Modern.az

Təhlükəsizliyə yönələn hər cür planın qarşısı alınacaq - Əli Nağıyev

Təhlükəsizliyə yönələn hər cür planın qarşısı alınacaq - Əli Nağıyev

Aktual

10 May 2023, 09:44

Müasir dövrümüz­də qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur. Yeni müharibə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin “Xalq qəzeti”nə müsahibəsində bildirib.

 

DTX rəisi qeyd edib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub.

 

"Dövlətimizin başçısı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir.

 

Xalqımızı və müzəffər Ali Baş komandanı əmin edirik ki, ulu öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorulmadan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə yönələn hər cür plan və niyyətlərin qarşısını qətiyyətlə alacaqdır!", - general-polkovnik deyib.

Whatsapp
Bizə yazın!
Keçid et