Modern.az

Mədəniyyət Komitəsinin sədri: “Düşünməsinlər ki, “Xalq artisti” adı onları xilas edəcək, bu fəxri ad geri alına bilər”

Mədəniyyət Komitəsinin sədri: “Düşünməsinlər ki, “Xalq artisti” adı onları xilas edəcək, bu fəxri ad geri alına bilər”

Mədəni̇yyət

21 İyun 2013, 16:48

Xeyli vaxtdır xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında qalmaqal yaşanır. Xanım sənətçilərin “Xalq artisti” adına yaraşmayan davranışları, sosial şəbəkələrdə xoşagəlməz şəkillər paylaşmaları, bir-birlərini təhqir etmələri cəmiyyətdə belə bir rəy yaradıb ki, bu hadisələrdən sonra onların fəxri adları geri alınmalıdır. Amma hələki belə təkliflə rəsmi qurumlara müraciət olunmayıb.

“Bundan sonra fəxri adlar veriləndə yalnız istedad nəzərə alınmayacaq”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, fəxri adlar veriləndə yalnız istedad yox, həm də insanlıq, tərbiyə də nəzərə alınmalıdır.

“Xalq artisti xalq üçün sənət nümunəsidir və dövlət tərəfindən rəsmi olaraq dəyərləndirilib, qiymətləndirilən bir insandır. Əgər o, adi vətəndaşlıq, ictimai,  birgə yaşayış normalarına riayət etmirsə, qarşılıqlı təhqirlərə yol verirsə, onlar düşünməməlidirlər ki, “Xalq artisti” adı onları xilas edəcək. Bu elə bir addır ki, ondan istifadə edib hər cür hərəkət eləməməlidirlər”.

Millət vəkili fəxri adların alınması ilə bağlı məsələnin qaldırıla biləcəyini qeyd etdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı insanlar müraciət edərsə, həmin müraciətlərə laqeyd yanaşılmayacaq.

“Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. İnsanlar müraciət edə bilərlər ki, bu xarakterdə, xasiyyətdə, bu cür mənəvi pozuculuq işi aparan insan xalqın adını, titulunu öz üzərində daşımamalıdır. Müraciətlər olarsa, əlbəttə ki, o müraciətlərə baxılacaq. Mümkün ola bilməz ki, belə müraciətlərə baxılmasın, laqeyd yanaşılsın, bu cür də qarşılıqlı ittihamlar, təhqirlər, cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir edən hallar olsun. Buna axıra kimi dözmək mümkün olmayacaq”, – deyə Nizami Cəfərov dolayı yolla son vaxtlar qarşılıqlı təhqirlərə yol verən xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşovaya mesaj yollayıb.

Xalq artisti Brilliant Dadaşova özünün qınanılması ilə razılaşmayaraq, bütün günahların qarşı tərədə, yəni Aygün Kazımovada olduğunu bəyan edib.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı