Millət vəkili Vahid Əhmədov növbəti dəfə deputat seçildiyi Quba rayonunda olub. İlk görüşünü leysan yağışları nəticəsində ən çox zərər çəkmiş Alekseyevka kəndindən başlayan millət vəkili əraziyə baxış keçirib, yaranmış vəziyyətlə bağlı sakinləri və ərazinin icra nümayəndəsi və bələdiyyə sədrini dinləmiş, sel nəticəsində ən çox zərər çəkmiş kənd sakini Rahib Məmmədovun evində olub.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində kəndin ümumilikdə 42 evinə zərər dəyib, rayonun İcra başçısı Mübariz Ağayev tərəfindən müvafiq tədbirlər görülüb, rayon fövqəladə hallar komissiyası problemin tezliklə həlli üçün aidiyyatı dövlət qurumlarına müraciətlər edib.
Millət vəkili də öz növbəsində ən çox zərər çəkmiş bir ailəyə maddi yardım edib. Deputat növbəti görüşünü öz ofisində keçirib. Qəbula yazılmış 37 vətəndaşın hamısı millət vəkili tərəfindən qəbul edilib. Bütün qəbullarda olduğu kimi ən çox qabardılan məsələ torpaq sahələrinin alınması, hətta ayrılan torpaq sahələri üçün imkansızlıq səbəbindən dövlət rüsumlarının ödəyə bilməməkləri və bu səbəbdən də problemlərin yaşanması olub. Digər vacib məsələ şəhərdə mənzil tikintisi aparılmadığı üçün əhalinin illərlə mənzilə olan ehtiyaclarının ödənilməməsidir. İşsizlik, 1992-ci ildən sonra banklara qoyulmuş əmanətlərin qaytarılması, əhalidə qalmış istifadə olunmamış çeklərin müqəddaratı, müxtəlif müəssisələrin özəlləşdirilməsi zamanı əhali tərəfindən qoyulmuş çeklər üzrə dividentlərin ödənilməməsi, Quba hadisələri ilə bağlı tutulanların əfv olunması və bir çox başqa məsələlər də müzakirə predmeti olub. Qəbul zamanı həlli operativ şəkildə həll olunması mümkün olan məsələlər deputat tərəfindən yerindəcə həll edilib, digərləri üzrə həlli mexanizmi müəyyənləşdirilmiş, yazılı şəkildə ərizələri alınıb. Qəbuldan sonra Qubanın ictimai-siyasi həyatında aktiv iştirakına və 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeninə layiq görülmüş rayon sakini Boris Simanduyev ilə görüşən Vahid Əhmədov onu bu münasibətlə təbrik etmiş, yazılı təbrikini və hədiyyəsini ona təqdim edib.
Deputatın Qubada olduğunu bilən bir nəfər şəhər sakini ofisə gələrək millət vəkilini oğlunun toy məclisinə dəvət etmiş, dəvət məmnuniyyətlə qəbul edilib və günün ikinci yarısında Vəhid Əhmədov toy mərasimində iştirak edərək, bəylə gəlini bu münasibətlə təbrik edib.
Modern.az