Modern.az

Mikayıl Müşfiqin 115 illiyi qeyd olundu

Mikayıl Müşfiqin 115 illiyi qeyd olundu

Aktual

7 İyun 2023, 17:58

İyun ayının 5-də “Cahan fikrimizlə səslənəcəkdir..”- deyən görkəmli söz ustadı, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Mikayıl Müşfiqin anadan olunmasının 115 illiyi respublikamızın müxtəlif bölgələrində təntənə ilə qeyd olundu.

 

Yasamal rayonundakı M.Müşfiq adına 18№li tam orta məktəbin həyətində ucaldılan şairin heykəli önünə Müşfiqsevərlər, müəllim və şagirdlərin iştirakı ilə gül dəstələri qoyulmuş, haqqında fikirlər səslənmiş, şeir nümunələri ifa olunmuşdur.

 

Daha sonra ədibin İnşaatçılar prospektindəki abidəsi önündə Müşfiqsevərlər, sənət adamları, Yasamal rayon ictimaiyyəti illərdən bəri formalaşan ənənəyə sadiq qalaraq görkəmli şairi ehtiramla yad etdilər. Tədbirin aparıcısı, uzun illərdən bəri Müşfiq ədəbi irsinin tədqiqatçılarından olan əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə açılış nitqində şairin həyatı və çoxşaxəli yaradıcılığı barədə geniş məlumat verdi. “Ruhun, Qəlbin dili Müşfiqin şeirlərində və şeirlərinə yazılmış mahnılardadır”- deyən natiq çıxışında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, yazıçı, əməkdar elm xadimi Mircəlal Paşayevin Müşfiq haqqında söylədiyi fikirləri də səsləndirmişdir: “Mikayıl Müşfiq Azərbaycan poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir. Onun dərin lirizmə malik lirik, romantik sənət inciləri milyonlarla insanın qəlbinə hakim kəsilərək, onu XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli klassiklərdən birinə çevirmişdir.

 

29 yaşında klassik zirvəsinə yüksəlmiş ustad sənətkarın şəxsiyyətinə və yaradıcılığına məhəbbətini sərgiləyən Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova Müşfiq sənətinə olan dövlət qayğısından söz açdı, Yasamal RİH-nın başçısı Elşad Həsənovun salamlarını, xoş arzularını tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, həmçinin, başda Qafar Əsgərzadə olmaqla tədbirin təşkilatçılarına- “Könüllülər” Kitabxana İctimai Birliyinə, Cabir Novruz Mədəniyyət Fonduna təşəkkürünü bildirdi.

 

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abasov, ictimai xadim Hacı Quliyev, hüqüqşünas Yusif Seyfəlov və başqaları Azərbaycan ədəbiyyatını  əsl sənət inciləri ilə zənginləşdirən şairin çoxcəhətli yaradıcılığından söz açaraq, qeyd etdilər ki, Müşfiq lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümünələrini bir rəssam təxəyyülü ilə yaradıb.

 

Şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan ustalıqla bəhrələnən görkəmli söz sərrafı olan Müşfiqin poeziyasının əsas bədii keyfiyyətlərini dərin lirizm, emosionallıq, ahəngdarlıq, yığcamlıq təşkil edir.

 

Çıxışlarda daha sonra vurğulanmışdır ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressya qurbanı olmuş M.Müşfiqin şəxsiyyəti və yaradıcılığı gənc nəsilin milli-mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Çıxışlarda həmçinin, musiqi mədəniyyətimizin inkişafında, onların gənc nəsildə formalaşmasında Müşfiq sözlərinə yazılmış mahnıların rolundan da söz açıldı.

 

Aktyor Toğrul Rza şairin “Həyat sevgisi” şeirini ifa etdi.

 

M.Müşfiq adına 18 №li tam orta məktəbin şagirdləri gənc tarzən Asim Pirimovun müşayiəti ilə şairin şeirlərindən ibarət bədii kompozisiya ilə çıxış etdilər.

 

Mügənnilər İslama Abdullayeva, Rasim Səfər şairin sözlərinə yazılmış mahnıları ifa etməkə tədbirə xüsusi rəng qatdılar.

 

Sonda filologiya üzrə fəlsəfə doktorları Firudin Qurbansoy, Həbib Mirzəyev, əməkdar jurnalist İlqar Paşazadə, əməkdar müəllim Rəna Süleymanova, ictimai xadm İradə Hacıyeva, Leyla Axundzadə, Rəsmiyyə Abdullayeva, Asim Pirimov, Toğrul Rza, İman Məcidov, Fətulla Əliyev, Firuzə Qasımova, Adil Sadıxov və digərləri Müşfiqin 115 illiyi ilə əlaqədar “Könüllülər” Kitabxana İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundu. Təltif olunanlar Birliyin sədri, “Tərəqqi” medalçısı Niyaz Eyvazova təşəkkür etdilər.

 

Sonra maşın karvanı şairin ata-baba yurdu Xızının Sayadlar kəndinə yan aldı.

 

Sayadlar kəndində Müşfiqin ev muzeyində şairin 115 illiyinə həsr olunmuş tədbir davam etdirildi.

 

Tədbirə toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin ədəbiyyat tariximizdəki mövqeyindən, lirikasının səciyyəvi cəhətlərindən söz açdılar.

 

Anım mərasimində “Şöhrət” ordenli, əməkdar müəllim, Prezident təqaüdçüsü, şair Ofelya Babayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçi Mönsüm Bağırov, Xızı Rayon İcra hakimiyyətinin məsul işçisi Fətulla Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə, şairlərdən İbrahim İlyaslı, Ağasəfa, Nəcməddin Mürvətov,eləcə də Leyla Axundzadə, Vahab İsmayılzadə, Arzu Babayev və başqaları M.Müşfiqin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xəzinə olduğunu vurğuladılar.

 

Tədbirdə şeirlər səsləndi, mahnılar ifa olundu.

 

Elə həmin gün Siyəzən və Qaradağ rayonlarında da şairin 115 illiyinə həsr olunmuş tədbirlər keçirildi.

 

Yubiley tədbirləri ilin sonuna kimi davam etdiriləcəkdir.

 

Azadə Əsgərzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü