Modern.az

Bakıda qanunsuz tikilən obyekt söküldü

Bakıda qanunsuz tikilən obyekt söküldü

Aktual

21 Avqust 2020, 18:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən paytaxtın Xəzər rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Ramana Südçülük Sovxozu ərazisində vətəndaş Babayev Tərlan Tofiq oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib.

 

FHN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Babayev Tərlan Tofiq oğlu tərəfindən bu işlər davam etdirilib.

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq, tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bu il iyulun 16-da müvafiq rəsmi qərar verilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Babayev Tərlan Tofiq oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə avqustun 20-də sökülüb.

 

FHN bir daha tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et