Modern.az

Başkənd müzakirə mövzusu ola bilərmi? - AÇIQLAMA

Başkənd müzakirə mövzusu ola bilərmi? - AÇIQLAMA

Analitika

25 May 2021, 16:55

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın ərazi mübadiləsi və mübahisəli ərazilər, sərhədlərin demarkasiyası prosesi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

 
“Gədəbəy rayonunun Başkənd kəndinin mübahisəli ərazi kimi qeyd edilməsi Şınıx bölgəsinin yenidən blokadaya düşməsinə səbəb ola bilər”.
 

Modern.az-ın məlumatına görə, bunu Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi, Bakı Avrasiya Universitetinin Mətbuat və informasiya xidmətinin rəhbəri, əslən həmin regiondan olan Şəfayət Avılbəyli məsələ ilə bağlı açıqlamasında deyib.


O bu bölgənin insanlarının Birinci Qarabağ savaşında min bir əziyyətə qatlaşdığını qeyd edib:
 

“Vaxtilə rayonun Şınıx bölgəsinə, oradakı kəndlərlə əlaqələrin kəsilməsi süni şəkildə ermənilərin köçürərək, məhz bu günümüzə münaqişə ocağı kimi zəmin yaradılan Başkənd kəndi olub. Necə ki, torpaqlarımız zaman-zaman parçalanaraq ermənilərə verilib, Başkənd də bu siyasi avantüranın qurbanı olub. 1992-ci ilə kimi bu kənd quldur yuvası rolunu oynayıb. Və nəhayət, 1992-ci ildə Başkənd erməni quldurlarından təmizlənərək. əzəli sahiblərinə qovuşub. Hansı erməni torpağından söhbət gedə bilər?
 

1920-ci ildən sonra tarixə nəzər salsaq görərik ki, ermənilər bütün sərhəd boyu qarış-qarış torpaqlarımıza giriblər. SSRİ rəhbərliyinin arxasına sığınaraq, min bir hiylələrlə, iddialarla ancaq bizlərdən torpaq qoparıblar. Nümunələr çoxdur. Məhz Şınıx inzibati ərazisi hesab edilən Tağılar kəndi bu qəbilədən deyilmi? 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşma əsasında Tağılar kəndi Ermənistana verilib. Əsası isə ərazinin inkişafı bizdə olanda mümkün olmayıb”.
 

Ş. Avılbəyli əlavə edib ki, eyni ssenarilər digər sərhəd bölgələrimizdə də baş verib:


“Mən sadəcə Gədəbəyin sərhəd bölgələrində 1987-ci ildə ermənilər tərəfindən traktorlarla bir ayın içində o bölgədə sərhəd şırımı çəkmələrinə diqqət yetirirəm. Mənim yaşıdlarım və o bölgədə yaşayanlar bu tarixi hadisəni yaxşı xatırlayırlar. O zaman sərhəd çəkiləndə yenə sapı özümüzdən olan baltalar “Kor Vəli”, “Seyidin qəbri”, “Qaranlıq dərə”, “Acı qoyuqluq” adlanan hektarlarla biçin və otlaq yerlərimizi ermənilərə verdilər. Həmin ili ot biçənlər bu ədalətsizliyə qarşı çıxaraq Rayon Partiya Komitəsinin xidməti maşınlarını yandırdılar. Həmin ərazilərin ermənilərə verilməsinə qarşı çıxdılar. “Ziyadın dəstəsi” deyilən bir qrup var idi. Ot tədarükü üçün əvvəllər kolxozlarda bu kimi ot biçən qrupları yaradılırdı. Demək olar ki, bu hadisədən məsul tutaraq həmin qrupun üzvlərinə rayon polisində gün verib işıq vermədilər. 1988-ci ildən sonra münaqişə başlayanda artıq hər şey aydın olmuşdu. İndi o otlaq sahələri də erməni ərazisi kimi qalmaqdadır. Ona görə də yenidən Başkəndə ermənilərin qayıtması Şınıx bölgəsi üçün real təhlükə ola bilər”.
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?