Modern.az

Ana südü ilə kişmişli bulka

Ana südü ilə kişmişli bulka

Ədəbi̇yyat

22 Yanvar 2014, 21:11

ANA SÜDÜ, KİŞMİŞLİ BULKA, PALTARYUYAN MAŞIN KƏRƏ YAĞI

 Süd.  Dünaya gəldiyimiz ilk anlardan ağız dadımız. Sonradan müxtəlif  südlü sıyıqlar, daha sonra  qatıq, xama, kəsmik, qaymaq, yağ, ayran, dovğa, süzmə, kefir, dondurma.  Nəhayət dəbdə olan süd  məhsulu  - yoqurt.  Süd təkcə yemək deyil, həm də yüz dərdə dərmandır.  Çağanın qulağı ağraıyanda, burnu tutulanda, zökəmdə  ana südü dərman kimi istifadə olunur. İnsan zəhərlənəndə qatıq verirlər.  Kimya sənayesində, şüa ilə bağlı işlərdə, televiziyada  çalışanlara süd verirlər. “Kitabi-Dədə Qorqud”da  “ana südü, dağ çiçəyi” kəlamı da elə-belə deyilməyib. Ana südü ilə bağlı lətifə də var.

LƏTİFƏ

Günlərin bir günü  orta yaşlı bir kişi xəstələnir. Həkim də onu müayinə etdikdən sonra  təyinat verir:

-  Sənin bircə dərmanın var. O da ana südüdür. Özü də əmməlisən.

Kişi məəttəl qalır ki, bu nə xəstəlikdir ki, əlacı yalnız ana südüdür?  Bəs ana südünü hardan tapsın? Hansı gəlin onu əmizdirməyə razılıq verər? 

Amma bu yandan da xəstəliyi onu incidirmiş. Küçəyıə gedəndə görür ki, bir cavan gəlin skameykada oturub uşağın əmizdirir. Yaxınlaşır. Hal-qaziyəni  başa salır. Kişi gözləmədiyi halda gəlinin ona yazığı gəlir. Razılıq verir. Çağanı yatızdırıb yedəyə qoyandan sonra, kişini ağuşuna alır. O da ədəb-ərkanla başlayır qadını əmməyə. Demə  gəlin də dul imiş. Bir az keçdikdən sonra cuşa gəlir. Nəsə ürəyi “başqa şeylər” istəməyə başlayır. Deməyə də utanır. Kişi isə gəlinin döşünü marça-muçla  əmməkdə davam edir. Sonda qadın dözməyib kişidən soruşur:

-   Ay kişi, ürəyin başqa şey istəmir?

Kişi dodaqlarını gəlinin döşündən ayırıb:

-   İstəyir...

Gəlin də kişinin onu başa düşdüyünü zənn edib sevinir:

-  Nə?

-   Kişmişli bulku.

MƏN GÖRƏSƏN NƏ İÇİRƏM?

Nədənsə bu lətifə yadıma düşdü. İndi soruşacaqsınız ki,  süd bu qədər aktual problemdir ki, Mahir bu mövzuya müraciət edib? 

Mən hər gün səhər bir stəkan süd və bir taxta peçenye yeyirəm. Dükandan süd alırdım. Qonşum İsmayıl üzümə məəttəl-məəttəl baxdı ki, “ay Mahir müəllim,  paçka süd niyə içirsən? Qonşu inək saxlayır. Denən təzə sağılmış südü evə gətirsin də...”. Dedim  ki, “Ay İsmayıl, Masazırda otlaq sahəsi yox. İnəyə də nə yem verir,  Allah bilir. İstəmirəm”. Cavabı tutarlı oldu: “Sənin aldığın poroşok südündən yaxşıdır ki...”.

İki ildən çox Xırdalandakı Bakı Süd Kombinatında kadrlar üzrə inspektor olmuşam. İsmayılın bu sözü məni o illərə apardı. Bir an ayıldım. Bu sahəni az-maz  bilən adam kimi, görəsən dükandan aldığım nədir? Süd, yoxsa...

ŞAMAMA HƏSƏNOVA ƏSL TƏSƏRRÜFATÇIDIR

Füzulidə əsgərlikdəydim. Sovet vaxtı idi. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova o bölgənin hörmətli adamlarından sayılırdı.  Bir sərhədçi kimi  Molla Məhərrəmli, Əhmədallar, Horadiz (qəsəbə)  sakinləriylə sıx təmaslarımız olurdu. İki nəfər öz aralarında söhbət zamanı :

-   Bu Şamama xanım çox ağıllı adamdır. Əsl təsərrüfatçıdır.

-  Düz deyirsən. İndi nə yenilik edib?

-  Kolxozun bütün inəklərin satıb. Yerinə camış alıb. Camış da ki, həyasız heyvandır. İnək kimi tez-tez xəstələnmir. Yediyi də ki, qamış. Amma süd verəndə yağlılığı 6-7 faiz.

Bu sözün nə olduğunu o vaxt  anlamadım. Sonralar  süd kombinatında işləyəndə başa düşdüm.

TAXTA YEŞİKDƏN YAĞ ALANLAR

Sovet vaxtı Bakını iki kombinat süd məhsullarıyla təmin edirdi. Biri “Baksüd” İstehsalat Birliyi,  o biri isə Bakı Süd Kombinatı. “Bakmoloko”nun rayonlarda 30, Bakı süd kombinatının isə 5  süd zavodu vardı. Hər gün rayonlardan sisternalarla paytaxta süd göndərirdilər. İnək südünün yağlılığı maksimum 6 faiz, camış südünkü isə 7,7 faiz olurdu. Əlbəttə ki, kağızda. Xammaldan Bakıda süd, qatıq, kəsmik və digər məhsullar hazırlanırdı.

Südün yağını birinci rayon zavodlarında sivirirdilər. Yəni ki,  aşağı salırdılar. 7 faizdirsə qalırdı 5 faiz. Qalan südü sisternalara vurub Bakıya göndərirdilər.  Bəzən süddən qaymaq alıb çəlləklərə doldururdular. Göndərilən  qaymaqdan isə kombinatda yağ alınırdı.

TƏBİİ NEHRƏ – YEŞİK TAXTASI

Beləliklə süd sisterna ilə zavoddan çıxır. Maşının sürücüsü bir az gedəndən sonra bilirsinizmi nə edirdi? Əvvəlcədən taxtadan hazırladığı yeşiyi qoyurdu üç tonluq südün içinə. Bakıyacan 200 kilometr yolu süd maşını dərə-təpə yollarla çalxalana-çalxalana  gəlib çatırdı kombinata. Necə deyərlər təbii nehrə. Çataçatda şofer yeşiyi südün içindən çıxarırdı. Ona yapışan yağı qəşəngcə sivirirdi. Yağın tapılmayan vaxtında ailəsinə heç olmasa 1 kilo qənimət yağ aparırdı.

O dövrdə şoferlər müxtəlif üsullardan istifadə edirdilər. İstehsal sahələrinə və ya anbara pambıq, yun, şəkər tozu, qənd aparanlar guya ki, maşını yumaq adıyla salırdılar çaya. Həm yük maşını təmiz olurdu, həm də apardıqları yük çayın rütubətini özünə çəkib bir az da ağırlaşırdı. Mala hopan rütubətin  ağırlığı sürücünün qazancı sayılırdı.

SÜD QƏBULU SEXİ

Kombinatda südün yağlılığını ölçüb qəbul edirdilər. Yuxarı çənlərə vururdular. Ordan da qatıq, kəsmik, süd, pendir sexlərinə  paylanırdı. Pepsin deyilən bahalı -  bir kilosu bir “Jiquli” qiymətinə olan - maddə isə qatıq və pendirə xüsusi qatılıq verirdi.  Texnologiyadan danışıb başınızı ağrıtmaq istəmirəm. Bunları oxuya da bilərsiniz. Pərdəarxası məqamları vermək istəyirəm.

SÜDƏ SU QATANLAR

Deyilənə görə şəriətdə də böyük günah sayılır. Südə su qatmazlar. O dünyada haqq-hesab çəkəndə bu günahı işlədənlərə deyirlər. “Südü sudan ayır”. Əlbəttə ki, bu günahın sahiblərinin  son mənzili Cəhənnəmdir. Bunu uşaqlıqda, böyüklərin dilindən eşitmişəm.

Bəs 5, 6, 7 faizli südü normallaşdırmaq, yəni 3 faiz, 2,4 faizə salmaq üçün südçülər nə etməlidir?  Texnologiyaya görə  yağlı süd su ilə yox,  digər məhsulların istehsalından geri qayıdan yağsız südlə  - “abrat”la qarışdırılmalıdır.  Buna normallaşdırma deyirlər. Əgər “abrat” yoxdursa? Babalları öz boyunlarına.

HACI VƏ MEYMUN

Biri süd satıb ailəsini dolandırırmış. Sonradan südə su da qftmağa başlayır. Bu minvalla varlanır. Həcc boynuna düşür. Ailəsiylə sağollaşıb yola düşür. Səfərin müəyyən hissəsini gəmiylə getməli olur. Qızıl pulların isə kisəyə qoyub böyründən asıbmış. Birdən gəmidəki meymun hoppanır kişinin üstünə. Ani halda pul kisəsini böyründən çıxarıb qalxır dor ağacına. Ağzını açır. Qızılın birini dənizə, birini də ziyarətə gedənin üstünə atır. O da dinməzcə durub bu mənzərəyə tamaşa edir. Yanındakılar:

-  Ay kişi, bir əncam çək. Belə getsə  meymun pulların yarısını dənizə atacaq?!

-  İşiniz yoxdur. Meymun yaxşı bilir nə edir.  Qazandığım pulun yarısı südün, yarısı suyundur.

PALTARYUYAN MAŞIN HARA, YAĞ HARA?

“Köhnə yurdun təzə yurdda bilərlər”.  Sovetlər dağılırdı.  İşçiləri tez-tez öz hesabına  növbəti məzuniyyətə çıxarırdım. Üst-üstə ilin 6 ayın işləyirdilər. Yanıma gəlib ərizə yazanda köhnə xatirələri oyanırdı:

-  Heyf deyildi sovet vaxtı. Hərəmizin evində “Malyutka” paltaryuyan maşın vardı...

-  Əladır ki... ərin səni gör nə çox istəyir? İstəmir ki, paltarları əllə yuyub əziyyət çəkəsən.

-  Nə paltar? Sən də söz danışdın da... Paltaryuyan maşında camaşır yumurduq e, yağ alırdıq. Üç kiloqram qaymağı əkişdirib gətirirdik evə. Atırdıq maşına.
3 kilodan 1 kilo yağ alınırdı. Özü də yağın talonla olan vaxtında.

ANAMI DA ALDATMIŞDILAR

90-cı illərin əvvəllərində Bakıda xüsusi kənd təsərrüfatı yarmarkaları keçirirdilər. Bizim kombinat da  bu “məhsul bayramı”nda fəal iştirak edirdi. Bir gün atamgilə baş çəkməyə gəldim. Gördüm ki, anam yarmarkadan təzəcə qayıdıb. Yağ alıb. Atama da bəh-bəhlə tərifləyir ki, bəs təmiz inək yağıdır. Soruşdum ki, bəs hardan bilirsən ki, inək yağıdır. Dedi ki, rənginə bax... sapsarıdır. Anam  deyəndə ki, yağı  “Nərimanov” metrostansiyasının qabağındakı yarmarkadan alıb... dodağımı dişlədim. Deməli məhsul bizim kombinatındır. Bir gün qabaq iki texnoloqun öz aralarındakı söhbəti yadıma düşdü:

-  Yağa o qədər rəng vurmuşam ki, sapsarıdır. Lap inək yağı kimi.

“VALLAH, BUNLARIN AĞLI YOXDUR!”

Gürcüstandan da Bakıya nəzərəçarpmaz dərəcədə köç başlamışdı. Tez-tez “qraz” kəlmələri eşidilməyə başlamışdı. Bir gün kombinata yaşlı bir kişi gəldi. Dedilər ki, Gürcüstandan gəlib. Məşhur pendir ustasıdır. Bir gün, iki gün... üçüncü gün bu pendir ustası başladı gileylənməyə.  Səbəbiylə maraqlandım.

-  Ay Mahir, pendirə yağlı süd verməlidirlər. Bunlar isə mənim istədiyim südü vermirlər. Sonra da deyirlər ki, Gürcüstanda elədiyin pendirdən düzəlt. Mən də başa sala bilmirəm ki, pendir yağlı olanda bunlara da xeyirdir, keyfiyyətinə də. Çünki yağlı pendir suyu özündə saxlayır. Bu da artıq çəki deməkdir. Biclik edib suyun hesabına xeyir götürməkdənsə, südün yağlılığını kəsirlər.

 MOZZARELLA Dİ BUFALA

Bir dəfə AzTV-də Standarlaşdırma İdarəsinə çəkilişə getmişdik. Apardılar bizi “Bakstel”ə. Yəni ki, armatur istehsalat edən poladəritmə zavoduna. İstehsalat sahələrinin arasından keçib bir mərtəbəli binaya yaxınlaşdıq. İçəri girdik. Tam başqa bir aləmə düşmüşdük. Demə zavodun içində  məşhur italyan - “Mozzarella di Bufala” - pendirləri istehsal edirlərmiş. İstehsalatı yaratmaq üçün rayonların birində camış ferması da yaradıblarmış. Çünki adından  da göründüyü kimi bu pendir yalnız camış (bufala – camış deməkdir) südündən hazırlanır. İtalyan pendir ustaları bu məqsədlə rayona gedəndə kəndlilər onların qabağına bizim motal, qoyun pendiri, camış qatığı qoyublar. Xaricilər də bu nemətlərimizdən dadıb, heyrətlərini gizlədə bilməyiblər.

-   Bu cür gözəl pendir hazırlayırsınız, “Motzorella de Bufala”ya nə ehtiyac vardı ki?

SON

Bu mənim südlə bağlı müşahidələrim, təəsüratlarım idi.  Hər səhər süd içəndə - xüsusilə də soyuq qış aylarında  -  fikirləşirəm ki, içdiyim süd təbiidirmi? Bu südə su qatırlarmı?  Yadıma o da düşür ki, qış vaxtı süd istehsalı azalırdı. Xaricdən paraşok  süd alırdıq. Paraşoku da su ilə qarışdırırdılar. Hinkir-Minkirin isə kitabında südə su qatanlarla bağlı maddə var. Paraşoka su qatanlar isə hələ ki, Cənnətlikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü