Modern.az

Azərbaycan-Türkiyə-Gürcüstan formatı regiona nə VƏD EDİR?

Azərbaycan-Türkiyə-Gürcüstan formatı regiona nə VƏD EDİR?

Analitika

14 Mart 2024, 17:07

Məlum olduğu kimi, 15 mart 2024-cü il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

 

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları Ceyhun Bayramov, Hakan Fidan və İlya Darçiaşvilinın görüşü zaman etibarilə maraqlı dövrə təsadüf edir. Bir müddət əvvəl Hakan Fidan ABŞ-a səfər etmiş, Ukrayna və Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz regionu ilə bağlı da müzakirələr aparmışdı. Bu baxımdan ABŞ-dan dərhal sonra İraqa, oradan isə Azərbaycana səfər edəcək nazirin burada həmkarları ilə danışacağı mövzular var.

 

Bunu da qeyd etmək vacibdir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında ifadə olunduğu kimi, bu, üç ölkənin xarici işlər nazirləri arasında bu formatda keçiriləcək sayca 9-cu görüşdür. İndiyə qədər baş tutan görüşlərdə tərəflər siyasi, iqtisadi, hərbi-təhlükəsizlik, mədəniyyət sahələrində, habelə beynəlxalq münasibətlərdə cərəyan edən regional və qlobal məzmuna malik hadisə və prosesləri nəzərdən keçiriblər.

 

XİN başçılarının müzakirələri ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli danışıqlar formatı da mövcuddur ki, burada daha çox hərbi sənaye və müdafiə məsələləri gündəliyə daxil olur. Azərbaycan və Türkiyənin iştirak etdiyi üçtərəfli formatlar arasında Azərbaycan-Türkiyə-Gürcüstandan başqa, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran formatları da zaman-zaman faydalı olub.

 

Gürcüstanın daxil olduğu format o baxımdan önəmlidir ki, 90-cı illərdən bəri regionda bu üç ölkənin bir-biri ilə münasibətləri demək olar, daim yüksək səviyyədə olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri Azərbaycan-Türkiyə-Gürcüstan formatının özünü doğrultduğunun əyani nümunələri sayıla bilər.

 

 

Müstəqilliyin ilk illərində Ermənistandan fərqli olaraq praqmatik siyasət yürüdən Gürcüstanın cənub-şərq və cənub-qərb qonşuları olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması, əlaqələrin qarşılıqlı hörmətə və maraqların uzlaşmasına söykənən xarakteri bu ölkəyə həm iqtisadi, həm də geosiyasi baxımdan fayda gətirib.

 

Avropa İttifaqına rəsmən namizəd statusu alan Gürcüstanın Türkiyə ilə əlaqələrini yüksək səviyyədə tutması həyati əhəmiyyətə malikdir. Türkiyə Gürcüstanın Avropaya açılan qapısıdır. Bundan başqa, Rusiyadan gələn və gələ biləcək təhdidləri neytrallaşdırmaq üçün Tbilisi daim Ankara kimi qüdrətli qonşunun dəstəyinə ehtiyac duyur. NATO üzvü olan Türkiyə həm də nəhəng iqtisadi imkanları ilə Gürcüstanın inkişafında mühüm rol oynayır.

 

Azərbaycan-Gürcüstan münasibətlərinə gəlincə, bu münasibətlər Gürcüstana çox ucuz enerji resurslarından tutmuş tranzit haqqından gələn böyük gəlirlərə, maliyyə-kredit imkanlarına qədər çox şey qazandırıb. Təbii ki, Azərbaycan da bu münasibətlərdən yararlanıb, neft və qaz sərvətini dünya bazarına məhz Gürcüstan üzərindən çıxarıb. Bundan başqa, Qara dəniz üzərindən dünya okeanına çıxış da məhz Gürcüstan vasitəsilədir.

 

Üçbucağın digər iki tərəfi olan Azərbaycan-Türkiyə münasibətlərinin hər hansı şərhinə gərək yoxdur. Tarixən, indi və gələcəkdə yüksək səviyyədə olan bu münasibətlər qardaşlıq bağına, mədəni-tarixi və mənəvi-siyasi birgəliyə söykənir. Həm Azərbaycan, həm də Türkiyəyə bu münasibətlərdən yalnız böyük fayda gəlib. Ümumən, Türkiyənin regionda mövqelərinin güclənməsi Azərbaycanın milli maraqlarına tam uyğundur.

 

Şimaldan, cənubdan və ya istənilən istiqamətdən Cənubi Qafqaza yönələn təhdidlərin qarşısını yalnız burada xüsusi çəkiyə malik olan Türkiyənin sayəsində neytrallaşdırmaq mümkündür. Türkiyənin Ermənistanla da münasibətlərinin normallaşma mərhələsində olduğu nəzərə alınarsa, Ankaranın bütövlükdə Qafqazda, onun hər üç paytaxtında böyük siyasi nüfuza malik qonşu və tərəf müqabili kimi daha da möhkəmlənəcəyi gözləniləndir.

 

Sabah baş tutacaq Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli format üzrə görüşünün nəticələrini bu görüş baş tutduqdan sonra daha dəqiq dəyərləndirmək mümkün olacaq...

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir