Modern.az

Zaur Baxşəliyevin qaşığına çıxanlar

Zaur Baxşəliyevin qaşığına çıxanlar

Media

18 Oktyabr 2012, 09:54

Telejurnalist Zaur Bəxşəliyevlə yaxından-uzaqdan heç bir tanışlığım yoxdur. Mənim işim yazmaq, Zaurun işi isə danışmaq olduğu üçün heç vaxt yollarımız kəsişməyib. Hətta bu sətirləri klaviaturada döyəcləyəndə belə nə qədər çalışsam da, Zaurun aparıcısı olduğu bircə verilişin də adını xatırlaya bilmədim. Yəqin ki, Zaur da nə qədər çalışsa, mənim hansı qəzetdə işlədiyimi yadına sala biməz. Biz təkcə həyatda deyil, jurnalistikada da ayrı-ayrı dünyaların adamlarıyıq.

Ötən gün yerli saytların birində Zaur Baxşəliyevin ailə həyatı qurmağa hazırlaşdığı barədə xəbərə rast gəldim. Xəbərdə qeyd olunurdu ki, cütlük artıq toyun vaxtını da dəqiqləşdirib. Oktyabr ayının 26-da Zaur jurnalist həmkarı Günay xanımla ömür yolunu birləşdirəcək. Bizə ancaq cütlüyə səadət diləmək qalır...

Zaurun toya hazırlaşması ilə bağlı xəbərdə ən çox diqqətimi cəlb edən məqam jurnalistlərin məclisə buraxılmayacağıyla bağlı məlumat oldu. Sən demə, təzə bəy öz toyundan nəinki videogörüntülərin yayılmasını istəmir, hətta şəkil çəkilməsinə də razı deyil. Belə başa düşdüm ki, Aygün Kazımovanın doğum günündə olduğu kimi, Zaur Baxşəliyevin toyunda da jurnalistlər, yəni bəylə gəlinin həmkarları qapı arxasında qalacaq.

Şadlıq sarayının qapılarını jurnalistlərin üzünə bağladığı üçün biz Zauru qınaya bilmərik. Referendum yoluyla ölkə Konstitusiyasına edilən mürtəce dəyişikliklərdən sonra bizim hər birimiz kimi Zaurun da şəxsi həyatı ilə bağlı məlumatları gizli saxlamaq hüququ var. Amma söhbət ondan gedir ki, Zaur şəxsi həyatını toxunulmaz saxlamaqla jurnalistlərin məlumat almaq hüququnu kobud şəkildə pozur. Əcəba, Zaur Baxşəliyevin jurnalistləri qapı arxasında saxlamağa mənəvi haqqı varmı? Axı, yaxın vaxtlara kimi bu adamın jurnalist faəliyyəti ancaq şou-biznes əhlinin bağlı qapılarının arxasından – yataq otağından tutmuş alt paltarlarınadək hər şeydən - reportaj hazırlamaqdan ibarət olub. Əgər həmin adamlar vaxtilə Zauru qapının arxasında saxlasaydılar, bu gün o, populyar sima kimi bizim yazının müzakirə predmetinə çevrilməzdi.

Zaur bizdən soruşa bilər: mənim toyumdan çəkilən kadrlar Sizin nəyinizə lazımdır? Hətta sualı bu cür də qoymaq olar: toyda Nadir Qafarzadənin neçə tikə kabab yediyi, Rəksanənin hansı rəng tuman geydiyi, Röyanın Aygünün arxasınca nələr dediyi tamaşaçılar üçün niyə maraqlı olmalıdır? Nəinki jurnalist, hətta sıravi vətəndaş kimi də Zaurun bu sualı verməyə haqqı çatır. Amma bundan öncə Zaur zəhmət çəkib, biz tamaşaçıların da bir-iki sualını cavablandırmalıdır. İndi biz soruşuruq: Xatirənin qarderobundakı 30 dəst paltarı efirdə bir-bir nümayiş etdirəndə biz tamaşaçıların əsəbləri ilə necə oynadığını heç ağlına gətirdinmi? Aygünün gecə köynəyini, Röyanın dikdaban ayaqqabılarını, Rəksanənin kirli qazanlarını, Biləcəridən o yanda tanınmayan hansısa qadın müğənninin alt paltarını səhər-axşam efirdən gözümüzə soxanda niyə bizə yazığın gəlmədi? Səsi və sənəti olmayan arsız müğənnilərin lüks evlərini, bahalı maşınlarını hər gün reklam edəndə kirayədə çürüyən zavallı alimləri necə təhqir etdiyini bir dəfə ağlının ucundan keçirdinmi?

Əzizim, yaxşı bir atalar sözü var. Yəqin ki, eşitmisən. Əgər eşitməmisənsə, yadına sala bilərəm: nə tökərsən aşına, o da çıxar qaşığına. Buna görə də telejurnalist həmkarlarının sənin toyunda “ulduz ovu”na çıxmaq istəməsi əhvalını pozmasın. Rəksanənin evində qazana tökdüklərindir, bu gün qaşığına çıxır...

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü