Modern.az

Maarifçilik sorağında və ya Rüfət Həmzəyev haqqında düşüncələrim

Maarifçilik sorağında və ya Rüfət Həmzəyev haqqında düşüncələrim

6 İyun 2023, 15:08

Həyatda rastlaşdığım bir neçə nəfər var ki, vaxtilə valideynləri tərəfindən onlara verilən ad onların sonrakı taleyini müəyyən edib. Sanki, bu adlar onların xarakterini öncədən göstərib. Başqa sözlə, onların adları ilə özləri arasında bir vəhdət vardır.

 

Yazımda bir ad və bir şəxsiyyət haqqında söz açmaq istəyirəm. “Rüfət” ərəb mənşəli söz olub, “yüksəklik, ucalıq, tanınmış, böyük vəzifə” mənalarını bildirir. Yazımın qəhrəmanı da məhz Rüfət adını daşıyır- Rüfət Həmzəyev.

 

İlk baxışdan, Rüfət Həmzəyev şəxsiyyəti dedikdə-adının hər bir mənasına aid olduğunun şahidi olursan. Məncə, Rüfət barəsində düşüncələrim mənim haqlı olduğumu göstərəcək.

 

Rüfət Həmzəyev uzun illərdən bəri tanıdığım, gələcəyinə inandığım dəyərli qələm sahiblərindən biridir. Demək olar ki, o, gözlərim qarşısında böyüyüb, yetişib, formalaşıb, tanınmış jurnalist, publisist kimi ozünü təsdiq edib.

 

Rüfəti fərqləndirən ən yüksək insani keyfiyyətləri onun əxlaqında, tərbiyəsində, mədəniyyət və mərifət sahibi olmasında, dərin intellektində, zəkasında, səmimiliyində, sadəliyində, dürüstlüyündədir, Vətəninə, xalqına, millətinə, dövlətə, dövlətçiliyə sədaqətindədir.

 

Bu gün televiziya məkanında aparıcıların sayı çoxdur. Lakin, yüksək nitq mədəniyyətinə, ədəbi dilə yiyələnmiş, ləhcə, dialekt nə olduğunu bilməyən, gözəl diksiyaya malik aparıcılar isə barmaqla sayılan qədərdir. Rüfət Həmzəyev də məhz belə aparıcılardandır.

 

Azərbaycan Televiziyasında efirə çıxdığı ilk gündən Rüfət Həmzəyev diqqət çəkdi. Qısa bir zaman ərzində tanındı, sevildi. Aparıcıya məxsus olan bütün yüksək keyfiyyətlər Rüfətdə cəmləndiyindən televizya tamaşaçıları tərəfindən rəğbətlə qarşılandı, apardığı “Günün nəbzi” verlişi daha çox baxımlı oldu, populyarlıq qazandı.  Buraya sonradan “Əsas məsələ” verilişini də daxil etmək olar. Rüfətin müəllifi olduğu “Konfidensial” layihəsi isə az bir zamanda populyarlıq qazamaqla, geniş tamaşaçı marağına, rəğbətinə səbəb oldu. Sənədli silsilə çərçivəsində Heydər Əliyevin müxtəlif dövrlərdə şəxsən iştirakçısı olduğu və rəhbərlik etdiyi “Naturalist” (2023), “Port-Pəhləvi” (2023) əməliyyatları sənədli-bədii film janrında təqdim edilib.Bu onun yüksək intellektindən, peşəkarlığından xəbər verir.

 

Televiziya fəaliyyəti müddətində dünyanın siyasi və dini liderlərindən, ictimai xadimlərindən eksklüziv müsahibələrin alınması (Gürcüstan prezidenti S.Zurabişvili, OPEC-in baş katibi M.Barkindo, Moskva və bütün Rusiya Patriarxı Kirill və b.), ictimai-siyasi əhəmiyyətli hadisələrin episentrindən reportajların hazırlanması ("Aprel zəfəri", "Günnüt əməliyyatı", IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışları və s.) ilə yadda qalıb. "Bəşəri çağırış" (2017), "Sənaye: tarixi ənənələr yeni reallıqda" (2014), "Xalqın partiyası. YAP" (2019), "Kod adı: NALYOTÇİK" (2020), "145-ci səhifə" (2020), "Ata vəsiyyəti" (2020), "Mehdi Hüseyn küçəsi, 1" (2021), "PREZİDENT. Təkrarsız diplomatiya" (2021), “Generalın planı” (2023)  və digər sənədli filmlərin müəllifidir.

 

Aydın, səlis, təmiz nitqi, ürəyə yatan diksiyası ilə apardığı verilişlərin mövzusuna tam hazırlığı ilə, yüksək efir mədəniyyəti ilə aparıcılara hər bir zaman örnək olub.

 

Akademik televiziya aparıcısı olan Rüfət kübarlığı, alicənablığı, dərin ensiklopedik biliyi ilə daim seçilir. Verilişlərinin qonaqları ilə ünsiyyəti, onlarla həmsöhbət olması tamaşaçıları veriliş boyu diqqət mərkəzində saxlayır.

 

Rüfət Həmzəyev daim mövzu axtarışındadır. Hazırladığı müəllif verilişləri ilk gündən geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.

 

Rüfət Həmzəyevin “Televiziya və Nitq mədəniyyəti” mövzusundakı təlimləri xüsusi əhəmiyyət kəsb edir. Bu təlimlər gənc aparıcılar üçün bir ustad dərsləridir desək, yanılmaram.

 

Rüfət Həmzəyev Azərbaycan Televiziya jurnalıstikasında özünün izini qoymağa müvəffəq olub. O öz bilik və bacarıqlarını, təcrübəsini gənc aparıcılarla bölüşməkdən xüsusi zövq alır. Rüfətin bu sahədəki peşəkarlığı ilə şəxsiyyəti bir harmoniya təşkil edir. Rüfətin ünsiyyəti, mədəniyyəti, davranışı, zövqlə, səliqəli geyim tərzi, saç düzümü, bir sözlə, daim formada olması bütövlükdə estetikadır, estetik mədəniyyətdir. O, televiziya məkanında özünün bənzərsiz mədəniyyət aurasını yaratmışdır.Rüfətin bu yaradıcı və insani keyfiyyətlərinin nəticəsidir ki, o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunub. Rüfətdə olan bilik, bacarıq, idarəetmə, rəhbərlik, təşkilatçılıq qabiliyyəti onun bu vəzifədə çalışmasını uğurlu edib. Əməkdaşlara humanist, doğma münasibəti, səmimi ünsiyyəti, onlara daim diqqət və qayğı göstərməsi diqqətdən qaçmır. Kollektiv ona inanır və çox hörmət bəsləyirlər. Təcrübəmdən deyə bilərəm ki, insana kübarlıq, alicənablıq qandan, gendən, ailə tərbiyəsindən keçir. Məhz Rüfətə də bu keyfiyyətlər qandan, gendən, ailədən keçib.

 

Rüfət Həmzəyev Azərbaycan Televiziyasına aristokratiya mədəniyyəti gətirib. Bu faktdır. Aparıcılığa qədəm qoymağa başlayan gənclər kumir kimi Rüfət Həmzəyevə bənzəmək istəyirlər. Bu, onun Televiziyada bir məktəb yaratmasına dəlalət edir.

 

Rüfət Həmzəyev öz istiqanlılığı, qanacağı, ətrafındakılara gözəl rəftarı ilə zövq oxşayır. Üzündən heç bir zaman səmimi təbəssüm əskik olmur. Böyük, kiçik yeri biləndir. Ona müraciət edənlərə bacardığı qədər dəstək verir.

 

Rüfət Həmzəyev dövlətə, dövlətçiliyə, iqtidara sədaqətlidir. Vətənini , millətini, xalqını, el-obasını sevən dəyərli Vətən oğludur.

 

Nə yaxşı ki, Azərbaycanda belə kadrlar vardır. Nə xoş mənə, belə dəyərli Vətən oğlunu tanıyıram, onunla ünsiyyətdə oluram. Ünsiyyətdə olarkən, Rüfətlə 2 nəsl jurnalist arasında jurnalistikianın, mətbuatın, televiziyanın, radionun, bütövlükdə medianın aktual problemlərini müzakirə edir, həlli yollarını araşdırırıq.

 

Rüfət Həmzəyev həm də səriştəli siyasi icmalçı, savadlı politoloq kimi də seçilir. O, cərəyan edən hadisələri düzgün dəyərləndirməyi bacarır. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin səfərlərindən hazırladığı reportajlar mükəmməlliyi, dolğunluğu ilə seçilərək tamaşaçıda xoş təsir bağışlayır, səfərin mahiyyətini onlara ustalıqla, peşəkarcasına aşılayır. Respublikada keçirilən seçkilər zamanı onun Mərkəzi Seçki Komissiyasından hazırladığı reportajlar, birbaşa bağlantılar da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Rus, ingilis, ərəb dillərinə mükəmməl yiyələnən, o dillərdə sərbəst danışan Rüfət Həmzəyev müsahibləri ilə isti münasibət quraraq hədəfinə çatır və öz ana dilli tamaşaçısına maraqlı söhbətlər, müsahibələr təqdim edir.

 

Rüfətin çox həlim, ürəyə yatan, qulaqları yormayan, əksinə onlara şirin gələn səs tembrinə malikdir. Bu hal da onu tamaşaçıya daha yaxın edir.

 

Azərbaycan Radio və Televiziyasının yaranma günləri ilə bağlı hazırladığı verilişləri isə çox sanballı, tarixdə qalan bir epopeya adlandırsam, yəqin ki, yanılmaram.

 

Rüfət həyatda olduğu kimi efirdə də məsuliyyətli, çox diqqətli, səbrli, təmkinlidir. Müsahibini sonadək təmkinlə dinləmək qabiliyyətinə malikdir. Hətta, müsahiblərinin çıxışı zamanı onların çıxışlarına elə incə bir şəkildə müdaxilə edir ki, kimsə bundan əsla incimir.Ümumiyyətlə, Rüfət heç bir zaman kimsənin qəlbinə dəyməz, könül qırmaz. Bu, onun təbiətindən irəli gəlir.

 

Rüfət Həmzəyev həm də sözünün ağasıdır. Dostluqda, yoldaşlıqda etibarlı, vəfalı, sədaqətlidir. Mərdliyi, qətiyyətli mövqeyi ilə fərqlənir. Efir estetikası və dəyərlər zənciri, bədii tərtibat onun üçün xüsusi əhəmiyyət kəsb edir. Yüksək səmimilik keyfiyyətinə malik olan Rüfət Həmzəyev seçdiyi mövzuya düzgün, məqsədli yanaşır, qonaqlara olan mədəni ünsiyyəti ilə tamaşaçını veriliş boyu diqqət mərkəzində saxlayır.

 

Rüfət Həmzəyevin  televiziyadakı fəaliyyəti çoxşaxəlidir. Yüksək intellektə, dərin ensiklopedik biliyə malik olan Rüfət təkcə ictimai-siyasi verilişlər, rəsmi xəbərlər sahəsində deyil, eləcə də elm, mədəniyyət, idman sahəsində də məlumatlıdır və bu qəbil hazırlanan verilişlərə öz töhfəsini verir.

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 08 may 2023-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.

 

Televizya rəhbərliyində Rüfət Həmzəyev kimi kadrın təmsil olunması bütövlükdə Milli Televizyamızın inkişafına, tərəqqisinə xidmət edir.

 

Verilişlərin mövzusu və aktuallığı ilə bağlı Rüfət daim öz həmkarları-Milli Televiziyamızın dəyərli, sevilən aparıcıları olan Rövşən Məmmədov, Faiq Hüsiyev, Tofiq Abbasov, Elnar Məmmədli, Ətayə Ələmdarqızı və digərləri ilə mütəmadi olaraq fikir mübadiləsi aparır, onların məsləhət və tövsiyələrindən də bəhrələnir.

 

Rüfət Həmzəyevdə tükənməz enerji, həyat eşqi vardır. O, yazıb-yaratmaqdan, xalqa xidmətdən usanmır.

 

Rüfət Həmzəyevin parlaq gələcəyi var. Qısa da olsa Rüfətin həyat yoluna nəzər saldıq. Daşıdığı adın hər bir mənasının Rüfətə xas olmasının şahidi olduq. Məncə, Rüfət Uca Yaradanın sevimli bəndəsidir. Adı ilə şəxsiyyəti bütöv bir vəhdət halındadır.

 

Rüfət Həmzəyevə yeni-yeni yaradıcılıq uğurları arzulayaraq yazıma nöqtə qoyuram. 

 

 

Hörmətlə,

Qafar Əsgərzadə

Əməkdar jurnalist,

Pedaqogika üzrə fəlsəfə 

Doktoru, dosent 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et