Modern.az

Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi - LAYİHƏ

Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi - LAYİHƏ

Reportaj

12 Sentyabr 2015, 14:52

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir. 

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin təəssüratları təqim edilir. Bakıya kimlər gəlməyib?

Bu dəfə Rusiyanın dünya şöhrətli müğənnisi, SSRİ xalq artisti, Rusiya səhnəsinin primadonnası Alla Puqaçovanın Bakı səfərindən bəhs edirik.

1949-cu ilin aprelin 15-də Moskvada doğulan Alla Puqaçovanın bütün uşaqlığı orada keçib. 1954-cü ildə 5 yaşlı Alla ilk dəfə səhnəyə çıxıb və konsertdə mahnı oxuyub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxıb və bununla da məşhur müğənninin müxtəlif ölkələrə konsert səfərləri başlayıb. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.

Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib ki, burada Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.



Məşhur müğənninin səfərləri haqqında qeydlər edən yazıçı və jurnalist Fyodr Rzakov isə “Alla Puqaçova: Şöhrətin addımları ilə” kitabında onun Bakı səfərlərinə də toxunub. Xatirlərini paylaşan jurnalist qeyd edib ki, 1979-cu ilin yanvarında Alla Puqaçova “Oxuyan qadın” konsert proqramının təqdimatını keçirib və bu proqramla Sovet şəhərlərində konsertlər verib. 80-ci ildə proqramın ardı olaraq Omsk, Bakı, Varşavada konsert proqramları ilə çıxış edir.

1980-ci il fevralın 20-də Bakıya konsert verməyə gələn Alla Puqaçova bir həftə şəhərimizdə qalıb. F.Rzakovun qeydlərinə görə, həmin bir həftəlik səfərdə Azərbaycanın o zamanki rəhbəri Heydər Əliyev onu şam yeməyinə dəvət edib. Həmin vaxt Allanı sonradan 3-cü əri olacaq Yevgeni Boldin müşayiət edib. Hələ evli olmayan cütülüyü məhz bu banket daha da yaxınlaşdırıb.

Amma bu, Alla Puqaçovanın Bakıya sonuncu səfəri olmur. O, Bakıya 1985-ci ildə yenidən gəlir. 85-ci ilin noyabrında Bakıda konsert verən müğənni-aktrisa Vladimir Kuzminlə isti münasibətlərdə idi. Jurnalist Fyodr Rzakov həmin anları belə xatırlayır: “Bakıda Puqaçova və Kuzmin öz romantik münasibətlərini gizlətmirdilər. Onlar hər yerdə birlikdə görünürdülər. Amma orada həm də müğənninin rəsmi əri Yevgeniy Boldin də var idi”.

O zaman Rusiya estradasının divası adlandırılan Alla Puqaçovanın Bakıya səfər etməsi Azərbaycanda böyük səs-küy doğrur. Bütün Sovet məkanında məşhur olan müğənnini görmək, onun səsini eşitmək üçün hər kəs Bakıda onun konsert verəcəyi məkana axışırdı. Hər kəsdə Allaya qarşı hədsiz sevgi var idi və onu böyük coşqu ilə qarşılayırdılar.

Alla Puqaçovanın 1985-ci il Bakı səfərini xatırlayan müğənni Flora Kərimova Modern.az-la təəssüratlarını bölüşüb. Flora xanım deyir ki, o zaman bakılılar Allanın sənətindən çox, onun Kuzminlə münasibətlərindən danışmışlar:

“Alla Puqaçovanın Bakı səfəri yaxşı yadımdadır. O vaxtkı rəhbərlik tərəfindən səviyyəli qarşılandı, o, Bakıdakı “Moskva” mehmanxanasında qalırdı. Lakin o zaman Alla Puqaçovanın davranışları məni çox sarsıtdı. Yadımdadır, onda Kuzminlə Bakıya gəlmişdi və onu kimlərəsə qısqanmışdı. Özünü çılğın aparırdı. Həddindən artıq çox içirdi və Kuzminə qarşı kobud hərəkətlər edir, onu otağından qovurdu. O hadisələrdən sonra Allaya fövqəladə istedad kimi baxanların münasibəti dəyişdi. Elə mənim yaddaşımda da o cür qaldı. Düzdür, ola bilsin ki, bunun onun  müğənniliyinə dəxli yoxdur, ancaq düşünürəm ki, sənətkar onu qəbul edən cəmiyyətə borcludur. Sənətkar səsi ilə nümunə olduğu kimi, davranışları ilə də nümunə olmalıdır”.

Alla Puqaçovanın növbəti Bakı səfəri 2000-ci ildə olmalı idi. Belə ki, Böyük İpək Yolu ölkələrinə səfər proqramı hazırlanmışdı və “rus primadonna”nın Bakıda da konsert proqramı ilə çıxış etməsi nəzərdə tutulurdu. Amma bu səfər reallaşmadı.

F.Rzakov xatirələrində qeyd edir ki, Alla Puqaçova ilk olaraq Bakıda çıxış edəcəkdi. “Səfərdən yalnız bir neçə gün qabaq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən Moskvaya faks göndərildi ki, konsert ləğv olunur. Fikrimcə, bu, Puqaçovanın o vaxtkı əri Flipp Kirkorovun mənşəcə erməni olması ilə bağlı idi”.

Rusiya estradasının promadonnasının Bakıya konsert vermək üçün son gəlişi 2009-cu ilə təsadüf edib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə 2009-cu ilin sentyabrında Alla Puqaçova Bakıya gəlib. Hava limanında böyük çoşqu ilə qarşılanan müğənnini Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev müşayiət edib.  



A.Puqaçova jurnalistlərə açıqlamasında yenidən Bakıya gəlməkdən məmnunluğunu ifadə edərək Azərbaycana konsert səfərinin son olacağını vurğulayıb.

“Yaradıcılığımın ən gözəl çağları məhz Bakı ilə bağlıdır. Burda çoxlu dostlarım var. İnanmaq istəmirəm ki, bu, Bakı səhnəsində son çıxışımdır. Amma bu həqiqətdir. Bundan sonra Bakıya ancaq qonaq kimi gələcəyəm. Bu şəhərdə keçirdiyim hər bir an, hər bir dəqiqə mənim üçün əzizdir”.

Təyyarədə uçmaqdan qorxduğunu deyən A.Puqaçova Bakıya səfərinin Rusiya prezidenti tərəfindən təşkil olunduğunu vurğulamağı unutmur: “Prezident mənim təyyarədən qorxduğumu bilir. Ona görə də özümü inamlı hiss etməyim üçün xüsusi təyyarə ayırdı. Mən də prezidentə inanmayıb kimə inanacaqdım ki?”.

Flora Kərimova müğənninin həmin Bakı səfəri zamanı konsertdə canlı deyil, fonoqramla çıxış etdiyini xatırlayır.

“Sonuncu dəfə gələndə fonoqrama ilə oxumuşdu. İnciməsin onu sevənlər, ancaq pul yığmağa gəlmişdi. Əvvəllər onun gözəl səsi var idi, amma təəssüflər olsun ki, çox siqarət çəkməkdən artıq səsi də batmışdı”.



Sonuncu səfəri zamanı Alla Puqaçova Bakıdakı Fəxri Xiyabanda da olub, Heydər Əliyev, Zərifə Əliyeva, Müslüm Maqomayevin məzarlarını ziyarət edib, eyni zamanda Şəhidlər Xiyabanına da gedib.

A.Puqaçova Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış edib. Ertəsi gün isə Rusiya səhnəsinin primadonnası “Buta Palace”də konsert verib. Konsertdə müğənnini Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da dinləyib. Həmin konsert böyük çoşqu və tamaşaçıların fasiləsiz alqışları ilə yaddaşlarda qalıb.

Konsertdən sonra Prezident İlham Əliyevlə görüşən Alla Puqaçova Azərbaycan və Rusiya arasında mədəni əlaqələrinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Bu konsert proqramı SSRİ xalq artistinin Cənubi Qafqaza son səfəri olub.

Aytən ZƏHRA

***

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
//modern.az/articles/42791/1/

Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/

Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı