Modern.az

Milli seriallar niyə uğursuz alınır? - Tanınmışlar cavab verir...

Milli seriallar niyə uğursuz alınır? - Tanınmışlar cavab verir...

Mədəni̇yyət

30 Oktyabr 2013, 12:27

Son illərdə milli televiziya filmlərinin istehsalına dövlət yardımının göstərilməsi haqqında bir neçə prezident sərəncamı imzalanıb . Sonuncu belə sərəncam bu il aprelin 13-də imzalanıb və sənədə əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2013-cü il Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayrılıb.

Filmlər təbii ki, çəkilir, amma ötən müddət ərzində çəkilən ekran işləri sənətkarların özlərini qane edirmi?

Modern.az-ın müraciət etdiyi xalq artisti Nurəddin Mehdixanlı serialların çəkilməsi üçün vəsaitin ayrılmasını təqdir edir. Aktyorun fikrincə, bununla dövlət sənət adamları üçün ikinci iş yeri açmış olub ki, bu da aktyorların maddi rifahının yaxşılaşmasına xidmət edən amildir. Amma:
“Bu pulun əvəzində görülmüş işlərin tələblərə cavab verib verməməsi sual doğurur. Şəxsən mən düşünürəm ki, bu sahədə kifayət qədər uğurlu işlər görülməyib, amma görülə bilər”.

Sənətçi hesab edir ki, ekran işlərimizin digər ölkələrin serialları ilə müqayisəsi mümkün deyil. Bəs bunun səbəbi nədir? N. Mehdixanlıya görə, serialların çəkilişinə peşəkar aktyorların dəvət olunmaması problemin əsas tərəfidir: “Baxırsan bir neçəsi peşəkar aktyordur, qalanları bu sənətə aidiyyəti almayan adamlardır, hardansa dəvət olunublar. Bunda da məqsəd nədən ibarətdir? Peşəkar aktyorlar seriala dəvət olunanda yüksək məbləğ istəyirlər. Ona görə də daha az pul sərf edib bu işi görmək yolunu tutduqlarından qeyri-peşəkarları dəvət edirlər. Orda da xoşa gəlməyən, arzu olunmayan işlər ortalığa çıxır. Bu dövlətin puludur. Bu pul həm sənətin inkişafına, həm də sənət adamlarının maddi rifahının yüksəlməsinə ayrılıb”.

Aktyor “son illər çəkilən seriallar arasında hansını fərqləndirərdiniz” sualına belə cavab verib: “Müqayisədə “Pərvanələrin rəqsi” səviyyəli idi. Yaxşı aktyor oyunu vardı, filmi peşəkar rejissor çəkirdi. Bu o deməkdir ki, çəkilişə peşəkar rejissorlar dəvət olunmalı, peşəkar aktyorlar çəkilməlidir”.

Amma xalq artisti hesab edir ki, vəziyyətdən başqa çıxış yolu da var: “Bu pulu ayırmış qurum onun xərclənməsinə nəzarət funksiyasını hansısa şəkildə yerinə yetirməlidir. Əgər bu olarsa, çox şey dəyişmiş olar. Azərbaycanda serial çəkilişləri sayəsində kifayət qədər potensialımız, dövlətin qayğısı var. Bu məsələnin yoluna qoyulması üçün ayrılmış pulların xərclənməsinə nəzarət mütləq olmalıdır”.

Eyni sualla xalq artisti Amaliya Pənahovaya da müraciət etdik. Zənglərimizin birində iclasda olduğunu, başqa bir dəfə danışa bilmədiyini söyləyən aktrisa dolayısı ilə sualımızı cavablandırmaqdan imtina etdi.

Əməkdar artist Aydın Əliyev isə fikrinə “serialların çəkilişi şəxsən məni qane etmir” deməklə başladı. Aktyor hesab edir ki, yaxşı serial çəkmək üçün ilk növbədə yaxşı  ssenari olmalıdır: “Aktyor da var, rejissor da. Sadəcə yaxşı ssenari olmalı və bu sahəyə ayrılan pul düzgün xərclənməlidir. Bu iki cəhətdə biz axsayırıq”.

Xalq artisti Tariyel Qasımov: “Dövlət tərəfindən seriallara vəsaitin ayrılması çox müsbət haldır. Burda həm aktyorlar, həm rejissorlar, həm operatorlar yetişir. Digər tərəfdən seriallar aktyorlara populyarlıq qazandırır. Amma çox təəssüf ki, əksər seriallar zəifdir. Bu pul və seriallar elə insanlara verilməlidir ki, peşəkar olsunlar. Bəzi seriallar isə çox yaxşıdır. Elə serial var ki, nə aktyoru aktyordur, nə rejissoru rejissor.

Xalq artisti Zemfira Nərimanova isə demək olar ki, yerli seriallara baxmayıb: “Bir neçə seriala qismən baxmışam. Amma məni heç qane eləmir. Çatışmayan cəhətlər o qədərdir ki. İstənilən birini mənə deyin, oturum baxım, sizə o qədər çatışmayan cəhətini deyə bilərəm ki. Ən əsası peşəkarlıq çox aşağı səviyyədədir. Məsələn, görürsən ki, bir yaxşı aktyor seçirlər. O da ümumi kütləyə uyğunlaşır. Düşünür ki, serialdır da. Özünü yormur. Hərdən türk seriallarına baxıram. Onların bəziləri məni inandırır, bəziləri inandırmır. Bir neçə seriyadan sonra baxmıram”.

Z. Nərimanova bəzi yerli seriallar haqda tənqidi fikirlər də səsləndirib: “Qaynana” və “Həkimlər”in bəzi seriyalarına baxmışam. Təbii ki, bəyənmədim. Mənə bir neçə serialdan təkliflər olub, amma qəbul etməmişəm”.

Əməkdar artist Sənubər İsgəndərli isə bunları deyib: “Mən pul işinə qarışmıram, işim sənət işidir. Ən vacibi sənətdir. Sentyabrdan başlayan seriallara baxa bilmirəm, başım qarışıq olur. Bir-ikisini ya görmüşəm, ya görməmişəm. Çünki indi özüm də çəkilişdəyəm. Ona görə də keyfiyyətin artıb artmadığını deyə bilmərəm”.

Əməkdar artist Kazım Abdullayev bildirib ki, yerli serialları Rusiya və Türkiyədəki analoqları ilə müqayisə etmək doğru deyil: “Ruslar, türklər neçə illərdir bu işlə məşğuldurlar, təhsil alıblar bu sahədə. Burda büdcə məsələsi önəmli deyil. Əvvəla yaxşı serial qurmaq üçün yaxşı maliyyə və ssenari olmalıdır. Ssenaristlərimiz də yavaş-yavaş öyrənirlər. Bizdə serialların hamısı kriminaldır. Aktyoram, material versinlər çəkilək. Amma həyatımızı əks etdirən ssenarilər lazımdır. Axı ölkəmizdə bu qədər kriminal yoxdur. Bilmirəm bəlkə də var. Bizdə o qədər açılmış cinayətlər var ki. Həmin cinayətlər üzərində ağıllı başlı ssenarilər qurmaq olar. Həm polislər camaatın gözündə qalxardı, həm də ortalığa səviyyəli iş çıxardı. İndiki seriallarda polisə münasibət məni qane etmir. Ruslar, türklər öz polislərini necə təbliğ edirlər.

O boyda Qarabağ dərdimiz var. Onun haqqında da bir serial çəkmək olardı”.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü