Modern.az

Ana! Cümlələrimi ard-arda qoşa bilmirəm, sözsüz qalıram

Ana! Cümlələrimi ard-arda qoşa bilmirəm, sözsüz qalıram

Reportaj

18 İyul 2015, 12:00

 

Ana haqqında nə az yazılıb, nə də çox. Anadan nə qədər yazılsa da, azdır. Çünki borcunu, əziyyətini ödəyə bilməyəcəyimiz insanın haqqında yazmaqla, əvəz ödənmir. İndiyə qədər çox dəyərli şəxsiyyətlər ana haqqında yazıb. Şeir yazan, məqalə yazan, roman yazan, mahnı bəstələyən və başqa.

Sanki yaza bilən, yazmaq istəyən hər kəs yaradıcılığından mütləq bu başlıqda yazı istəyir. Məndə yazmalıydım. Yazdım. Düzdür, ola bilər ki, gec olsun amma səndən yazmaq üçün, anam, özümü hazır hiss etməliydim. Özümü də, qələmimi də, sözümü də.  Kimi bu yazını anasını çox sevdiyindən yazır, kimisi anasının yoxluğundan incidiyindən, kimisi anasına özünü borclu hiss etdiyindən yazır. Mən də səni itirmək təhlükəsini yaşayaraq yazmağa başladım.

Ana! Yeganə sözdür ki, dedikdən sonra istər-istəməz susursan. Həyatın gözünün önündə ani olaraq canlanır. Həyatını ona borclu olduğunu birdə anlayırsan.  İstəyirsən varlı, istəyirsən kasıb, güclü ya da, gücsüz ananın duasının sədası qulağında varsa, ananın varlığını hiss edirsənsə, demək səndən güclüsü yoxdur.

3 hərf özündə nə qədər dərin mənanı birləşdirir. Mənim cümlələrim çox vaxt dolaşıq olur, dərin olur, mürəkkəb olur. Amma səndən yazanda uşaqlığıma geri qayıdıram elə bil. Bilmirəm niyə.

Qəribədir, cümlələrimi ard-arda qoşa bilmirəm, sözsüz qalıram. Sənə layiq ifadə, söz,cümlə - heç nə tapa bilmirəm. Hər birimiz analara qurban olaq. Ana bizə həyat verib və bizim də borcumuzdur ki, bu əziyyəti qiymətləndirək. Bütün analar var olsunlar, övladının yanında olsun. Övlad onun varlığını hiss etsin. Heç bir övlad anasız qalmasın. Çünki anasız bir tərəfin həmişə yalındır.

Bir qoluna nə geyinirsən geyin, amma o biri qolun həmişə üşüyəcək. Onu heç nə isindirə bilməyəcək, ana varlığından başqa. Heç bir övlad bu  həyatda bax elə  üşüməsin. Yaman pis olur. Əziz varlığımız, dəyərlimiz, Anamız. Həmişə özümü sənə borclu bildim. Uşaqlıqda həyətdə oynayanda  həyətdən  gül gətirməklə, məktəbdə oxuyanda əla qiymətlər almaqla, dərsdə sakit oturmaqla, ali məktəbə daxil olmaqla, ali məktəbi bitirməklə, işləməklə, ailə qurmaqla. Daha düşünmürdüm ki, bunların hamısını özüm üçün edirəm, hər şeyi öz gələcəyim üçün edirəm. Həyatda çox itkilərin acısı zamanla yüngünləşir, amma ana yoxluğu incidi.

Bu həyatda hansı yaşda, hansı vəzifədə, hansı mühitdə olmağından asılı olmayaraq, ana haqqını, ana əziyyətini çalışaq itirməyək. Anaların hörmətini, ana yolunu həmişə saxlayaq. Ananın duasını al ki, xeyir tapasan. Ana duası övlada tam başqadır.

Heç bir ana övlad itkisini,heç bir övlad da ana itkisini yaşamasın. Çünki bu itki dözülməz hissdir.  Həyatının hər anını sevdiyini  itirmək qorxusuyla yaşamaq qədər, işgəncəli başqa hiss yoxdur.
Təkcə öz anama deyil, bütün analara hörmət edirəm. Bütün anaların adı da, özü də, varlığı da özəldir. Fərqi yoxdur kimin anasıdır. Ona hörmət edilməlidir. Ananın saçındakı ağ tükün nə qədər dərin mənası var. O saç niyə ağardı? Nə vaxt ağardı? Bilirik mi? Yox.

Ananın üzünə baxanda, daim gülməsini istəyirsən.Çünki güləndə, ana uşaq kimi olur. İnanılmaz bir şeydir, sanki balaca körpəyə çevrilir.Yanağına toxunursan yumşaqdır. Həyatda sənin üçün ondan hamar heç nə olmayacaqmış kimi.

Ana, sənin xeyir-duan sanki,  bütün  çətin işləri asan edir. Hər dəfə deyirlər ki, böyüklərin xeyir-duasını al. Bəli, ananın  duaları övladının həyatında çox önəmli yer tutur. Məktəbə gedəndə, uzun yola çıxanda, imtahan verəndə, ailə quranda, işə qəbul olanda, anamızın duasını alıb gedirik. Övlada ananın duası da, özü də, xoş sözü də, pis sözü də hamısı gərəklidir. Ananın zəhmətini yerə vuran, itirən, dəyərsizləşdirən övlad heç vaxt irəli gedib, uğur qazana bilməz. Bilirəm, valideynlər arasında ayrı-seçkilik etmək düz deyil.

Amma uşaqlıqda,"Atanı çox istəyirsən,yoxsa ananı?" sualını təkcə mənə verməyiblər. Mən də o zamanlar bu suala "atamı" cavabını verirdim. Hə, son 3 ilə qədər anamdan da, bacımdan da  daha çox atamı istəyirdim. Lakin son 3 ildə, hər şey dəyişdi. Və indi bu həyatda özümdən də dəyərli, mənim üçün anamdır. Yaşadığım hər gün anamı itirmək qorxusuyla keçirdiyim saatlardır. Bu saat nə vaxt dayanacaq, nə vaxta kimi davam edəcək onu bilmirəm. Amma xəstədə olsa da, yanımda olmağı mənim üçün kifayətdir. Əsas odur ki var, mövcuddur və mənim yanımdadır. Amma hər dəfə evdən çıxanda deyirəm ki, Allah səni qorusun ,anam. Ürəyimdə isə  pıçıldayıram ki, geri qayıdanda səni görmək  ümidiylə gedirəm. Övladlara sözüm odur ki, onsuz da nə etsəniz, ana zəhəmətinin qarşılığını verə bilməyəcəksiniz.

Ona görə də anaya naz etmək, ananı incitmək, sözünü yerə vurmaq, hörmətsizlik etmək, sonra ən çox sizi incidəcək. Ona görə də, sonradan pis olmamaq  üçün, peşmanlıq yaşamamaq üçün ana yolunu, haqq yolunu tutun. Ananın böyüklüyünü dərk edən və unutmayan övlad olun ki, gördüyünüz hər işdən xeyir qazana biləsiniz. Ailədə ana olmayanda, o evdə ruzi də bərəkət də bol olmur. Ana olan evin bərəkəti həmişə var. Valideynin yolunu saxlayın, hörmətini gözləyin ki, gələcəkdə  övladlarınız sizin yolunuzu saxlayıb, adınıza və özünüzə hörmət etsinlər.

Yaqut Aslanova
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü