Modern.az

Elbəyi Həsənlidən Eynulla Fətullayevə sərt İTTİHAMLAR - "... o sağ ikən öldü..."

Elbəyi Həsənlidən Eynulla Fətullayevə sərt İTTİHAMLAR - "... o sağ ikən öldü..."

Media

1 May 2012, 18:18

“Yeni Müsavat” qəzetinin mühacirətdə yaşayan sabiq əməkdaşı Elbəyi Həsənli Modern.az saytına göndərdiyi “Transformasiya” adlı yazısında jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevin ünvanına kəskin ittihamlarla çıxış edib

Modern.az Elbəyi Həsənlinin yazısını təqdim edir:

Transformasiya

8 ildir ki, İsveçrədə siyasi mühacir kimi yaşayıram. Bu müddətdə Azərbaycanda üsul-idarədən başqa çox şey dəyişdi. Müxalifətdə qoyub gəldiklərimin neçəsi indi iqtidar düşərgəsində külüng çalır. Həyatda məni heyrətləndirəcək bir şey qalmayıb. Bəlli dəyərlərin burulğanında dövr edən Azərbaycan adlı səhnədə baş verən prosesləri kənardan izləyirəm. Tüfəngi götürüb qarşı tərəfə keçərək xalqa divan tutanlarla həmrəy olmağa gedənləri görəndə təəssüflə “bu da belə getdi” demişəm. Amma əleyhlərinə heç bir sətir də yazmamışam. Düşünmüşəm ki, həyatının axarını süni şəkildə dəyişən birisi özü-özünü edam edibsə, beləsinə acımaqdan başqa bir şey qalmayır...

“Millətlər topla, tüfənglə, ordularla, uçaqlarla yıxılmaz. Millətin ayrı-ayrı fərdləri arasında bağlar qırılanda, hər kəs kəndi başına çarə axtaranda, kəndi mənfəətlərini təmin etmək sevdasına düşəndə millət yıxılır”. Bax indi Azərbaycan böyük Mehmet Akif  Ersoyun bəhs etdiyi dövrü yaşayır. Azəri övladları toplum olaraq yox, fərd olaraq rejimin yaratdığı cəhənnəmdən xilas olmağa çalışırlar... Elə bu səbəbdən də dünənə kimi xalqın nəzərində Koroğlu kimi görünən birisinin müəyyən təmənnaya görə Keçəl Həmzə olmağa razılaşmasına faciəli transformasiya kimi baxmışam...

Vurğulamaq istərdim ki, hətta əleyhimə təhqiramiz şeylər yazan həmkarlarıma indiyə kimi bir dəfə də cavab verməmişəm. Qələm əhlinin bir-birinin qabırğasına döşəməsini yolverilməz saymışam...

Amma günlərin birində gözəlim Azərbaycanda elə bir hadisə baş verdi ki...

Bir neçə gün öncə “Vətəninfo”ya kiçik bir müsahibə vermişdim. Həmin yazı 15 ildən artıq əməkdaşlıq etdiyim “Yeni Müsavat”ın elektron variantında da olduğu kimi getdi. Bir neçə saat sonra müsahibənin sonluğu müəmmalı şəkildə mətndən çıxarıldı...

İxtisar olunmuş hissə beləydi: “İmkan olsaydı Eynulla Fətullayevlə görüşərdim (Bakıda) və onun gözlərinə baxardım. Görərdim ki, dostunu bir qarın çörəyə satmağın agırlığını o gözlər necə yaşayır... Kaş o da mənim kimi İsveçrəyə gəlib tualet təmizləyəydi. Amma Elmar kimi oğulun ruhuna xəyanət etməyəydi...”.

Aydındır ki, bu, Fətullayevi hərəkətə gətirib. Nəticədə Rauf bəy odla-su arasında qalıb. Baş redaktor da sonda güzəştə getməli olub...

E.Fətullayev maşallah, sağ-salamatdır. Allah can sağlığı versin. Elmar Hüseynovsa siyasi terrorun qurbanıdır. Bu dünyanı kimsə tutub durası deyil. Bəs o dünyada qələm əhli olaraq biz Elmara nə deyəcəyik? Deyəcəyik ki, ”üz-üzdən utabdığına görə” biz həqiqəti ört-basdır etməli olduq? Deyəcəyik ki, hər il məzarının başına toplaşıb qəmlənsək də, o dünyada sənin haqqını qoruya bilmədik? Əminəm ki, bu məsələ ilə bağlı sualları bizə Elmar verməsə də, kimsə hökmən verəcək...

Onu da deyim ki, mən rəhmətliklə cəmi 2-3 dəfə görüşmüşəm. Aramızdakı münasibətlər kef-əhval tutmaqdan o yana getməyib.Azərbaycanda elə adamlar var ki, onlarla heç vaxt şəxsi münasibətim olmayıb. Amma həmin adamları özümə dost bilmişəm. Amma Elmarla Eynullanın arasından heç su da keçməyib. İndisə onların arasında təkcə ölüm yox, həm də dağlar var...

Yuli Sezar deyirdi ki, elə adamlar var ki, həyatda bir neçə dəfə ölür. E.Fətullayev də belələrindən oldu.

Təsəvvür edin, o, həbsdən çıxanda nə qədər insan sevindi. Azərbaycanda az qala hər ailə onu özününkü bilirdi. İndi o sevinci məyusluq evəz edib...

Azad olandan az sonra bəlli oldu ki, bizim sevdiyimiz və inandığımız Eynulla zindanda dünyasını dəyişib...

Vaxt gələcək Elmarın oğlu Aslan böyüyəcək və bir gün qəfil Eynullanın yolunun üstünə çıxacaq. Onda Eynulla həyatda sağ ikən bir də öləcək. Və belə Sezar deyən ölümlərin neçəsini yalnız o özü duyacaq...

İndisə o, Siyavuş Novruzov kimi danışır. Eyni tonda iqtidarın törətdiyi qanunsuzluqları müdafiə edir. ”Lazım gəlsə” bir vaxtlar siyasi məhbus olduğunu da inkar edər. Şərlə boynuna yüklənmiş narkotik ittihamını da “boynuna alar”.

Həyatdakı missiyasının ziddinə yaşamağa məhkum olan E.Fətullayevin bu üsul-idarəyə  səmimi olaraq qulluq etməsinə zərrə qədər inanmıram. Adam ona bu qədər zülm edən birisini sevə bilməz. Olsa-olsa ondan qorxa bilər...

Məncə, E.Fətullayevin indiki rejumlə apardığı mübarizədən məğlubiyyətlə çıxması bizim hər birimizə şamil edilməlidir. O da etiraf olunmalıdır ki, E.Fətullayev həbsdə olarkən gərəkən səviyyədə müdafiə olunmadı...

Şəxsən mən onunla bağlı bir dəfə “Prezidentə etiraz” adlı göşə yazısından başqa bir şey etməmişəm. Halbuki, o, illərlə həbsdə qaldı. Düşünürəm ki, onun müdafiəsi ilə bağlı bizlər bir qədər də ardıcıl olsaydıq, E.Fətullayev həyatda bir neçə dəfə ölənlər sırasına düşməzdi...

Sonda onu da deyim ki, fərd olaraq rejumlə mübarizədə sınana qədər bu dünyada var olmuş E.Fətullayev qarşısında baş əyirəm. İndi ortalıqda olan E.Fətullayevsə mənim üçün yüz ilin ölüsündən başqa bir şey deyil...

Mövlana deyirdi ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Bəla orasındadır ki, E.Fətullayev olduğu kimi görünmək istəmir. O da bir çox girdirmə “müxalifət” partiyalarının sədrləri kimi, ”nala-mıxa vuran” ziyalılar kimi.., artistlik eləməyə üstünlük verir. Mövlana onu da demişdi ki, insan kim olduğunu bilmək istərsə, kimləri sevdiyinə baxsın. Haçansa Eynulla zülm içində əzilənlərin yanındaydı, indisə zülmkarlarla bir xorda oxuyur...

Bir vaxtlar bu dünyada mükəmməl qələm sahibi olan iki dost vardi. Onlardan biri ölümündən sonra Azərbaycan jurnalistikasının rəşadət rəmzinə çevrildi. Ölsə də xalqın yaddaşında diri qaldı. Digəri isə sağ ikən öldü...

Allah şeytana lənət eləsin....

Elbəyi Həsənli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü