Modern.az

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

17 Yanvar 2018, 17:00

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
telejurnalist


Sanki dəbə düşüb: saytlar hansı şairi, publisisti, musiqiçini, müğənnini təqdim edirlərsə, adının qarşısına “tanınmış”, “məşhur” sözlərini yazırlar. Xüsusən adamı rəhmətə getmiş şəxslərin böyük əksəriyyəti bu adlarla təqdim olunur ki, bu da başsağlığı verilən şəxsin yersiz təbliğinə xidmət edir, haqlı olaraq narazılıq doğurur.

İş o yerə çatıb ki, yazıçı-publisist yaradıcılığı xarici ölkələrin oxucularına yaxşı tanış olan diplomat, təvazökar insan Xeyrəddin Qoca da bu barədə fikrini  belə açıqlayıb: “Bəlkə onlara “məşhur” yox, “tanınmış” deyək”.

Son dərəcə yumşaq qəlbə malik Xeyrəddin müəllim çox kövrəkdir, heç kimin xətrinə dəyməmək üçün sərt danışmır. Qələminə pərəstiş etdiyim Xeyrəddin müəllimə üz tutaraq (daha doğrusu, bəzi saytların rəhbərlərinə) dostçasına deyirəm: axı, adları Biləcəridən o tərəfə belə keçməyənlərə necə tanınmış deyəsən?! Belə getsə onlara dahi də deyəcəklər, buna inanın! Qabartma təbliğatı durdurmaq lazımdır!


Mən 50 illik jurnalistik fəaliyyətimdə qələmi ilə tanıdığım çox mətbuat fədaisinə məşhur  jurnalist deməkdən həzz alaram (təkcə bu sahəni misal gətirirəm).

Məşhur jurnalist-publisist olar Nəsir İmanquliyev, Qabil İmamverdiyev,  Bəxtiyar Sadıqov, Şamil Şahməmmədov, Nəriman Həsənzadə, Aqşin Babayev, Həsən Həsənov, Yusif Kərimov, Faiq Hüsiyev və başqa bu kimi tanınmışlar. Amma adlarını çəkmək istəmirəm, çoxları saytlarda  tanınmış, məşhur  kimi təqdim edilir - şair də, müğənni də, aktyor da. Yaradıcı insana layiq olduğu ad verilməlidir.


Yeri gəlmişkən bir mövzuya da toxunmaq istəyirəm. Mən dəfələrlə dilimizin qayda-qanunlarının pozulduğu televiziyalar, saytlar haqqında yazmışam, mövzunu təkrarlamaq istəmirəm (halbuki bu da lazımdır).

Dil xətaları bir tərəfə, saytlar əxlaqsız sözlər yazırlar, pornoşəkillər verməklə sanki bəhsə giriblər. Vaxtilə (sovet dövründə) “fahişə”, “cins”, “lüt”, “yarıçılpaq”, “seks” kimi sözlər yazmaq qadağan idi , çox  ciddi ehtiyac olanda bu sözlərin qarşılığını tapıb oxuculara çatdırardıq. Mənə irad tuta bilərlər ki, “bəs sən indi niyə bu sözləri işlədirsən?”. Mən fikrimi çatdırmaq üçün məcburiyyət qarşısında  qaldığım üçün üzr istəyirəm.  Qəribədir, əxlaqsız yazılar yazanların, şəkillər verənlərin evlərində ana-bacıları, qız-gəlinləri yoxdurmu? Mən hələ uşaqları, yeniyetmələri demirəm.


Nə isə... bunlar azmış kimi daha yeni ifadələr də baş alıb gedir: sinə dekoltısi, sinəaltı dekoltə, ayaq dekoltəsi, açıq kürək və s. Belə yazmaq olar! Ayıbdır! 


Rəsmi məlumata görə  Çində  son bir ildə əxlaqsız yazılar, şəkillər dərc edən 13 mindən çox sayt bağlanıb. Görünür, bizdə də belə qadağaya əl atılmalıdır. Bu mübarizəni kim aparmalıdır. Məncə ana-bacı qeyrəti çəkən hər kəs!

Bu yaxınlarda  supermarketlərdə birində tualet kağızı bükülmüş paketin üstündəki yazılara göz gəzdirdim. İstehsalçı ünvanı, dəyəri bilinməyən bu paketin üstündə “ekonomik” sözü vardı. Anlaşılır, yəni “sərfəli, səmərəli. “Naxışlı”, “yumşaq” , “üç qat” sözləri də məhsula uyğun idi. Amma oxuduğum “ətirli” sözünə məəttəl qaldım. Ətirli sabun olar, ətriyyat məhsulları olar, çay olar, bəzi meyvələr olar və s. Daha satılması xətrinə tualet kağızının üstünə “ətirli” (şəkilə baxın) sözünü yazmaq heç bir əndazəyə sığmır. Tualet kağızının ətirli-ətirsiz olması kimə gərəkdir?! 



Milli mentalitetimizə ciddi zərbə vuran bəzi xəbərlərin (qardaş bacını, ata qızını, qaynata gəlinini ...) saytlarda dərc olunması birdəfəlik yığışdırılmalıdır. Milyonda bir hadisəni şişirtmək əxlaqsızlığın təbliği deyilmi? 

Operativ xəbərləri, dilinin təmizliyilə razılaşdığım, daimi oxucusu olduğum Modern.az saytında da onun adına xələl gətirən reklam xarakterli şəkillərə rast gələndə bunu özümə təhqir kimi qəbul edirəm. Bunun hansı zərurətdən irəli gəldiyini deyə bilmərəm və buna görə də bu çox oxunan saytı qınamaq istəmirəm.

Sonda yenə yazının əvvəlinə qayıtmaq istəyirəm: istənilən halda əgər layiqli olmayan şəxslərə tanınmış, məşhur deyiriksə, bu əsl tanınmışlara, məşhurlara hörmətsizlik deyilmi?..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü