Modern.az

İnsan mərkəzli yaşayış mühiti nədir? - ARAŞDIRMA

İnsan mərkəzli yaşayış mühiti nədir? - ARAŞDIRMA

Analitika

10 İyul 2023, 15:00

İnsan mərkəzli yaşayış mühiti və onun formalaşmasına təsir edən amillər nələrdir? Bu suala cavab tapmaqda məqsəd insan-təbiət münasibətləri, ekologiya, davamlı inkişaf və dayanıqlılıq prinsipləri, o cümlədən dayanıqlı memarlıq, informasiya-kommunikasiya texnologiyaları, qloballaşma və digər məsələləri öyrənməkdir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, rahat yaşayış mühitinin qurulması üçün sistematik yanaşma və insan mərkəzli yaşayış mühitinə təsir edən amillərin kompleks şəkildə nəzərdən keçirilməsi, yuxarıda sadalanan və digər müxtəlif elementlərin müfəssəl şəkildə təhlil edilməsi olduqca vacibdir. Çünki yaşayış mühitinin insanın bütün həyat və fəaliyyətinə təsiri danılmazdır.

 

İnsanın yaşayış mühiti geniş mənada ətraf mühitin bir parçası olsa da, ifadənin konkret olaraq nəyi nəzərdə tutduğu barədə fikirlər müxtəliflik təşkil edir. Məsələn, bütövlükdə təbiət, insanları əhatə edən ekosistem, əhalinin yaşamasına, inkişafına, təhlükəsizliyinə təsir edən xarici faktorlar məcmusu və ya fərdlərin və icmaların həyatına təsir edən sosial və mədəni şərtlər nəzərdə tutula bilər. Ümumi mənada insanın yaşayış mühiti dedikdə isə insanların içində yaşadığı və onların həyat və fəaliyyətinin bütün sahələrinə təsir göstərən kompleks əhatə dairəsi başa düşülür. Müasir dünyada dayanıqlı inkişaf prinsiplərinin şəhərsalmaya tətbiq edilməsi nəticəsində yaşayış mühitində insan mərkəzli konsepsiya əsasında yeni yanaşma ortaya qoyulub.

 

Burada insanların gündəlik həyatına, onların mənəvi-psixoloji vəziyyətinə təsir göstərən müxtəlif elementlər mövcuddur. İnsan mərkəzli yaşayış mühitinin formalaşdırılması üçün insan-təbiət münasibətləri, dayanıqlılıq prinsipləri, təbii fəlakətlərə davam gətirə bilən və təbiətlə harmoniya şəraitində şəhərsalma və infrastrukturun qurulması baxımından mövcud tələblərə cavab verən memarlıq və mühəndislik həlləri, sosial-psixoloji amillər, elmi-texniki tərəqqi və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri, qloballaşma və digər xeyli faktorlar nəzərə alınmalıdır. Ən son elmi tədqiqatlar hətta COVID-19 pandemiyasının insanların yaşayış mühitinə təsirlərini və onun yenidən təşkil edilməsinin zəruriliyini ortaya qoyur.

 

İnsan mərkəzli yaşayış mühiti kontekstində insan-təbiət münasibətləri: Bəşəriyyət yarandığı vaxtdan bəri insan-təbiət münasibətləri mövcuddur. Burada müxtəlif dövrlərdə insanların təbiətə təsirinin həcmi müxtəlif olmuşdur. Belə ki, ibtidai icma quruluşundan sənaye inqilabına qədər insanın təbiətdən asılılığı şəraitində bu təsir minimum səviyyədə olsa da, sivilizasiyanın inkişafı ilə insanın təbiətə dağıdıcı təsiri artmış, asılılıq tərəfləri isə yerlərini dəyişdirmişdir. Bu təsiri məhvetmə hesab edənlər də var: “Homo sapiens” təkamülü boyunca öz xarici və daxili mühitini sivilizasiyanın, biliyin, texnologiyanın və əhalinin artımının tərəqqisinə mütənasib şəkildə məhv edir... İnsanlar təbiətlə təkcə mövcud olmaq və ya yaşamaq üçün deyil, həm də onun üzərində mütləq hakimiyyətə sahib olmaq üçün mübarizə aparırlar".

 

 

Kapitalist münasibətlərin inkişafı ilə bu destruktiv təsirlər iqtisadi mənada da pik həddə çatmış və XX əsrdən etibarən insanlar bunun mənfi nəticələrini həyatın müxtəlif fəaliyyət sahələrində hiss etməyə başlamışlar. Ekoloji çirklənmə, həyat keyfiyyətinin aşağı düşməsi, qlobal istiləşmə, depressiv və mənəvi-psixoloji yan təsirlər özünü büruzə verməyə başlamışdır. Belə bir şəraitdə dayanıqlılıq prinsipləri və davamlı inkişaf konsepsiyası hazırlanmağa başlamış və insanların köməyinə çatmışdır. Burada sosial, ekoloji və iqtisadi aspektlər ön plana çıxır. Belə ki, mövcud iqtisadi artım və istehsal tempi şəraitində təbii resursların kifayət etməməsi, ətraf mühitin qorunması və gələcək nəsillərin də maraqlarının nəzərə alınmasını diktə edən reallıqlar bəşəriyyəti təbiətlə vəhdət və harmoniya şəraitində yaşamağı öyrənməyə sövq etmişdir. 1992-ci ildə Braziliyanın Rio-Da-Janeyro şəhərində qəbul edilmiş “Davamlı insan inkişafı” strategiyasında da bu yanaşma əksini tapmışdır.

 

Skeptik yanaşmanı müdafiə edən alimlər hətta davamlı inkişaf konsepsiyası və dayanıqlılıq prinsiplərinin də bəşəriyyətə kömək etməyəcəyini düşünürlər. Bu yanaşmaya görə, sivilizasiyanın inkişaf etməsi ilə Yer kürəsi və orada yaşayan canlıların taleyinin insanların əlinə verilməsi o həddə tullantılarla çirkləndirmə yaratmışdır ki, bütün tullantıların təkrar emalı mümkün ola bilməz və təkrar emalın sürəti tullantıların artımına tab gətirəcək səviyyədə deyil... "İnsanlar təbiətə nə qədər təsirli şəkildə müdaxilə edirlərsə - zərurətlə və ya yaxşı məqsədlərlə - onu bir o qədər məhv edirlər".

 

Rahat yaşayış mühitinin qurulması üçün dayanıqlı memarlıq: İnsan mərkəzli yaşayış mühitinin formalaşdırılması üçün şəhərsalmada ən həlledici komponentlərdən biri olan memarlığın dayanıqlılığı olduqca mühüm rol oynayır. Dayanıqlı memarlıq dedikdə insanları əhatə edən şəhər mühitinin ekoloji tarazlığına nail olmaq başa düşülür. Burada həmçinin insanların təbiətlə harmoniya şəraitində təbii fəlakətlərə davam gətirə bilən memarlıq və mühəndislik həlləri öz əksini tapmalıdır. Dayanıqlı memarlığın əsas istiqamətləri “Yaşıl İnşaat” konsepsiyasında öz əksini tapmışdır. Ümumən dayanıqlı memarlıqda əsas yanaşma təbiətlə vəhdətdə struktur modelləşdirməsi həyata keçirmək, ətraf mühitə uyğunlaşan memarlıq ansamblının qurulması, flora və faunanın yanaşı mövcudluğuna şərait yaradan, eko-davamlı tikinti materiallarından istifadə və digər elementlərdən ibarətdir.

 

İkinci əsas istiqamət olaraq alternativ və bərpa olunan enerjidən istifadənin asanlaşdırılması üçün memarlıq həlləri işləyib hazırlamaq nəzərdə tutulur. Buraya əsasən, külək turbinləri, günəş panelləri, biokütlə və geotermal mənbələrdən enerji tədarükünün yaşayış mühitində əlçatanlığını təmin edəcək konstruksiyalar aid edilir. Məsələn, Almaniyanın Hamburq şəhərində tikilən bir bina yosunların yaşadığı su ilə dolu şəffaf panellərlə əhatələnmişdir ki, burada məqsəd elektrik və istilik enerjisinə qənaət etmək üçün yosunlardan əmələ gələn bioqazdan enerji əldə etməkdir.

 

 

Üçüncü istiqamət kimi, zəlzələ, vulkan, qasırğa və digər təbii fəlakətlərə, ekstremal hadisələrə davamlı, insan tələfatını minimuma endirəcək, müasir standartlara cavab verən binaların tikilməsi göstərilə bilər ki, bu da təbiətlə harmoniya şəraitində, uyğunlaşmağı bacararaq inkişafa söykənən insan mərkəzli yaşayış mühitinin formalaşdırılması üçün önəm kəsb edir. Digər bir məsələ binaların tikintisi zamanı, həmçinin interyer və eksteryerin dizaynında komfort amilinin ön plana çəkilməsi, dar mənada insanı əhatə edən yaşayış mühitinin - mənzillərin, binaların, həyətlərin insan psixologiyasına, emosional vəziyyətinə, məhsuldarlığına təsirinin nəzərə alınmasıdır. Burada işıqlandırmadan tutmuş, inşaatda yer seçiminə qədər müxtəlif aspektlər var.

 

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və qloballaşmanın insanların yaşayış mühitinə təsirləri: İKT-nin inkişafı həyatın digər bütün sahələri kimi, şəhərsalmaya da təsirsiz ötüşməmişdir. Müasir texnologiyaların tətbiqi insan mərkəzli yaşayış mühitinin qurulmasında problemlərin həlli üçün avantajlar ortaya çıxarsa da, müəyyən mənfi nəticələr də qaçılmaz olmuşdur. Yeni texnologiyaların insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasında qazandırdığı üstünlüklərdən məişət və sənaye tullantılarının təmizlənməsi və təkrar emalına imkan verən həllərin ortaya çıxması, problemlərə çevik reaksiya verilməsi qabiliyyətinin yaranması, şəhərlər və digər yaşayış məntəqələri ilə bağlı informasiya sistemlərinin formalaşdırılması, “ağıllı şəhər” konsepsiyasının meydana gəlməsi, intellektual idarəetmə və nəzarət mexanizlərindən istifadə göstərilə bilər. Bütün bunlar əhalinin həyat keyfiyyətinin artmasına müsbət təsir göstərir.

 

Xüsusilə, yerli özünüidarəetmədə İKT-nin tətbiqi qərarların qəbulunun optimallaşmasına, əhaliyə daha yüksək səviyyədə xidmət göstərilməsinə şərait yaradır. Hazırda müasir texnologiyalar davamlılıq baxımından şəhər mühitinin cari vəziyyətinin diaqnostikasına, ərazilərin hərtərəfli qiymətləndirilməsi üsullarının işlənib hazırlanmasına, ətraf mühitdə komfortun artırılması üçün riyazi modelləşdirmədən istifadəyə, şəhər ərazilərinin abadlaşdırılması prosesində geniş ekoloji monitorinqə imkan yaradır. Qloballaşmaya gəlincə, bəzi tədqiqatçılar insanların qloballaşmanın yaşayış mühitinə təsirini ciddi qəbul etməməsini ekoloji təfəkkürün kasadlığı ilə əlaqələndirirlər.

 

Onların fikrincə, qloballaşma nəticəsində bütün Yer kürəsi insanın vahid yaşayış mühitinə çevrilib, ayrı-ayrı kiçik yaşayış mühitləri arasındakı demarkasiya xətləri bulanıqlaşıb. Bu yanaşmaya görə, insanın yaşayış mühitinə bütün canlı orqanizmlər, fiziki elementlər, təbiətdə baş verən hadisələr və proseslər, cəmiyyət və mədəniyyət, təşkilatlar, təsisatlar, sosiosferin digər elementləri, insanlar arasındakı münasibətlər bu və ya digər dərəcədə aid olduğu üçün qloballaşma da bu mühitə böyük təsir göstərir: "İnsanlar anlamır ki, uzaq bir yerdə baş verənlər - məsələn, vulkanların püskürməsi nəticəsində planetin orta temperaturunun artması - son nəticədə onların yerli mühitinə təhlükə yarada bilər".

 

Yaşayış mühitinə təsir edən digər amillər: İnsanları əhatə edən mühit kompleks təşkil etdiyi üçün burada çox geniş sayda amillərin təsiri qaçılmazdır. Bütün amilləri tam əhatə etmək mümkün olmasa da, ilk baxışdan təsiri nəzərə çarpmayan və xırda görünən amillərin də insanların yaşayış mühitinə təsiri qaçılmaz olur. Məsələn, Moskva şəhərindəki Desenovsk məntəqəsində, Kaluqa şossesinin keçdiyi ərazidə aparılmış tədqiqatlarla müəyyən edilib ki, nəqliyyat infrastrukturunun qurulması zamanı yaşayış mühitinə mənfi təsirlər nəzərə alınmadığı üçün yaranan nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küy yaşayış məntəqəsinin yarısını akustik diskomfort zonasına çevirib ki, bu da əhaliyə mənfi təsir göstərir və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

 

 

Başqa bir tədqiqatda isə koronavirusun geniş yayılması və COVID-19-un pandemiyaya çevrilməsində yaşayış məskənlərinin qlobal miqyasda qüsurlu təşkilinin rolu araşdırılıb. Məlum olub ki, bəşəriyyətin və iqtisadi münasibətlərin bir neçə “qlobal şəhər”in ətrafında təmərküzləşməsi virusların pandemiyaya çevrilməsində, şəhərsalma zamanı səhiyyə obyektlərinə əlçatanlığa kifayət qədər diqqət ayrılmaması isə səhiyyə sisteminin iflic olmasına və tibbi xidmətin əhatə dairəsini daraltdığı üçün insan ölümlərinin artmasına təsir edib. Bunun üçün də yeni yaşayış məskənləri salarkən ərazinin relyefindən, havanın tərkibindən tutmuş sosial-iqtisadi məsələlərə, inklüzivlik səviyyəsi və yaşıllığın miqdarına qədər kompleks analiz və tədqiqatlar aparılmalı, mövcud yaşayış məskənlərində isə cari vəziyyət tam öyrənilməli və problemlər aşkar edilərək aradan qaldırılmalıdır.

 

Yekun olaraq, insan mərkəzli yaşayış mühitinin formalaşdırılması üçün hər şeydən əvvəl sistemli yanaşma ortaya qoyulmalı və təsir edən amillərə kompleks şəkildə baxılmalı, detallı şəkildə təhlil və tədqiqatlar gerçəkləşdirilməlidir. Bu sahədəki problemlərin müəyyənləşdirilməsi və həlli üçün bütün elementlər üzrə normativlərə və standartlara uyğun keyfiyyət göstəricilərinə nail olmaq, düzgün indeksləşdirmə, qiymətləndirmə və monitorinq aparmaq vacibdir. İnsan-təbiət münasibətlərinin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə tənzimlənməsi təmin olunmalı, ekoloji çirklənmənin qarşısı alınmalı və ətraf mühitin mühafizə tədbirləri gücləndirilməlidir. Binaların tikilməsi zamanı mühəndis və memarlıq işləri habitatların təbiətlə harmoniya və vəhdətdə, təbii fəlakətlərə davamlı şəkildə qurulmasına imkan yaradan formada aparılmalı, şəhərsalmada sosial-psixoloji aspektlər nəzərə alınmalıdır. Rahat yaşayış mühitinin qurulması üçün İKT-nin köməyilə innovasiyalardan yararlanmaqla yeni texnologiyaların həyatı asanlaşdıran səmərəliləşdirici həllərindən geniş istifadə etmək önəmlidir. Həmçinin sosial xidmətlərə əlçatanlıq, infrastruktur qurularkən isə əhalinin komfortu prioritet təşkil etməlidir.

 

Araşdırma zamanı aşağıdakı mənbələrdən istifadə olunub:

 

1. W. Sztumski. Reflection on the Human Living Environment in Connection with Sustainable Development. “PROBLEMS OF SUSTAINABLE DEVELOPMENT” Journal of The European Academy of Science and Arts, Salzburg, Austria, 2021, 16(1).

2. S. Yazyeva, I. Mayatskaya. Eco-sustainable architecture and comfortable living environment. IOP Conference Series: Materials Science Engineering 2021, 1083 012018.

3. S. Sheina, A. Fedorovskaya, K. Yudina. “Smart City”: Comfortable Living Environment. IOP Conference Series: Materials Science Engineering 2018, 463 032095.

4. A. Serov, I. Dmitriev. Influence of transport noise on living environment in New Moscow. IOP Conference Series: Earth and Environmental Science 2021, 867 012109.

5. I. Pierantoni, M. Pierantozzi, M. Sargolini. COVID 19—A Qualitative Review for the Reorganization of Human Living Environments. “Applied Sciences” Journal, Basel, Switzerland, 2020, 10 5576.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi