120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Şaiq Piriyev Cəbrayıl və Qubadlıdan olan məcburi köçkünlər ilə izdihamlı görüş keçirib.
Modern.az xəbər verir ki, Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayıl-Qubadlı camaatının görüşünə gələn Şaiq Piriyev ilk olaraq camaatı salamlayıb və görüşə gələnlərə öz təşəkkürünü bildirib. Onlara öz komandası ilə “BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT” fəaliyyət platforması haqqında ümumi məlumat verərək, bu fəaliyyət platformasının istiqamətlərinə aşağıdakıların daxil olduğunu bildirib:
1. Hüquqi yardım;
2. Məşğulluq;
3. İctimai nəzarətin, mətbuat və xalq qarşısında hesabatlılığın təmin olunması sahəsində baxış və fəaliyyətimiz;
4. Sosial-iqtisadi məsələlər, sosial təminat və pensiya təminatına baxış və fəaliyyətimiz;
5. Məcburi köçkünlərin mənzil təminatı və infrastruktur layihələrlər sahəsində fəaliyyətimiz;
6. Elm və təhsil sahəsinə baxış və fəaliyyətimiz;
7. Səhiyyə sahəsinə baxış və fəaliyyətimiz;
8. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə baxış və fəaliyyətimiz;
9. Milli mənəvi dəyərlər, elm-texnologiya və gənclər siyasəti;
10. Seçicilərlə uğurlu kommunikasiyaya təminat;
11. Proqramın təşkilati-struktur aspektləri və maliyyələşdirilməsi mexanizmləri.
Çıxışçılar arasında ağsaqqallar, ziyalılar və akademik sektorun nümayəndələri iştirak edib. "11 istiqamət üzrə Fəaliyyət planı"nın həmmüəlliflərindən biri, professor, Azərbaycan Respublikasının kecmiş maliyyə naziri Saleh Məmmədov, fəaliyyət planının 50-dən çox rayonda məskunlaşmış soydaşlarımızın virtual aləmdə necə birləşdirəcəyini, onların həyatı üçün nə qədər əhəmiyyətli olduğunu platformanın qısa xülasəsini izah etməklə göstərib. Planlaşdırılan innovativ tətbiqlərin fəaliyyət planının həyata keçirilməsində əhəmiyyətini vurğulayan Saleh Məmmədov bu metodların dünya trendi olduğunu qeyd edib.
Görüşün sonunda Şaiq Piriyev seçiciləri 9 fevralda seçki məntəqələrinə gəlməyə və ən layiqli namizədə səs verməyə çağırıb.