Modern.az

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist – Fidan Xəlilzadə... (FOTOLAR)

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist – Fidan Xəlilzadə... (FOTOLAR)

Media

14 İyul 2011, 12:17


Modern.az
portalı xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin silsilə hekayətini davam etdirir. Bu dəfəki yazımız Kərkük türkü ilə evlənərək Avropaya  - İngiltərəyə köçən bakılı jurnalist Fidan Xəlilzadə barəsindədir.  

- Fidan xanım, jurnalistikada çalışanların bir qismi sizi tanıyır, amma tanımayanlar da çoxdur. Özünüz barədə bir qədər geniş məlumat verin.

- Bakıda doğulmuşam, orta təhsilimi də Bakıda almışam. 1999-cu ildə orta məktəbi bitirdikdən sonra təhsil almaq üçün Türkiyəyə getdim. 7 il orda yaşamışam. Atam Dəvəci rayonundan, anam isə Qarabağlıdır.

- Jurnalistikaya gəlməyiniz neçə olub?

- 2006-cı ildə Türkiyədə universitetin kino-televiziya fakültəsini bitirmişəm. Təhsilimi başa vurduqdan sonra Bakıya gəldim. Bir həftə firmalardan birində menecer kimi işlədim. Sonra eşitdim ki, “Space” televiziyasında  səhər verilişinə aparıcı lazımdır, müsabiqə elan ediblər. Atam dedi ki, “get özünü yoxla, dedim hələ təzdir, tələbəlikdən yeni qurtarmışam, məni işə götürməzlər”... Amma getdim. Məni bəyəndilər, bir neçə sınaq çəkilişləri oldu, noyabr ayından işə başladım. Artıq dekabr ayında səhər verlişinin aparıcısı kimi efirə çıxdım. 3 il bu telekanalda işləmişəm, işlədiyim müddət ərzində bir sıra verlişlərin - “Azəri star”, “Banu”, “Səhər” proqramının aparıcısı oldum. Həm də qeyd edim ki, uşaqlıqdan televiziyada çalışmağa marağım olub.

- Necə oldu ki, xariçi vətəndaşla ailə həyatı qurdunuz?

- Həyat yoldaşımla tanışlığımız elə Türkiyədə olmuşdu. Universitet təhsilinin son ayları idi, ailələrimiz tanış oldu, həyat yoldaşım yox idi bu tanışlıq zamanı. Həyat yoldaşımın ailəsi məni o zaman bəyənmişdi və yoldaşıma demişdilər ki, belə bir qız var. Daha sonra, gorusduk. Bu tanışlıqdan sonra mənə evlənmə təklif etdi. Amma üç il bizim tanışlıq müddətimiz olub, telefonla əlaqə saxlamışıq. Bir-birimizi tanıyandan sonra nəhayət ki, ailə həyatı qurmağa qərar verdik.

- Əvvəllər xariçi ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşirdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xariçi vətəndaşla evlənəcəksiniz?

- Sözün dözünü desəm hər zaman deyərdim ki, xariçi vətəndaşla ailə həyatı qurmaram. Həyat yoldaşım xariçi vətəndaş olsa da, özü İraq türkməndir, Kərküklüdür. Mən onu xariçi vətəndaş kimi yox, özümüzünkü kimi qəbul edirəm. Çünki mədəniyyətimiz, dilimiz, həyat tərzimiz, ailə dəyərlərimiz tamamilə eynidir, bu baxımdan  aramızda heç bir fərq yodur. Ona görə, bir çətinliyimiz də olmadı. 

- Evlənmək çətin, həm də məsuliyyətli işdir. Gərək qarşı tərəfi yaxşı tanıyasan. Güclü və zəif yönlərinə bələd olasan. Xariçi vətəndaşla evlənmək qərarı verəndə bunları nəzərə aldınızmı?

- Təbii ki. Üç il danışmışıq. Düzdü, üz-üzə gəlməyimiz elə də çox olmayıb. Daha çox internet və telefon vasitəsilə əlaqə saxlayırdıq. Amma kifayət qədər, bəlkə də üz-üzə gələn insanlardan daha çox danışırdıq. Təbii ki, hər bir insan ailə quranda düşünür. Ailəni bir günlük və ya bir illik qurmursan, bu addımı atanda gələcyini düşünürsən. Bəzi kriteriyalar var ki, onlar bir qadın üçün hər zaman önəm daşımalıdır. Bu kişinin kişiliyidi, onun ailəyə olan münasibətidir. Arxanda güvənə biləcəyin birinin olduğunu hiss etməlisən. Bunların hamısını gördükdən sonra, bəzi sınaqlardan keçdikdən sonra “hə” cavabını vermək mümkün olur. Maddi cəhəti mən heç bir zaman nəzərdə tutmamışam.  

- Hazırda harda yaşayırsınız, nə işlə məşğulsunuz?

- İngiltərənin Mançestr şəhərində yaşayırıq. Asiya adında 10 aylıq bir qızım var, hazırda onu böyütməklə, onun tərbiyəsi ilə məşğulam.  

- Yoldaşınız nə işlə məşğuldur?

- Sərbəst çalışır. 

- Vətəndən xarici ölkəyə getmək, xaricdə yaşamaq sizin üçün çətin olmadı ki?

- 7 il Türkiyədə yaşadığım üçün evdən uzaqda yaşamaq, başqa bir mədəniyyəti görmək mənim üçün ilk deyildi. Buna baxmayaraq, İngiltərədə yaşamaq mənim üçün bir az çətin oldu. Çünki,  oranın mədəniyyəti tam fərqlidir. Həm də mən Azərbaycana çox bağlı bir insan olduğum üçün də darıxıram. Qohumlardan yenidən uzaq düşmək bir az çətin idi,  amma yavaş-yavaş öyrəşirəm.

- Orada yaşayan azərbaycanlılarla əlaqələriniz varmı?

- Yaşadığım şəhərdə heç azərbaycanlı ilə qarşılaşmamışam. Amma Londonda azərbaycanlılar çoxdur. Onlarla da ya o, şəhərə gedəndə əlaqə saxlaya bilirəm, ya da bayramlarda bir-birimizdən xəbər tuturuq, təbrik edirik. Londonda yaşayan azərbaycanlılarla münasibətlərimiz yaxşıdır, eyni yaşam tərzində olduğumuz üçün hər kəsin darıxdığı şeylər eynidir. Bir-birimizin səsini eşidəndə bir anlıq da olsa, özümüzü vətəndə hiss edirik.  

- Xarici vətəndaşla ailə qurmaq istəyinizə ailəniz neçə reaksiya verdi?

- Bizim ailədə heç vaxt deyilməyib ki, kim-kiminlə ailə quracaq və ya hansı işi görəcək. Bəlkə  bu ana-atanın öz övladına olan güvənindən irəli gəlir, verdiyi tərbiyənin nə olduğunu bilir və bilir ki, mənim uşağın nə istəyə, nə edə bilər. Təbii ki, heç bir ata-ana gözü yumulu qızını kiməsə verməz. Mənim də valideynlərim baxdı, danışdılar, razılaşdılar, məndən də son fikir olaraq razı olub-olmadığımı soruşdular. Çünki yaşayacaq olan insan mənəm. Məncə insan özü öz seçimini etməlidir ki, sabah peşiman olmasın və peşiman olduqda da, heç kəsi  günahlandırmasın. Fikirləşsin ki, bunu mən etmişəm və mən də başa çatdırmalıyam. Buna görə də,  ailə qurduqda mən heç bir problemlə qarşılaşmadım.  

- Azərbaycan mediasını izləyirsinizmi, kənardan baxanda hansı çatışmayan cəhətləri görmək olur, bu barədə düşüncələriniz nələrdən ibarətdir?

- Düzdü, bəzən insan bir şeyin içində olanda çatışmayan çəhətlərin fərqinə varmır. İnsanın seçim imkanı çox olmur, xarici media ilə müqayisə edə bilmirsən. Amma kənardan baxanda bu cəhətləri daha aydın hiss etmək mümkündür. Azərbaycan kanallarını izləyirəm.Təbii ki, çatışmayan cəhətlər çoxdur. Mənə elə gəlir ki, bizdə sərbəstlik azdır, verilən sərbəstlik  isə tam və doğru  deyildir. Yəni, biz sərbəstliyə bir az fərqli baxırıq. Sərbəstlik olmalıdır, amma mentalitet, mədəniyyət və həyat tərzimizə uyğun olmayan verlislere də bu gün rast gəlirik. Belə məqamları efirlərdə görmək istəməzdim. Efir mədəniyyətini unuduruq, belə halların şahidi olduqda kədərlənirəm....

Digər bir məqam, bu gün sənətçilər, müğənnilər də özlərinə hörmət etmirlər. Mənə elə gəlir ki, sənətçi elə olmalıdır ki, insanlar onlara əlcatmaz kimi baxsınlar. Bəzən görürsən efirdə etdiyi hərəkətlərlə 35 yaşında bir müğənni 15 yaşında bir uşağın səviyyəsinə düşür. Əgər bir insan özü haqqında yüksək fikirdədirsə, davranışları ilə də bunu sübüt etməlidir. Sənin qarşındakı insan, eləcə də izləyən insan səndən tərbiyəvi nəsə götürə bilsin. Televiziya tərbiyəvi əhəmiyyət daşıdığına görə, bəzi şeyləyə yol verilməməlidir. Pula görə və ya reklama görədir, bilmirəm,  bəzi məqamlar çərcivələndirilmir.

İnternetdə olan xəbər saytları daha məlumatlandırıcıdır, nəinki, televiziyadakı xəbərlər. Daha çox “Day.az”, “Vesti.az”  saytlarını izləyirəm. Mənə elə gəlir ki, xəbər saytlarında işləyən jurnalistlər öz işlərini daha vicdanla yerinə yetirirlər.

- Azərbaycanla əlaqələrin hansı səviyyədir?

- Qohumlarla, tanışlarla demək olar ki, hər gün əlaqə saxlayırıq. İnternetin üstün imkanlarından-skype və MSN-dən yararlanaraq yaxınlarımla danışıram. 

- Bəs jurnalistika üçün necə, darıxmırsınız?

- Bəlkə də hər hansı bir işdə işləmədiyim üçün darıxa bilərəm. Desəm ki, mən bu peşə üçün çox darıxıram, bu yalan olar. Çünki, mən peşəyə gələndə də bilirdim ki, əgər bir ailəm olarsa, əgər bir uşaq böyütməklə qarşılaşaçağamsa, 10 illik, 5 illik, bəlkə də həmişəlik bu peşədən uzaqlaşmaq məcburiyyətində qalacam. Baxmayaraq ki, bu peşəyə böyük həvəslə gəlmişəm.  Çünki, mənə görə, bir qadın üçün ailə, uşaq, onun xöşbəxtliyi, səadəti daha çox önəmlidir, nəinki iş. Bir karyerist üçün bəlkə bu çox böyük bir itki olar, amma mənim üçün belə deyil. İşlədiyim 3 il ərzində doğrudan da zövqlə çalışdım, ən azından ürəyimdə olan həvəsi, arzunu yerinə yetirdim. Təbii ki, bu gün də işləmək istəyərəm, amma uşağın tərbiyəsini fikirləşirəm, onu bu dəqiqə heç kimə verə bilmərəm ki, baxsın. İstəyirəm, onu boya-başa çatdırım, sonra işimi davam etdirim.

- Nə vaxtsa Azərbaycana dönüb burda yaşamaq planlarınız ola bilərmi?

- Düzü belə bir fikrimiz elə ilk gündən var. Bəzi işləri həyata keçirdikdən sonra ola bilər. Mənim ən böyük arzumdur ki, yenidən Bakıda yaşayım.




Sədaqət Süleymanova 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü