Modern.az

Diktor sevgili, morqda qalan meyit və qara brilyantlar: Hüseynağa Hadıyevın həyatının gizlinləri - ARAŞDIRMA

Diktor sevgili, morqda qalan meyit və qara brilyantlar: Hüseynağa Hadıyevın həyatının gizlinləri - ARAŞDIRMA

Mədəni̇yyət

19 Avqust 2013, 11:57

70-80-ci illərin musiqisini onsuz təsəvvür etmək mümkün deyil. Təkcə “Gecələr bulaq başı”, "Bu gecə", "Mənim dünyam" kimi mahnıları xatırlatmaq kifayətdir ki, söhbətin əfsanəvi müğənni Hüseynağa Hadıyevdən getdiyini biləsən. Cəmi 47 il ömür sürmüş bu sənətkar təkcə sənəti ilə deyil, həm də həyatındakı təzadlı məqamlarıyla çox maraqlıdır. Hansı ki, həmin məqamlardan çoxları xəbərsizdir.

Bakının bir çox məşhurları kimi, o da keçmiş “Sovetski” məhəlləsində anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. Atası isə o dövrlər Bakıda kasıb insanların əsas peşəsi olan qırçılıqla məşğul idi. Beş uşaqlı ailə yetərincə kasıb həyat tərzi sürürmüş. Əvvəlcə "Pionerlər evi"ndə qarmon dərnəyinə gedən Hüseynağa sonradan Tədris Teatrında işə düzəlir. Elə onun “Dan ulduzu”nda parlamasının əsas səbəbkarlarından biri də bu teatrın direktoru Rizvan Ələsgərov olur. Gənc istedadın bu ansambla dəvət olunmasının başqa bir səbəbkarı isə tarzən, xalq artisti Zamiq Əliyevdir. Məhz o, ansamblın bədii rəhbəri Gülarə Əliyevaya belə bir istedadın olduğu haqda məlumat verir. Amma indiyə qədər çox az adam bilir ki, Hüseynağanın ali musiqi təhsili olmayıb. Yəni Hüseynağa Hadıyev ixtisas baxımından peşəkar ifaçı olmayıb.

O, ailə həyatı quranda hələ tələbə idi. İnstitutu bitirdiyi il hərbi xidmətə çağırılan müğənninin 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəlir. Maraq üçün qeyd edim ki, hazırda sənətkarın oğlu və həyat yoldaşı, həm də bibisi qızı olan Sveta xanım Qazaxıstanda yaşayırlar. Çünki Hüseynağa dünyasını dəyişəndən sonra uzun müddət ailəsinin mənzil şərait ağır olub, kirayəpulunu verməyə imkanları çatmayıb. Ailə məcburiyyətdən yaxşı yaşayış axtarmaq ümidiylə Bakını tərk edib.

Müğənninin 1972-ci ildə qurduğu ailə həyatı o qədər də uğurlu olmur. Hadıyev ailəcanlı insan olsa da, Dövlət Televiziyasındakı çəkilişlərdən biri onun bütün həyatını dəyişir. O, AzTV-nin həmin dövr üçün tanınmış diktorlarından hesab olunan Gülya Seyidbəyova ilə tanış olur. Sonradan bu tanışlıq vətəndaş nikahına çevrilir. Hətta müğənni ona şəhərin mərkəzində ev alır. Bir neçə ildən sonra isə Hüseynağa Hadıyevlə Gülya Seyidbəyova ər-arvad kimi bir evdə yaşayırlar. Həmin vaxt Hadiyev həyat yoldaşı ilə rəsmi nikahda idi. Deyilənə görə Sveta xanım Hüseynağadan 10 yaş kiçik və çox gözəl qadın olub. Bununla belə, diktor Gulya Seyidbəyova məşhur müğənninin ürəyini necə deyərlər arvadı Sveta xanımdan “oğurlaya bilib”.

H.Hadıyev də öz dövrünün yaraşıqlı kişilərindən hesab olunub. Hətta sənətdə olan xanımlardan bir neçəsi onunla münasibət qurmaq istəyib. Qəribədir ki, heç vaxt qeyri-rəsmi münasibət qurmağa razı olmayan sənətkar, məhz xanım diktora “təslim olur”.

Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə, gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi. Amma bir qədər fərqli geyimi bəzən onun efirlərƏ çıxmasına mane olurmuş və o, bu maneənin aradan qaldırılması üçün kiməsə ağız açmazmış.

Yenidən ailə həyatı haqda... Gulya Seyidbəyova da Sveta xanım kimi yaraşıqlı, gözəl qadın imiş. Hətta onun yetərincə imkanlı nəslin qızı olduğu bildirilir. Sveta xanım Hüseynağanı çox sevirmiş və onun dünyasını dəyişməsindən sonra da heç kimlə ailə həyatı qurmağa razılıq verməyib. Baxmayaraq ki, bu gözəl qadınla rəsmi nikaha girmək istəyən bir neçə nəfər olub.

Hüseynağa Hadıyevi cəsarətli, sözü üzə deyən, amma həm də abırlı insan kimi xarakterizə edirlər. Bəzi dostları isə deyir ki, Hadıyev həddən ziyadə sadəlövh adam olub. Tanınmış müğənni Əli Mirəliyevin mərhum sənətkar barədə Modern.az saytına dediklərindən:

“Çox emosional adam idi. Həm də sözü üzə deməyi vardı. O vaxt tez-tez “Passaj” bazarından bazarlıq edəndə rastlaşırdıq. Görürdüm ki, çoxlu alma alır. Soruşurdum ki, “bu qədər almanı neyniyirsən?”. Deyirdi ki, “ala, oğlum Ceyhun almanı yemir e, udur”. Çox təbii adam idi. Bir dəfə yoldaşı qaynanasıgilə gedirdi. Uzaqdan qışqırdı ki, “Sveta taksiyə minmə, minginən avtobusa”. Danışanda kimisə düşünmürdü. Həmin vaxtlar o çox məşhur idi. Bicliyi-zadı bilmirdi. Yenə məndə bir az çoxbilmişlik var”.

Hüseynağa Hadıyev həm də öz dövrünün ən çox qazanan sənətkarlarından olub. Təsəvvür edin ki, normal ailəni dolandırmaq üçün ayda 150 manat kifayət idisə, o bir toydan 600-700 manat qazanırdı. Amma bu qədər imkanı olsa da, heç vaxt maşın almayıb. Sənətkar zinət əşyalarının, ələlxüsus da brilyantın “xəstəsi” imiş.

İndi açıqlayacağım faktı isə Hüseynağa Hadıyev özü də uzun müddət gizlətməyə müvəffəq olub. Belə ki, müğənni hələ uşaq yaşlarından vərəm xəstəsi imiş. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər. Amma onun cavan ikən dünyasını dəyişməsini guya, alkoqola çox meyl etməsiylə əlaqələndirənlər də var. Əslində isə o çox içən olmayıb, siqaret isə ümumiyyətlə çəkmirmiş. Sadəcə uşaqlıqdan içində gəzdirdiyi xəstəlik bütün dövrlərdə ona mane olurmuş.

Sənətkar 1994-cü ilin 12 yanvarında “Səkkizinci kilometr”dəki vərəm dispanserində dünyasını dəyişir. Deyilənə görə, həmin vaxt həyatında olan hər iki qadın Hüseynağadan imtina edir və o bir müddət burda dostlarının ümidinə qalır. Yaxın dostu Əli Mirəliyev Hadıyevlə xəstəxanadakı görüşünü belə xatırlayır:

“Xəstəxanada olanda mənə deyirdi ki, “qazan qeyniyir?”. Yəni soruşurdu ki, toya gedə bilirsən? Deyirdim ki, “qeyniyir”. Deyirdi ki, “sağalım, gələcəm yenidən”. Amma həkim bizə demişdi ki, o, yaşamayacaq. Heç elə bil həmin adam deyildi. Arıqlamışdı, üzünü tük basmışdı”.

Ən pisi odur ki, bütün ölkənin tanıdığı və sevdiyi Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb. Qeyd elədiyim kimi, birgə yaşadığı hər iki qadın - həm Sveta, həm də Gülya ondan imtina eləmişdilər. Görünür yarımcan olan bir kişi bu qadınların heç birinə lazım olmayıb. Halbuki, ömrü boyu qazandıqlarını bu iki xanıma xərcləmişdi.

Lakin Hüseynağanı səmimi qəlbdən və təmənnasız sevən bir insan olub. Amma əksər böyük sevgilər kimi bu münasibət də “kulminasiya nöqtəsinə çatmayıb”. Sənət adamları deyirlər ki,  “Dan ulduzu” ansamblındakı violonçel ifaçısı olan Minurə adlı xanım Hüseynağa Hadıyevdən ötrü dəli-divanə imiş. Hətta bir neçə dəfə öz sevgisini ortaq dostları olan “elçilər” vasitəsiylə izhar eləsə də, müğənni evli olduğunu əsas gətirərək, bu münasibətə razı olmur. Ondan sonra Minurə heç kimlə ailə qurmur və mərhum Gülarə Əliyeva ilə bir yerdə faciəli şəkildə dünyasını dəyişir.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü