Modern.az

Yazıçı Əlisa Nicat: “Öz heykəlimi özüm yaratdım” - MÜSAHİBƏ

Yazıçı Əlisa Nicat: “Öz heykəlimi özüm yaratdım” - MÜSAHİBƏ

Ədəbi̇yyat

13 Yanvar 2018, 14:34

Növbəti qonağımız tanınmış filosof, tarixçi və ədəbiyyatçı yazar Əlisa Nicatdır. Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. Onu çoxları tanıyır və əsərlərini oxuyub. Yaşadığı ömrü qələmə həsr edən bir alimdir. Qələmi, kitabı özünə ən yaxın dost seçən və bu yolda iri addımlarla irəliləyən insandır. Ömrü və yolu əsl müdriklik oldu. Kamillik axtarışına çıxaraq kamilləşdi. Öyrənərək öyrədən oldu. Sənəti üçün böyük əmək sərf etdi.

Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirərək, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub və 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. Dövrün yaratdığı əngəllər ucbatından 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib.
1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-cü ildə ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr olunub. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində və 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb.
1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib.
SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda, bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib. Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa, saysız tərcümələr, şeirlər, esselər, povestləri var.

Əlisa Nicatla görüşümüz “Kitabevim” mağazasında oldu. Görüş üçün çox tələsirdim. Əsərlərini maraqla oxuduğum insanı görmək həyəcansız keçə bilməzdi. “Kitabevim” mağazasına daxil olanda qarşımda stulda əyləşib kitab vərəqləyən qocaman insanı gördüm. Üzündə sevinc, xoşbəxtlik vardı. Sanki uzun illər sərf olunan əməyin bəhrəsinin sevincini yaşayırdı. Yaratdığı əsərlərlə yanaşı, yaşadığı mənalı ömürə də sevinirdi. Uca Allah hər kəsə belə ömür qismət etmir. Əlisa müəllimə yaxınlaşaraq salamlaşdım və stulların birində əyləşərək müsahibəmə başladım.

Modern.az Əlisa Nicatla müsahibəni təqdim edir:


- Əlisa müəllim, ilk olaraq yaradıcılığa necə gəlməyinizdən başlayaq...


- Mən orta məktəbdə əlifbanı öyrənən gündən oxumağa həvəs göstərmişəm. Kitablar mənə çox əziz olub. Yadımdadır, rəhmətlik atam mənə pul verən zaman kitab alardım. Pullarımı xərcləməzdim, yığaraq kitab alar və gecə-gündüz maraqla oxuyardım. Kitab oxumağımla heç ətrafımda olan insanlar belə maraqlanmırdı. Amma mən oxuyurdum. Kitab oxuyarkən rahatlıq tapırdım. Yaxşı yadımdadır, atam həmişə nağıllar danışardı, məndə həvəslə qulaq asardım. Elə olurdu ki, bu nağıllar bir neçə gün davam edirdi. Onları yadda saxlamaq belə olmurdu. Amma atam həmin nağılları iti hafizısinə həkk etmişdi. Anam bizə kitabları höccələyə-höccələyə oxuyardı. Elə olurdu anamdan əl çəkmirdim ki, mənə kitab oxu. Bax, beləcə, mən kitaba bağlandım. Düşünürəm ki, bu, genetik faktordan da asılıdır. Oxuduqca beynimdə biliklər zənginləşirdi və düşünməyə məcbur olurdum. Nəticədə yazmağa həvəsim artdı. Bu isə yaradıcılıqla nəticələndi. Hətta deyə bilərəm ki, ilk yazdığım şeirin adı “Armud ağacı” idi. “Ədəbiyyat” qəzetində çap olunan ilk şeirim “Bircə söz” idi. Bu şeir “Ədəbiyyat” qəzetində 1955-ci ildə çap olunub.

           
- Gənc vaxtlarınızdan həyat yolunuzu müəyyən edərkən özünüzü yaradıcılıqdamı gördünüz?

           
- Yazmaq və oxumaq mənim daxilimdən gələn bir tələbat və ilahi vergidir deyə düşünürəm. Bəli, özümü yaradıcılıqda gördüm. Buna həvəsim böyük idi və bu yolu seçdim. Bu gün isə bu yolu seçdiyim üçün peşman deyiləm. Əksinə, sevinirəm. Mən, hətta hərbi xidmətdə olmamışam. Çünki fiziki cəhətdən çox zəif idim. Ömrüm boyu heç bir təşkilat və partiyanın üzvü olmadım. Sizə deyə bilərəm ki, məni gənclik illərimdə tədbirlərə dəvət edirdilər, mən isə getmirdim. Hətta bir neçə dəfə kommist partiyasına üzv olmaq üçün mənə müraciət etdilər, amma qəbul etmədim. Yaradıcılığımı hər şeydən üstün tutdum. Sadəcə, yaradıcılığımla məşğul oldum. Bu yolla irəlilədim. Qələmə sarılaraq yazıb-yaratdım. Bu baxımından da özümü başqa sahədə görə bilmədim. Çünki həvəsim olmadı. Mən pul arxasınca yox, həvəsimin arxasınca getdim. Bu yolda öz heykəlimi özüm yaratdım. “Elm və Həyat” jurnalında, bir neçə radio və redaksiyalarda işlədim.

           
- Sizə ən böyük şöhrət qazandıran nə oldu?

           
- Əminliklə deyə bilərəm ki, köməyimə çatan və şöhrət qazandıran beynim oldu. Beynimin sayəsində bu günün Əlisa Nicatı oldum. Kitab və qələmin həyatımda oynadığı rolu danmıram. Gərək nəsə olsun ki, qələmə alıb, kitab çap edərsən. Beynim sayəsində çox uğurlara imza ataraq qalaq-qalaq əsərlər çap etdirdim. Bunu uca Allahın mənə bir hədiyyəsi və lütfü kimi qəbul edirəm. Beynimdə çoxlu fikirlər cəmləşdi və qələmə sarıldım. Bu zaman köməyimə fəlsəfə gəldi. Dünyada ondan gözəl sığınacaq, təsəlli verən nə var? Fəlsəfəyə böyük maraq göstərdim və bu sahədə çoxlu araşdırmalar apardım. Bir sözlə, həvəsim böyük oldu. Hətta elə olub ki, bir aylıq məvacibimi kitab çapına vermişəm. Bununla yanaşı, kitab çap etdirə bilmədiyim vaxtlar da olub. O günlər məni çox üzüb. Mən evimi belə kitab çap etdirmək üçün satdım. Sonradan bu kitablarım mənə qazanc gətirdi və özümə ev ala bildim. Bir sözlə, deyə bilərəm ki, əsas köməyimə beynim, qələmim və yazdığım kitablar gəldi.

           
- Əlisa müəllim, pedaqoji fəaliyyətlə niyə məşğul olmamısınız? Pedaqoji fəaliyyətlə məşğul olmamağı həyatınızda bir səhv kimi qəbul edirsiz?

           
- Bəlkə, hə, bəlkə də, yox. Sizə deyə bilərəm ki, millət vəkili Nizami Cəfərov məni tələbələrə mühazirə demək üşün bir neçə dəfə dəvət edib. Amma müəyyən səbəblərə görə qəbul edə bilmədim. Bəlkə də, getsəm yaxşı olardı. Düşünürəm ki, yazdığım əsərlər oxucu kütləsini tapıbsa, deməli, az da olsa, pedaqoji fəaliyyətim olub.

           


- Siz yaradıcılığınızda fəlsəfə, tarix, ədəbiyyat kimi elmlərə üz tutmusunuz. Bunlardan daha çox hansını sevirsinizz?

           
- Missiyam yazıçılıqdır. Ədəbiyyat, sonra fəlsəfə, tarix, musiqi. Musiqini çox sevirəm və bu sahədə araşdırmalarım olub. Fəlsəfəyə marağım daha çoxdur. Fəlsəfədə Nitşeni daha çox oxudum. Bəlkə, almanlar Nitşeni mənim qədər oxumayıblar. Azərbaycanda fəlsəfə adamları içərisində Mirzə Fətəli Axundova böyük maraq göstərirəm və ona dahi bir insan kimi hörmətim var. Ədəbiyyatda isə daha çox fransız yazıçısı Kafkanı oxuyuram. Tarixi mövzulara yaradıcılığımda ona görə müraciət etdim ki, dünya tarixi ərzində tariximizə, xalqımıza qarşı çox ədalətsizliklər olub. Bu ədalətsizliklər məni yazmağa vadar edib. Bununla yanaşı, türkçülük ənənələrinə olan bağlılıq məni yazmağa sövq edirdi. Elə bunlara görə tarixi mövzularda mənim bir neçə kitablarım işıq üzü gördü. Hətta deyə bilərəm ki, Herodotdan üzü bəri türkçülüyə aid bütün kitabları oxudum. Midiyalıların qədim türk tayfaları olması haqqında da kitab çap etdirdim. Rus tarixçiləri Bartold, Struve və başqa tarixçilər türklərin mövqeyini azaltmaq və onları Avropaya gəlmə olduqlarını qeyd etmək üçün midiyalıların fars olduqlarını yazırlar. Mən isə elmi faktlarla buna qarşı çıxaraq onların türk olmasını və əcdadlarımız olduğunu qeyd edirəm. Tarixin atası Heradot “Tarix” əsərində yazır: “Midiyalılar çörəyə “ipək” deyirdilər ki, bu da dilimizdəki “əpək” sözüdür, həyat yoldaşına “erpad”, “arpad” deyirdilər ki, bu da dilimizdəki “arvad” sözünün özüdür. Belə faktlar çox göstərə bilərəm.

           
- Bəs tarixi romanlar yazmağa sizi sövq edən nə olub?

           
- Öncə deyim ki, biz sovetlərin tərkibində olmuşuq deyə, xalqımıza qarşı ədalətsizlik çox olub. Müasir dövrdə isə gənclərimizin bir çoxunun milli dəyərlərə olan biganəliyi məni çox narahat edir. Tarixi romanları yazmaqla kommunizmdən, ifrat müasirlikdən qaçmağa çalışdım və etirazımı romanlarımla çatdırdım.

           
- Oxucuya sizi sevdirən nədir? Heç bu haqda düşünmüsünüz?

           
-Düzü, bəli, düşünmüşəm. Düşünürəm ki, məni oxucuya sevdirən həqiqətdir. Həqiqətlərim isə sütunsuz deyil. 

           
- Əsərlərinizi necə yazırsınız?

           
- Öncə deyim ki, səs-küyü sevmirəm. Mənim üçün sakitlik əsas şərtdir. Yaradıcılığımı sakit bir otaqda aparıram. Sizə deyə bilərəm ki, Bakıda maşınların səs-küyündən yaza bilmədiyim üçün evimi satıb Masazırda ev aldım. Sakitliyi yaradıcılıq üçün əsas mənbə hesab edirəm. Səs-küy ən dəşətli şeydir.

           
- Ən çox sevdiyiniz əsər hansıdır və sizə hansı şöhrət qazandırıb?

           
- Düşünürəm ki, yazıçı üçün bu ən çətin sualdır. Amma yazıçı özünün əsərlərinin həm də oxucusu olduğu üçün bu seçimi edə bilər. “Artakserks və Midiya türkləri”, “Bülbül və gül” əsərlərimi çox sevirəm və mənə şöhrət qazandıran “Qızılbaşlar” tarixi romanıdır.

           
- Oxuculara nə arzu edirsiz?

           
- Oxucuya oxumaq arzu edirəm.

           
- Sonda gələcək planlarınızdan danışardınız.

           
-Hal-hazırda külliyyatım üzərində işləyirəm.



Söhbətləşdi: Mahmud Əyyub

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü