Modern.az

Vətəni Şərq, müştüyü Azərbaycanındır - Qaboyu bizə ilk dəfə kim gətirib?

Vətəni Şərq, müştüyü Azərbaycanındır - Qaboyu bizə ilk dəfə kim gətirib?

Mədəni̇yyət

30 İyun 2012, 11:06

“O zirvəyə qalxmaq üçün gərək ki, Kamil olasan”


Modern.az
saytı Azərbaycanda populyar olan xarici ölkələrin musiqi alətləri haqqında silsilə yazılar hazırlayır. Bu silsilə yazılardan ilki gitaraya həsr olunmuşdu. İndi isə oxuculara qaboy musiqi aləti haqqında məlumat vermək istəyirik.

Qaboy əsasən qara ağacdan hazırlanmış nəfəsli musiqi alətidir və klarnetdən fərqli olaraq, ikiqat dilə malikdir. O, əsasən simfonik orkestr musiqisində istifadə olunur. Bu alətin məşhurluğu artıq iki yüz əlli ili ötüb keçib. Qaboy musiqi alətində səs, borunun daxilində hava sütunun tərəddüdü nəticəsində meydana çıxır. Uzun qapaqlar sisteminin köməyi və barmaqların hərəkəti ilə səs tənzimlənir, o zaman da musiqi səslənir.

Bu nəfəsli alətdən səslənən musiqi sanki ilıq bir küləyi xatırladır və bunun nəticəsində də bu bütün dünyada bu musiqi alətinin pərəstişkarları günü-gündən artır. Qaboyun bir neçə növü var. Qədim qaboy aləti tək və ya ikidilli borudan ibarət olub. Bu da arxeoloqlar tərəfindən şumer qəbiristanlığında aparılan qazıntılar nəticəsində tapılmışdı, bu tarix də haradasa eramızdan 2800 il əvvələ gedib çıxır. Ancaq müasir dövrdə bizə məlum olan qaboy musiqi aləti XVII əsrin sonlarında Fransada meydana gəlib. Bu musiqi aləti də hərbi nəfəsli alət  olan “şalmei” adlı alətin təkmilləşdirilməsi nəticəsində yaranıb.  

Azərbaycana bu musiqi alətinin nə zaman gəldiyini və ilk kimin ifa etdiyini öyrənmək üçün bu sahənin mütəxəssisləri ilə danışmaq qərarına gəldik.

Musiqi Akademiyasının Qədim Musiqi Alətlərinin Bərpası və Təkmilləşdirilməsi elmi laboratoriyasının rəhbəri Məcnun Kərimov qaboy musiqi aləti haqqında qısa bir məlumat verdi:

“ Qaboy zurnanın müasir təkmilləşmiş bir formasıdır. Onun müştük hissəsi də elə zurnanın müştüyündəndir. O da ki, qamışdan hazırlanıb. Qaboy Şərq aləminə məxsus olan bir musiqi alətidir. Qaboyun müştük hissəsi Şərqə məxsusdur və onu deyim ki, elə əsas da o hissə sayılır. Zurnanı götürüb üstündə işləyib yeni bir variantını yaradıblar. Amma ilk dəfə kim ifa edib indi dəqiq bilmirəm, sadəcə ən yaxşı ifa edən Kamil Cəlilov olub. O, qaboyda xalq musiqilərimizi çox gözəl ifa edib. Ondan başqa da orkestrlərdə istifadə olunur. Azərbaycana ilk dəfə kim gətirib onu da dəqiq bilmirəm. Azərbaycanda bu musiqi aləti  XIX əsrdən istifadə edilir“.

Qaboy ustası Kamil Cəlilov qaboy musiqi alətinin Şərqdən gəldiyini bildirdi:

“Qaboy Şərqdə yaranıb, amma sonra da qərbdə onun təkmilləşdirilmiş formasını yaradıblar. Bu alətdə məndən öncə də ifa edənlər var idi, amma Azərbaycanda ilk dəfə qaboyda xalq mahnılarımızı mən ifa etmişəm. Mən hərtərəfli olaraq bu işə girmişəm və bizim musiqilərlə yanaşı dünya bəstəkarlarının da musiqilərini ifa etmişəm. Düşünürəm ki, bu yüksək səviyyədə alınıb. Mən əvvəllər simfonik orkestrlərdə olsam da, gördüm ki, bu məni cəlb etmir və keçdim solo ifaya. Xalq musiqilərini ifa etmək üçün tək olaraq ortalığa düşdüm. İndi də bütün lent yazılarımı saxlayırlar. Həm də Azərbaycanın ən məşhur bəstəkarlarının əsərlərini də ifa etmişəm. Bəziləri indi qaboy da ifa edir, amma o yüksək zirvəyə qalxmaq üçün gərək ki, Kamil olasan. Deyim ki, o zirvəyə çatmaq çox çətindir. Mənim bu sahədə geniş təhsilim var. Amma çoxlarının isə heç təhsili də yoxdur“. 

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü