Modern.az

Üçtərəfli əməkdaşlıq platforması Azərbaycana nə vəd edir?

Üçtərəfli əməkdaşlıq platforması Azərbaycana nə vəd edir?

Analitika

16 Mart 2024, 11:51

15 mart 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Nazir Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi mühüm  prinsiplərə əsaslandığını diqqətə çatdırıb.

Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub.

Bəs üçtərəfli əməkdaşlıq Azərbaycana nə vəd edir?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Gürcüstan Azərbaycanla həm ikitərəfli, həm də Türkiyə ilə bərabər üçtərəfli şəkildə əməkdaşlığı inkişaf etdirir:

“Bu, 3 ölkə üçün də müsbət haldır. Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının sədri Ramil Usubov Gürcüstana səfər etmişdi. Orada gürcü həmkarı ilə görüşmüşdü. Gürcüstan Azərbaycanın müttəfiqidir. Amma Gürcüstanın zaman-zaman qəbul etdiyi qərarlar bizdə suallar yaradır. Məsələn, Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana getdi və strateji tərəfdaşlıq sazişi imzaladı. Bu sazişin  hansı əhəmiyyət daşıdığı bizi çox maraqlandırır. Çünki Gürcüstanın Azərbaycanın strateji müttəfiqidir”.


Politoloq əlaqələrin dərinləşdirilməsi istiqamətində layihələrin müzakirə olunacağını söyləyib:
 

“Fransa birinci dəfə zirehli texnikanı Gürcüstan üzərindən Ermənistana daşıdı. Ermənistan növbəti ağır hərbi texnikanı da Gürcüstan üzərindən daşımaq istəyir. Silahların yenə də Gürcüstan üzərindən daşınması Azərbaycan cəmiyyəti və siyasi ekspertlər arasında suallar doğura bilər. Bu müttəfiqlik ruhuna da uyğun gəlməz. Bu məsələni də aydınlaşdırmağa ehtiyac var. Yəqin ki, Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı strateji əlaqələrin dərinləşdirilməsinə ehtiyac olduğu müzakirə olunub. Bu istiqamətdə yəqin ki, müəyyən ortaq layihələr müzakirə olunacaq”.
 

E.Şahinoğlu deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakı Bəyannaməsinin mətnində Ermənistanla bağlı aşağıdakı hissə əhəmiyyətlidir.

“Üç ölkənin xarici işlər naziri “Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq ediblər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər”.

Bu uzun cümlə ilə Ermənistana mesaj göndərilir ki, 1)İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını yubatmasın; 2) Bu saziş Ermənistanın regional layihələrə qoşulmasına şərait yaradacaq; 3) Ermənistan uzaq ölkələrdə vasitəçi axtarmaqansa Gürcüstan və Türkiyənin imkanlarından istifadə etsin; 4) Bunlar reallaşarsa Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasında iştirakı da mümkündür”.
 

Politoloq Turab Rzayev vurğulayıb ki, Gürcüstan, Azərbaycan və Türkiyə strateji ortaqdırlar:

“Ölkələr arasında iqtisadi əlaqələr var. Azərbaycanın neft-qaz, dəmir yolu layihələrinin hamısı Gürcüstan və Türkiyə üzərindən keçir. Eyni zamanda Azərbaycan Gürcüstan limanlarından istifadə edir. İndi Orta Dəhliz müzakirə olunur. Yəni Xəzər dənizindən mal və xidmətlərin Gürcüstan üzərindən Türkiyəyə, oradan da Avropaya çatdırılması nəzərdə tutulur. Anaklia limanı yenə gündəmdədir. Azərbaycan burada liman yaradacaq. Bununla da ölkəmiz Orta Dəhliz çərçivəsində daha yüksək tonnajlı malların keçirilməsinə nail ola biləcək. Artıq bu sahədə müəyyən işlər gedib. Anaklia limanının 51 faizi Gürcüstan hökumətində qalmaqla, digər hissədə Azərbaycan öz limanını quracaq. Görüşdə mühüm məsələdən biri də hərbi və siyasi təhlükəsizlik məsələsi olub. Çünki bu məsələ də Azərbaycan üçün çox əhəmiyyətlidir”.


Turab Rzayev görüşlərdə Azərbaycanın Gürcüstana narazılığını çatdırdığını deyib:


“Azərbaycan və Türkiyə Gürcüstanın hərbi müttəfiqi kimi çıxış edir. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan çıxışında bunu etiraf etdi. Amma Ermənistana silahların Gürcüstan üzərindən keçirilməsi Azərbaycanı çox narahat edir. Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi  Ramil Usubov Gürcüstana getmişdi. Çox güman ki, həmin görüşdə də bu məsələ gündəmə qoyulmuşdu. Silahların Gürcüstan üzərindən Ermənistana daşınmasının mütəmadi hal alması yekunda Azərbaycana çox problemlər yarada bilər. Bu, eyni zamanda Azərbaycanla Gürcüstan arasındakı münasibətləri də zədələyə bilər. Gürcüstan tərəfinə Azərbaycanın narazılığı çatdırılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü