Modern.az
Qəzənfər Həmidoğlu Putin paradoksu: keçmişlə yaşayır, gələcəklə xumarlanır

Qəzənfər Həmidoğlu

Putin paradoksu: keçmişlə yaşayır, gələcəklə xumarlanır

Analitika

25 Fevral 2022, 14:13

Qəzənfər Həmidoğlu

Şübhəsiz ki, ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkməyə çalışırdı. Çəkdi də. Amma Ukraynaya sadəcə bataqlıq və ya tələ kimi baxmaq, yumşaq desək, insafsızlıqdır. Hərçənd ki, troll hara, insaf hara?!.

Ukraynalıların “moskallar” və ya “velikoroslar”la qarşıdurması bu günün və ya ötən əsrin söhbəti deyil, 17-ci əsrdən- Pereyaslavl müqaviləsi ilə ataman Boqdan Xmelnitskinin Kazak atamanlığını Çar Rusiyasına bağlamasından başlayır. Ukraynanın müsibəti 4 əsrdir bitmir, amma təslim də olmurlar, nə milli identiklik, nə də müstəqil Ukrayna dövləti uğrunda mücadilədə. Və Rusiya kimi monstrla qeyri-bərabər döyüşdə təkbaşına vuruşan, başına raket yağdırılan və təslim olmayan xalq ən azı hörməti haqq edir! Üstəlik, bu bədheybət yalnız Ukraynanın deyil, bütün ətrafının gününü göy əsgiyə büküb, bükür və gələcəkdə də bu nanəcib işi davam etdirməkdə israrlıdır.

Ötən ilin iyulundan - Rusiya prezidentinin “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı psevdoanalitik məqaləsinə verdiyim “Rüriklərdən Putinə kimi: tarixə həlləm-qəlləm baxış” adlı reaksiyadan bəri Putin mövzusunda 50-dən artıq yazı-pozum olub. Yekə çıxmasın, maşallah “putinşünaslıq”da bir xeyli irəliləmişik.

Rusiya liderinin yazı və çıxışlarının tekstoloji təhlilindən çıxardığım ilkin qənaət belədir ki, bu adam ekzistensial varlıq kimi, paradoksal olsa da, sanki indisi ilə yaşamır: Rusiya tarixinə dair özünün uydurduğu keçmişlə nəfəs alır və “böyük gələcək” illüziyaları ilə xumarlanır. Adam gah tarixçi-dilçi olur, gah rus çarları ilə yarışır, gah da Lenini söyür, Stalini öyür, Brejnevlə polemikaya girir, Qorbaçovu tənbeh edir. Rusiya tarixini saxtalaşdırmaqla qalmır, “əlavələr”lə “mükəmməlləşdirir” və uydurduğu tarixdən əcaib dərslər çıxarır.

Hazırda Rusiyaya heç bir təhdid yoxdur. Amma Putin belə təhdidi gələcəyə “ekskurs” etməklə yarada bilir. Məsələn, deyir ki, Ukrayna nə vaxtsa NATO üzvü olacaq, sonra Krımı almaq istəyəcək, Rusiya buna imkan verməyəcər, NATO Ukraynaya dəstək verəcək və Rusiya-NATO müharibəsi başlayacaq. Bu da sənə 3-cü dünya müharibəsi!

Ümumiyyətlə, Putin özünü “əbədi prezident” sayır və əmindir ki, 50 il sonra, 100 il sonra tarix kitabları onun haqqında belə yazaçaqlar: “Möhtəşəm Putin - Rus torpaqlarının toplayıcısı”. Adam missiyasını bunda görür və bu yolda ya pan olacaq, ya da panlığı gorbagor edəcək (rus demişkən: “Пан или пропал”).

Putin savaş elan etdiyi ölkənin xalqına da sanki keçmişdən xitab edir. Rusiya lideri fevralın 24-də hamı yuxada olarkən bəyan etdiyi savaş anonsunda Ukrayna hərbçilərinə belə müraciət edir: “Sizi dərhal silahı yerə qoymağa və evə getməyə çağırıram. İzah edirəm: bu tələbə əməl edən Ukrayna ordusunun hərbçiləri döyüş zonasını maneəsiz tərk edə və öz ailəsinə qayıda bilər”.

Sanki Orta Əsr qalasını mühasirəyə almış rəhmi tükənməz, qəzəbi fəlakət Şərq hökmdarıdır: qaladakılar təslim olsalar, canlarını qurtaracaqlar, olmasalar, qılıncdan keçiriləcək, kəllə sümüklərindən qüllə ucaldılacaq...

Bütün müqstəbidlər kimi əmindir ki, qılıncdan keçirmə, yəni, indiki şəkli ilə bombalama elə güclü arqumentdir ki, onunla bütün problemləri həll etmək olar, hətta bu, keçmiş SSRİ üçün “restavrasiya aləti” də ola bilər.

Putinə görə, Ukraynadakı “xüsusi əməliyyat” “böyük restavrasiya”da ilk, böyük və mühüm addımdır: restavrasiya-xortlatma isə hər şeyi qurban etməyə dəyən “müqəddəs missiya”dır - bu yolda hər şey müstəcəbdir: Ukraynanı işğal etmək də, şəhərlərini bombardman etmək də, ukraynalıları qırmaq da...

Amma Ukraynadan itaətkar Rusiya və Belarus düzəltmək mümkün deyil. Ukraynalıdan bu işin sonunda öz vətəni, həm də öz azadlığı uğrunda döyüşən partizan çıxar.

Putin sanki keçmişlə gələcək arasında qara boşluğa düşüb, Əgər indisi ilə yaşasaydı, bəlkə də anlardı ki, SSRİ ölüb, sümüyü sürməyə dönüb və bir daha xortlamayacaq, Rusiyanın bu ölçülərdə, bu sərhədlərdə hələ də imperiyavari mövcud olması isə tarixin səhvidir. Güc, zorbalıq, başqa ölkə və xalq üzərində diqtə artıq “birləşdiricilik” üçün rasional arqument deyil. Putinin bu “restavrasiya-bərpaetmə əməlləri”ndən yalnız Rusiya Federasiyasının növbəti iflası çıxar, başqa şey çıxmaz..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi