Modern.az

Azərbaycanlı professor: Gürcü dilində səlis danışan yeni bir nəsil yetişib...”

Azərbaycanlı professor: Gürcü dilində səlis danışan yeni bir nəsil yetişib...”

Aktual

29 Avqust 2020, 11:32

Müsahibimiz Gürcüstanda yaşayan soydaşımız, gürcü dilində müdafiə edərək doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı Azər Dilənçiyevdir. İqtisad elmləri doktoru Azər Dilənçiyev yerli və xarici jurnallarda elmi məqalələr dərc etdirir, konfranslara qatılır, Qara Dəniz Universitetində müxtəlif millətlərdən olan 20-yə yaxın professorun çalışdığı bölümə rəhbərlik edir.

 

- Azər müəllim, siz Gürcüstan azərbaycanlıları arasında gürcü dilində müdafiə edərək doktorluq elmi dərəcəsi alan ilk azərbaycanlısız. Bu dərəcəyə yüksəlməyin çətinlikləri yəqin ki, mövcud olub...

- Təbii ki, çətinliklər olub. O zamanlar Gürcüstan azərbaycanlıları ümumiyyətlə təhsil almaq üçün Azərbaycanı seçirdilər və sonralarda orada qalıb fəaliyyətlərini davam etdirirdilər. Baxmayaraq ki, mən bakalavr və magistr təhsilimi ingilis dilində aldım, elmi dərəcəmi almaq üçün doktoranturanı gürcü dilində oxudum və müdafiəmidə həmin dildə etdim. Təbii ki, gürcü dilində bunu etmək çox çətin oldu, lakin mənim bəxtimdən elmi rəhbərim Giorgi Malaşxia Azərbaycana və azərbaycanlılara çox böyük sevgisi olan professor idi. Müdafiə elədiyim fakültənin dekanı professor Yevgeni Barataşvili isə məni görüncə hər zaman azərbaycanlı dostlarından danışar və problemlərimlə maraqlanardı. Bir sözlə, müdafiə zamanı əsas diqqət belə peşəkar və yüksək insani keyfiyyətlərə malik alimlərin sayəsində gürcü dilinin ədəbi incəliklərinə yox, dissertasiya mövzumun məzmununa yönəlmişdi.

 

- Sizin fəaliyyətiniz digər soydaşlarımıza örnək ola bilərmi və yolunuzun davamçılarını görürsünüzmü?

- Fikirimcə, nəinki örnək, yeni nəsil soydaşlarımızın daha da irəli getmək şansları var. Mən oxuduğum zaman Gürcüstan hələ keçid dövründə idi. Sadəcə bir misal gətirim: həmin dövrdə xaricə getmək üçün yeganə şans Soros fondu idi ki, onun xətti ilə də 1000 nəfərə təqribən 1 yer ayrılırdı. Bu gün isə sadəcə Erasmus proqramı ilə hər il Gürcüstandan minlərlə tələbə xaricdə təhsil alir və bu cür proqramlar çoxdur. Gürcüstanın azərbaycanlı tələbələri də, həmçinin, bu layihələrdə çox uğurla iştirak edirlər və gözəl nailyyətlər əldə edirlər. Bununla bərabər, təəssüflər olsun ki, universiteti bitirdikdən sonra elmi fəaliyyətini davam etdirmək istəyində və ya imkanında olan soydaşlarımızın sayı çox azdır. Fikrimcə, elmlə məşğul olmağın Gürcüstanda az gəlirli sahələrdən olması buna təsir edən ən böyük səbəblərdən biridir.

 

- Gürcüstan azərbaycanlılarının ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığını necə qiymətləndirərdiniz? Bu istiqamətdə əsas problemlər nədir və onların həlli yollarını nədə görürsüz?

- Son zamanlara qədər Gürcüstan azərbaycanlıları arasında ölkənin  ictimai-siyasi, mədəni həyatında əsasən yaşlı nəslin nümayəndələrinin fəallıq göstərdiyi müşahidə olunurdu, onlarında çoxu gürcü dilini bilmədiyi üçün cəmiyyətə tam integrasiya oluna bilmirdilər. Bu, sovetlər dövründən qalmış ənənələrlə və inersiya ilə davam edirdi. Lakin bu gün Gürcüstanda öz sözünü deyə bilən, gürcü dilində səlis danışan və öz vətəndaş hüquqlarını bilən bir nəsil yetişib.

Bu gənclərlə işlər aparılır, müxtəlif tədbirlər keçirilir. Məndə olan məlumata görə, gənclər xaricdə yaşayan azərbaycanlıların yay məktəblərinə, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi proqramlara cəlb edilir. Bununla belə, təəssüflər olsun ki, bu böyük potensial hələlik tam əhatə olunmayıb, bəzən neqativ qüvvələr bu gənc enerjini fərqli istiqamətlərə yönəltməyə çalışır. Ona görə də bu böyük potensialı dəyərləndirmək və gənclərlə işi daha da genişləndirmək, intensivləşdirmək lazımdır. Eyni zamanda, gələcəkdə, bu gəncləri vahid strategiya ətrafında, bir təşkilatda birləşdirmək də məqsədəuyğun olardı.

 

- Əgər sizin kimi elmi-ictimai nüfuza sahib olan azərbaycanlıların sayı, deyək ki, onlarla-yüzlərlə olsa, bu ölkədə soydaşlarımızın ictimai-siyasi mövqeyində hansı dəyişikliklər gözləniləndir?  

- Təbii ki, elə olacağı təqdirdə soydaşlarımız ölkənin siyasi-ictimai həyatına ciddi təsir göstərmə imkanına sahib olacaq, elmi-mədəni mühitdə özünəməxsus yer tuta biləcək bir topluma çevrilərdi. Gürcüstanda azərbaycanlılardan ibarət böyük potensiala malik elit ziyalı təbəqəsi formalaşardı. Bundan həm ölkə olaraq Gürcüstan, həm də xalq olaraq biz azərbaycanlılar böyük fayda əldə edərdik.

 

- Ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə fəaliyyətə başlayan Azərbaycanlıların İnteqrasiya Mərkəzində soydaşlarımıza təhsil almaları üçün imkanlar yaradılıb. Statistikaya görə, bu il Gürcüstanın ali məktəblərinə daxil olan 55 azərbaycanlı gəncin 35-i məhz bu Mərkəzdə hazırlıq kursu keçib. Sizcə, Gürcüstanda yaşayan gənc soydaşlarımızın, xüsusilə də qızların təhsilə marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

- Bu, çox gözəl, təqdirəlayiq haldır və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin fəaliyyətini bölgələr üzrə  daha da genişləndirmək yaxşı olardı. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələr dediyimiz zaman əsasən Marneuli, Qardabani, Bolnisi və Dmanisi nəzərdə tutulur. Təəssüflər olsun ki, Qardabanidə buna oxşar fəaliyyətlər zəif aparılır. Bu mənada İntegrasiya Mərkəzinin fəaliyyətini digər bölgələr üzrədə genişləndirmək olar. Başqa bir məsələ isə ondan ibarətdir ki, integrasiya yalnız universitetə qəbul ilə məhdudlaşmır, əsas məsələ o tələbələrin universiteti bitirdikdən sonrakı fəaliyyəti ilə bağlıdır, məhz bu zaman tam mənada siyasi-ictimai inteqrasiyadan söhbət gedə bilər. Qızların təhsilə bağlılıgını artırmaq məsələsinə gəldikdə isə, hesab edirəm ki, keçən illərə baxdığımız zaman statistikada müsbət artım dinamikası var. Ali təhsilini  bitirib iş fəaliyyətinə başlayan qızların uğurları gənc qızların təhsilə meyllənməsində böyük rol oynayır. Hesab edirəm ki, bu istiqamətdə ailələrlə işləyib təhsilin bugünkü şərtlərdə önəmini anlatmaq lazımdır. Bu gün məhz gürcü dilində təhsil alan qızlarımız “erkən nikah” kimi problemə qarşı təşkilatlanıb çox ciddi mübarizə aprarırlar və böyük nailiyyətlər əldə ediblər.

 

- Çalışdığınız Universitetdə sizin rəhbərliyiniz altında müxtəlif millətlərin nümayəndələri var, erməni millətindən olan alimlərin sayı çoxdurmu?

- Bəli, mən çalışdığım universitetdə müxtəlif millətlərdən olan alimlər çalışır, həmçinin, erməni millətinə mənsub olanlarda. Bəlli həqiqətdir ki, ermənilər Gürcüstanda yaxşı  təşkilatlanıblar...

 

- Ermənistanın Azərbaycana qarşı məlum təcavüzü davam edir və bu, erməni millətinin azərbaycanlılara münasibətində də özünü göstərir. İşlədiyiniz kollektivdə ermənilərin belə münasibəti ilə yəqin ki, üzləşirsiniz?

- Düzünü desəm, açıq şəkildə belə münasibətlə qarşılaşmamışam. Onlarla ünsiyyətdə elm-təhsil məsələlərindən kənara çıxmırıq.

 

- Gürcüstanın elmi dairələrində Ermənistan-Azərbaycan münaqişəsinə münasibət necədir və Azərbaycanın maraqlarını bu sferada müdafiə edə bilirsinizmi?

- Artiq 14 ildir ki, elmi fəaliyyətlə məşğul oluram və Gürcüstanın elmi dairələrində müşahidə etdiyim hal onu göstərir ki, Gürcüstanlı alimlər arasında Azərbaycanı sevənlər, onun üzləşdiyi problemlərə həssas yanaşanlar az deyil. Azərbaycan mənim Gürcüstandan sonra ikinci doğma vətənimdir və bu mənada təbii ki, Azərbaycanın konkret mövzularda baxışını, Ermənistan-Azərbaycan münaqişəsində haqlı mövqeyini, məruz qaldığı erməni təcavüzü barədə faktları müxtəlif konfranslar və seminarlarda –istər beynəlxalq  olsun, istərsə də ölkə daxili - digər millətlərdən olan (o cümlədən gürcü) məsləkdaşlarıma çatdırmağa çalışıram. Hətta paralellər apararaq Gürcüstanın da ərazi bütövlüyü probleminin olduğuna diqqəti çəkib, Cənubi Qafqazda separatizmin yolverilməz olduğunu hər fürsətdə qeyd edirəm.

 

- Bu günlərdə Azərbaycan Respublikasının Gürcüstana yeni səfiri göndərildi – Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev səfir təyin olundu. Bu dəyişiklikdən gözləntilərınız nədir?

- Zənnimcə, bu təyinat çox ciddi və pozitiv dəyişikliklərə səbəb olacaq. Faiq müəllim Gürcüstanda uzun müddət çalışıb və yerli mühitə yaxşı bələddir. Onun Gürcüstanda təhsil alan yerli azərbaycanlı gənclər arasında nüfuzu böyükdur, bu da onun SOCAR-ın Gürcüstandakı azərbaycanlı gənc tələbələrlə bağlı müsbət fəaliyyəti ilə əlaqədardır. Ümid edirəm ki, Faiq müəllim Gürcüstanda səfir qismində fəaliyyəti dövründə Azərbaycan dövlətinin, eləcə də Gürcüstandakı icmamızın gözləntilərini doğruldacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et