Modern.az 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin müsahibəsini təqdim edir:
- Bəxtiyar bəy, zaman-zaman seçkilərə inamsızlığınızı ifadə etmiş, seçkilərdə iştirak etmək istəmədiyinizi bildirmişdiniz. Hətta 2019-cu ilin sonlarında İctimai Televiziyada seçkilərlə bağlı suala cavab olaraq seçkilərdə iştirak etmək istəmədiyinizi bildirmişdiniz. Necə oldu ki, son anda seçkidə iştiraka qərar verdiniz?
- Bəli, mən 2010-cu ildə deputatlığa namizəd olmuşdum və ənənəvi qaydalarla keçirilən seçkilərə inamımı itirmişdim. Buna görə də 2015-ci il seçkilərində iştirak etmədim. Ancaq 2019-cu ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında islahat yolunun seçildiyini bildirdi, əvvəlki parlament islahatlara ayaq uydura bilmədiyinə görə özünü buraxdı. Cəmiyyətdə və xüsusi ilə də gənclərdə inam yarandı ki, bu seçkilər əvvəlkilərdən fərqli olacaq və buna görə də bir çox insan öz namizədliyini irəli sürdü. Mən də ABŞ-da təhsilimi bitirdikdən sonra, 10 ildən artıqdır ki, ölkəyə qayıtmışam. Dövlət idarəçiliyində iştirak üçün mümkün yolların əksəriyyəti məndən asılı olmayan səbəblərə görə mənim üçün bağlanıb, bir tək seçki yolu ilə ölkənin gələcəyinə müsbət töhfə vermək imkanım qalıb. Ona görə də seçkidə iştirak etməyə qərar verdim.
Onu da qeyd edim ki, xalqa və dövlətə xidmət arzusu olmayan şəxslər üçün Milli Məclis elə də maraqlı, cazibədar yer deyil. Orta statistik bacarıqlı bir insan ölkə daxilində də, xaricdə də Milli Məclis üzvünün maaşından dəfələrlə çox gəlir əldə edə bilər, rahat, azad gəzə, səyahət edə bilər. Milli Məclis üzvünün məhdud resursları ilə 40 000-ə yaxın seçicinin məsuliyyətini 5 il müddətində hər gün üzərində hiss etmək, hər gün stresli həyat yaşamaq şəxsi baxımdan doğru seçim deyil. Ancaq ölkəmizin inkişafı və müsbət dəyişikliklər üçün bəzi insanların önə çıxması və fədakarlıq etməsi vacibdir.

- Niyə məhz Səbail seçki dairəsi? 2010-cu ildə siz Yasamaldan namizəd idiniz, orada ofisiniz fəaliyyət göstərib, seçici dəstəyiniz vardı. Bu dəfə niyə dairənizi dəyişdiniz?
- Mənim üçün 17 saylı Yasamal seçki dairəsi həm yığcamlığı, həm insanların əksəriyyətini şəxsən tanımağım, həm uzun illər orada yaşamağım və işləməyim baxımından daha rahat dairə idi. Ancaq məndən əvvəl Azər Qasımlı və Cavad Cavadov o dairədən namizədliklərini irəli sürdülər, keçmiş və indiki REAL üzvlərinin eyni dairədə toqquşması cəmiyyət tərəfindən qınandı. Mən də oradan namizəd olsam, birmənalı qəbul edilməyəcəkdi.
Səbail seçki dairəsində işləmək xeyli çətin idi. Ancaq bu dairədə ölkənin Prezidenti və Birinci vitse-prezidenti də səs verirlər. Onların islahat mesajına ilk dəstək verənlərdən biri olmuşam. 2 fevral 2019-cu ildə yazdığım bir postu bütün saytlar, TV-lər yayımladılar. Hakimiyyətdən kənar ilk adam olmuşam ki, riskli olsa da, islahat kursuna inamımı ifadə etmişəm, hakimiyyətin Mehman Hüseynovu azad etməsini, problemli kreditlərlə bağlı məsələnin həll edilməsini, 50-dən çox siyasi məhbusun azad edilməsini və bir çox addımları təqdir etmişəm. Buna görə məni qınayanlar da olub, ancaq mən inandığımı ifadə etmişəm. İndi isə elə bir məqam yetişib ki, bu dairədə seçkilərin nəticəsi islahat kursu ilə bağlı "davam", ya da "tamam" mesajı verəcək. Əgər bu dairədə seçkilər köhnə qaydada keçiriləcəksə, cəmiyyətimizin, gənclərimizin, beynəlxalq dairələrin islahatlarla bağlı yaranmış ümidləri ölə bilər. Şəffaf və ədalətli seçki keçirilsə, açıq fərqlə qələbə qazanacağıma əminəm. Ümid edirəm ki, hakimiyyət bu dairədə doğru seçim edəcək.
- Bəzən deyirlər ki, siz bu seçkilərə başqa məqsədlə qatılmısınız. Məsələn, seçkiləri sabotaj etmək üçün. Bu barədə nə deyə bilərsiniz?
- Xəbərim var. Bəzi dairələr ciddi-cəhdlə mənim rəqibimi islahatçı, məni isə bilərəkdən, yaxud bilməyərəkdən köhnə təfəkkürlü, vurulmuş məmurların maraqlarına xidmət edən namizəd kimi təqdim etməyə çalışırlar. Buna ciddi əhəmiyyət verməsək də, fikrimizi seçici ilə işə yönəltsək də, bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Bayaq qeyd etdiyim kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2019-cu ilin əvvəlində islahat kursunun anonsunu verəndə və ictimai nəzarətin əhəmiyyətini vurğulayanda, buna ilk xoş münasibət göstərən ictimai fəal olmuşam. Bildiyimə görə, ölkə başçısı da hakimiyyət çevrələrindən kənar, müstəqil bir şəxs kimi mənim bu mövqeyimdən xeyli şad olub. Ancaq sonradan il ərzində müxtəlif çevrələr haqqımda mənfi məlumatlar təqdim edərək, məni müxtəlif təxribatlara cəlb etmək istəyiblər. Onlardan bəziləri il ərzində vəzifələrini itirdilər. İndi kiminsə məni o şəxslərin maraqlarına xidmət edən biri kimi göstərməsi üçün ya ağılsız, ya məlumatsız, ya da təxribatçı olmalıdır. Ağıllı, məlumatlı və düzgün niyyətli insanlar anlayırlar ki, seçkidə iştirak edən və cəmiyyət tərəfindən çox da tanınmayan, siyasətdə ilk addımlarını atan, zəif kampaniya aparan rəqibə qarşı seçkidə iştirak edən tərəf yox, seçkiləri saxtalaşdırmağa çalışan, səsverməyə 10 gün qalmış səs faizlərini kalkulyatorda hesablayıb, MİS işçilərini, məktəb müəllimlərini təlimatlandıran, hərbi hissədə kütləvi saxtakarlığa hazırlaşmaq əmri verən tərəf olacaq.
Bütün ölkə ictimaiyyətinin, beynəlxalq müşahidəçilərin, diplomatik korpus nümayəndələrinin gözü bu dairədə olacaq. İnternet sorğularında, dairə ərazisində keçirilən sorğularda 80 faizin 20 faizə nisbətində üstün tərəfin əleyhinə saxtalaşdırma aparılacaqsa, seçkiləri sabotaj edən tərəf saxtalaşdırma əmri verənlər olacaq. Bizim itirəcək çox şeyimiz yoxdur. Nə böyük bizneslərimiz, nə on milyonluq villalarımız, nə milyonluq saatlarımız var. Mən ən uzağı fiziki azadlığımı itirə bilərəm, buna da hazıram. Bir dəfə həbsdə olmuşam, ikinci dəfə mənə nisbətən daha rahat olar. Biz təşviqat müddətində könüllü gənclər və tərəfdarlarımızla seçicilərlə görüşlərə itirdiyimiz vaxta görə də narahat deyilik.
Bizim itirəcəyimiz və itirmək istəmədiyimiz tək şey bu ölkənin gələcəyinə olan ümidlərimiz, inamımızdır. Sosial şəbəkələrdə yüzlərə insan, xüsusi ilə də gənclər təxminən bu mesajı veriblər ki, əgər heç olmasa, bu dairədə ədalətli və açıq seçki keçirilməsə, ölkənin gələcəyinə, islahat kursuna, seçkilər yolu ilə nəyinsə dəyişəcəyinə ümid və inam öləcək. Buna görə də ümid edirəm ki, hakimiyyət bu rəyləri nəzərə alacaq.

- Bir az da əsas rəqibiniz haqqında danışaq. İlk günlərdən onun üstünə getdiniz, mesajlarınızın bir hissəsi ona qarşı oldu, hətta, bəzi insanlar elə düşünürlər ki, sizin onun üstünə getməyiniz onu dəstəkləyən şəxslərə qarşı getməkdir. Buna münasibətiniz necədir?
- Əvvəlcə onu qeyd edim ki, əsas rəqibimi uzun illərdir tanıyıram, sosial şəbəkələrdə dostluğumdadır və fəaliyyətini izləyirəm. Onu yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı icraçı kimi tanıyıram. Seçki təşviqatında iki rəqibin toqquşması siyasətin və seçki kampaniyasının əlifbasıdır. Bunu müxtəlif yerlərə yozmaq, şəxsiləşdirmək, arxasında qaranlıq məqamlar axtarmaq ağıllı və dürüst insanların işi deyil. Mən sadəcə həm seçicilərimiz, həm də cəmiyyət üçün iki namizəd arasında kontrast yaradıram ki, seçici öz qərarını verəndə bizi müqayisə edə bilsin.
Yüz minlərlə izləyicisi olan, hakimiyyətə yaxın internet sayt və səhifələrində keçirilmiş sorğuların nəticələri göstərdi ki, hər ikimiz cəmiyyət üçün tanış simalar olsaq da, mənim lehimə arada 4 qat fərq var. Bu nəticə seçki təşviqatının əvvəlində də belə idi, ortasında da, sonlara doğru da... Təşviqat müddətində dairədə qərargah açdıq, müxtəlif materiallardan on minlərlə tirajla seçicilərimizə payladıq, həm özüm namizəd kimi, həm də könüllülərimiz qapı-qapı, məhəllə-məhəllə gəzib seçicilərimizlə görüşdük. Heç bir inzibati resurs dəstəyi olmadan kütləvi görüşlər keçirdik. Bir müddət sonra Səbail seçicilərinin özləri bizim aktiv təşviqatçılarımıza çevrildilər. Artıq dairə ərazisində hara getsək, mütləq bizim təşviqatımızı aparan seçicilərlə qarşılaşırıq. Elə qapılar olur ki, onları döyən kimi seçicilər evdəki təşviqat materiallarını qapılarından, pəncərələrindən asdıqlarını göstərirlər. Dairə ərazisində 3-4 digər namizədin təşviqat materiallarını görsək də, əsas rəqibimin bir evdə də təşviqat materialını görmədik. Rəqibimin seçki vədi olaraq 100 qadına xalçaçılıq təlimləri vermək təklifi isə onun Milli Məclis üzvünün funksiyalarından xəbərsiz olduğunu, siyasi proseslərə hazır olmadığını göstərdi. Dəfələrlə təşviqat qaydalarının əlifbasını pozmaqları göstərdi ki, heç komandalarında da siyasi, iqtisadi, sosial məsələlərlə bağlı dərin məlumatlı şəxslər yoxdur.
Düşünürəm ki, Səbail seçicilərini narahat edən Formula1 yarışlarının simasını Səbail seçki dairəsindən namizəd kimi irəli sürmək yanlış seçim idi. Rəqibim dövlət idarəçiliyində təmsil olunmaq istəyirsə, xanımların işsizliyinin qarşısını almaq üçün müxtəlif mərkəzlər yaratmaq istəyirsə, icra orqanlarında işlə təmin edilə bilər. Mənim üçün bu qapı bağlıdır, onun üçün isə yox. Çox yaxşı olardı ki, o, icra hakimiyyətində təyinatla öz bacarıqlarını nümayiş etdirərdi, mən də seçicilərin dəstəyi, rəğbəti və səsi ilə 5 il müddətinə Səbail seçiciləri və digər dairələrin insanlarının həyatlarında müsbət dəyişikliklərə töhfə verəcək prosesdə olum. İsrarla, insanların azad iradəsinə, seçiminə qarşı gedərək, ənənəvi yollarla kiminsə qalib elan edilməsi nə namizədə, nə dairəyə, nə ölkəyə, nə də ölkə rəhbərliyinə müsbət heç nə verməyəcək.

- Belə çıxır ki, siz qələbənizə əmin olmaqdan əlavə, həm də özünüzü bu dairədəki namizədlər arasında Milli Məclisə ən uyğun namizəd kimi görürsünüz?
- Bizim dairədə hazırda 20 namizəd var. Onların bəziləri aktiv təşviqatla məşğuldur, bəziləri isə sadəcə namizədliklərini veriblər və təşviqat lövhələrinə plakat yapışdırmaqla kifayətləniblər. Namizədlərin bir çoxunu şəxsən tanıyıram və tanıdığım, tanımadığım bütün rəqiblərimə uğurlar arzulayıram. Mənim məktəb illərindən olimpiadalarda uğurlarım, gənclik illərimdə təşəbbüslərim, ölkə başçısı ilə görüşdə Azərbaycanın elm və texnologiya istiqamətində beynəlxalq yarışlara ev sahibliyi etmək təklifim, BMT Baş Assambleyasında çıxışım, ölkə daxilində və ölkədən kənar fəaliyyətim və digər faktorlara görə seçicilərimiz tərəfindən dəstəklənirəm. Düşünürəm ki, Milli Məclisə seçiləcək şəxs seçicilərə sadəcə "Səbaildə doğulmuşam, Səbaildə sizin qonşuluqda yaşayıram" deməməlidir. Keçmişdə insanların hansı problemlərini qaldırıb, hansı nəticələr əldə etdiyini, gələcəkdə hansı addımlar atacağını da deyə bilməlidir. Mən bir neçə böyük qlobal məzun şəbəkəsinin üzvüyəm. Bunlar Harvard məzunlar şəbəkəsi, AIESEC məzunlar şəbəkəsidir. Düşünürəm ki, dünyanın müxtəlif ölkələrinin siyasi və biznes elitasında təmsil olunan bu məzunları Milli Məclis üzvü kimi Azərbaycanın həm beynəlxalq əlaqələr sahəsində, həm ölkə iqtisadiyyatına ciddi töhfə vermək sahəsində cəlb edə bilərəm.
- Son olaraq seçicilərinizə hansısa mesajlarınız varmı?
-Seçicilərimizi 9 fevral günü cəmi yarım saat, 1 saat vaxt sərf edərək seçki məntəqəsinə getməyi, növbəti 5 il ərzində hər gün onların həyatlarına təsir edəcək qərarların veriləcəyi yerə öz nümayəndələrini seçməyə çağırıram. Seçici aktivliyi nə qədər yüksək olsa, seçkiləri ənənəvi qaydada keçirmək istəyənlərin imkanları o qədər məhdud olacaq.
Ənənəvi qaydalarla seçki karuselləri, saxtalaşdırma əməliyyatına cəlb ediləcək şəxslərə də mesajım var. Lütfən, ölkəmizin gələcəyi ilə oynamayın, seçici iradəsinə zidd getməyin. Əgər bu proseslərə cəlb edilməyiniz qaçılmazdırsa, səsvermə kabinəsinə girdikdə orada yalnız sizin, vicdanınızın və yaradanın olduğunu unutmayın.
Sonda isə həm də bu dairənin seçiciləri olan ölkə rəhbərinə, birinci vitse-prezident Mehriban xanıma ünvanladığım məktubda da qeyd etdiyim kimi, onlarla da seçici-namizəd kimi görüşmək istəyimi təkrarlayıram. Yalnız bu şəkildə yaranmış bütün suallar, yaradılmağa çalışılan yanlış rəy aydınlığa qovuşa bilər, bilərəkdən yaradılan "sabotaj planı" təxribatının qarşısı alına bilər.
Mən bu seçkilərin ölkəmizdə vətəndaşların dövlətə, ölkəmizin gələcəyinə ümid, inam yaratmasının tərəfdarıyam, ümidsizlik, məyusluq, qəzəb və kədər yox...

