Modern.az

Yarımaçıq qapı... - “Həyatın özü və üzü” sislsiləsindən  

Yarımaçıq qapı... - “Həyatın özü və üzü” sislsiləsindən  

1 Avqust 2017, 13:08

...Dünyalar qədər sevdiyi neftçi oğlunun vaxtsız ölümündən sonra “öləcəm” dedi. Amma ölmədi. Ölə də bilməzdi. Yoxluğuna inanmadığı insanın gəlişini gözləməliydi. Gözləyirdi də...

...Oğlunun ölümündən sonra həyət qapısını bağlı görən olmamışdı. Həmişə yarımaçıq vəziyyətdə idi balaca həyət qapısı. Özü isə evdən bir addım da aralanmaz, qonşuya belə, keçməzdi. Oğlu qayıdıb onu evdə tapmazdı deyə...

...Yeganə oğlunun dostu, yaxın sirdaşı olmuş Rəsul hər dəfə Mina anaya baş çəkmək, könlünü almaq istəsə də, fikrindən vaz keçmişdi. İki il keçsə də, qaysaq bağlamayan yaranı, ana üçün ən böyük dərdi təzələmək istəmirdi. Ancaq bu gün dözməmişdi. Gəlmişdi yarımaçıq qapının önünə...

...Uzun-uzadı balaca qapıya baxdı Rəsul. Tam açmağa ürək eləmədi. Qapının yarımaçıq hissəsindən keçmək istədi. Nə qədər ehtiyatla tərpənmək istəsə də, qapıya toxundu. Çox açılıb-örtülməyən qapının səsinə eyvanda oturub onsuz da bir şey seçməyən (oğlunu itirəndən sonra ağlamaqdan kor olmuşdu ana gözləri) gözlərini qapıya dikmiş Mina ana diksindi. Yerindən qalxdı və geniş açılsa da, qaraltıdan başqa bir şey seçməyən gözlərini yarımaçıq qapının önündə dayanmış kölgəyə dikdi. Və birdən hündür eyvanın pilləkəninə atdı özünü:
“Bilirdim ki, gələcəksən, ay oğul".

Güclə pillələri enməyə çalışan Mina ananın yıxılacağından qorxan Rəsul pilləkənə sarı qaçdı və sonuncu pilləkəndə yaşı o qədər də çox olmayan, saçları dümağ ağarmış, gözlərinin altı tutuqlansa da, işığı sönməmiş anaya çatdırdı özünü. Yıxılacağının fərqinə belə varmayan Mina ana özünü Rəsulun üstünə atdı və “Can bala, nə gec gəldin” - deyə onu aramsız öpməyə, oxşamağa başladı. “Mən Rəsulam ay ana, Rəsulam” – pıçıldadı Rəsul. Ancaq ananın onu eşitmədiyini, ümidinin zirvəsində olduğunu görüb susdu. .

...Xarici görünüşləri də oxşayırdı. Hər ikisi hündürboylu, saçları vaxtından əvvəl çallaşmış idi. ...Rəsul isti göz yaşlarından sir-sifətinin islandığını hiss etdi. Ananın isti, bir az da balaca qucağından ayrılmaq istədi. Ancaq kövrək ana hisslərini soyutmaq istəmədi. Bu balaca yuva ona çox isti, doğma gəldi. İri əllərini ananın ağ saçlarında gəzdirdi. Anasını xatırladı. Onu əzizlədiyi, oxşadığı bəxtəvər günlər yadına düşdü. Bərk-bərk Ananı qucaqladı. Ona elə gəldi ki, Ananı buraxsa, bir də bu isti yuvanı görməyəcək, anasızlığı bir də yaşayacaqdı.

...Uzun müddət elə beləcə qaldılar. İsti göz yaşları bir-birinə qarışdı. Ara-sıra Ananın “can bala, səni bir də o zəhirmar dənizə buraxmayacam. Gedirsən, gəlib çıxmırsan” – sözlərindən və hıçqırıqlardan başqa heç nə eşidilmirdi.

...Rəsul Ananın kövrək əllərini ehmalca özündən kənarlaşdırdı və asta addımlarla yarımaçıq qapıya yaxınlaşdı. Bir müddət qapıya baxdı və birdən qapını bərk-bərk örtdü. Aralanıb yenidən bağlı qapını süzdü və iti addımlarla Anaya yaxınlaşıb boynuna sarıldı və ürəyinin verdiyi qərarı - “Mən də sənsiz darıxmışdım, ay ana, daha heç yerə getməyəcəyəm” - pıçıldadı.

Abbas Əliyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü