Modern.az

“Bizimkilər": - “Şərq”in GƏNCLƏRİ: “Rəhbərlik sağ olsun, bütün nazımıza dözür” - FOTOLAR

“Bizimkilər

Media

19 İyul 2018, 09:56

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Şərq” qəzetinin redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.


“İstənilən həcmdə yazının  asanlıqla öhdəsindən gəlirəm”


Qəzetin gənc əməkdaşı  Şəymən Bayramova uşaq vaxtlarından jurnalist olmaq istəyib:


“Amma sözün düzü,  o vaxtlar televiziya jurnalistikasına daha həvəsli idim. Ceyran Rəhimovanı çox sevirdim. Tay-tuşlarımla oynayanda  lampanı özüm üçün mikrofon edib “Sən bir nəğməsən” verilişi aparırdım. Hətta dəvətnamə konvertlərindən özüm üçün zərf düzəldib içərisinə mahnı sözləri də qoymuşdum. Həmin verilişin forması bu cür idi. Bir ara evdən jurnalist olmağıma  icazə vermədilər ki, qızsan, olmaz. On birinci sinifdə oxuyanda Akif müəllim (Akif Aşırlı yaxın qohumumdur)  atamla danışdı və mən sənədlərimi jurnalistikaya verdim. Elə birinci kursun yanvar ayından qəzetdə işə başladım.  Yeni işə başlayanda  çox tərəddüd edirdim. Heç 18 yaşım tamam olmamışdı. Qəzetin  stajlı əməkdaşlarına qiptə edirdim ki, bir günə 4-5 iri həcmli yazıları necə yazırlar.  Mən cəmi 7-8 cümlədən ibarət xəbər yazır, ya da rəsmi dövlət qurumlarının yaydığı xəbərləri hazırlayırdım. Amma  indi istənilən mövzuda, istənilən həcmdə yazının çox asanlıqla öhdəsindən gəlirəm”.


“İş olmayan günlərdə belə “Şərq” üçün darıxıram”

Ş.Bayramova  jurnalistika fəaliyyətinə əməkdaşı olduğu “Şərq” qəzetindən başlayıb:

“9 ilə yaxındır ki, burada işləyirəm. Elə bir ciddi çətinliyim olmayıb. Sadəcə olaraq bəzən müsahib tapmaq, rəsmi qurumların mətbuat katiblərini axtarmaq adamı yorur və əsəbləşdirir. Əsas odur, sevdiyim işlə məşğulam və özümü jurnalistikadan başqa bir sahədə təsəvvür belə etmirəm. Düzü, heç “Şərq”dən başqa hansısa bir qurumda çalışacağımı da zənn etmirəm. Uzağı 3 günə məni ya qovarlar, ya da özüm ərizə yazıb çıxaram. “Şərq” qəzetinin rəhbərliyi və əməkdaşları sağ olsunlar bütün kaprizlərimə dözür, nazımı çəkirlər. Buranı ikinci evim bilirəm, hətta iş olmayan günlərdə belə “Şərq” üçün darıxıram.  Bütün çətinliklərə, sosial qayğılara rəğmən günümüz çox maraqlı və əyləncəli keçir”.

Müsahibimiz  jurnalistika ilə bağlı arzularından da söz açıb:

“Hazırkı fəaliyyətimin necə olduğunu deyə bilmərəm. Bunu qəzetin rəhbərliyi, əməkdaşlıq etdiyim ictimaiyyət üzvləri, siyasətçilər və “Şərq”in oxucuları dəyərləndirə bilər. Hər gün işimə gəlib mövzularımı  seçib, yazımı yazıram. Daha çox sosial, bəzən də iqtisadi və siyasi mövzulardan yazıram. 

Sözün düzü, gələcəklə bağlı o qədər də iddialı biri deyiləm. Bu gün üçün yaşayıram və elə bir ciddi planım yoxdur. Allah nə versə, qəbuldur.  Arzu edirəm ki, Azərbaycan mətbuatında yüksək zirvədə olan bir qəzet kimi “Şərq”in uğurları davam etsin. “Şərq”in uğuru elə mənim uğurum deməkdir”.

“İçimdəki jurnalistika sevgisi məni bu sahəyə çəkdi”


Aysel Aslan  
düşünür  ki,  əslində, aktiv, çox suallar verən, uşaqlıqdan müxtəlif şeylərə, baş verən hadisələrə böyük maraqla yanaşan hər kəsin içində bir jurnalist olmaq sevgisi yaranır:

“Uşaqlıqdan jurnalistikaya marağım olduğunu gizlətmirəm. Amma ali təhsilimi jurnalistika üzrə davam etdirmədim. Bunun da maraqlı səbəbi var. Həmişə düşünürdüm ki, bacarığım varsa, hansı sahə üzrə təhsil almağımdan asılı olmayaraq, jurnalistikaya addım ata bilərəm. Seçdiyim ixtisas – politologiya da həm jurnalistikaya yaxın, həm də mənim üçün bir az da maraqlı sahə olduğuna görə, politoloq olmağı qərara almışdım. Amma bir deyimimiz var: niyyətin hara, mənzilin ora. Mənim içimdəki jurnalistika sevgisi yenə məni bu sahəyə çəkdi.

İlk addımlarda hansı sahəyə üz tutsan, fərqi yoxdur, hər kəsin çətinlikləri olur. Mən ilk olaraq, jurnalistika təcrübəsi keçmək üçün “Şərq” qəzetinə müraciət etmişdim. Tələbə idim onda. Təbii ki, daha çətin oldu mənim üçün. Həm maddi, həm mənəvi, həm də zaman qıtlığı baxımından problemlər yaşayırdım. Amma sizə bir söz də deyim, çətinliksiz, əziyyətsiz həyatda yaxşı heç nə başa gəlmir. Üstəlik, nail olmaq istədiklərinə əziyyətlə çatanda daha fərqli nailiyyət olur. Buna görə, hər zaman əldə etdiklərimin qiymətini daha yaxşı anlayacağımı bildiyim üçün əziyyətdən çəkinməmişəm”.

““Şərq” əsl məktəbdir”

Müsahibimiz artıq üç ilə yaxındır jurnalist kimi fəaliyyət göstərir:

“Doğma redaksiyam olan “Şərq” qəzetində... Onu qeyd edim ki, “Şərq” əsl məktəbdir. Yuxarıda dediyim kimi, çətinliklərim də olub, amma burada öyrəndiklərim daha çoxdur.

Son ilə qədər reallaşdırmaq istədiyim arzum jurnalistika üzrə magistr təhsili almaq idi. Nəhayət, bu il istəyimə çatdım və artıq, Bakı Dövlət Universitetinin tələbəsiyəm. Qarşımdakı məqsədlərim hələlik beynəlxalq jurnalistika üzrə biliklərimi artırmaq, əlavə xarici dil öyrənmək və jurnalistika sahəsi üzrə davam etməkdir. Arzular tükənmir və bir də görürsən ki, zəncirlə bir – birinə pərçimlənib. Jurnalist olmaqla kifayətlənmək istəmirəm, bu sahənin ayrılmaz altıncı hissi olan – xəbər duyumu hissimi də inkişaf etdirməyə, bir istiqamət üzrə özümü yetişdirməyə çalışıram”.


““Mən peşəkaram”- deyib arxayınlaşmaq düzgün deyil”

“Şərq”in digər əməkdaşı Yeganə Bayramova deyir ki,jurnalistikaya olan marağı 3-4-cü kursda oxuyan zaman yaranıb:

“Uşaqlığımdan jurnalistika barədə düşünmüşəm desəm, yalan olar. Universitet vaxtlarında jurnalistika fakültəsində oxuyan tanışlarım var idi. Onlarla görüş zamanı danışdıqları, məndə jurnalistikaya maraq oyatdı. O zaman tam qərar verdim ki, jurnalist kimi çalışacam. Təbii ki, hər bir işdə çətinliklər var. İşə ilk başlayanda mənim də çətinliklərim olub, indi də olur. Çünki, 2 ildir bu sahədəyəm və “mən peşəkaram”- deyib arxayınlaşmaq, məncə, düzgün deyil. Daim yeni şeylər öyrənmək lazımdı. Xüsusilə jurnalistika elə bir sahədir ki, hər zaman məlumatlı olmalısan, bütün sahələr üzrə az da olsa müəyyən bilgilərə yiyələnməlisən”.

“Bu mövzu ilə bağlı geniş araşdırma yazısı yazmaq istəyirəm”

Y.Bayramova  çətinlikləri ilə yanaşı, gələcək arzularından da söz açıb:

“İlk günlərdə ən böyük çətinliyim mövzuya girişi uzun-uzadı yazmağım olurdu. Halbuki jurnalistika qısa və lakonikliyi, dəqiqliyi sevir. Zaman-zaman bu xüsusiyyətimi aradan qaldırmağa çalışdım. İlk gündən bəri daha çox sosial mövzular yazmışam. Hazırda da sosial yazar kimi fəaliyyət göstərirəm. Cəmiyyətdə baş verən hadisələri təhlil etmək, ekspertlərin də bu sahədə fikirlərini öyrənmək həmişə diqqətimi çəkib.

Təəssüf ki, cəmiyyətimizdə qadınlara qarşı zorakılıq halları olur. Hələ də öz hüquqlarını bilməyən qadınlar var. Buna görə də xoşagəlməz hallar yaşanır və nəticə acılı olur. Bu mövzu ilə bağlı geniş araşdırma yazısı yazmaq istəyirəm. İnanmıram ki,  bu zaman xoşagəlməz hallar aradan qalxsın. Amma sadəcə bir arzudu bu…”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü