Lənkəran 74 saylı kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbli haqqında yeni məlumatlar yayılıb.
Yayılan xəbərlərə görə, Hadı Rəcəbli bu dəfə talış xalqını söyüşlə təhqir edib.
Bir neçə talışın saytımıza verdiyi məlumata görə, Hadı Rəcəbli heç vaxt onlara qarşı mənfi fikirlər səsləndirməyib:
“Biz də eşitdik ki, guya Hadı Rəcəbli talış xalqını təhqir edib. Hadı Rəcəbli niyə talışları söysün ki?! Biz belə şaiyələrə inanmırıq”.
Modern.az saytı yayılan xəbərləri dəqiqləşdirmək üçün Hadı Rəcəbli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında belə bir xəbərə çox təəssüf etdiyini bildirib:
“Talış xalqını söyməyim, haqqımda növbəti təxribat əməlidir. Mən talış torpağının övladıyam. Həmişə mənə talış deyiblər. Bununla da fəxr etmişəm. Talış dilində təmiz danışıram. Həmişə talışlarla talış dilində danışmışam”.
Hadı Rəcəbli seçki öncəsi bu cür təxribatlara əl atanların məqsədinin başqa olduğunu da qeyd edib:
“Dövlətimizdə azsaylı xalqlara qarşı həmişə hörmət olub. Ona görə də haqqımda iftiralar səsləndirənlərlə seçkidən sonra hüquqi dildə cavab verəcəm. Çünki onların məqsədi seçki öncəsi təxribatlar törətməkdir. Halbuki ölkəmizdə demokratik seçki ab-havası hökm sürür. Seçkilərdən sonra bu məsələyə qayıdacam”.