Modern.az

Makron ermənilərin sülh içində yaşamasını istəmir 

Makron ermənilərin sülh içində yaşamasını istəmir 

17 Oktyabr 2022, 09:48

Ötən həftə Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı təxribatçı çıxış edib. O, yerli mediaya müsahibəsində Ermənistana dəstəyini ifadə edərək, Azərbaycanı “işğalçı” adlandırıb. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq, bu bölgənin Ermənistanın “ürəyi” olduğunu deyib.  O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib.

 

Siyasi ekspertlərin fikrincə, Makronun ermənipərəst çıxışı əslində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını əngəlləməyə, yenidən münaqişə vəziyyətini alovlandırmağa hesablanıb. O, həm də bu addımı ilə Fransadakı erməni diasporunun rəğbətini qazanmağı hədəfləyir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Fransa Prezidentinin çıxışı açıq-aşkar təxribatdır və bu, heç də təsadüfi deyil.

 

Onun fikrincə, rəsmi Paris sülh istəmir, bunun üçün bütün variantlara əl atır:

 

“Bu düşüncənin sahibləri 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda susub dayanmışdılar. İndi nə oldu, niyə sülh danışıqları ərəfəsində belə fikirlər səsləndirdi? Əlbəttə, bunlar qəsdən ortaya atılmış fikirlərdir. Məqsəd münaqişə vəziyyətini qaytarmaq, sülhün qarşısını almaqdır. Makron həddindən artıq aşağı səviyyəli, qıcıq yaradan siyasətçidir. Düşünürəm ki, o, Azərbaycan-Ermənistan arasında yaranmış sülhyaratma prosesinə mane olmaq istəyir. Azərbaycan haqqında nə deməyindən asılı olmayaraq, Makron heç nəyə nail ola bilməyəcək. Dünya kimin işğalçı, kimin işğala məruz qaldığını yaxşı bilir. Ermənistanın əsl işğalçı olduğunu Azərbaycanın 20 faiz torpağını zəbt etdiyi zaman göstərdiyi vandalizm əməlləri, vəhşilik, təbiətə vurulan ziyan, dövlətin talanması və digər faktlar aydın göstərir”.

 

Politoloq Makronun ikiüzlü prezident olduğunu söyləyib:

 

“Praqada dördtərəfli görüşdə iştirak edən Makron bu çıxışı ilə ikiüzlülüyünü göstərdi. Makronun belə çıxış etməsi nə Avropa siyasətinə, nə də Fransanın xarici siyasət xəttinə uyğun gəlir. Bu, çox səfeh addım və hiləgərlikdir. Azərbaycan Prezidentini aldatmaq istəyirdi. Azərbaycana da mülki missiya göndərilməsinə çalışırdı. Azərbaycan Prezidentinin buna icazə verməməsindən sonra Makron təxribatçı, yalana əsaslanan fikirlər irəli sürməyə başladı. Bu, bölgə ilə tanış olmayan, bölgədə hansı hadisələrin baş verdiyi haqqında elementar təsəvvürləri olmayan adamın sayıqlamalarıdır. Makron sülhün düşməni olduğunu göstərdi. O, işğalçının yanında olduğunu, ermənilərdən heç nə ilə fərqlənmədiyini nümayiş etdirdi”.

 

 

Q.Hüseynli hesab edir ki, Azərbaycan Makronu qıcıqlandırıcı, təxribatçı əməllərinə görə BMT və ATƏT-ə şikayət etməlidir:

 

“Makron tərəfləri bir-birinin üstünə qaldırmağa cəhd edir. Bu isə siyasətçiyə yaraşan hərəkət deyil. Azərbaycan yolundan dönməməli, sonadək mübarizəsini davam etdirməlidir”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makronun mövqeyini sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən təxminən bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib.

 

Belə ki, Makron Azərbaycanın dəhşətli müharibə törətdiyini iddia edib. O cümlədən, Rusiyanın Azərbaycan oyununu oynadığını, lakin Fransanın heç vaxt Ermənistanı atmayacağını da vurğulayıb. Prezidenti İlham Əliyev isə bu qərəzli çıxışlara cavab olaraq qeyd edib ki, bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynaması mümkün deyil. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir