Modern.az

“20 noyabrda həlak olmuş məmurlar bugünkü vəzifəlilərə əsl nümunədirlər” - REPORTAJ

“20 noyabrda həlak olmuş məmurlar bugünkü vəzifəlilərə əsl nümunədirlər” - REPORTAJ

Reportaj

20 Noyabr 2015, 18:01

1991-ci il noyabrın 20-də Ağdam yaxınlığındakı Qarakənd səmasında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulmasından 24 il ötür. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri, jurnalistləri həlak oldular.

Faciə qurbanlarının Fəxri Xiyabandakı məzarına bu gün kütləvi ziyarətçi axını olub.

Modern.az saytının əməkdaşı Fəxri Xiyabana zayərətə gələn faciə qurbanlarının yaxınları ilə həmsöhbət olub.

Öncə mərhum daxili işlər naziri Məhəmməd Əsədovun məzarı başındakı yaşlı ziyarətçi diqqətimizi cəlb etdi. Bizimlə həmsöhbət olan Hüseynağa Qafarov Məhəmməd Əsədovla yaxın dost olduğunu söylədi. O, mərhum general haqqında xatirlərini göz yaşlarına boğularaq danışdı:

“Məhəmməd mənim əsgər yoldaşım olub. Onu itirmək mənə ağır dərd oldu, bu itki həyatımı alt-üst etdi. Mən onu qardaşdan çox istəyirdim. Hər zaman ona deyirdim ki, “Mamed, icazə ver sənin mühafizəçin olum”. Amma razılaşmırdı. İstəmirdi ki, kimsə onun yolunda əziyyət çəksin,  çətinliyə düşsün.  
O zaman Mamedin ölümünü televizyadan eşitdim. O, anı sözlə ifadə etmək çox çətindi. Onunla tanışlığım 1961-ci ilin 11 noyabrına təsadüf edir. Daha sonra həyat elə gətirdi ki, biz həm də qohum olduq. Mənim atam İkinci Dünya Müharibəsində həlak olub. Ardınca anamı itirmişəm. Amma inanın ki, Məhəmmədi itirmək ata-anamın faciəsindən betər oldu. Bəlkə də həyatda bu qədər sarsılmamışdım.
Məni yandıran odur ki, hələ də Məhəmmədə Milli Qəhrəman adı verilməyib. Necə olur ki, 18 yaşından ömrünü-günü vətənə, millətə, xalqa həsr edən bu insana fəxri ad verilməyib. Vertolyot faciəsinini araşdıran komissiyanın sədri Rəhim Quliyev idi. O, Məhəmməd Əsədov nazir işləyəndə müavini idi. Rəhim Quliyevi axtarıb tapdım, dedim ay Rəhim, necə olacaq axı bu işin axırı? Mənə dedi ki, “qoyurlar ki, bu iç açılsın..”.



Bu gün Fəxri Xiyabana gələnlər arasında Şuşa şəhərinin o zamankı 1-ci kaitibi olmuş və bu faciədə həyatını itirmiş mərhum Vaqif Cəfərovun yaxınları, qohumları da az deyildi. Mərhumun oğlu Nicat Cəfərov da atası barədə xatirələrini bizimlə bölüşdü:

“Atam barəsində danışmaq mənə çox ağırdır. Həm də fərəhlidir. Atam həlak olanda mənim 23 yaşım vardı. O, elin oğlu idi. Arzusu Şuşanın, Qarabağın abadlaşması idi. Onun da ruhu digər şəhidlər kimi narahatdır. Çünki torpaqlarımız gör neçə illərdir işğal altındadır”.



Vertolyot hadisəsində həlak olmuş mərhum jurnalist, həmin dövrdə prezidentin mətbuat katibi işləmiş Osman Mirzəyevin qızı Lalə Osmanqızı bizimlə söhbətdə o günləri belə xatırladı:

“Bizim həyat yolumuzu atam Osman Mirzəyev müəyyənləşdirib. Bu gün hər üç bacı jurnalistik. Jurnalist ailəsində doğulmuşuq. Təbii ki, atamın bizim peşə seçimimizə çox böyük təsiri olub. Kiçik bacım Sevinc uzun illərdir jurnalistikadadır, bu gün Amerikada yaşayır. Digər bacım Nərgiz də uzun illər BBC-nin Monitorinq Departamentində rəhbər işçi olub. Mənim indi 54 yaşım var. Atam rəhmətə gedəndə onun da 54 yaşı var idi. Mən idi başa düşürəm ki, Osman Mirzəyev üçün həmin yaşda həyat necə də şirin imiş. Atam bu gün sağ qalsaydı 78 yaşı olacaqdı, neçə-neçə ziyalı kadrlar yetişdirəcəkdi.
Onlar müstəqil Azərbaycanın ilk şəhidləri idilər. Düzdür, buna kimi 20 yanvar şəhidləri vardı... Amma müstəqillliyimizin ilk qurbanları atamgil oldular.
Biz o ziyalıları itirməklə dövlətin qol-qanadlarını itirdik. Onlar Azərbaycanın qaymaqlarıydı. Mən özüm də faciənin başvermə səbəbini çox araşdırdım. Amma qaranlıq qalan məqamlar çoxdur...”.



“Mi-8” hərbi vertolyotunda həlak olmuş Vəli Məmmədovun qardaşı Akif Məmmədliyə o qara günlərdən danışmaq çox çətindir:

“Çox təəsüflənirəm ki, qardaşım cavan yaşında həlak oldu. Amma digər tərəfdən də fəxr edirəm ki, Vəli Məmmədov xalq, vətən, millət yolunda canından keçdi. Vəli Məmmədov Şıxəli Qurbanovla birlikdə ilk dəfə Azərbaycanda Norvuz bayramını tədqiq edib. Sovetlər vaxtında bu işə hər adam cürət edə bilmirdi. Novruzun dünya miqyasında tanınmasına səbəb olub. Mən təklif edirəm ki, gələcək nəsilləri məlumatlandırmaq üçün burada- Fəxri Xiyanabnda bir löhvə yaradılsın. Bura ziyarətə gələnlər o insanlar haqqında geniş məlumatlandırılmaldırlar. Böyük qardaş kimi gözəl insan idi Vəli. Mən hər dəfə bura gələndə onuhn ruhu ilə söhbət edir və mənəvi rahatllq tapıram”.

Qarakənd facisəində həlak olmuş Azərbaycanın o zamankı baş prokuroru İsmət Qayıbovun yaxınlarında biri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədov:

“O hadisədə Azərbaycan xalqının sayseçmə oğulları həlak oldular. Məhəmməd Əsədov ilk dəfə Qarabağ döyüşləri zamanı “OMON” dəstəsinin yaradıcısı kimi tarixə düşüb, sonradan genral rütbəsi alaraq, Azərbaycanın daxili işlər naziri kimi xalqına, vətəninə xidmət edib və şəhid olub. Məncə Məhəmmməd Əsədova Milli Qəhrəman adı verilməlidir. Çünki Məhəmməd sağlığında bu adı qazanmışdı.
Mən İsmət Qayıbovun ən gənc dostu idim. Bugünkü bəzi məmurlardan fərqli olaraq, İsmət Qayıbov vətənini ürəkdən sevən şəxsiyyət idi. Nə yaxşı ki, bu gün baş verən bəzi hadisələri İsmət Qayıbov və digər həlak olanlar görmədilər. Yoxsa ürəkləri partlayardı. İlahi onlara şəhidliyi qismət etdi”.

Fəxri Xiyabandakı ziyarətçilər arasında olan Qarabağ Azadlıq Təşkilatını sədri Akif Nağı isə bildirdi ki, o, dəfələrlə 20 noyabr tarixinin Azərbaycanda terror qurbanları günü kimi qeyd olunması təklifi ilə çıxış edib.

“Amma bu məsələyə ciddi yanaşan yoxdur. Hələ də müsbət cavab ala bilməmişik. 20 noyabr 1991-ci il tarixində həmin oğullar vətən yolunda həlak olmasaydılar, bəlkə də bu gün bəzi üzdəniraq məmurlar bu rahatlığı tapmazdılar.  O şəhidlərin çoxu vəzifə sahibiydilər, imkanları var idi, amma özləri üçün heç nə etmirdilər. Onlar bu günkü məmurlara əsl nümunədirlər. Hökumutə bu gün elə kadrlar lazımdır.
Düşünürəm ki, 20 noyabr faciəsində həlak olanlara şəhid statusu verilməlidir”.















Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü