Modern.az

Yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm - Fazil Mustafa

Yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm - Fazil Mustafa

Aktual

28 Aprel 2023, 12:34

"Artıq yeni kitabımı "Qanun" nəşriyyatına təqdim etdim. Düşüncələrin yenidən çək-çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı "Dirilən adamın düşüncələri" olacaq".

 

Modern.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa feysbuk hesabında bildirib.

 

"Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım. Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır", - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et