Modern.az

“Rəsulzadənin Stalinlə Moskvaya yola salınmasında Nərimanovun razılığı olub” - MÜSAHİBƏ

“Rəsulzadənin Stalinlə Moskvaya yola salınmasında Nərimanovun razılığı olub” - MÜSAHİBƏ

Ədəbi̇yyat

2 Mart 2018, 11:09

İbrahim Xudaverdi oğlu Zeynalov 1954-ci il fevralın 5-də anadan olub və 1971-cı ildə Tovuz rayonu Əyyublu kənd orta məktəbini bitirib. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirib. 1986-cı ildə “Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti” mövzsusunda dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1999-cı ildə “Azərbaycanın iqtisadi və sosial inkişafı (1970-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edibr və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini alıb. Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesorudur.

Modern.az-da İbrahim Zeynalovla müsahibəni təqdim edirik. 

           
- Öncə Çar Rusiyası və Sovet dövlətlərinin Azərbaycan xalqına münasibəti necə olub? Tarix bu haqda bizlərə nələri diqtə edir? Müsahibəmizə bu suallarla başlamaq istərdik.

           
- Hər iki dövrdə Azərbaycan Qərb və Şərq   arasında bir region kimi həm hərbi strateji, həm də körpü rolunu oynayıb. Qərb və Şərq arasında ticarət və digər iqtisadi əlaqələrin həyata keçirilməsində həmçinin xammal mənbəyi kimi zəngin sərvətlərə malik olması Qərbin o cümlədən Rusiyanın maraq dairəsində olub. Çar Rusiyası dövründə (1828-1917) Qafqaz siyasətində Azərbaycanın inzibati ərazisi və idarə olunması bir neçə dəfə pozulmuş, parçala-hökümranlıq et siyasəti həyata keçirilmişdir. Azərbaycan Rusiyanın xammal və satış bazarına çevrilmişdir. Onun iqtisadiyyatı Rusiyanın iqtisadi tələblərinə uyğunlaşdırılmışdır. Bu Çar Rusiyasının müstəmləkəçilik siyasətindən ibarət idi. Burada həm də Azərbaycan xalqına milli, dini münasibətdə müstəmləkəçə xarakteri daşıyırdı. Həm Çar Rusiyası, həm də Sovet İmperiyası dövründə Azərbaycan neftindən mərkəz – yəni, Çar Rusiyası və Moskva bəhrələnmişdir.

           
Sovet İmperiyası dövründə bir qədər fərqlidir. Düzdü, bu dövrdə digər mütəffiq respublikalar kimi Azərbaycanın da siyasi, sosial, iqtisadi hüququları məhdudlaşdırılmışdır. Buda planlı idarəetmədən və hakim millətçilikdən irəli gəlirdi. Bütün bunlarla yanaşı Sovetlər dövründə Azərbaycanda tərəqqini də inkar etmək olmaz. Bu dövrdə Azərbaycanda elmin, təhsilin, maarifin, milli mədəniyyətin inkişafında böyük irəliləyişlər olub. Xüsusilə, 50-ci illərdə, 70-ci illərdə və 80-ci illərin əvvələrində Azərbaycan inkişafın bütün sahələrində, xüsuilə milli iqtisai strukturun yaradılmasında, istehsalın ixtisaslaşdırılmasında, neft sənayesində, milli kadrların və müasir istehsal sahələrinin yetişdirilməsində böyük uğurlar əldə edilib.

           
Həm Çar Rusiyası, həm də Sovet dövründə Azərbaycan xalqı milli azadlıq hərəkatının 4-cü dövrünü (1920-1991) yaşamışdır. Nəhayət ki, Azərbaycan xalqının əsl müstəqil dövləti 1991-ci ildə qurulmuşdur. Bu dövlətin qurulmasının və möhkəmləndirilməsinin memarı ulu öndər Heydər Əliyevdir. Hazırda isə ulu öndərin bütün sahələrdə təcrübəsini layiqincə mənimsəyən Prezidentimiz İlham Əliyev bu uğurlu siyasəti davam etdirir.

           
- Azərbaycan cəmiyyətində Mir Cəfər Bağırova yüksək səviyyədə maraq var. Şübhəsiz ki, həmin dövrün özü çox qəribəlidir. Bağırov dönəmində Azərbaycan tarixi üçün çox ciddi hadisələr baş verdi. Bu kontekstdə, Bağırovun siyasi səhnəyə gəlişindən söhbət açardız.

           
- Azərbaycan tarixində şəxsiyyətlər çoxdur. Onların bir çoxunu tarixin özü yetişdirsə də, öz fəaliyyətləri ilə tarixin özünü də yaradanlar az olmamışdır. Hər bir tarixi dövr öz şəxsiyyətini yetişdirmişdir. Mir Cəfər Bağırovda Azərbaycan xalqının tarixinə çevrilmiş şəxsiyyətlərdən biridir.

           
Sizə deyim ki, Bağırovun tərcümeyi-halı ziddiyyətlidir. Quba qəzasındakı Bağırovlar tərcümeyi-hallarına görə bir neçə qrupa ayrılırlar. Onlardan biri də haqqında söhbət açdığımız Mir Cəfər Bağırovun tərcümeyi-halıdır. Biz Bağırovun şəxsi sənədlərində də ziddiyyətli faktlara rast gəlirik. Onun doğum tarixi sənədlərinin birində 1895-ci il, bəzisində isə 1896-cı il göstərilir. Hətta, onun ayrı-ayrı sənədlərin sonundakı imzaları, kolliqrafik xətləri bir-birindən fərqlənir. Bunlar Bağırovun şəxsi sənədlərinin bir neçə dəfə dəyişdiyini göstərir. Bağırov Quba qəzasında Mir Abbas kişinin ailəsində dünyaya gəlib. Bağırov atası Abbas kişini və anası Yaxşı xanımı tez itirir.

           
İlk təhsilini müsəlman ruhani məktəbində alır. Quba orta məktəbini bitirmişdir. Daha sonra 1913-1915-ci illərdə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Bağırov 1915-ci ildən başlayaraq Xudatda, sonra Nəcəf kəndində müəllim işləyir. Bir müddət sonra Quba qəzasının 2 illik yəhudi ibtidai məktəbinə göndərilir. Beləcə Bağırovun fəaliyyəti Qubada tanınmış Əlibəy Zizinskinin diqqətini cəlb edir. Bunlar birlikdə silahlı qüvvələrin təşkilində mühüm rol oynamışlar. Yəni Qubada müsəlmanları qıran erməni Hamazapsın quldurlarına qarşı vuruşmuşlar. Zaman keçdikcə Bağırov öz bacarıq və qabiliyyəti ilə Əlibəy Zizinskinin etibarını qazanır. Onlar 1918-ci ilə kimi AXC qurulana qədər Qubada erməni Hamazapsın quldurlarına qarşı vuruşmuşlar.  

           
Faktlar göstərir ki, Bağırov əksinqlabi fəaliyyətə 1917-ci ildən sonra başlayır. Bağırovun bolşeviklərlə əlaqəsi elə bu illərdə, Qubada erməni quldurlarına qarşı mübarizə apardığı illərdə başlayır. Onun tərcümeyi-halı kimi fəaliyyəti də ziddiyyətlidir. Belə ki, 1918-ci ildə Bağırov ermənilərə qarşı Əlibəylə birgə vuruşduğu halda, həmin ilin mayında Qubanı bolşeviklərlə birgə tərk edir. Həm də məxfi sənədlərdə Bağırov “Hümmət” təşkilatının bolşevik qanadının üzvü olduğu göstərilir. Hətta Bağırovun bolşevik partiyasının üzvü olması məsələsi də mübahisəlidir. Bəzi sənədlərdə Mir Cəfərin 1917-ci ildən buraya üzv olunduğu göstərilir, bəzən isə bu başqa sənədlərdə inkar edilir.

           
- Sizin “Totalitar sovet cəmiyyəti: Tarixin ibrət dəsrləri (Azərbaycan SSR XX əsrin 20-50-ci illərində)” kitabınız ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bu kitabda Bağırova geniş bir fəsildə ayırıbsız. Maraqlıdır ki, bir alim kimi Mir Cəfər Bağırovun fəaliyətini necə qiymətləndirərdiz?

           
- Hazırda Mir Cəfər Bağırovun xüsusilə Azərbaycana rəhbərlik etdiyi 1933-1953-cü illərdəki hakimiyyət dövründə baş verən ictimai-siyasi hadisələrlə bağlı ziddiyyətli fikirlər söylənilir və yazılır. Lakin elə fikirlər var ki, o obyektiv deyil və həqiqətə uyğun gəlmir. Xüsusilə Mir Cəfər Bağırovu repressiyalarla bağlı ittiham edirlər. Başa düşmək lazımdır ki, bu “hərəkat” bütün imperiya ərazisində baş verən prosesdir. Düzdü, bu prosesin Azərbaycanda daha geniş və həqiqətdən uzaq ittihamlarla həyata keçirilməsində Mir Cəfər Bağırovun rolu az olmamışdır. Hansı ki, özünün məhkəmə prosesində bunu etiraf etmişdir. Və buda daha çox onun milli kadrlara düzgün olmayan münasibətinin, həmçinin xalqın taleyinin qeyri-azərbaycanlı – xüsudilə erməni və ermənipərəst hüquq mühafizə və təhlükəsiszlik orqanlarına tapşırılmasından irəli gəlirdi. Digər xırda dövrün tələblərindən irəli gələn nöqsanları və səhvləridə az olmamışdır.

           
Bəs onun fəaliyyətində müsbət cəhətləri kimlərin ayağına yazaq? Məsələn, II Dünya müharibəsi illərində milli diviziyaların yaradılması, müharibənin ilk vaxtlarında rus dilini bilməyən azərbaycanlı hərbiçilərin qeyri-azərbaycanlı komandirlər tərəfindən yerindəcə güllələnməsinin qarşısının alınmasını, həttta general Sergey Xuruşşovun ordu qarşısında Stalin tərəfindən güllələnməsini, Azərbaycanın deportasiya edilməsi haqqında Stalinin qərarının ləğv edilməsini, Cənubi Azərbaycanda milli azadlıq hərəkatına (1941-1946), orada Milli Hökumətin qurulmasına yardımı, müharibədən dərhal sonra Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Stalin-Mikoyan planın pozulmasını və digər bu kimi müsbət, cəsarətli addımları və tədbirləri necə unutmaq olar? Ona görə də tarixi şəxsiyyətlərin fəaliyyətini obyektiv və olduğu kimi qiymətləndirmək lazımdır. Qoy gələcək nəsil Azərbaycanın tarixində mövcud olan tarixi şəxsiyyətlərin keçdiyi yolu bu yolda toplanan müsbət və mənfi təcrübəni düzgün öyrənib ibrət dərsi götürsünlər.

           
- Maraqlıdır ki, Beriya və Bağırov birliyi uzun müddət tarixşünaslığımızda müzakirə obyektidir. Bu iki tarixi şəxsiyyətin yaxınlaşması həqiqətən diqqətdən kənarda qalmır. Bunların əlaqələri sona kimi davam edir. Bizə bu əlaqələrin tarixçəsindən söhbət açardız.

           
- Bir dəfə Beriya Tiflisdən qaçır. Lakin Azərbaycan Fövqalədə İdarəsi tərəfindən tutulur. Bağırov isə Azərbaycan Fövqalədə İdarəsinə rəhbər keçən kimi Beriyanı azad edir və onu Fövqalədə İdarənin Təsərrüfat müdiri təyin edir. Daha sonra Bağırov Beriyanı gizli siyasi şöbənin rəisi və Azərbaycan Siyasi İdarəsinin rəis müavini vəzifələrinə çəkir.

           
Sonralar 1938-ci ildə Beriya SSRİ XDİ komissarı təyin ediləndə müavini Melkumova göstəriş verir ki, Bakı zirzəmilərinin birində saxlanılan və onun haqqında olan sənədləri Moskvaya gətirsin. Beləcə bu sənədlər məhv edilir və Bağırov-Beriya cütlüyü yaranır. Onlar keçmişlərinə aid olan bütün sənədləri və insanları məhv edirlər. Bir-birlərinə kömək olaraq vəzifədən-vəzifəyə qalxırlar.

           
1927-ci ildə Bağırov partiya cəzası alır və Azərbaycandan qovulur, lakin Beriyanın köməyi ilə yenidən Azərbaycana qaytarılır. Stalinlə sıx əlaqəsi olan Beriya 1932-ci ildə Bağırovu Azərbaycan Xalq Komissarları Sovetinin sədri, 1933-cü ildə isə Azərbaycan Kominist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin I katibi seçilir.

           
- Ümumiyyətlə, Azərbaycan tarixinin XX əsrin 20-ci illəri maraqlı hadisələrlə yanaşı, tarixi şəxsiyyətlərin formalaşması baxımından da maraqlıdır. Burada biz Nəriman Nərimanovun adını xüsusi qeyd edə bilərik. Oxucu üçündə maraqlı olardı ki, Bağırov və Nərimanov yaxınlaşması və münasibbətləri necə formalaşdı?

           
- 1920-ci ildə Bağırov və Nərimanov arasında çox sıx əlaqə yaranır. Nərmanov səhədi ilə bağlı Həştərxanda olarkən Mir Cəfərlə ilk görüşləri baş verir. Çox güman ki, Bağırovun bolşevizmə yuvarlanmasında Nərimanovun rolu olmuşdur. Belə ki, 1919-cu ildə Həştərxanda fəaliyyət göstərən Müsəlman təşkilatının qərarı ilə Mir Cəfər Bağırov müsəlmanlardan təşkil olunmuş polkun hərbi komissarı təyin olunur. 1919-cu ilin avqustunda XI Qırmızı ordunun hərbi şurasının qərarı ilə əvvəlcə Həştərxan atıcı birqadasının, sonra III birqadanın və 34-cü diviziyanın hərbi komissarı olur. 1920-ci ilin aprelində Bağırov Azərbaycana qayıdır və Azərbaycan K(b)P MK-nin qərarı ilə Qarabağa göndərilir və orada Sovet rejiminə qarşı baş verən üsyanların yatırılmasında iştirak edir. Sonra Nərimanovun göstərişi ilə Azərbaycanda milli ordunun bölmələrinin təşkili ilə məşğul olur.

           
Nərmanov təkcə iqlabçı-bolşevik deyil, o, həm də Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri, yazıçı, publisist, həm də ixtisasça həkim idi. Onun da mübarizə yolu Azərbaycanın müstəqilliyi uğrunda mübarizə yolu idi. Amma bu fərqli və yalnış yol idi. Hansıki o bunu ömrünün sonuna yaxın dərk etmiş və kiçik yaşlı oğlu Nəcəfə məktub vasitəsi ilə etiraf edib. Azərbaycanda elmin, mədəniyyətin, təhsilin tərəqqisində az rol oynamayıb. Həmçinin onun Dağlıq Qarabağ məsələsinin (1921-1923) Azərbaycanın xeyirinə həll edilməsində mühüm rol oynayıb. Hətta Məhəmməd Əmin Rəsulzadənin həpsxanadan azad edilib Stalinlə bir vaqonda Moskvaya yola salınmasında Nərmanovun razılığı və qərarı olub. Və yola salmada şəxsən özü iştirak edib. Bu onların bir-birinə isti münasibətindən irəli gəlirdi, onların hər ikisi başa düşürdü ki, müxtəlif yollarla olsada onlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırlar.

           
- Tarixi kitablarda Stalinin ölümü ilə bağlı müxtəlif səbəblər göstərilir. Tarixçilər arasında da mübahisələr çoxdur. Həqiqətən Stalinin ölümünü tarix və sənədlər necə nəql edir?

           
- Bu haqda ziddiyyətli fikirlər çoxdur. Lakin əsl həqiqət ondan ibarətdir ki, 1953-cü ilin fevralın sön günü – Svetlananın ad günü olub. Svetlana Stalinin qızıdır. Ad günü martın 1-i səhər saat 4-ə kimi davam edir. Qonaqlar səhər 4-6 radələrində dağılışırlar. Stalinin mühafizə xidmətinin rəhbərinin məlumatına görə: - Həmişə saat 11-də yuxudan oyanan Stalindən həmin gün axşam saat 6-ya qədər xəbər olmayıb. Çox maraqlıdır ki, bu müddətə kimi mühafizə xidməti narahat olmayıb. Yalnız MK-dan məktub gətirən şəxsin Stalin olan otağa daxil olmasından istifadə edən mühafizəçilər də Stalin olan otağa daxil olurlar. Onlar Stalini döşəməyə arxası üstə yıxılan görüblər. Mühafizə əməkdaşları Dövlət Təhlükəsizlik Naziri general-mayor İqnatyevə zəng ediblər. Gecə bağ evinə birinci Xruşşov, sonra Bulqanin, daha sonra isə Beriya və Malenkov gəlirlər. Martın 2-də isə Səhiyyə naziri Tretyakov gəlib. Stalinin vəziyyətinə tibbi baxış martın 2-də saat 7-də keçirilir. Hipertonik- xəstəlik əsasında ümumi ateroskleroz, beyin zədələnməsi və s. diaqnoz qoyulur. Araşıdrmalar göstərir ki, Stalinə vaxtında tibbi yardım göstərilməyib. Molotov xatırlayır ki, Beriya Stalinin dəfni zamanı 1953-cü ilin martın 9-da tirbunadan deyib: “Mən onu aradan götürdüm. Mən sizin hamınızı xilas etdim”. Həmin vaxtlar Beriya Stalinin varisi kimi qəbul olunurdu.

           
Stalinə qarşı qətil martın 1-dən 2-nə keçən gecə rəhbəri tibbi yardımdan mərhum edildiyi zaman həyata keçirilib. Və martın 3-də Konsilium Stalinin öldüyünü bildirdi. Dərhal bağda müvəqqəti hakimiyyət bölgüsü aparıldı. Maraqlıdır ki, Stalinin qan və sidik analizinin ilkin nəticələrini həkimlərə martın 3-də vermişdilər. Artıq gec idi və zəhər bütün orqana yayılaraq orqanları sıradan çıxarmışdı. Həkimlər bir daha onun zəhərlənidyini dedilər.

 

Söhbəti qələmə aldı: Mahmud Əyyub

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü