xatırlayan adam”.

 
Anam danışardı ki, sən adına “civir mərək” dediyimiz suvaqlı, amma çox səliqəli, təmiz-tarıq bir daxmada doğulmusan. Həmin mərəyin yanında tut ağacı bitmişdi. Sonralar ağlım kəsməyə başlayanda “civir mərək” də dururdu, tut ağacı da.  Tut ağacının qol-qanadı uzanıb mərəyin pəncərəsindən içəri keçmişdi. Bir şeirim var: tut ağacına deyirəm ki, “sən məni anamdan da yaxşı tanıyırsan. Çünki məni doğanda anam can hayında imiş, qara qazanda isti su gətirən arvadların da başı qarışıq imiş. Sən hər şeyi- necə  dünyaya gəldiyimi, daha sonra necə oğul olduğumu görmüsən”. Şeir lap sonda bu arzuyla bitir: 

 

Ötüb aradan illər

Bir günəvərli gündə

əyləşib dibində,

vurmuşam tut arağından,

kölgə düşür yarpağından

Anamdan çox sevirəm səni,

Aramızda

Bunca doğmalıq nədi,

                   tut ağacı?

Girib gen ağızlı qara koğuşuna

Orda qalmaq istəyirəm əbədi,

                   Tut ağacı...

 


İlk  inqilab

-Dəhşətli dərəcədə qaynar uşaq olmuşam. Dinclik bilmədən ora-bura qaçar, elə hey oxuyar, sözləri bir-birinə yaraşdırardım. Rəhmıtlik Qəbil babam deyərdi:

- A bala, sən niyə bu qədər danışır, kəsik baş kimi ətirsən.

Əlbəttə, mən anlamırdım ki, kəsik baş nədir və o niyə ətir...

Ailədə 9 uşaq idik; 4 qardaş, beş bacı. Çox istənilən uşaq olmuşam. Dördüncü sinfə qədər əla xəttim olsa da, dərslərimi bir o qədər də yaxşı oxumamışam. Beşinci sinifdən sonra məktəb həyatımda sanki inqilab oldu - kiçik insanların da inqilabı olur - mən çox sürətlə yaxşı oxumağa, bütün dərslərdən “əla” qiymətlər almağa başladım. Orta məktəbi bitirəndə attestatdakı  bütün qiymətlərim “5” idi. Həndəsə, fizika, cəbr kimi fənlərdə bəzi düsturları məndən yuxarı sinifdə oxuyanlar, ən çox da onuncular həll  edə bilməyəndə  müəllim məni həmin siniflərə gətirib deyirdi ki, “sən həll elə, bu uzundrazlar bəlkə, xəcalət çəkib yerə girələr”.
Daha sonra müəllim mənə riyaziyyata, həndəsəyə dair başqa suallar da verirdi. Cavabları bülbül kimi ötürdüm. 10-cuların zəif oxuyanları boya-boy lövhə qabağına düzülürdü. Ürəyimdə qorxurdum, deyirdim ki, çölə çıxan kimi bu yekə oğlanlar mənim boğazımı sərçə boğazı kimi üzəcəklər.

SÖZə aparan yol

-Bir müəllimim vardı, adı Firdovsi idi. Seyidəhmədli kəndindən gəlmişdi. İndi o kənd erməni işğalındadı. Bizə riyaziyyatdan, həndəsədən  dərs deyirdi, amma ədəbiyyatı çox gözəl bilirdi. İlk dəfə o mənə Rəşad Nuri Güntəkinin “Çalıquşu” və Mayn Ridin “Başsız atlı” romanlarını verdi. Təxminən, 6-7-ci siniflərdə oxuyurdum. Mən o romanların hərəsini üç gecə-gündüzə oxuyub bir həftədən sonra oldum kitab ölüsü.

Sonra məktəbimizə qonşu Yağlıvənd kəndindən Həkimxan müəllim gəldi. O da riyaziyyatdan dərs deyirdi. Amma o da  mənimlə ədəbiyyatdan danışırdı. Maraqlı insan idi, Həkimxan müəllim.... İndinin özündə də məndə məktəb illərindən bir adət qalıb: çətin işlərin əsas yerlərini asanlıqla düzüb-qoşuram, ən sonda  ilişirəm. Orta məktəbdə, riyaziyyat dərslərində də elə idi; mürəkkəb tənlikləri həll edirdim. Amma sonuncu sadə əməliyyatı yerinə yetirə bilmirdim. Niyə? Təsəvvür eləyin, tutaq ki, çətin düsturu həll etmişəm, sonda altını yeddiyə vurmaq lazımdı ki, cavabı mexaniki olaraq yerinə qoyasan. Bax, onu edə bilmirdim. Vurma cədvəlini bəlkə, indi də səlis bilmirəm... Gözümü döyə-döyə çaşıb duruxduğum anlarda Həkimxan müəllim boynumun üstünü kəsdirib tələb edərdi  ki, cavabı yazım. Deyərdi, bəyəm bilmirsən, altını yeddiyə vuranda neçə edir?! Mən də hər şeyi həll eləmişəm. Deyə də bilmirəm ki, altını yeddiyə vuranda neçə edir, onu  bilmirəm. O boyda məktəb sona qədər bilmədi ki, mən vurma cədvəlini bilmirəm.

Borclandığım qabarlı əllər, yorğun çiyinlər

 

-Atamı çox erkən itirmişik,  37 yaşında  dünyadan köçdü. 33 yaşlı qadının, yəni anamın umuduna 9 uşaq qaldı. Amma bizim də, anamızın da arxalandığımız böyük qüvvə var idi: bəy qızı, çox gözəl qadın olan nənəm, Maşad Səfəralı qızı Dilbər və babam Həsənqulu oğlu Qəbil...

Anam çox zəhmətkeş qadın olub. Bir an da olsa, eyni yerdə dayanmırdı. Həm məktəbdə xidmətçilik edir,  həm həyət-bacada işləyirdi.  Çox işləməkdən cavan  qadın kösöv kimi qaralardı. Allah hər üçünə rəhmət eləsin. Babama,  anama və nənəmə...  Bir qoca kişi, iki qadın 9 uşağı  böyük əziyyətlə böyütdü. Biz hamımız onların sayəsində ev-eşik sahibi olduq.


Ruhun şad olsun, ay nənə

 

-Nənəmin çoxlu qızılları olub. Gözümün qabağında qapımızda xüsusi tərəzi ilə qızıl çəkiblər. O tərəzinin dönə-dönə çəkilib boşaldığını görmüşəm.

Ümumiyyətlə, bəhmənlilərdə qohumluq bağlılığı çox möhkəm olub. Nənəm qohum toylarının hamısında iştirak edər,  səbəbkarlara bahalı qızıllarından düzəldilən əşyaları hədiyyə verərdi. Hətta mən universitetə girəndə də düşündülər ki, yəqin, nənəsinin  qızılları hesabına daxil olub. Halbuki, mən birinci  il kəsilib Şin zavodunda fəhlə işləmişdim.

Söz düşdü, o barədə də deyim. Sənədlərimi Şərqşünaslıq fakültəsinə vermişdim. İstəyirdim şərqşünas olam. Dedim axı kəndimiz İran sərhəddindədi. Hər axşam oranın radio dalğalarını tuturduq. Qəribə ovqatlı, əruz vəznli şeirləri dinləyirdik. Şərq musiqisinin sədaları altında yarıfars, yarıazərbaycanca şeirlər deyilərdi. O zaman sanki  bütün dünya ayaqlarımın altından qaçardı.  Məni Şərqşünaqlıq fakültəsinə də bu  həvəsləndirmişdi. Amma ora  daxil olmaq mümkün deyildi. İmtahan verdiyim il cəmi 9 nəfər qəbul olundu.  İmtananların üçündən  “dörd”, birindən “beş” qiymət alsam da, o 9 nəfərdən biri ola bilmədim.  Amma növbəti il Jurnalistika fakültəsinə sənəd verib, elə həmin qiymətlərlə ali məktəbə daxil oldum.

Yaxşı oxumağa, çox çalışmağa bir növ, məhkum idik. Çünki gözümüzün qarşısında çəkilən ağır  zəhməti anlayırdıq. Mən oxuyan vaxtlarda evdəkilərdən kimsə gedib nənəmə deyəndə ki, evdə un qurtarıb, pul ver, un alaq - bilirdilər ki, nənəmin sandığı hər zaman ehtiyatlı, tədarüklü olur - nənəmsə deyərdi ki, “bax,  hələ ağaclar yarpağını tökməyib. Gedin, xəzəl yeyin, pulu  Vaqifə göndərəjəm”. Bax beləcə, mənim aylıq 50 manatımı hər zaman vaxtında göndərərdi. 50 manat da universitetdən təqaüd alırdım. Amma üçüncü kursdan sonra radioda yazılar yazmağa başladım. Ondan sonra evdən pul istəmədim. Çünki 200-300 manat qonorar alıb yaşayırdım.

Yeri gəlmişkən...

-Bizim Bəhmənlidə qadına, anaya hər zaman böyük hörmət olub. Gözümüzü açandan hər evdə, hər yerdə belə görmüşük. Məsələn, hərdən eşidərdik ki, başqa yerlərdə qadını döyüblər, filan. Amma kəndimizdə heç vaxt belə bir işin şahidi olmamışıq. Bizlərdə qadına hər zaman yüksək səviyyədə hörmət olub. Həm də, bütün sevgilər, münasibətlər qarşılıqlıdı. Sən görürsən ki, ana ömrünü sənə qurban edir, yolunda şam kimi əriyir. Onu necə sevməmək olar?! Amma istədik-istəmədik, həyatın reallıqları başqadı. Hərdən fərqli şeylər də eşidir, şahidi oluruq. Televiziyada, kinoda, həyatda bəzən, ananın övlada laqeydliyindən danışırlar. Onlar gerçək olsa da, mən yenə də inanmıram. Çünki kəndimizdə və ən əsası bizdə elə olmayıb.

Sözümün canı var...

-Bunları elə-belədən demədim. Gərək, gələcəkdə anaya aid yazdığım bütün şeirləri yığıb ayrıca bir kitab buraxam. Anam və kənddəki başqa analar  elə qeyrətli qadınlar  olublar ki, onların xatirəsini heç zaman unuda bilmirik. Anamla yalnız o bir az yaşa dolandan sonra yaxın ünsiyyət qurmağa başladım. Amma uşaq vaxtı anamla bir qabdan xörək yeməyə utanardım. O özü də buna məəttəl qalardı. Bir də görürsən ki, evdə qayğanaq bişirilir. Bir tərəfdən ana, bir tərəfdən bala dadır. Vaqif Bayatlı bir şeirində yazır: “Balalar yedikcə, analar doyar”. O elə çörəyi yalandan tavanın qırağına sürtürdü ki, biz  doyunca yeyək. Buna baxmayaraq, anamla aramızda hər zaman qalın pərdə olub.


Kitab-kitab sözlərimin müəllifi - mənim anam

-Kimisə müəllim, kimisə kitab öyrədir. Amma mənim birinci müəllimim anam olub. Çoxlu şeirlər bilirdi. Sabiri əzbərdən deyərdi. Nizami Gəncəvinin Cəfər Xəndanın tərcümə etdiyi qəzəllərinin hamısını əzbər söylərdi:

Gecə xəlvətdə bizə, sevgili yar gəlmiş idi, üzü Aydan da gözəl nazlı nigar gəlmiş idi”.

Təkcə ondan yox, xalq bayatılarından tutmuş Süleyman Rüstəmə qədər, hamıdan əzbər deyərdi. Nağıl söylərkən, çox gözəl improvizə etmək qabiliyyəti vardı. Onun xüsusi məharətlə danışdığı nağılları gülmədən dinləmək mümkün deyildi. Elə məndəki yumor hissi də anamdan, onun danışdığı baməzə nağıllardan gəlmədi. Anam alt evimizdə bacılarımla yatıb-dururdu. Biz üç oğlan uşağı isə nənəm-babamla birgə üst evdə məskən salmışdıq. Anamın nağıl gecəsi başlayan zaman döşəmənin aralı yerindən qulağımı qoyub onun danışığını dinlərdim. Amma bəzən gizli, bəzən aşkar alt evə, onların yanına soxulub, anamdan xahiş edərdim ki, nağıl  danışsın.


Anam məktəbdə işləyirdi. Sinifləri xadimələrin arasında bölüşdürəndə  kitabxananı yığışdırmaq anamın payına düşmüşdü. Oranı hamı çıxıb gedəndən sonra yığışdırırdı. İndi fikirləşirəm ki, o kitabxanada olsa-olsa 500 kitab ancaq olardı. Amma o zaman mənə elə gəlirdi ki, orada bizim Milli Kitabxanadakı qədər kitablar var. Onlara nə toxunmaq, nə də  evə aparmaq olardı. Anam kitabxananı təmizlədiyi müddətdə demək olar,  kitabların hamısına əlimi vurar, adlarını oxuyardım, bir sözlə, onlarla  tanış olardım. Dördüncü sinfə qədər höccələyib oxuyurdum. Kitabxanaçı Ənvər müəllim (sonralar ədəbiyyatdan dərs deyirdi) “Koroğlu” dastanını elə sürətlə oxuyurdu ki, ona həsədlə baxardım. Ənvər müəllimə qeyd etdirib evə gətirdiyimiz kitabları əvvəlcə anam oxuyardı. Sonra qardaşım Qalibə ötürərdi ki, davam etsin. Qalibdən sonra mən də oxumaq istərdim. Dastanı, nağılı şeir kimi oxuyurdum. Elə  başlayan kimi hamı durub gedirdi ki, sən pis oxuyursan. Sanki şeir səsləndirirmiş kimi kitab oxuyardım. Görünür, insanın içindəki kod lap körpəlikdən onun janrının dilində danışır.

Əlvida, “bostan dostları”

 

-Orta məktəb “vinetka”mız indi də qalır... Beşinci sinifdən etibarən, yaxşı oxumağa başladım. Ondan sonra bostan oğrusu olan dostlarım mənimlə gəc düşdülər. Həə, bir az da onlardan danışım.
“Bostan dostları”mızla başqa yerdən yox, elə öz həyət–bacamızdan nəsə çırpışdırırdıq. Rəhmətlik Dilbər nənəm deyərdi ki, ay bala, “qoy meyvə yetişsin, yenə siz yeyəcəksiz də. Ya da satıb, pulunu özünüz  xərcləyəcəksiz”. Qulaq asmırdım. Əriyin yetişən vaxtı uşaqları yığıb  xüsusi üsulla düzəldilmiş çətin qamış səddi adlayandan sonra bağa girirdik.

Bir söz var, deyir ki, bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır. Uşaq vaxtı yaşanan bəzi hadisələr o zaman mənə əzab kimi gəlirdisə, indi onları gülə-gülə xatırlayıram. Beşinci sinifdən etibarən yaxşı oxumağa başlayanda həmin “bostan yoldaşlarım” məni qısqanmağa başladılar. Mənə qarşı bir dəstə düzəltdilər, hamısı da əmioğlum, xalaoğlum... Beş-altı uşaq hər gün dərsdən çıxandan sonra qarşımı kəsib mənimlə dalaşmaq istəyirdi.
Bir dəfə lap gerçəkdən vuruşduq; mən bunlara,  bunlar mənə...  Axırda palçığa yıxıldım. Hirsimdən ağlayaraq evə qayıdıb dedim ki, daha dərsə getməyəcəm. “Nədi”, “nə olub”,-deyə soruşsalar da heç nəyi  boynuma  almadım. Bilirdim ki, babam bilsə, onların atasını yandırar; çox hökmlü kişi idi. Elə öz-özümə fikirləşirdim ki, mənim nə günahım var, dərsimi oxuyuram da... Sən oxumursan, cəhənnəmə oxu, indi vurub öldürəcəksən məni?! Uşaq yaxşı oxuyanda qızlar onunla maraqlanmağa, böyüklər daha çox istəməyə başlayır axı. Onlar da artıq moddan düşürdülər. Yəqin, bunun da təsiri var idi.


Bir dəfə də...

-...dəmir yolunun kənarı ilə gedirəm. Heç nədən də xəbərim yox. Bir kəndçimiz var, Bakıda yaşayırdı, onun ev-eşiyinə, bağ-bağatına ağsaqqal bir qohumu baxırdı. Bir də gördüm bu, qəfil qabağıma çıxıb başladı, nə başladı: “Ölmürsən, utanmırsan...”. Başa düşmürəm ki, nə olub, dilim  batıb. Hannan-hana soruşuram ki, nə olub? Mənə cavab verməyib, gileyinə davam edir. Qəfil hönkürtü ilə ağlamağa başladım. Onda kişinin özü də pis oldu. Saçımı sığallayıb, üzümdən öpdü. Sən demə, bu məni böyük qardaşımla səhv salıb. Məndən böyük qardaşım bir topa uşaqla həmin bağa girib, nə meyvə varsa, hamısını yığışdırıb aparıbmışlar.  O da qoca kişi, məni üzdən qardaşıma oxşadıb. Onda anladım ki, böhtan, şər həqiqətən pis şeydi.

Dönüşün iki rəngi

-62 yaşım var. İndinin özündə də bir iş görəndə, düşünürəm ki, görən, bəhmənlilər buna nə deyər? Ömrümü sanki həmin kəndə hesabat verməklə keçirmişəm. Hər zaman deyirəm ki, indi bu hərəkəti edirəm, bu addımı atıram, görən Bəhmənli camaatı buna nə deyər? Yaxşı iş görəndə bilirəm ki, Bəhmənli camaatı bunu eşidib sevinir. Bizim vaxtımızda universitetə girmək Aya uçmaq kimi bir şey idi. Biz məzun olan ili məktəbi 60-a qədər şagird bitirsə də, yalnız  üç-dörd nəfər ali məktəbə daxil oldu. Mən özüm ikinci il qəbul olundum. Kəsiləndən sonra kəndə dönüşümü də çox yaxşı xatırlayıram. Aylı gecəydi... Qatarla qayıtmışdım. Çalışırdım ki, kənd camaatından kimsə məni görməsin. Amma Ayın işıqlandırdığı gecədə hamı, hər şey açıq-aydın görünürdü. Tanış adamların yanından sürətlə keçirdim ki, qoy, heç kim soruşmasın ki, ay bala, getmişdin, bəs,  nə təhər oldu, necə keçdi? Çünki hamı bilirdi ki, Bakıya kimlər imtahan verməyə gedib. Bir həftə qapı-bacadan çölə çıxmadım. İlk imtahan sarsıntım belə oldu. Amma qəbul olandan sonrakı ildə kəndə dönüşümü o qədər də yaxşı xatırlamıram.
Hə, qoy bunu deyim: Rəhmətlik babam demişdi ki, əgər universitetə girmisənsə, mütləq qəbul kağızı al gətir. O zaman bir arayış verirdilər ki, həqiqətən də  bu adam imtahan verib və daxil olub. Bəzən,  imtahan vermək üçün Bakıya gedənlər yalandan deyirdilər ki, qəbul olunmuşuq. Babam da bu səbəbdən dedi ki, mənə “kağız” göstər,  inanım. Ali məktəbə qəbul olunmaq haqqında arayışı ona  göstərdim...

“Kitab nədir, partiyaya keç”

-Birinci kitabım 1979-cu ildə çıxdı. “Bahar-payız arası” adlanırdı. O kitab çıxanda çox sevinirdik; mən, rəhmətlik Eldar Baxış, Ağacəfər Həsənli, bir də Loğman Rəşidzadə, köhnə bir “Moskviç” tutub o vaxtlar Sabirabadda  Kür Su Kəmərinin rəisi işləyən dayımın yanına getdik.  Cibimizdə də yaxşı pul var; kitaba görə haradasa, 600 manat qonorar almışam. Kitabı “yumağa” birinci oradan başladıq. Əlbəttə, pul xərcləmədən. Bir gün bizi buraxmadılar. Mən, Eldar Baxış,  o birilər də şeirlər dedik. Ondan sonra Bəhmənliyə getdik. Dostları  babamla   tanış elədim. Dedim ki, baba, kitabım çıxıb. Dedi, kitabı nə edirəm, elə hünərli oğulsan, mənə partiya biletini gətir, deyim hə... (gülür).

Yaddaş ağrıları

-Uşaqlıqdan yaddaş ağrılarına dönən, indi də yeri göynəyən xeyli itkilərin şahidi olmuşam. Atam cavan rəhmətə getdi. Xatırlayıram ki, o öləndə biz uşaqlar necə ağlaşırdıq. Heç birimizin cənazəyə çiynimiz çatmırdı. Bircə böyük qardaşımız, rəhmətlik Arif cənazənin bir küncündən tutdu; o zaman 16 yaşı vardı. Xüsusən də kişilərin atam üçün necə ağladığını indi də unuda bilmirəm. Sən demə, kişi də ağlayarmış... Böyük-böyük kişilər necə də hönkürürdülər...

Dayımın, xalamın itkisi indi də gözümün qabağındadır. Bir də ən çox mənə oxşayan, kiçik bacımdan sonra bir qardaşımız olmuşdu, adı Nazim. Hər hərəkəti ilə, siması ilə məni təkrarlayırdı. 2-3 yaşında qəfildən öldü.

Amma mənim üçün ən ağır itkilər 1992-93-c illərin hadisələri oldu. Onda anam, bacı-qardaşlarım hamısı məcburən doğma yurdu tərk edib Bakıya pənah gətirdilər. Çətinliklə də olsa, onları yerləşdirdik. Anam mənimlə qaldı. O zaman yazıçı Məmməd Orucun radioda “Qərib axşamlar” adlı proqramı vardı, anam haqqında bir veriliş yazmışdı. Bir detalı deyim: hələ vurhavur başlamamış, həmişə anama deyirdim ki, ana, gəlsən, səni Bakıda elə saxlayardım ki. Amma o heç bir halda kənddən çıxmazdı, dəhşətli dərəcədə sevirdi oraları. Əvvəllər dəmiryol vağzalının yanında, indiki 28 May küçəsi ilə Rəşid Behbudovun kəsişməsindəki binada yaşayırdıq. Anam bizə gələndən sonra hər zaman evin dənizə yox, qatar vağzalına baxan eyvanına çıxardı. Gözü yol çəkərdi. Məmməd Oruca bunu danışmışdıq. Radio-oçerkini də belə bitirirdi: “Nə qədər ağır olsa da, Vaqifə gözaydınlığı vermək istəyirəm. Hey deyirdi ki, anası gəlib onunla yaşasın. İndi budur anası şairin yanında qalır”.


Dünyanın ən kədərli hədiyyəsi

-1994-cü ildə Azərbaycan televiziyası ziyalılardan ibarət bir qrupla əsgərlərin görüşünü təşkil etdi. Ermənilər o vaxta qədər artıq Bəhmənliyə girib-çıxmışdılar. 1994-cü ilin aprel-mart aylarında 23 kənd azad edilmişdi, amma yenə də bizimkilər kəndə adam buraxmırdılar. Lap kəndin öz adamı da gedəndə, onları tutub xüsusi təcridxanada saxlayırdılar. Həmin ərəfədə biz ora gəldik. Arif Babayev, Sabir Əhmədli, Qəndab Quliyeva və başqa sənətkarlar, ziyalılar da qonaqların arasında idi. “Qara polkovnik” kimi tanınan  Fətulla Hüseynova dedim ki, buralıyam. Dedi, nə yaxşı, sizin üçün nə edə bilərik? Dedim, gələndə gördük ki, haradasa, 10 adamı tutub təcridxanaya saldılar. Birincisi, onları buraxdıraq. Dedi, heç problemi yoxdu. Əlavə etdim ki, kəndə adam buraxmırlar, istəyirəm öz evimizə da baş çəkim. Mənə əsgər və maşın verib kəndə göndərdilər. Getdim, yanımdakı zabit saxlanılan adamlara işarə edərək başqa bir zabitə dedi ki, bu adamları buraxın. Hansı ki, bizdən əvvəl ora getməyə cəhd etdikləri üçün xüsusi yerdə saxlanılmışdılar. Hamısı sevinişdilər. Biri pivə zavodunun müdiri idi. Gələndən sonra üç yeşik pivə göndərdi ki, məni sən türmədən buraxdırmısan.
Nə isə, evimizə getdim. Gördüm ki, ot basıb, əncir vaxtıydı, yekə-yekə əncirlərin hamısı yerə tökülmüşdü. Həyətə girən kimi bildim ki, erməni bu qapıya da gəlib. Çünki erməni markalı siqaretləri çəkib kötüklərini yerə atmışdılar. Ermənilərin çaxır  butulkası vardı tut ağacının altında.  Evdən heç nə götürməmişdilər, amma nə qədər mebel, qab-qacaq  var idisə, hamısını üzüaşağı yerə aşırmışdılar. Sındırıb dağıtmışdılar. Anam demişdi ki, mütləq evə gedərsən. İndi düşünürəm ki, nə edim, anama nə aparım ki, həqiqətən, evimizə baş çəkdiyimə tam inansın. O, axır vaxtlar cəhrə əyirirdi. Həmin cəhrənin darağını, yumağını, bir də başqa bir əşya vardı, onu götürdüm. O zaman hesabdarlarda “çötkə” olardı. Onu da götürüb anama gətirdim. Çox sevindi. Dedi, evimiz nə təhərdi? Yalandan dedim ki,  hər şey qaydasındadı.  Komandir dedi, bir halda ki, sənin evin boşdu, mən ora dörd əsgər yerləşdirim. Həm  orada qalsınlar, həm də evə nəzarət eləsinlər. Dedi, bala düz eləmisən. Nəzarət elədi-eləmədilər, düz eləmisən. Sonra dedim ki, al bu da sənin yumağın, darağın... Elə bil anama həmin an dünyanı bağışladılar.

Son nəfəsin qəhrəmanlığı

-2000-ci ildə həmin kənddə böyük qardaşım rəhmətə getdi. Anamın özü 2002-ci ildə dünyasını dəyişdi. Axırıncı dəfə xəstə olanda kəndə gedib,  anamı yoluxdum. Həyat yoldaşımla getmişdim. O da, mən də iş adamıyıq. Onun  işlədiyi yerdən heç bir gün də icazə vermirdilər. Amma biz icazə  almışdıq. Üç gün qalıb geri qayıtdıq. Elə təzəcə Bakıya çatmışdıq ki, zəng edib dedilər ki, vəziyyəti ağırdı, qayıdın. Bir də təzədən qayıtdıq. Son nəfəsi idi. Amma gözü yolda idi. Yoldaşım gedib başını dizinin üstünə aldı. Mən, açığı yaxınlaşa bilmədim. Mənən dəhşətli  əziyyət çəkdim. Elə özü soruşdu ki, kimdi gələn? Dedilər, Vaqifdi. Son nəfəsində də dedi ki, qoymayın mənə tərəf gəlsin, yoldan gəlib, gedib əl-üzünə su vursun. Yəni, o dərəcədə bizə qıymırdı. Bunun özü də qəhrəmanlıqdı. İnsan var ki, son nəfəsində çabalayır, qışqırır, nə etdiyini bilmir. Amma anam çox sakit getdi. Şam kimi asta-asta söndü.


“Yerdəyişmə qanunu”

-30 il kənddə yaşamışam. Kəndin bir parçası olmuşam. Həyatımda sanki bir yerdəyişmə olub: Əvvəl mən kəndin içində idim, indi kənd mənim içimdədir. Burada, həyətimdə hər cür ağac əkmişəm. Buranın da narı, incili, alması, üzümü var. Amma onlar kəndin meyvəsinin yerini verə bilməz axı. Ərik alırıq, dadı yox. Amma bizim kənddəki qapımızdakı əriyi heç yerdə tapa bilməzdin. Kəndimizdə bişən kələm, tənək dolmasını mən heç harda yeməmişəm. Mənim üçün dünyanın ən dadlı, ən ləziz yeməyidir. Nənəmin bişirdiyi göy kətəsindən dadlı nə vardı ki?! Ya bəlkə, indi mənim ağzımın dadı qalmayıb?! Rəhmətlik nənəm nehrələri çalxayıb ayranını qara qazanlara tökərdi. Elə darvazadan girən kimi “itolum- yəni, itin olum,- sən övladı istəməyin həddinə bax e- “indicə nehrəni boşaltmışam, gəl iç” deyib bizi səslərdi. Başımızı qazana əyib doyunca nehrə ayranından içərdik. İndi yağ da, ət də bilmirsən nədir, haradan gəlir. Mənə elə gəlir ki, elə o vaxt yediyimiz qidaların enerjisi xasiyyətimizin yaxşı olmasına gətirib çıxarıb. Bax, o ağartıların özü belə sirrdi. İndi yaş da öz sözünü deyir. İnsan nədir ki - əvvəli də sonu da məlum olan enerji. O yavaş-yavaş, yanıb tükənir. Amma  yenə də hansısa xəstəliyə tutulmamağıma görə, hər gün səhər tezdən durduğuma görə, heç vaxt öz işimdən yorulmamağıma görə o kəndə borcluyam. Kənd təkcə ayağımız altındakı yeridiyimiz torpaq deyil. O bizə xasiyyət verib, xarakter bəxş edib. Biz də onun verdiklərinin  daşıyıcısı olmuşuq.

Torpaqdan doğan SƏS

-Kəndimizdə həmişə musiqiyə böyük məhəbbət olub. Yaqub Məmmədov mən uşaq olanda qonşuya toya gəlmişdi. İkimərtəbəli evlərin eyvanı taxtadan olurdu. Müğənni gələndə onu ikinci mərtəbədəki eyvana qaldırırdılar. Gedib orada oturar, xudmani məclis üçün çalıb-oxuyardı. Mən toydan bir gün  qabaqkı məclisi deyirəm. Yaqub Məmmədov gələndə Bəhmənli kəndi  Əbdül əmimin evinə nə təhər cumdusa, qabaqlarını kəsdilər ki, a bala, toy sabahdı hələ, bu eyvan indi uçacaq. Evin o qədər adam götürməyə gücü yox idi. Amma adamların qarşısını da almaq mümkün deyildi. Axırda rəhmətlik Yaqub Məmmədov düşüb həyətə gəldi. Gecə ikən yer düzəldib çıraq yandırdılar. Yaqub Məmmədov orada oxudu. Dayım oğlu var idi, Firdovsi, tez rəhmətə getdi. Onun Cabbar Qaryağdıoğlu səviyyəsində səsi vardı. Onu dostum Seyran Səxavətlə gətirdik rəhmətlik İslam Rzayevin yanına. Oxudu, İslam müəllim zarafatla dedi ki, “manısda səsin sonu yoxdu. Amma buna məktəb lazımdı”. O, Mədəni Maarif Texnikumunu bitirmişdi. Bu təbii ki az idi. Radioda da konsertini təşkil etdik. Amma heyf ki, ondan bircə ağız da olsa, səs yazısı qalmadı.


Uşaq idik, qardaşımla çəmənlikdə uzanmışdıq. Radioda Qədir “Sona bülbülləri” oxuyurdu. Səhv etmirəmsə, onun ilk ifası idi. İkimiz də sanki torpağa qarışdıq. O nə idisə ilahi bir səs idi. Sonradan Qədirin bütn ifaları göstərdi ki, o həqiqətən də qeyri-adi səs sahibidi.

Süleyman Abdullayev, İslam Rzayev kimi sənətkarlar Füzulinin yetirmələridir. Böyük qardaşım hər dəfə onları dinləyəndə zülüm-zülüm ağlayırdı. Mən bu adamın bircə dəfə də olsun, muğama qulaq asanda ağlamadığını görmədim.

Toyumuz, Novruzumuz- kökümüz-kökənimiz

-Çox maraqlı toylarımız keçərdi. Günortadan yemək yeyilər, nəmər salınar, saat 6 olan kimi bütün yemək-içmək yığışdırılardı. Bir toyda bəlkə sonrakı on ailənin təməli qoyulardı. Camaat artıq him-cimdən, kimin kimi rəqsə dəvət etməsindən hər şeyi anlardı. Toylarımızın yaraşığı Ağabala Abdullayev idi. Daha sonra Bakıdan gələnlər də oxuyardılar. O toylarda bişirilən yeməklərin dadı da bir ayrı idi. Xanımların, qadın-qızların abırlı geyimi, başa geyilən yaylıqlar onların gözəlliyini on dəfə artırırdı. Çoxlu qızıllar taxardılar. İndi o cür qızıl taxıb küçəyə çıxsan, səni soyarlar.

Novruzdan da danışaq. Yaradıcılığımda Novruz böyük mövzudu. Novruz adətlərinə, fəlsəfəsinə tamamilə yeni münasibət təqdim etmək istəmişəm. Kitablarım var bu mövzuda. Haradasa, 30 şeir və 30 esse, yəni, Novruz haqqında 60 əsər var. “Azərbaycanın xalq bayramı Novruz” kitabımı “Təhsil” Nəşriyyatı çox yüksək səviyyədə hazırladı. O şeirlərim ilk dəfə “Kommunist” qəzetində çıxıb. Rəhmətlik xalq şairi Nəbi Xəzri zəng edədi ki, heyrətlənmişəm, bu şeirlər necə yazılıb. Novruz qan yaddaşımızdı, damarımızdan axan qandı. Özümüzdən asılı olmayaraq, bayram gələndə içimizdə nələrsə tərpənir.  İki ay əvvəlcədən Novruza hazırlaşardıq.

Yadımdadı, Novruzda mənə məxmər pencək tikmişdilər. Hamı təzə və səliqəli geyinməli idi. Biz kənddə “cəvərəncüllüt” deyilən bir alət icad etmişdik. Onu sonradan başqa kəndlərdə görmədik. Xüsusi üsulla hazırlamışdıq ki, kasıb evlərində adətən, pay olaraq verilən qovurğa, orada qalmasın, qarğının yarıqlarından süzülüb yerə tökülsün. Torba da sallaya bilərdik. Amma yox, onu etmirdik. İstəyirdik ki, bizə qovurğa yox, başqa böyük pay verilsin. Gör, nəyi fikirləşmişik e (gülür). Bir dəfə də dəstənin uşaqları mənə dedilər ki, bu dəfə “cəvərəncüllüt”ü sən salla. 11 uşaqlı bir kişinin qapısına “cəvərəncüllüt” salladıq. Kişi heç gözləmədiyimiz halda çölə çıxıb  hamımızı evə saldı. Gördük ki, süfrə düzülüb, böyük ailə yemək yeyir. Qızlarından biri sinif yoldaşım idi. İndi xəcalətdən ölürəm ki, bu nə işdi, düşdük. Səhəri gün həmin qız sinifdə məni “satdı” və Novruz sovqatı olaraq Kəklik müəlliməm məni küncdə saxladı...

 


Son söz əvəzi - yaxud, “Qan yaddaşı” bankı - kəndimiz

 

-Qan yaddaşımız Novruzun bir ucu gedir Qədim Avestaya çıxır. Azərbaycan çox unikal yerdi. Burada yalnız bir mədəniyyət cəmlənməyib. Ona görə də xalqımız bu boyda dahilər yetişdirir. Burada tükənməyən enerji var. Başqa türk dövlətlərində bu potensial, bu enerji yoxdu. Turan mədəniyyətinin nüvəsi buradı. Mənim bir rəssam dostum var. Deyir ki, “Salvador Dalinin dünyanın yaranışı haqqındakı rəsm əsərindəki əlini uzatdığı yer doğrudan da Azərbaycana oxşayır”. Əlini xəritədə Xəzər dənizi yaxınlığındakı Bakının üstünə qoyur. Bu bəlkə də onun fəhmi yox, elmidi. Ali enerjinin haradan yığıldığını bilirmiş. O həmin nəticəyə elmlə gəlib çıxır.Bax belə, dünyada heç bir məsələ sadə deyil. Sadə bir kənd haqqında bayaqdan bəri söylədiklərin əslində həm də dünya haqqındadır.

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü