Modern.az

Paşinyanın “31 kənd nağılı”na Ermənistanda da inanmırlar

Paşinyanın “31 kənd nağılı”na Ermənistanda da inanmırlar

Analitika

12 Mart 2024, 17:30

Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib.

Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını (?!), digər açıqlamasında isə etirafa bənzər cümlə işlədib ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır. Bu o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazirlərdən keçir ki, Nikol Paşinyan onların yerinin dəyişdirilməsi zərurətini bildirib.

Modern.az-ın məlumatına görə, siyasi ekspertlər Paşinyanın çıxılmaz vəziyyətdə qaldığını qeyd ediblər.

Politoloq Elxan Şahonoğlunun sözlərinə görə, Nikol Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib.

“Çünki bu nağıla Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd” məsələsini Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atmışdı.

Nikol Paşinyan Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir. Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ yoxdur. Erməni cəmiyyətini Rusiya hərbçilərinin İrəvandakı “Zvartnots” hava limanını boşaldacağına və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə hazırlayan Paşinyan 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa, özü və ölkəsi üçün faydalı olar”.


Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Nikol Paşinyan mətbuat konfransında 4 kəndin (anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən, ziddiətli açıqlama verib:

“O bildirib ki, “Tavuşun kəndlərinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olayıb”.

Bu, Nikolun növbəti “özünütəkzibi” olaraq görünür. Çünki onun özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin “Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını” bildirib. Müavini Mher Qriqoryan da sərhəd komissiyalarının martın 7-də keçirilən iclasından sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” açıqlaması absurddur və hesab etmək olar ki, erməni baş nazir ictimai ittihamlardan xilas olmaq üçün belə deyir.

Lakin Paşinyanın açıqlamasındakı məntiqə diqqət etdikdə fərqli nəticə ortaya çıxır. Erməni baş nazir deyir ki, “Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində bu adda kəndlər olmayıb”. Bu açıqlamanı “həmin kəndlər Ermənistana məxsus olmadığı üçün onların qaytarılması Tavuşun kəndlərinin təhvil verilməsi demək deyil” kimi oxumaq mümkündür. Ardınca “delimitasiya Tavuşdan başlaya bilər” deməsi də bu məntiqi ön plana çıxarır. Əks təqdirdə, “Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” demək vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır” demək kimi bir şeydir və həmin ərazilərin hərbi müstəvidə azad edilməsini aktuallaşdıra bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir