Modern.az

Tərəkəmə mətbəxinin ÖZƏLLİKLƏRİ: Onlar niyə çay içmirlər?

Tərəkəmə mətbəxinin ÖZƏLLİKLƏRİ: Onlar niyə çay içmirlər?

12 Avqust 2015, 12:18


Yaylaqlara köç edən köçərilər boş çöllərə yenidən qayıdanda sərkərlərdən biri deyir: “Ayaq saxlayın, xatirələrə ağlamaq istəyirəm”.

Köçəri üçün ötən il yaşadıqları hər gün bu il üçün bir xatirədir. O günlərdən qalan nişanlar, alaçıq mıxı, at, mal-davar ciyəsi, paslı sac sərkəri (köç başçısını) kövrəldir. Amma o, usanmır. Çünki el yeni oba qurmağa gedir. Dağların arxasında, geniş yamaclarda yenidən öz sürülərini saxlayacaq və alaçıqları yerə bərkidəcəklər. Bunlar köçəri elatlar, tərəkəmələrdir. Simvolik türk dediyin bir məfhuma ən yaxın olan zümrə...

Modern.az tərəkəmələrə həsr etdiyi üçüncü yazısında bu zümrənin gündəlik yemək və məişət adətlərindən söhbət açacaq...

Tərəkəmə çay nədir bilməz

Tərəkəmə çay nədir bilməz ki... Daha doğrusu, onu xoşlamaz. Ətrafda sərin, buz kimi bulaq suyunu ancaq özlərinə aid olan, arasına qoyun pendiri qoyulan çörək, yuxa və fətirlə yemək onlar üçün nəyə desən dəyər. Ara-sıra çay dəmlərlər. Özü də necə... Somavarda, ya da ocağın üstündə... Yox, yox tərəkəmə kişiləri ocaq çayına o qədər də meyl etməz. Çayın dağda bitən misilsiz şəfalı otlardan hazırlanması isə nəinki əsas şərt, hətta  pozulması mümkün olmayan bir qanundur. Ocaq demişkən, tərəkəmə olan yerdə mütləq ocaq yanmalıdır. Başqa cür ola bilməz. Yaxşı gündə də, pis gündə də, yaylaqda da, qışlaqda da...Yoxsa düşmən tərs başa düşər. Görürsüzmü, haradan gələn bir adətdir? - Dədə Qorquddan , Bilgə xandan, Göytürkdən...

Hər gələn qonağa qoyun-quzu kəsmək bizim qonağa verdiyimiz çay kimidir. Elə vaxt olur ki, bir tərəkəmənin evinə bir gündə üç ayrı yerdən qonaq gələr. O, bundan əvvəlki qonaq üçün kəsdiyi toğlunun ətinə dəyməz. Tərəkəmə öz dünyasında bunu hörmətsizlik kimi sayar. Onun üçün ayrıca bir qoyun kəsər. Qoyun demişkən, tərəkəmə hər gələnə bir qoyun kəsirsə, bu o demək deyil ki, o, əsas ruzisi olan qoyunu havayı çölə atır. Xeyr! Tərəkəmə dediyin zat qoyunun  heç nəyini çölə tullamaz. Onun lazımsız bağırsağından da kiriş hazırlar. Qoyunun dərisindən isə elə bir məcun düzəldər ki, gəl görəsən. Yəni, tərəkəmə bişimlik əti təzə kəsilmiş qoyunun dərisinin içinə salar, onu hər iki tərəfdən möhkəm bağlar ki, partlaq yeri olmasın. Sonra onu yarım metrə yaxın qazılmış çalaya salar. Çalanın üstünü torpaqla örtərlər. Düz həmin torpağın üstündə ocaq çatarlar. Ocaq yanar, dəri içindəki, torpaq altındakı ət isə pıqqapıqqla bişər. O ətə qəti düz vurmazlar. Çünki xalis tamı itər. Əvəzində əvəlikdən, reyhandan, cincilimdən və başqa otlardan o ətə qatarlar. Reyhan dedik, yada düşdü: tərəkəmə, bilirsiniz reyhanı nə qədər sevir? Hara getsə onun toxumlarını götürüb özü ilə aparar, yaxşı bir dağ reyhanı əkərlər. Tərəkəmə bir reyhandan, bir də mərzədən xali olmaz. Ən çox sevdikləri yemək olan qatıq aşını, yaxud ayran aşını reyhansız, yarpızsız bişirməzlər. Qatıq aşı indi bizim dediyimiz dovğadır. Tərəkəmə həm onun istisini yeyər, həm soyuğunu özü ilə örüşə aparar.

Bundan əlavə, tərəkəmələrin ancaq özlərinə məxsus olan yeməkləri var ki, onu da reyhansız yeməzlər. Bu, tərəkəmə çığırtmasıdır. Azərbaycanda yeganə sulu çığırtma ancaq tərəkəmələrdə olar.



Çox maraqlı bir detalı da deyək. Tərəkəmə yayda mal ətini, ümumiyyətlə, ət yeməyi sevməz. Yayda bayaq dediyimiz iki yemək və doğramacla keçinərlər. Bir də çolpa qızartması. Tərəkəmənin, elatın uşağından –böyüyünə hamı çolpa qızarmışını çox sevər.

Amma tərəkəmənin kartofla arası yoxdur. Ümumiyyətlə, kartofdan çox az yeməklərdə istifadə edərlər. Bircə kartof külləməsini sevərlər ki, onun da ayrı bir tamı olur. Ona görə ki, torpaq altında yuxarıda dediyimiz qayda ilə bişən kartofu qoyun dərisinin içində hər zaman hazır vəziyyətdə saxlanan pendir, şor, kərə yağı ilə yeməyin ləzzəti tam başqadır.

Bir də məşhur bozartma və xaşlamaları var. Ola bilsin ki, bu iki təamı özləri yeməzlər, amma qonaq üçün mütləq bundan hazır edərlər. Bozartma və xaşlamanın haqq-hesabları qoyun dərisində hazır saxlanılır. Qonaq gəlsə, oradan çıxarıb tez-bazar hazırlarlar. Xaşlama tərəkəmənin nadir hallarda yediyi plovda da işlənilir. Amma bu zaman elat xanımı mütləq düyünü ayrı, xaşlamanı ayrı bişirməlidir.

Tərəkəmələr nədənsə qurudulmuş meyvədən ötəri sino gedərlər. Bilmirsən nədəndir, meyvənin qaxı tərəkəmə üçün əziz nemətdir. Ara-sıra içdiyi çayı da qaxla ötürərlər. Bir də dadlı qoyun ətindən olan yeməklərində meyvə qurusunu əskik etməzlər.

Qərib adətlər, köç qanunları 

Madam ki, yeməklərdən danışdıq, bir az da tərəkəmənin məişət adətlərindən danışaq. Demək, bir tərəkəmə qızını başqa elə verirsə, artıq onu ailəsindən çıxdaş edir. Onu birbaşa həmin obaya aid bilir. Vay o gündən ki, tərəkəmə qızını alan oğlan gəlib onların obasında, yurdunda, onların yanında yaşaya. Olmaz belə. Çünki tərəkəmə ailəsi bütöv bir orqanizm kimi yaşayır. Onların yalnız özlərinə aid sirləri var. Yanlarından əskilməyən canavar qənimi olan itləri bu sirri bilə bilər, amma yad obanın adamları əsla bunu bilməz. Odur ki, obaya başqalarını gətirməzlər.

Tərəkəmələrdə çoxarvadlılıq dəb deyil. Amma istisnalar da var. Bu istisnaların özü də müəyyən qaydalara tabe olmalıdır. Məsələn, bir elatlı kişi birinci arvadının üstünə yenisini gətirəndə, mütləq həmin arvadın qohumlarından olmasına diqqət edərdi. Bundan sonra isə obada hər zaman birinci arvadın sözü eşidilərdi, onun məişət çərçivəsində qoyduğu qayda-qanun əsas idi.

Novruz bayramı onlarda da əsas bayram sayılar. Obanın az qala bütün evləri bir-birinə mütləq pay verməli idi. Payın da əsasını qoğal və fətir arasında halva təşkil etməli idi.

Düzdür, ərəbə bir yaxınlığı olmasa da, tərəkəmə adamı da dəvəni çox sevər və ona çox dəyər verər. Ən qiymətli şeylər, xanımların özləri köç zamanı ancaq dəvələrdə olmalı idi.

Köç iki mərhələdə olar. Birincidə kişilər, obanın baş bilənləri gedər, yurd yerini dəqiqləşdirər, məskən qurar, ardınca ikinci köçdə yerə qalan kişilər, uşaq və qadınları gətirərmiş. Sonralar vəziyyət dəyişib, elə düşünüblər ki, hamısı bir getsinlər. Bir də o boyda yolu iki mərhələdə getməsinlər. O zaman da yolkəsənlər çox imiş. Nə çox qoyuna, quzuya, davara, ata göz dikənlər. Odur ki, el bir yerdə getməyə qərar verir.

Heç nəyə baxmayaraq tərəkəmə həyatı qədim türkdən qalan mükəmməl bir orqanizmdir. Bu gün də həmin orqanizm bir olsa, çox fayda verər. Necə ki, elə bir tərəkəmə aşığı deyib: “El bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi məsəl sındırar”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü