Modern.az

 Geosiyasi marodyorlar

 Geosiyasi marodyorlar

Aktual

4 Fevral 2020, 16:48

Qəzənfər Həmidoğlu 

 

ABŞ dövlət katibi Mayk Pompeonun postsovet məkanında qaçaraq turnesi, dörd gündə  dörd ölkəni – Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanı  ziyarəti təbii ki, Moskvanı qıcıqlandırdı.

 

Son illərdə Vaşinqtondan Kiyevə yüksəksəviyyəli səfərlər adi hal aldığı üçün Kreml buna birtəhər dözür, amma Birləşmiş Ştatların  xarici siyasət idarəsi başçısının Rusiyanın “arxa bağça” saydığı ölkələrin paytaxtlarında – Minsk, Nur-Sultan və Daşkəndə peyda olması ruslar üçün qəfil sürpriz oldu.

 

Bütünlükdə, Pompeonun turnesi dolğun keçdi. Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan liderləri ilə görüşlərində  dövlət katibi ABŞ-ın bu ölkələrlə əməkdaşlığını müzakirə etməklə məhdudlaşmadı.

 

Pompeonun Minsk ziyarəti ABŞ dövlət katibinin son 25 ildə Belarusa  ilk ziyarəti olduğu üçün turnedə ön plana çıxdı. Vaşinqton Belarus hakimiyyətini insan haqlarını pozmaqda suçlayır, artıq 12 ildir ki, Minskə səfir göndərmir və Lukaşenko hökumətinə sanksiyalar tətbiq edib.

 

Pompeonun Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü Minsk-Moskva münasibətlərinin xeyli korlanması fonunda baş tutdu. Dövlət katibi vəd etdi ki, Vaşinqton yaxın günlərdə Minskə səfir göndərəcək. Sanksiyalar hələlik aradan qaldırılmayacaq, amma ABŞ Belarusa investisiyaların həcmini artırmaq niyyətindədir. Pompeonun sözlərinə görə, Vaşinqton Belarusla əlaqələrində rəsmi Minskin suveren dövlət kimi seçdiyi xarici siyasət kursuna hörmətlə yanaşır. Yəni, ABŞ Belarusu “ya Rusuya, ya biz” seçimi qarşısında qoymur.  Dövlət katibi hesab edir ki,  Belarus öz seçimini etməli və regionda konstruktiv rol oynamalıdır: “Siz hansısa gücə tabe olmamalı, öz prioritetlərinizi özünüz müəyyən etməlisiniz”.

 

Məlum olduğu kimi, Rusiya Belarusa neft tədarükünü dayandırıb, Minsk-Moskva danışıqları bu istiqamətdə dalana dirənib qalıb. Kreml neftdən siyasi təzyiq aləti kimi istifadə edir və İttifaq dövləti çərçivəsində Belarusun suverenliyini məhdudlaşdırmağa çalışır. Bəzi ekspertlər hesab edirlər ki, Putinin planına əsasən, Belarus keçmiş SSRİ respublikalarını “bir yerə yığmağ”in ilk halqasıdır.

 

Pompeonun səfəri ərəfəsində Lukaşenko açıq bəyan etmişdi ki, Rusiya Belarusu “karbohidrogenlər üzrə çömbəlmiş vəziyyətə qoyub”.

 

Minskdə bu problem də müzakirə olundu və Pompeo bəyan etdi ki, ABŞ Belarusu “neftlə 100% təmin etməyə hazırdır”.

 

Dövlət katibinin Nur-Sultana səfərindən daha çox bu yadda qaldı ki, Pompeo Çini iynələmək fürsətini əldən qaçırmadı: “Biz insan alveri, Çin Xalq Respublikasında Qazaxıstanla sərhədin yaxınlığındakı Sincan düşərgələrində məcburi saxlanılan  1 milyondan artıq müsəlman uyğur və etnik qazaxların  ağır taleyi ilə bağlı məsələləri də müzakirə etdik”.

 

Daşkənddə isə ABŞ dövlət katibi həmçinin “C5+1” formatı çərçivəsində Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanın XİN başçıları ilə görüşdü.

 

Dünya siyasətində praqmatizmin güclənməsi fonunda hər bir müstəqil dövlət yürütdüyü xarici siyasətində  milli maraqlarını və iqtisadi qazanclarını ön plana çıxarır. Amma yaşadığımız regionun geosiyasi dramı bundadır ki, Rusiya qonşularının suverenliyini  “özbaşınalıq”  sayır, əyyamçılıqdan, ənənəvi interpretasiyalardan qurtula bilmir. Son 25 ildə olduğu kimi oldu. ABŞ-ın yüksəkçinli məmuru postsovet məkanında görünən kimi rus mediası yenə car çəkdi ki, “ Vaşinqton keçmiş sovet respublikalarını Rusiyanın təsir dairəsindən qoparmaq istəyir”.

 

Rusiyalı politoloqlar əmindirlər ki, Pompeonun turnesi Moskva və Pekinə qarşı yönəlib, ABŞ Rusiyanın ən yaxın qonşuları ilə ixtilaflarından, Çinin üzləşdiyi çətin situasiyadan faydalanmaq istəyir.  Politoloq Andrey Syzdaltsevə görə, ABŞ  geosiyasi marodyor (marodyor- savaşdan sonra ölüləri qarət adən) rolunu oynayır. Onun şərhinə görə, Vaşinqton bir tərəfdən başı postsovet ölkələrinin problemlərinə qarışan Rusiyanın qlobalmiqyaslı superdövlət deyil, ən yaxşı halda regionalmiqyaslı  aparıcı dövlət olmasını istəyir, digər tərəfdən, postsovet ölkələrinin Moskva və Pekinlə aralarını vurur.

 

Təbii ki, Lukaşenko Pompeodan az hiyləgər deyil, Rusiya ilə neft danışıqlarında   manevr imkanı əldə etməyə çalışır.  Bu da aydındır ki,  Moskva-Minsk gərginliyi alovlanırsa, Avrasiya İttifaqında böhran dərinləşirsə, təbii ki, qlobal usta intriqant kimi ABŞ tonqala odun  atmaq fürsətini əldən qaçırmayacaq. 

 

Rusiyaya gəldikdə isə, bu ölkə ilə düşmənçilik pis, ondan daha pisi isə onunla dostluqdur. Zira Rusiya heç vaxt postsovet məkanında səmimi siyasət yürütməyib. Öz inkişaf yolunu və tərəfdaşlarını seçməkdə keçmiş sovet respublikalarının müstəqil olduqlarını deyir, ardınca isə əlavə edir ki, seçimin nəticələri ağır ola bilər və məsuliyyət də öz boyunlarına düşür. Bu “məsuliyyət”in isə nədən ibarət olduğunu  30 ildir keçmiş sovet respublikalarının əksəriyyəti boynunda hiss edir.

 

Əslində, keçmiş SSRİ-nin süqutundan sonra postsovet məkanı ölkələrinin zəifliyindən, çətin vəziyyətindən quldurcasına yararlanan,  regionda ilk geosiyasi marodyorluğa başlayan Rusiya olub.  Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım və Donbas problemləri məhz bu geosiyasi qarətin nəticələridir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et