Modern.az

Tanınmış telerejissor: “Kim dedi ki, mən tənhayam...?” - MÜSAHİBƏ

Tanınmış telerejissor: “Kim dedi ki, mən tənhayam...?” - MÜSAHİBƏ

Mədəni̇yyət

12 İyun 2012, 10:03

Mehriban Ələkbərzadə: “Rəsmi şəkildə olan, rəsmi şəkildə də bitdi və nə yaxşı ki, bitdi!


Modern.az s
aytının “Güzgü” layihəsinin qonağı rejissor, jurnalist-tədqiqatçı Mehriban Ələkbərzadədir. Bu xanım suallara tam güzgü əksi kimi cavab verməyə söz verdi. Beləcə, həqiqət axtarışına çıxmaq və real güzgüyə baxmaq üçün yola rəvan olduq.

– Bir zamanlar sizi efir məkanında tez-tez görürdük, amma indi sanki o nəhəng okeanın dalğası sakitcə bir qırağa çəkilib. Bəs, o zamandan bu yana nələr dəyişdi, nələr qırıldı ki, efirdən uzaq düşdünüz? Bir də belə bir ehtimal var ki, siz  belə bir layihə ilə tamaşaçıları salamlayasınız ?

– Əvvəllər telekanalda çalışırdım və  efir məkanında görünmək də haradasa mənim vəzifəm idi. Hərçənd mən bədii rəhbər, sonra Müəllif Proqramları Departamentinin direktoru idim və mən bir az fərqli də çalışa bilərdim. Amma axı o vaxt mənim içimdə qarşısı alınmaz istəklərim, iddialarım, layihələrim çox idi. “Tarixin son günü” isə TV-də son layihəm idi. Düzdür, sonralar “1918 mart hadisələri, yaxud Qara Oyunlar” kimi geniş miqyaslı 3 seriyalı tarixi sənədli-bədii filmi (kinostudiyada) və ”Yazılmış Tarix” 10 seriyalı silsilə sənədli filmlərim (Strateji Araşdırmalar Mərkəzi) oldu. Amma indi teleməkanda mənim özümdən çox, işlərim görünə bilər. Bir müəllif kimi görünməm şərt deyil, filmlərimin var olması isə şərtdir.

– Bəs, teleməkan bu inkişaf yolunuzda hansı mövqeyə sahib idi və sizin yaradıcılıığınıza nə kimi qatqısı oldu ?

Mənim tarixi mövzulara çox ciddi bir baxışım var idi. Tarixi mövzular da məni əvvəlcə araşdırmaya sövq elədi. Sonra isə özünə məftun etdi. Məhz bu formada çalışmağım, əslində, birbaşa rejissorluq sənətimə də təsir etdi. Bir vətəndaş kimi də, bir peşəkar kimi də keçməli olduğum uzun bir yolu bir addımlıq etdi. Bundan başqa, televiziya fəaliyyətim kinoda atdığım addıma böyük hazırlıq mərhələsi oldu. Birinci dəfə tam metrajlı bədii filminin çəkiliş meydançasında rejissor komandam səslənəndə, kimsə düşünmürdü ki, bu, ilk filmimdir. Mən rejissor kimi bu mühitdə artıq var idim.

Teatr sizin üçün nədir: iş yeri, yoxsa ruhən, mənən istirahət edə biləcəyiniz bir məkan?

– Mən iş yerimə heç vaxt nə istirahət, nə də ki bir məcburiyyət kimi də baxmamışam. Teatr qoyub getdiyim və həmişə də qayıda biləcəyim bir yerdir. Bu və ya digər sahələrdə məşğul olsam da, sonda yenidən dönə biləcəyim bir məkandır. Nə yaxşı ki, bu qapı da hər zaman mənə açıqdır. Əslində, bunlar mənim daxilimdəki təlabatdan irəli gəlir. İstər televiziya, istərsə də teatr, yaxud elmi araşdırmalar enerjimin ifadəsidir.

– Teatrda tamaşaya qoyduğunuz əsərləri özünüz seçirsiniz ?

– Ancaq və ancaq özüm seçirəm. Bu günə kimi mənə hansısa xüsusi təzyiq-filan da olmayıb. Əslində, bu, mümkün də deyil. Odur ki, tam olaraq seçimi özüm edirəm. Bu mənada uğuru, yaxud uğursuzluğu və ya səhvi, yanlışı ilə də mənə məxsusdur.

– Bəs təklif olunarsa, cavabınız necə olacaq?

– Hə, məsələn, 2007-ci ildə mənə Hüseyn Cavidin yubileyini hazırlamaq tapşırıldı. Mən isə ənənəvi yubiley mərasimi qəlibindən yan keçdim. Fərqli ssenari yazıb, bir  tamaşa-ithaf  hazırladım. Bu yubiley formatından artıq çıxmışdı, monumental tamaşaya çevrilmişdi. Mənim Cavid şəxsiyyətinə məxsusi baxışım var. Bəlkə də qeyrisi də olsaydı, onu da fərqli baxış bucağıma salardım. Amma xüsusi baxışım mütləqdir. Bir də haqqında söz deyəcəyim hər bir şəxsiyyəti öyrənəcək və  onu təhlil edəcək qədər araşdırmam mütləqdir.

– “Tənhalıq” sözü sizə niyə bu qədər yaxındır? Sanki kölgəniz kimi hər an bir addımlığınızda boy göstərməyə çalışır. Sanki güzgüdə siz və kölgəniz görsənir...

– Kim dedi ki, mən tənhayam? Ətrafı insanlarla dolu ola bilər, yanında özündən, canından bir parça da ola bilər. Amma insanın yenə də, tənha, yalnız olması da mümkündür. Bilirsiniz nə maraqlıdır? Bəzən, tənha olmamaq üçün tab gətirəcəyin kiminsə olmaması olmasından daha yaxşıdır. Buna əminəm.

– Rejissor, jurnalist və bir tədqiqatçı kimi özünüzü bir bütöv saya bilərsiniz? Yoxsa haradasa bölgü apardığınız məqamlar da olub?

– Bölgünü aparan zaman çox qəddar oluram. Amma bu saydıqlarınızın üçü – müəllif, rejissor və aparıcı – bunlar bir arada olanda, balıq kimi okeanda üzürəm. Azad və  mükəmməl. Amma mən həmişə istəyirdim ki, hazırladığım layihədə aparıcı başqası olsun və buna da xeyli cəhd elədim. Amma alınmadı. Sizə bir şey deyimmi? Mən rejissor kimi müəllifə və aparıcıya (hətta özüm olsam da) çox amansız olurdum. Hətta rejissor kimi bunu özümə də tabe edirdim. Müəllifi tam material hazır olandan sonra çox uzağa qoya bilərdim (müəllif özüm olduğum halda), rejissor kimi onu lazımı məsafədə saxlayıram, ortada olan əhəmiyyətsiz və artıq nə vardısa, baltalayıram. Düşünürəm ki, ən mükəmməl mərhələ bu idi və bu da məndə çox uğurlu alınırdı. Hər halda, bitkin sonuca gedən yolda şərtlərimdən biri  idi.

– Aradakı fasilələrə baxmayaraq yaradıcılığınız bir zəncir kimi formalaşa bilib. Bu, əlbəttə, yaradıcılığınıza şəxsi baxışımdır. Bəs bu zəncirin bir halqasını itirmək qorxusu ilə nə vaxtsa üzləşmisiniz?

– Siz qorxu deyirsiniz, mən havasızlıq. Bu baxışınız mənim üçün çox xoşdur. Amma  məncə, mən qırıq-qırıq zamanları yaşadım. Arada isə yox olurdum. Var olduğum zamanda tapdığım fürsəti, gec olsa da, artıq dəyərləndirirəm. Bu da mənim taleyimdir.

Sizin baxışınızla geriyə nəzər salıb, görürəm ki, dalğalı bir dənizin içində idim və dalğalar da məni o sahilə, ya da bu qayaya çırpırdı. Bəzən belə  olur ki, dənizə balıq üçün tor atırlar, amma balıq gəlmir. Yaxud qismətdə uğur ovu yoxdur. Mən də bir daha başa düşdüm ki, xilasım  mümkün olmayan zamanda belə, kiminsə ovu olmadım. Enerjimi qələmin ucuna, səhnəyə, filmə  ötürə bilmək fürsətim hələ var. Hər dəfə buna ehtiyac duydugum anda bu mümkün olmasa da,  bu qıraqdan ardıcıl bir xətt kimi görünürsə, buna şadam.

– Peşəniz bu gün sizin üçün nədir? Ruhunuzla və əhvalınızla necə səsləşir?

– Bu gün bir misqal enerjini ifadə eləmək üçün bir vasitədir. Bu gün müəyyən bir zaman çərçivəsində teatrda  işləyirəm. Sabah bir başqa müqavilə, yaxud  sifarişlə  rejissor kimi bu və ya digər film çəkirəm. Yəni fəaliyyətdəyəm. Bir də müxtəlif mərhələlər yenə də peşəkarlıga gedir. Və elə bir məqama çatırsan ki, səni heç nə heç kim qane eləmir. Qane olmamazlığın içində işləmək bir az çətin olur. Amma mən yenə də tab gətirməyi üstün tuturam. Təbii ki, mən də yaşamaq  üçün maddi nəsnələr – maaş almaq, qonorar qazanmaq istəyirəm. Bunların hamısı şərtdir, amma birinci şərt deyil. Hamı fərqli yol gedir. Mən indiki adımı çətinliklə qazandım və adımı qorumağa məcburam.

– Tamaşalarda zaman və məkan anlayışını tam olaraq tuta bilmisiniz ?

– Mən ruhumun səsinə qulaq verirəm. Təbii ki, kosmosda deyil, Yerdə yaşayıram. Hər bir  layihəmin gerçəkləşmə prosesində mənə diktə edən düşüncəmin “lazımdır” dediyi işləri gördüm. Hələ bu günə kimi yanılmamışam. Zaman mənim üçün həll edilməyəcək, son nöqtəsi qoyulmayacaq anına qədər də bu belə davam edəcək. Gələcək hələ yol gəlir mənasında.

– Telekanalları izləyirsinizmi? Bəs hansı nöqsanlar üzə çıxır?

– Artıq sizin kimi bir tamaşaçıyam. Ondan artıq nə deyə bilərəm ki?! İndi televiziya çox çətin bir dövrünü yaşayır, kəskin enişini yaşayır, amma mən deyərdim ki, onun intibah dövrünü görmüşəm və yaşamışam. Çalışıram ki, az baxım. Yaxşı olar inşallah!

– Siz iş, dostlar, qohumlar və nəhayət, ailə ilə balansı necə qoruyub saxlaya bilirsiniz ?

– Hər tərəfə can atan, hər yerdə olmağa can atan adam deyiləm. Axı istək var, bir də var  nadancasına cəhdlə vadar olmaq. Mən istəklə kifayətlənirəm. Anamla yaşayıram və gündəlik, normal həyatım var. Bir işim bitir, bəlkə də uzun fasilə yaşayıram, sonra o biri iş alınır, yəni müqavilələri nəzərdə tuturam. Doğrudur, bu mənim seçimim deyil. Amma bu qədərdir.

– Ailə və şəxsi həyatda nələr var? Bu güzgüdən bir parça həqiqəti oxucular üçün açın.

– Bilirsinizmi, əzizim, şeytan bizi içimizdəki boşluqlarla vurur. Bəzən bir şeyi çox  arzuladığından reallığı  görmürsən. Bu sonucdan alınan məyusluq və bu alayarımçıq olana qane olmaq isə mənlik deyil. Rəsmi şəkildə olan, rəsmi şəkildə də bitdi. Nə yaxşı ki, bitdi!

– Bəs ailə vəziyyətindən və yaşam tərzindən şikayət etməyən Mehriban Ələkbərzadə hələ də nağıllara inanırmı ?

– Mən artıq çoxdan nağıllara inanmıram. İnsan üçün ən vacib şey duyğu və ağıl amilinin tam olmasıdır. Ən xoşbəxt anında sənin içini sarsan bir üsyanı boğmaqdansa, ona qulaq asmaq lazım idi. Niyə bunları xatırladım. Mən yaz gələndə ilk çiçək açan albalı və alça ağacının çiçəyini çox sevirəm. Meyvəsindən öncə onun çiçəyi açır. Onların çiçəyi açanda bəzən  dolu gəlir. O ağac çiçəyi burnunda ölür. Onlardan yenidən çiçək yenidən yarpaq gözləmək nə dərəcədə normaldır? Axı bu, mümkün deyil. Mən o dolunu yaşamış adamam. Paradoks isə budur ki, nə yaxşı ki, o dolu yagdı!!!

– Dolunu görmüş adamsız və yenidən nəsə ola bilər ?

– Bəlkə də... İnsan demək zorunda olsa da, heç vaxt “yox” deməməlidir.

– Quruluşçu rejissoru olduğunuz tamaşaları sonra səhnədə bir tamaşaçı kimi izləyə bilirsiniz?

– Bu, qətiyyən mümkün deyil ki, sən rahat oturub tamaşaya baxasan. Axı səhnə arxasını da idarə etmək lazımdır. Səhnənin qırağından arada bir az baxa bilmişəm, amma sırf tamaşaçı kimi baxdığım anlar olmayıb. Amma qərəzsiz tamaşaçı fikri həmişə mənim üçün maraqlı olub.

– “Qatarın altına atılan qadın” tamaşasından danışın. Mən bu tamaşanı izləyəndə çox şeyləri gördüm və yaşadım. İnsan dəyirmanından danışın.

– Bilsəniz o tamaşa mənə nə qədər əsəb, gərginlik bahasına başa gəlib? Heç xatırlamaq istəməzdim. Çox çətin bir dönəm yaşadım. Elə məqamlar var idi ki, hər an üz çevirib getmək lazım idi. Amma mən  dözdüm. Arxamda yarımçıq iş qoymaq mənə yaraşmazdı. Düşündüm ki, mən bu xətti başa çatdırmağa qadirəm və bacardım da.

– Bu tamaşada da tənhalıq özünə yer alıb ?

– Afaq Məsud bunu qeyd etməsə də, deyim ki, əsərin deyil, tamaşanın müəyyən hissəsi mənə aid  monoloqlardır. Mənim tərəfimdən Şekspirdən də seçmələr əlavə edildi. İnsafən Afaq Məsud da bunu qəbul etdi. “Yol üstə”dən çox fərqli “Qatar altına atılan qadın” alındı.

– İndi teatr tamaşaçı problemi yaşayır. Çünki özüm də şahid olmuşam ki, zalı tərk ediblər tamaşa bitmədən. Bəs hansı səbəblər buna gətirib çıxarır ?

– Burda hər şey nəzərdə tutula bilər. Həm repertuar, həm truppa, həm üslub...və daha çox şeylər. Həm  ideoloji, həm də taktik məsələlər də var. Tamaşaçı istəkləri də fərqlidir. Amma biz əslində, onların istədiklərini deyil, gərək olanı verməliyik. Nə yazıq ki, onlar (istisnalar mütləqdir) bu uzun yolu getmək istəmir. Qısa və əyləncəli yaşamaq istəyir.  

– Mehriban Ələkbərzadə gün ərzində neçə dəfə güzgü önünə keçir ?

– Yetər ki, gün ərzində nəzər salam. Mənim güzgüm içimdədir!!!

– Nə görürsünüz?

–  Özümə uyğun olan formadayam. Zahiri görüntümə tənqidi yanaşsam da.

– Güzgü qüsurları da göstərir ?

– Düşünürəm ki, təmizlik (yaxud vicdanlı olmaq) qüsur göstərmir. Amma hansısa bir qüsur olsa, onu aradan qaldırmaq mütləqdir.

– Bəs güzgüdən özünə baxan Mehriban Ələkbərzadə kimdir ?


– Çox qısa cavab versəm: çox yanlışlıqlar etsə də, özü olaraq qalan birisi.

– Bəs güzgünü sındırmaq istəmirsiniz ki, bəzi sizi incidən reallıqları görməyəsiniz?

– Güzgünü sındırmaq gücsüzlükdür. Bəzən əslində görmədiyin, amma görməli olduğun bir varlıq gözünü qırpmadan bu güzgüdən sənə baxır. Gəl indi yaşa da. Güzgünü sındırsan da, baxacaq axı!!!

P.S. Müsahibə bitən kimi Mehriban xanım güzgü önünə keçdi, amma bu güzgüdən görünən baxışlarda mən çox fərqli məqamları görə bildim...

 

Könül Səid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı