Modern.az

Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ

Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ

26 Yanvar 2020, 00:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Modern.az  xəbər verir ki, bu barədə məlumatı  Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Məlumata görə, bu gün Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını Naxçıvana aparmaq üçün 3 avtobus ayrılıb.

Elazığdan çıxan və əsasən tələbələrin olduğu birinci avtobus Naxçıvan sərhədi istiqamətində yola çıxıb, hazırda Ərzurumu keçərək Naxçıvanla sərhədə yaxınlaşır. Elazığ və Malatyadan ümumilikdə 41 nəfəri götürən ikinci avtobus hazırda Bingölü keçib.  

Naxçıvandan zəlzələ zonasına göndərilən üçüncü avtobus isə hazırda İğdırdadır və 1 saata Elazığda olacaq. Üçüncü avtobusla Elazığda qalan 15-ə qədər  Azərbaycan vətəndaşı Naxçıvana gətiriləcək.

Tələbələr Prezident İlham Əliyevə göstərdiyi qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Avtobusla Naxçıvana gətiriləcək tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqətdə saxlayacaq.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.  Zəlzələ nəticəsində 22 nəfər  həyatını itirib, 1000 nəfərdən artıq insan yaralanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok