Modern.az

Televiziya reklamı seçki marafonunda

Televiziya reklamı seçki marafonunda

Ədəbi̇yyat

24 Sentyabr 2013, 12:10

Aydın Dadaşov,
professor

Teletamaşaçı ilə birbaşa ünsiyyət yarada bilən çıxış janrından seçki kampaniyalarında geniş istifadə olunur. 2005-ci ilin parlament seçkisi kampaniyasında efirdə «gözönü tənhalıq» qabiliyyəti kimi siyasətçiyə də vacib olan aktyor məharəti nümayiş etdirənlərlə yanaşı, ev hazırlığını həyata keçirə bilməyənlər, yazdıqlarını və yazdırdıqlarını üzündən oxuyanlar və ya həyəcandan oxumağı belə bacarmayanlar, çıxışı vaxtından xeyli əvvəl bitirənlər və ya reqlamentən çıxmaqla yarımçıq saxlanılanlar oldu.

15 saylı Tərtər seçki dairəsindən müstəqil namizədliyini irəli sürmüş «Yeni Müsavat» qəzetinin əməkdaşı Aynur Quliyevanın 14 oktyabr 2005-ci ildə çıxış etdiyi «ANS»-in «Seçkiqabağı ödənişli təşviqat» titrlı «Meydan» verilişinin ssenari planını qurması; tamaşaçı zümrəsinin çeşidini və fəallığını öncədən hazırlaması, verilən suallarda tamaşaçı-seçici marağını qabaqcadan nəzərə alması süni də olsa, qarşıya qoyulan məqsədi yerinə yetirdi. Qırx beş dəqiqəlik veriliş ərzində tövrünü pozmadan efiri idarə edən, sadə və zövqlə geyinmiş, etiket qaydalarını qoruyan, siyasi ambissiyaları deyil, seçilmək iddiasını məharətlə önə çəkən Aynur xanımın dramaturji ziddiyyətlər yaratmağa cəhd etməklə şərti rəqiblərini neytrallaşdırması peşəkarlıq və natiqlik mədəniyyəti hesabına əldə olundu. Əsas rəqibi sayılan, iş adamlarının öz biznes məqsədlərinə təminat almaq marağını vurğulayan Aynur xanım bir çox namizədlərin efirdən söylədikləri «Onların verdiklərini götürüb mənə səs verin!» yox, «hədiyyələri qəbul edib ləyaqətliləri seçin» deməklə özünü gözə soxmamağı bacardı. Digər rəqibinin-«adamlara şər atıb onları həbs edən» sistem işçisinin də bostanına daş atan iddiaçının həmin dairədən təkrar seçkilərə qatılan, Milli Məclisin sabiq deputatı, professor Şahlar Əsgərovun bir dəfə belə Tərtərdə olmayıb seçicilərlə görüşmədiyi fikri inandırıcı görünmədi. Lakin, indiki mərhələdə rayon icra hakimiyyəti nümayəndələrinin, təhsil şöbəsi rəhbərliyinin və baş həkimin müşayiətilə Şahlar Əsgərovun seçiciləri ilə görüşlər keçirməsini və guya onun seçilməsində «İlham Əliyevin maraqlı olduğu» barədə söz-söhbətin 11 may 2005-ci il tarixli prezident fərmanına zidd hesab edilməsi reallıqla bədii təxəyyülün məhsulunun qarışığı olsa da, konseptual təsir bağışladı. «Sizin seçiciləriniz kimlərdən ibarətdir?» sualına cavab olaraq işsizlərdən, sabiq döyüşçülərdən, şəhid analarından tutmuş ölkədən xaricə çörək arxasınca gedənlərin ailə üzvlərinə qədər elektratın bütün zümrələrini hörmətlə yada salan çıxışçı bu məqamda da, bədii-estetik təsir qüvvələrindən uğurla istifadə edə bildi. Tərtərliləri «üç milyonluq erməniyə qalib» hesab edən iddiaçının veriliş boyu seçicilərini igid və qəhrəman adlandırması və finalda məhz bir xanım tərəfindən onların adından çiçək dəmətinə layiq görülməsi isə şirin sonluq yaratsa da, işğal altındakı digər rayonların sakinlərinin qüruruna toxunan bir fakt kimi seçilmək naminə istifadə edilərək məhəlli düşüncənin təzahürünə səbəb oldu. Bununla belə, bütün veriliş boyu iqtidar-müxalifət qarşıdurmasından uzaq olan natiq özünün dövlətçiliyə sədaqətini sağlam ideyası və ləyaqətli mübarizə forması ilə sübut etdi.

Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra beş prezident (1991, 1992, 1993, 1998, 2003),  üç  parlament (1995, 2000, 2005), iki bələdiyyə (1999, 2004) seçkilərinin, üç referendumun (1993, 1995, 2002) keçirilməsində KİV və xüsusən televiziya müstəsna rol oynamışdır. 2005-ci il parlament seçkisində Avropa Şurası rəsmisi cənab Terri Devisin ölkəmizdə keçirdiyi görüşlər, AŞ-nin həftəlik media araçılığını ictimaiyyətə açıqlayan Monitorinq Qrupunun verilişlər yayan altı TV-nin öz öhdəliklərinə qərəzsizlik, balanslılıq kontekstində necə əməl etməsini izləməsi maraqlı faktları gündəmə gətirdi. Azərbaycan KİV-inin seçki kampaniyalarında Davranış Məcəlləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə Avropa Şurası Monitorinq Qrupunun Yekun Hesabatının internetdəki telekanalların 26 sentyabr – 11 noyabr 2005 izləmə tarixli yekun monitorinq cədvəlini nəzərdən keçirək:

Sı-ra

TV-nin

Adı

Zəruri sorğu məlumatı ilə bağlılı pozuntu sayı

Siyasi reklamın sezdirilməsi ilə bağlılı pozuntu sayı

Balanssız yayımla bağlı pozuntu  sayı

Hökumətə üstün diqqətlə bağlı pozuntu sayı

Gizli reklamla bağlı pozuntu sayı

Qarayaxma potensiallı pozuntu  sayı

Materialların sayı (siyasi reklam və gizli təşviqat da daxil)

Toplam

pozuntu

sayı

Pozuntu faizi

1.

Lider

0

17

69

84

29

34

797

233

29,23

2.

Space

0

67

26

28

24

2

527

147

27,89

3.

AzTV

6

33

37

107

83

16

1589

282

17,74

4.

TV

0

33

34

31

18

8

1136

124

10,91

5.

ATV

0

3

17

19

4

3

435

46

10,57

6.

ANS

0

0

0

3

0

0

1106

3

0,27

Cədvəldən göründüyü kimi plürealizmi normaya çevirən, jurnalistlərini öz baxış, düşüncə, rəğbət və nifrətlərini nəzarətdə saxlamağa və balanslı proqramlar hazırlamağa alışdıran «ANS»  öhdəliklərinə tam sadiqdir. Bununla belə, göstərilən qüsurlara baxmayaraq, bu seçki kampaniyasında televiziyaların siyasi reklama xüsusi yer ayırması, namizədlərin reklam çarxlarının digər reklam materiallarından fərqləndirmə ənənəsinin yaranması etibarlı-akademik qaynaqlarsız, ekspert dəyərləndirmələrinə söykənməyən qarayaxma ruhlu şərhlərin, mülahizələrin ötəriliyi, təsadüfiliyi Seçki Məcəlləsinin 77-ci maddəsinin tələblərinin və peşə davranışı qaydalarının pozulması  kütləvi hal almadı. MSK-nın təlimatına görə telekanallarda seçki təşviqatına 45 dəqiqədən artıq ödənişli efir vaxtı ayrılmasa da, «Az.TV», «İTV», «ANS» və «ATV» istisna olmaqla digər kanallar qiymətləri artırdı. Qeyd etmək lazımdır ki, «Turan» agentliyinin yaydığı xəbərə görə 27 oktyabrda «Space» telekanalı bir dəqiqəlik efir vaxtını 322 min manatdan 1,7 milyon manata qaldırmışdı.  

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qrossun fəal mövqeləri və otuz faiz xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının müşahidəçiliyə buraxılması haqqında sərəncam beynəlxalq müşahidəçilərlə yanaşı, iqtidarın da, azad seçkiyə doğru mühüm bir addım atdığını təsdiqlədi. Və seçki marafonu seçicilərin maraq dairəsinə sirayət etməklə, təbii axarı ilə davam etdi.

«ANS»-in «Qulp» verilişinin boçka ilə bağlı məşhur lətifə əsasında hazırladığı yumoristik videoçarxı ciddi qəbul edərək: «O gün baxıram, namizədlərdən biri deyir ki, Xəzər dənizini qurudub torpaq paylayacağıq.» - deyən spiker Murtuz Ələsgərova bunun zarafat olduğunun yanındakılar tərəfindən xatırlanmasına baxmayaraq o, sözünə davam edərək: «Düzdür, bu yumordur. Ancaq o adamlar düşünmürlər ki, artıq Azərbaycanın prezidenti respublikanın inkişafına böyük bir proqram hazırlamışdır. Bu proqram həyata keçirilir. Bütün sahələrdə inkişaf olduğu yerdə bu adamlar guya respublikada yeni bir möcüzə yaratmaq istəyirlər. Mən hesab edirəm ki, Milli Məclis bu məsələyə öz ciddi etirazını bildirməlidir. Seçkiyə az qalıb.» - deyə sona qədər ciddiyyətindən əl götürməyərək özünün liberalizmini nümayiş etdirdi.

13 noyabr 2004-ci ildə efirə gedən «Qulp» verilişində isə həmin yumoristik videomaterialı və parlamentdən kadrları təkrar etməklə bu mövzuya yenidən qayıdan verilişin aparıcısı Mübariz Əsgərov «pişiyinə Murtuz adı qoymuş qonşusu rus qadınını məhkəməyə verən milli təəssübkeşi» bir daha nümayiş etdirməklə demokratiyanın əsas göstəricisi sayılan söz azadlığının ölkəmizdə bərqarar olduğunu təsdiqlədi. 

Hər hansı siyasi, elmi, mədəni lider də sosial əhəmiyyət daşıdığından reklama möhtacdır.  Lakin, reklam hay-küylü tərif hesabına deyil, obyekiv tədqiqatdan doğan təhlildən yarandıqda təsir gücünə malik olur. İnformasiya qanunlarına görə əgər ətrafda hay-küy çoxdursa, onu nəzarət altında saxlamaq üçün hissəciklərə bölmək lazımdır. Bütövlüyü özündə yaşada bilən bu hissəciklər, informasiya gerçəkliyini meydana çıxarır. Obyektiv tədqiqat bütün şübhə və tənqid elementlərini özündə yaşadaraq imici formalaşdırır. Əgər bütün siyasi ruporlar eyni səs və eyni fikir yayırsa, onda həqiqət çalarları belə şübhə yaradır. Çünki, həqiqətin şübhədən və pıçıltıdan doğulduğu məlumdur. Pıçıltının eşidilməsi üçün isə sakit liberal mühit gərəkdir. Yalnız bu mühitdə təkcə şəxsiyyətin deyil, hər hansı bir şirkət, idarə və müəssisə imicinin də obyektiv reklam hesabına formalaşması mümkündür. Demokratik cəmiyyətdə hakimiyyət uğrunda mübarizə aparan müxtəlif partiyalar da reklam xidmətindən istifadə edirlər. Partiya strukturu maksimum qayda-qanun və minimum tənqiddən ibarət olduğundan, burada reklam klipi də protokol xarakteri daşıyır.

11 may və 25 oktyabr 2005-ci il tarixli prezident sərəncamı ilə icra strukturunun seçki prosesinə qarışmasının qarşısının alınması cəhdi və «bir seçici, bir səs» prinsipinin əldə olunması üçün ilk dəfə ABŞ-da tətbiq edilib vətəndaş cəmiyyətinin bərqərar olduğu dövlətlərdə tarixin arxivinə göndərilsə də, Afrika ölkələrində belə geniş yayılmış, son illərdə Türkiyədə, Makedoniyada, Serbiyada, Əfqanıstanda, Ukraynada, Gürcüstanda, İraqda, Qırğızıstanda sınaqdan çıxmış «barmaqlara mürəkkəb sürtülməsi» metodundan istifadə demokratik seçkilərin dəstəklənməsi faktını təsdiqlədi. Mürəkkəbdən istifadənin belə seçkinin saxtalaşdırılmasının digər üsullarının qarşısını almadığından məsələn, Qırğızıstanda narazı kütlənin küçələrə çıxmasının sabitliyi pozmaqla yeni fəsadlar yaradan inqilabla nəticələndiyi faktı da mövcud olduğundan digər tədbirlər də görüldü. Respublikada ilk dəfə olaraq ictimai nəzarəti həyata keçirən ekzit-poll sistemi tətbiq olundu. 1500 xarici və minlərlə yerli nəzarətçi seçki prosesinin izlənilməsinə qoşuldu. Xaricdən maliyyələşən ictimai təşkilatların nəzarət prosesinə qoşulmasına qoyulan maneələr parlament müzakirəsindən sonra aradan qaldırıldı. Daxili İşlər Nazirinin əmri ilə polisin seçki məntəqələrinə 100 metrdən artıq yaxınlaşmaması barədə əmri də dairələrdə işgüzar mühitin əldə olunmasına xidmət edən amilə çevrildi və hakimiyyətin demokratik seçkiyə marağı tam təsdiq olundu.

Prezident sərəncamları əsasında görülən tədbirlər cəmiyyətdə müsbət rezonans yaratsa da, bəzi icra nümayəndələrinin seçki prosesinə müdaxilə faktları xarici müşahidəçilərin də nəzərindən qaçmadı. 4000-dən çox seçki məntəqəsi sədrlərinin əksəriyyətinin müstəqil peşə sahiblərindən deyil, hakimiyyət strukturu ilə birbaşa əlaqəsi olan müəllim və direktorlardan ibarət olması da geniş müzakirə edildi. Dünyanın aparıcı çap-media orqanlarının bu seçkiyə münasibəti müəyyən məqamlarda obyektiv olsa da, erməni lobbisinin iradəsinə xidmət etməsi də özünü büruzə verdi. Seçki qanunvericiliyinin mükəmməl olmaması, ölkədə demokratiya institutlarının formalaşmaması və siyasi mədəniyyətin aşağı səviyyəsi məmur özbaşınalığının geniş vüsət almasına şərait yaratsa da, sosializmdən qalma total seçki saxtakarlığından tədricən uzaqlaşan respublikamızda üçüncü çağırış Milli Məclisə seçkilər demokratiya istiqamətində mühüm addım oldu.

Qeyd: A.Ə. Dadaşovun "Televiziya reklamı: demokratiya  bazar iqtisadiyyatı kontekstində” dərsliyindən B., 2008.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü